Sevgi ilə əsən külək

Sevgi ilə əsən külək
13 iyun 2019
# 11:08

Sonuncu paltarı da zivədən asıb içəri keçmək istəyirsən ki, dənizin sahilindən, qaranlığın içindən gələn musiqi səsi, limandakı gəmilərin kölgəsində yırğalanan gecə rəngində ləpələr, bir az əvvəl yağan yağışla çimib təmizlənən parıltılı yarpaqlar səni eyvanda dayanmağa məcbur edir.

Qurumağa hazırlaşan paltarlardan qalxan su və köhnə ətir qoxuları yaddaşını hədələyir. Bu ətir qoxularını günün, ayın hansı vaxtında istifadə etdiyini, evdən çıxarkən hansı hisslərlə, həvəslərlə ətirlənib çıxdığını xatırlamağa, bəlkə də xatırlamamağa çalışırsan...

Dənizin kənarına yığışan gənclər içdikləri sərin pivə qablarını əzib xışıldadaraq nələrisə müzakirə edirlər. Gitaranın səsi araya girib günün yorğunluğuna meydan oxuyur. Bəstəçi-ifaçı, gecənin lideri olan gənc oğlan xoşbəxtlik qayğıları ilə xırda-para izahlar verir:

- Baxın, bu birinci variantdır. İlk dəfə belə yazdım.

Gitaranın simləri havalanır. Havalansın Xanın səsi, Qarabağın şikəstəsi. Yox, bu o deyil! Məkan da Qarabağ deyil. Bu müəllifin nisgilli xatiratıdır...

- Bu isə ikinci variantdır.

Gəncliyin səsi yenidən dilə gəlir.

Gələn telefon zəngi bir anlıq sükutu da özü ilə qonaq gətirir:

- Bir saata gəlirəm. Dəniz kənarında uşaqlarla məşq edirik.

Növbəti üçüncü və deyəsən son variant səslənir. Soprano səs gitaranın simlərini yalqız qoymur:

Sevgi ilə əsən külək

Saçlarına toxunsun...

Yenə zəng gəlir...

Səs həyəcanla, az qala çığıra-çığıra danışır:

- Yaxşı ki, zəng vurdun. Sənin üçün bəstələdiyim mahnıya qulaq as.

Məşq davam edir, səninsə əllərini, qollarını ağcaqanad dişləklərinin yeri qaşındırır. Ətrafdakı gözəlliyə aludə olub qalmaq, səndən iyirmi cavanlıq ili uzaqda olanların bəstələdiyi, ifa etmək istədiyi bütün musiqiləri dinləmək, lap gecəni səhərə qədər təbiətin bir hissəsinə pərçimlənmək istəyirsən. Amma vaxt gedir və səni də özü ilə götürüb yarılanan ömrün sonralarına doğru aparır. Hiss edirsən ki, gəncliyə qoşula bilmək zamanın çoxdan xərclənib.

Evdə sobanın üzərində qaynayan çaydanın altını söndürmək, qaz sayğacındakı rəqəmlərin artımına ciddi şəkildə diqqət yetirmək, divarları nəmişlikdən qorumaq lazımdır. Bilgisayarda iki saata yaxın açıq qalan “Çernobıl” serialındakı qəhrəmanların dondurulmuş talelərinin ardı səni gözləyir. Diktofonda dayanmadan danışan, dünyanı xilas etməyə çalışan, Meksikadakı qlobusda Bakını tapıb sevinən rejissorun da səsini kəsmək lazımdır.

Ayağını sürüyə-sürüyə evə keçirsən. Qəlbindən qoparıb uzaqlara yolladığın bir ah dəniz kənarından qopub gələn musiqi dalğasına qoşulur. Örtülən qapının ardında divarlardan qopub üstünə tökülən sükutun səsi, bir də otaqdakı əşyaların hənirtisi gecə boyu sənə yoldaşlıq edir.

# 3410 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #