Məşhurlaşmaq üçün özünü ölülüyə vuran şair

Məşhurlaşmaq üçün özünü ölülüyə vuran şair
3 iyun 2019
# 11:02

Mark Tven yazırdı ki, 25 yaşımda elə bilirdim, yalnız mən dahiyəm, 40 yaşımda deyirdim, dahi mən və Şekspirdir, indi isə deyirəm, dahi yalnız Şekspirdir.

Əksəriyyət böyük iddialarla gəlir ədəbiyyata və köhnə ehkamları dağıdacağına qəlbən inanır.

Adətən özlərindən əvvəlki nəslə yuxarıdan- aşağı baxır, onları köhnəlmiş və “vaxtı keçmiş” hesab edir.

Təbii ki, bütün iddialar özünü doğrultmur. O zaman sözdə özünü tapa bilməyən gənc özüylə mübarizə aparır, sağa-sola çırpınır, öz potensialı ilə döyüşür, özündən daha böyük təkamül tələb edir. Daha böyük ərazilər arzulayır.

Məsələn, bir gənc yazar məşhur olmaq üçün hətta özünü ölülüyə də vurmuşdu. Sonra məlum oldu ki, bu tryuk imiş. Daha bir neçə dəfə “ölüb diriləndən” sonra bu tryukun işə yaramadığını görən gənc Şeyx Nəsrullahlıqdan vaz keçdi.

Bu vasitəylə ədəbiyyata gəlmək istəyən gənc əvvəl-axır mayallaq aşır.

Məncə, bu kimi gedişlər “uşaqlığın son gecəsi” kimi bir şeydir. Yəni son imkandır, çarəsizliyin son yoludur.

Başqa şair tipi də var. Son dərəcə ənənəvidir. Şeirdə ancaq heca vəznini qəbul edir. Şairin istedadını onun həyat tərziylə ölçür.

Bir dəfə belə gənclərdən biriylə mübahisəmiz oldu. Hansısa bir şairin sərbəst yazdığı şeiri bəyənmədiyini, müəllifin son dərəcə naşı olduğunu söyləyirdi. Halbuki öz yazdıqları bəsit sözcüklər toplusu idi.

Sonra bu gənc şairi daha geniş müzakirələrdə gördüm. Çap olunmadığından gileylənirdi. Daha doğrusu, gileylənmirdi, havanı, suyu, yağışı, qarı- nəyi desəniz suçlayırdı, bircə özündən başqa.

Onun fikrincə, belə bir şairi çap etməmək ən azı günah idi.

Halbuki bu boyda reklamın müqabilində kiçik bir işıq kifayət idi ki, çap etsinlər.

Zavallıda o işıq da yox idi.

Qəhrəmanımız yazıların birində içki içən yazarlara lağ edib içki düşkünü olmadığına görə özünü tərifləyib göylərə qaldırırdı. Sən demə, “poeziyasının” bir üstünlüyü də məhz spirtli içkilərdən uzaq olması imiş.

Onun fikrincə, şair onun kimi nümunəvi ailə başçısı olmalıymış.

Yaxşı ki, uzun müddət bu bəsit şəxsi müşahidə etmək imkanım olmadı. Yoxsa enerjimi hədər yerə sərf edəcəkdim.

Məhdud səviyyə başgicəlləndirici effekt yaradır. Məsələn, həmin o şəxs əgər Brodskini, Svetayevanı, Pasternakı, Bloku oxumuş olsaydı, ya yazmaqdan imtina edər, ya da heç olmasa utanc hissi duyardı.

Yadıma gəlir ki, məşhur bir tərcüməçiyə niyə əsər yazmadığı barədə sual vermişdilər.

Ədəbiyyata yaxşı bələd olan tərcüməçi belə bir cavab vermişdi:

- Mən dünya ədəbiyyatında bir hərfəm. Hərfi necə tərcümə etmək olar?

Halbuki tərcüməçinin istedadı heç kimə sirr deyildi.

Ümumiyyətlə, gənc yazarların imkanlarından qat-qat böyük işlərə əl atması ona bənzəyir ki, sizin notlardan qətiyyən xəbəriniz yoxdur, amma simfonik bir əsər yazmaq istəyirsiniz.

Bir dəfə sosial şəbəkədə bir şəxsdən mesaj aldım.

“Hekayələr antologiyası hazırlayırıq. Hekayələrinizin çap olunmasını istərdinizmi?”

“Ola bilər”, - dedim – “Amma bu seçim böyük diqqət və məsuliyyət tələb edir. Antologiyaları adətən peşəkarlardan ibarət bir kollektiv hazırlayır”.

Həmsöhbətim dedi ki, onun bu işdə əməlli-başlı səriştəsi var və artıq bir neçə antologiya onun rəhbərliyi altında işıq üzü görüb. Xüsusi ciddiyyətlə də əlavə etdi ki, nəşrin korrektoru fəlsəfə doktoru, redaktor isə elmlər doktorudur.

Doğrusu, kiminlə söhbət etdiyimi bilmirdim. Bir az bilgi toplamaq üçün həmsöhbətimin profilinə nəzər saldım.

Məlum oldu ki, antologiyalar müəllifi olan bu şəxs filologiya fakültəsinin tələbəsi imiş.

“Nə əcəb belə bir məsuliyyətli işi sizə həvalə ediblər?” deyə soruşanda həmsöhbətim dedi ki, ona heç kim bu işi həvalə etməyib, bu onun öz layihəsidir. Bu yaxınlarda daha bir şeir antologiyası da onun müəllifliyi ilə işıq üzü görəcək.

Sonra bir neçə gənc şairin adını çəkib ciddi şəkildə tövsiyə etdi ki, bu şairləri mütləq oxuyum.

Uzun sözün qısası, şeir antologiyası hazır oldu. Ön sözü də tələbə özü yazmış, kitabın arxasına da özünün bir bəndlik şeiri ilə “möhür vurmuşdu”.

Sosial şəbəkədə kitabla bağlı verilmiş bir elan da nəzərimdən qaçmadı. Elanda qeyd edilirdi ki, nəşrin, hətta (!) korrektoru və redaktoru da var. Xüsusi ciddiyyətlə o da vurğurlanırdı ki, korrektor filankəs və redaktor filankəs fəlsəfə doktorlarıdır.

Özümdən asılı olmadan “bərəkallah” dedim.

Vəziyyət “sözsüz” şərhi verilən karikatura janrında idi.

Görəsən, bu gənclərin Mark Tvenin nəyə qadir olduğunu anladığı yaşa çatanda məyusluqları nə boyda olacaq?

Təsəvvür etmək belə məyusluq doğurur.

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #