news-inner
clock16:33 calendar-gray 20 May 2019 view-gray424 dəfə oxunub
view-gray424 dəfə oxunub

Yuxuda xaqanla sevişən qəhrəman - Sərdar Amindən Yeni Hekayə

Kulis.az Sərdar Aminin “Yuxu ovçusu” hekayəsini təqdim edir.

Bir zamanlar yuxular yaşanar, həyatlar yozularmış.

O.Pamuk

Bu barədə susacağıma söz verəndə tarixdən silinmiş o xalqı yuxu ovçuluğu ilə izləyib xaqanın məşhur röyasına qədər varacağımı bilmirdim. Həmin yola təsadüfən düşdüm, əylənmək üçün addımladım, möhtəşəm amala yetmək üçün yazmaq istədim. Yazmaq isə xəyanət idi...

- Ölümün bir adı da əminlikdir. Necə ki, qanadlarımızın yoxluğuna əmin olduğumuz üçün heç zaman uça bilməyəcəyik. Əmin olduqlarımız həyatımızda külə döndərdiyimiz nəsnələrdir, onlar bizim üçün potensial vəd etmir, ən yaxşı halda kül kimi lazım ola bilər. Hər şeyə vaqif olduğumuz an həyatımız başa çatacaq. Bu aydınlanma ölüm anında da baş verə bilər. Necə ki, şam ən gur işığını söndüyü an səpələyir. Baxın, Nigarın ən çox sevdiyi rejissor İniarritudur. İniarritu Meksikada yaşayır. Əgər Nigar əmin olmasaydı ki, Meksikayla bizim aramızda Atlantik okeanı var, o, anındaca İnniarritunun yanında ola bilərdi. Necə ki, yuxularda məsafələr və zaman önəm kəsb eləmir.

Bunu deyib tələbələrin üzünə baxdım. Susmasaydılar, bəlkə də sözümü burada bitirəcəkdim. Mat durmaqlarından anladım ki, mühazirənin sonunu belə bitirmək olmaz:

- Məsələn, mənim ən böyük arzum gəmidə ömürlük qürub səfərinə çıxmaqdır. İstərdim, yerin öz oxu ətrafındakı hərəkətinə adekvat sürətlə gedən gəmim, bir də girintisi, çıxıntısı olmayan vahid dünya okeanı olsun. Tanımadığım və heç vaxt tanış ola bilməyəcəyim gözəl qadınlarla bu gəmidə ömür boyu günün qürub çağını yaşayım. Günəşi daim üfüqə enərkən izləyim. Amma mən belə bir gəminin və okeanın olmadığını bildiyim üçün bu şansımı çoxdan itirmişəm.

Fars şair Söhrab Sipəhri yazır: “Sahildə görünmür ki, bir ləkə, yaxınlaşıb qayıq ola bəlkə”. Pablo Neruda isə “Həyatın reallıqları varsa, bizim də xəyallarımız var” deyərək, bu məğlubiyyətin intiqamını almağa cəhd edir.

Bu sözlərlə də növbəti mühazirəmi bitirdim. Tələbələrin demək olar ki, hamısı monoloqumu hörmət naminə dinlədi. Sözlərimə primitiv, rasional iddialarla belə qarşı çıxan olmadı. Doğrusu, son vaxtlar rejissorluq və ssenari mühazirələrimə özüm də əvvəllər olduğu qədər həvəslə yanaşmırdım. Xəzərlər barədə başladığım araşdırma məni elə yerlərə çəkib gətirmişdi ki, uzun illər həyatıma mayak olan sənət də gözlərim önündə öləziməkdə idi. Tarixdən yerli-dibli silinmiş bir xalqa rəğbət əlaməti kimi başlatdığım araşdırma məni öz sehrində yoğurmuş, insan oğlunun bu dünyada varmayacağı sirlərin astanasında saxlamışdı.

Məni ən çox düşündürən möhtəşəm coğrafiyaya, gücə malik ölkənin bir anın içində tarixdən silinmə səbəbi idi. Tarixə “Xəzər polemikası” kimi düşmüş hadisə çox şübhəli görünürdü. Ölkəsində bütün dinlərə eyni gözlə baxan xaqan günlərin bir günü niyə üç dinin arasında seçim etməyə qərar versin? Bineyi-qədimdən şamanlığın və sirli yuxu ovçuluğunun mahir bələdçiləri olan, bir-birinin yuxularının davamını görən, birinin həyatını digəri röyasında yaşayan, qeyb aləminin astanasına duran bir qövmün yeni dinə, yaxud ilahi hisslərinin izharına ehtiyacı vardımı?

Niyə 740-cı illərdə Xəzərlərin dövlət idarəçiliyində dəyişiklik olur, hakimiyyətdə olan Xaqan Bulan adını dəyişib Sabriel edir? Niyə qısa zamanda dünyanın ən gözəl ölkələrindən olan Xəzər qeyb olmağa başlayır?

Bir müddət oxuduqdan sonra bu mövzuda araşdırma aparmağın mənasız olduğunu anladım, XXI əsrdə Xəzərlərlə bağlı yeni nəticə tapmayacağım bəlli idi, mövcud mənbələr də bu barədə aydın qənaətə gəlmək üçün yetmirdi. Araşdırmadan peşmanlıqla əl çəkdiyim bir məqamda Xəzərlərin yuxu ovçuluğu diqqətimi çəkdi. Mənim üçün intim olan yuxu aləmini Xəzərlərin inkişaf etdirərək ilahi bir müstəviyə çatdırdıqlarını anlamağım əlimi digər işlərdən soyutdu. Yuxu ovçuluğunun qaydalarını öyrənməyə çalışdım. Bu barədə tarixi qaynaqlarda heç nə tapa bilmədiyimdən, fəhm və bir vaxtlar Xəzərlərin yaşadığı coğrafiyada indi həyat sürməkdə olan insanların şifahi ədəbiyyatı karıma gəldi.

