news-inner
clock11:40 calendar-gray 04 İyun 2019 view-gray577 dəfə oxunub
view-gray577 dəfə oxunub

Oruc tutdu, susuzluqdan öldü - Mehriban Vəzir yazır...

Kulis.az yazıçı Mehriban Vəzirin “Vəli bəyin dediklərindən” hekayəsini təqdim edir.

Zunuzlu Vəli bəy köhnə dostlarımdandı. İyirmi illik əhbablığımız vardır. Sakit təbiətli, arif baxışlı, usta davranışlı, haldan anlayan biridir. Adamın sinəsi hikmətlə doludur, hər düzənə görə lətifəsi əlüstdə hazırdı. Xoş söhbətli, incə kəlamlı, usta laflı... Söylədiklərini inci kimi ipə düzsən dəyərli bir kitab var olar.

Hələlik belə fikrim yoxdu, sağlıq olsun, baxarıq, amma düşündüm, gerçəkdən qiymətli əhvalatlar dinləmişəm bu adamdan, hələ bəzilərini insafsızca unutmuşam. Amma suç məndə deyil... yaddaşım biət etmir. O da özgürdü, azad keçinir, kefi istədiyini saxlayır, kefi istədiyini atır, unudur, seçimini özü edir. Dedim, barı yadımda qalanı yazım.

Demək, gözəl günlərin birində Vəli bəy bir əhvalat başladı, dedi:

- Olmuş hadisədi... Dayım hacı Əjdər ağa köhnə kişilərdən idi: insaflı, dürüst, dinində, imanında kamil... ömrü ticarətlərdə, ziyarətlərdə keçmişdi, mal-mülk sahibi idi.

O vaxtlar mən sütül oğlan idim, o, saqqalı ağarmış kişi... amma cur idik, söhbətimiz tuturdu. Söhbətimiz tuturdu deyəndə... o danışar, mən qulaq asardım... rəhmətlik sinədəftər idi, dünyanın hər üzünü görmüş, hər əhvalatdan özü üçün bir səmər götürmüşdü...

Dayım dindar adam idi, namazın vaxtın ötürməz, orucunu sahmanlı tutar, hər ramazanda dəfələrlə iftar süfrəsi açardı. Zəngini, yoxsulu bir məclisə yığar, Quran oxudub nöhələr dinlədib camaatı feyziyab edər, özü də behtər xoşhallanar, bu saleh əməlindən ürəyi yüngüllük tapardı.

Dayım danışır ki, çoxdankı vaxtlardı... Ramazan yenə bərk istilərə tuş gəlmişdi, göydən od yağırdı...

Əjdər ağa hər il olduğu kimi bu ramazanın da iftar məclislərini əzəmətli etmək üçün Təbrizdən möhtərəm dostunu - axund Mir Fəllah Təbrizini gətirdir. Ağayi Təbrizi Zunuzda köhnədən tanınan, ehtiramla anılan bir adammış. Bu alim adam orucun fəzilətindən, ibadətin hikmətindən elə bir riqqətlə bəhs edərmiş ki, hər iftarda zunuzlunun gözlərindən leysan yaşlar gedərmiş... Ürəyi yuxa olan yerindəcə qəşş edib bayılarmış...

Ramazanda ağayi Təbrizinin gəlişi, özü bir ayrı bayram olarmış Zunuzda.

- Əlhəmdullillah! Ağa, qurban olduğum Mir Fəllah axund bu sənə də Hacı ağanın qonağıdı! Xəbərün vaar? – müjdəsi dildən-dilə düşüb yenə bütün kəndi, yaxın elləri belə dolaşmışdı. Hər kəsin dili “Əlhəmdulillah!” deyib ürəyi şadyanalıqdan aşıb daşmışdı, çünkü Allah-Təbərəkü-Təala bu ramazanda da axundun mübarək gəlişini Zunuza nəsib etmişsə, demək, bu işdə bir hikmət var, demək, bu, o nişanə idi ki, uca Rəbbimiz zunuzlulardan narazı deyil. Əlhəmdulillah! Maşaallah! Min kərə maşaallah olsun!

Demə görməmişəm... Yayın ilk günləri, ilin ən uzun gündüzləri... Günortanın qızmarı... Göydən od yağır, günəş alışıq ocaq kimi yaxırmış...

İstidən, bürküdən, susuzdan təntimiş Hacı Əjdər ağa dükanı buraxıb üst qata çıxır, bir az sərinləmək, bir az söhbətləşib vaxt öldürmək, bir az da möhtərəm qonağa qulluğun nə yerdə olduğunu bilmək üçün...

Hacıağa baxır ki, işlər yaxçıdı, şükür... Möhtərəm qonaq, əziz dost günorta öynəni yeyib sofaya yaslanıb. İncə Urmu qumaşından biçilmiş, yaxası zərbaftalı əbasının ətəkləri yanlara açılıb. Dümağ köynəyinin qolları dirsəyə kimi çırmanıb, düyməli ətəyi dizlərini aşıb... Toxqarına sofaya yayxanmış axund Təbrizi xoş ətirli ingilis siqarasını keyiflə sümürməkdədi...

Əjdər ağa acından, susuzdan başı dumanlı, gözü qarala-qarala, divarları tuta-tuta içəri girir, “Ya Allah!” deyib divarboyu düzülmüş mindərlərdən birinə çökür. Qonağın məmnun halını görüb ürəyi sərinləyir.

Rəhmətlik dayım Ramazanda nə qədər əldən düşsə də, heç zaman bu əziz imtahandan şikayət etməzdi, Allaha xoş getməz, deyərdi. Deyirdi, müsəlmanın əzəl borcu olan orucdan, aclıqdan, susuzdan şikayətçi olarsansa tutduğun oruc batil olar, əməyin hədərə gedər, müsəlman hər halından məmnun olmalı... yalnız məmnun olmalı... əsil müsəlmana eləcə şükr etmək deyil, həm də riza etmək yaraşar... dayım rəhmətlik riza edənlərdən, razilərdən idi...

Lakin... istər razı, istər narazı Əjdər ağanın halı-pərişanı ortada idi, tabı-tavanı, qüvvəti-qüdrəti yox kimi idi... dodaqları qızmardan çat-çat olub açılmışdı...

Axund atlaslı-xaralı sofadan azacıq dikəlib:

- Yaxşı gəldin, qardaşım. Otur, nəfəsini dər... göydən od yağır... – dedi.

Bu vaxt otağa təmiz geyimli, fidan qamətli yeniyetmə nökər girir, gümüş sinidə qəhvə, böyründə içi buz cilvələnən bir istikan su, ətli-şirəli Mədinə xurması, fıstıqlı rahathulqum... Hacı ağa gözünü mənzərədən yayındırıb udqunur... dodağının çatlarında qan qızarır... olsun... əsas odu qonağa xidmətdə əskiklik olmasın...

İncə-incə tüstülənən hilli Yəmən qəhvəsinin ətri ingilis siqarasının cazib qoxusuna qarışıb ətrafa əsrarəngiz bihuşluq yaymaqda idi.

Hacı Əjdər ağa nökərə fürsət vermədən son gücünü toplayıb təlaşlı bir əcələ ilə yerindən atıldı, küncdəki xırda masalardan birini qəhvə sinisinin altına, axund ağanın önünə çəkir.

Nökər oğlan dizlərini yerə atıb cənnət bəzəkli sinini usta bir yumşaqlıqla masaya buraxır. Dikəlib əllərini sinəsində çarpazlayır, hər iki möhtərəmə sıra ilə baş əyib dalın-dalın otaqdan çıxır. Axund oğlanın mərifətini bəyənmiş kimi görünür... Ardıyca boylanıb qımışır...

Elə bu məqamda aşağıdan başıyalolu bir bağırtı çıxır:

- Hacı ağa, ay Hacı ağa...

- Nə var, a gədə? Nə olub? Bu istidə nə boğazuvu yırtırsan? – deyə imarətin ikinci qatına bu dəfə daha çılğın bağırtı ucalır.

Bu ikinci bağıran hacı Əjdər ağa imarətinin kalfası imiş.

- Həsənəli kalfa, qurbanın olum, Məmdəli ikiçay arasında qəşş edib qalıb... eynən ölüdü var, tərpənmir... atam dedi, get axunddan soruş, de, gör üzünə su vursaq, su yanılıb boğazına qaçsa, bu dəfə ağzını tutsaq, amma yenə yanlışla burnuna, qulağına axsa... Allah eləməmiş, Məmdəli bilmədən suyu udsa... və ya su burnundan, gözündən keçib içinə düşsə... orucu batil olarmı, olmazmı? Orucun batili günah sayılarmı, sayılmazmı? Atam dedi, onu da soruş ki, bu günah kimin ayağına yazılar? Məmdəlininmi? Ona su verən atamınmı?

Hacı Əjdər ağa deyiləni eşidib yerindən dikəldi, lakin axund əlinin bişkin bir hərəkəti ilə ona “dur” işarəsi verdi, ahəstə səslə “Hacı ağa, sən orucsan, zəhmət çəkmə, otur, o sual mənədi! O sualın cavabı məndədi!” dedi. “Buyur, ağam...” deyib Əjdər ağa heysiz əlini sinəsinə apardı.

Düzgün və sağlam cüssəli axund ayağa qalxıb şux addımlarla pəncərəyə, səs gələn səmtə yönəldi. Siqaralı əlini dalına qoyub sinəsi üstdə pəncərənin yerliyinə yaslandı. Sərt tərzlə sual etdi:

- Noolub, a bala? Nə həşirdi?

- Ağa, qurbanın olum, Məmdəli bayıldı... – deyən oğlan axundu görüncə ağlamsındı, səsi qırılıb boğazında qaldı.

- Nədən oldu? Necə oldu? Başdan başla görüm, ay uşaq! Bayılmaq nəmənə?

- Ağa, qurbanın olum, çuvalları qatırlara yüklədik... taqətimiz çatmadı, işimiz uzun sürdü... Bu yandan da tələsdik ki istinin bərkinə düşməyək, amba olmadı... yubandıq, qafiləmiz yolu yarı edincə gün-günortaya qalxdı... ikiçay arasına yenicə yetmişdik... Məmdəli... birdən, bir göz qırpımında oldu, ağa, qurbanın olum... beqəfil eşşəkdən devrildi. Atam ha illah elədi, çəkdi, çevirdi... Məmdəli qalxmadı... qalxamadı... heç gözünü də açmadı... – oğlanın səsi yenə qırıldı – demə, fağır özündən gedibmiş. Ayılmır. İndi yıxılıb qalıb çölün düzündə. Gün üstünə şığıyır. Ha əlləşirik, dəbərmir. Atam məni qaçırdı buruya, dedi, get, de, Hacıağaya, xəbər elə başımıza gələni. De ki, bu binəva özündən gedib pöşələnir günün altda. Dedi, qurban olduğum həzrətdən də soruş, gör, Məmdəli biçarəyə su verib ayıltsaq günah olar, ya olmaz? Ya üzünə su sıçratsaq, su da bilmədən boğazına qaçarsa... orucu pozular, pozulmaz? Üzünə su vururkən ağzına əlimizi sıxsaq... suyun damcıları qulağına, gözünə, burnuna axarsa Məmdəlinin orucu pozular, pozulmaz? Məmdəlinin oruçu pozularsa günah kimin ayağında qalar? Məmdəlininmi? Atamınmı? Ya Məmdəli susuzdan çöldə ölərsə onda işin günühı kimin ayağına yazılar?

Axund pəncərəyə yaslı, siqaralı əli dalında başını Əjdər ağaya döndürdü. Hacıağa ilə danışarkən işlətdiyi ahəstə səslə soruşdu:

- Hacı ağa, əzizimən, ikiçay arası buradan nə qərtə yol eylər?

- Yarım verst ola-olmaya... ağam.... – deyə Əjdər ağa zarıdı...

Axund yeniyetməyə sarı boylandı. Qorxu və təlaş içində aşağıdan yuxarıya zillənmiş bu sısqa qarabalanın istidən və susuzdan qızarıb alacalanmış gözlərinə, yarıayrıq təşnə dodaqlarına zənlə baxdı, qaşlarını daha betər çatdı və şiddətlə dedi:

- Xeyir! Olmaz! Hər ikisinin ayağına böyük günah yazılar! Cəhənnəm oduna yanarlar! Su içən də! Su içirən də! Cəhənnəm atəşi nə deməkdir, bilirsənmi?

Hacıağa imarətinin ikinci qatından üzü aşağı fağırın başına cəhənnəm odu yağdı, oğlan bu alovdan qorunmaq üçün əlləri ilə üz-gözünü, başını tutdu.

- Məmdəli susuzdan ölərsə... xoş halına... cənnətdə yeri hazır... Haydı, yügür! Olmaz, de!

Oğlan önəmli xəbəri tez çatdırmaq üçün bir an belə yubanmadı, itaətlə “baş üstə!” deyib cəhənnəm odundan qaçırmış kimi dabanəlli götürüldü.

Axund sofaya qayıdıb ipək döşəkçələrin üstünə çökdü, qu tüklü qələmkar yastıqçaları qoltuqlarının altına aldı, boydan boya ipək xalıya tutulmuş divara yaslandı. İki barmağı arasında incə-incə oynatdığı siqaradan daha bir qullab aldı, kötüyünü külqabıda təkidlə əzib söndürdü. Köpüyü hələ sinməmiş qəhvə dolu fincanı nəlbəkisi ilə birgə ovcuna alıb qoxladı, “pəhhh” deyib eşqli gözlərini həzlə yumub açdı, sıx kirpiklərindən keyfli bir həvəs süzüldü. Oynaq bir hərəkətlə yaşıl fıstiqlı rahathulqumu ağzına atdı... üstündən bir nar dənəsi misqalda ləzzətli bir qurtum aldı.

Halsızca yaslanıb başını divara dayamış Əjdər ağa heyrətlə dostuna baxırdı. Çat-çat dodaqları ayrıq qalmışdı.

Axund baxmadan belə gördüyü bu baxışlar altında ovcundakı göy çini fincandan incə bir qurtum daha aldı, “Nə var, dadaş?” deyən nəzərlərlə üzünü dostuna çevirdi.

- Axund ağa, qurbanın olum, sən neylədün, dadaş? Məmdəlini öldürdün kiii...

Axund Təbrizi dırnaqları ilə nəlbəkinin altını nağara kimi tıqqıldatdı, həzin-həzin gülümsündü. Bir an susub basma ilə boyanmış, sahman ilə daranmış saqqalını eşdi. Qara, atəşli gözlərini qıyıb dedi:

- Ölsün daaa! Bir şey olmaz! Ölsün! Bir eşşək ki ikiçay arasında susuzdan bayılaa... yıxıla qalaaa... qoy ölsün daaa! Belə cahillər nə qərtə çox ölsə... o qərtə yaxçıdı da, Hacı ağaa... bəlkə sayları bir az azala daa...

***

Allaha and olsun, uydurmadım, olmuş əhvalatdı... Vəli bəy deyir, rəhmətlik dayısı Əjdər ağanın başına gələn işdi bu, özü öz dili ilə söyləmiş ona. Mən də sizə danışım, dedim. Amma... sonrası nə oldu... Məmdəli öldümü, qaldımı... onu bilmədim... orasını köhnə dostum Zunuzlu Vəli bəydən öyrənib deyərəm...

news-inner-user

13455 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019