Güman etdiyim qaydaları həyatıma tədbiq edərək yuxularda nəticəsini gözləməyə həsr eləmişdim günlərimi.

Yuxu ovçuluğunun əsas şərti yuxuları danışmamaqdır. Röya nə qədər danışılmasa qəlbə gömülür, bərkiyir, dəfinəyə çevrilir və bu sərtləşmiş yuxular yalnız növbəti gecələrdə cücərir, sıradakı yuxulara impuls verir.

***

Heykəl olduğuma əmin idim. İllərdir həmin yerə saplanmış və ordan tərpənə bilmirdim.

Sonra üfüqdə bir ürpəniş oldu. Hansısa canlı mənə sarı gəlirdi. Canlılar çox olsa da, yalnız bir heyvan mənə fərqli təsir edirdi. Görən kimi hiss etdim ki, bu eşşəkdir. Əmin idim ki, o, üstümə gələcək. Başqa tərəfə baxsaydım, bəlkə də, eşşək yolunu itirəcəkdi. Yəqin onu üstümə gətirən baxışlarım idi. Bəlkə də, yox.

Çatdı. Müjdəli eşşəyə oxşayırdı. Məni heykəllikdən xilas etməyə gəlmişdi. Bir az ətrafımda fırlandı. Yaxşı bilirdi ki, mənə nəsə eşitdirmək üçün əvvəlcə donumu açmaq lazımdır. Eşşək yenə məni yanıltmadı; gözəyarı boyumu ölçdü, içini çəkib məni şıllaqlamağa başladı. Hər şıllaqda bir neçə ağ göyərçin canımdan çıxıb qanadlarını şappıldada-şappıldada uzaqlaşırdı. Göyərçinlər eşşəyin təpikləri harama dəyirdisə, oramdan çıxırdı.

Zərbələrdən sonra mükafatlandırma mərasimindəki alqışı andıran qanad səsləri eşitməyə başladım. Canımdan qopan göyərçinlərin sayı şıllağın zərbəsindən asılı idi; elə şıllaq olurdu ki, canımdan 4 göyərçin qoparırdı. Bəzən də, zərbə alınmırdı, göyərçinin bir qanadı çıxır, yenidən canıma qayıdırdı. Donum açılmışdı, bədənim istənilən yerdən qatlanırdı. Eşşək arxasını mənə bir az da yaxınlaşdırıb son, ən güclü zərbəsini qasığıma vurdu. Gözlərimdən od çıxsa da, qasığımdan qopan 5-6 qaşqaldağı da görə bildim. Qaşqaldaqların qanad səsləri qarıltılarında eşidilməz oldu. Canımda əməlli dəyişiklik vardı. Eşşək əvvəl anqırmaq istədi. Sonra nəsə xatırlayıb həyəcanla özünü yığışdırdı. Elə anqırtı intonasiyasında dedi:

- Gözlə, siz adamlara hər şeyi açıb-ağartmaq lazımdı ki, anlayasınız. Eşitdiyinizi də ruhunuza, geninizə yazıb balalarınıza ötürə bilmirsiz. Mütləqdir ki, onu donuq hərflərlə soyuq kitablara həkk etsinlər. Düşünmürsünüz ki, fikir kainatdan insan beyninə süzüləndə az da olsa özlüyünü saxlayır. Onu koda çevirəndə, yəni qandallayıb dəftərə, ya da kompüterə salanda ancaq forması qalır. Böyük həqiqət insan xilqətinin anlamayacağı qədər sadədir. Qovuşmağınız ona görə mümkün olmur ki, həmişə mürəkkəbi anlaşmaz, qəbulumüşkül bilirisiz. Problem mürəkkəblikdə deyil. Əslində, ən çox qavrayıb həzm etdiyiniz sadə şeylər yox, özünüzün sadə adlandırdıqlarınızdır. Qavranılması rahat olan şeylərdən həm sağda, həm də solda milyonlarla halələr var. Sağ tərədə qavraya bilmədiyiniz nə qədər mürəkkəblik varsa, sol tərəfdə də bir o qədər sadəlik var.

Danışa-danışa əlimin üstündən vurdu:

- Demədim, yazma?!

O vaxt gördüm ki, əlimdə qələm var, üstəlik nəsə yazıram. Yazdığımı oxuya bilmədim. Ondan üzr istəyib, qələmi kənara qoydum.

Öləziməkdə olan siluetinə baxanda anladım ki, əslində o, eşşək deyil, uca, gözəl buynuzlarının kölgəsində bir ömürlük həyat sürüləsi maral imiş. Peşmanlığımı qışqırmaq istədiyim an tər içində oyandım.

Xeyli vaxt idi, qeyri-adi yuxular görürdüm. Yuxudan ayılan kimi qorxur, narahat olur, sonra amalımı xatırlayıb sevinirdim. Qaydalara zidd hərəkət etməmək üçün hər iki əlimin adsız barmağına rəhmətlik arvadlarımdanqalma üzükləri taxmışdım. Onları hər an hiss edir, ilk dəfə büsqalter taxan yeniyetmə qız kimi içimi intim bir qıdıq bürüyür və o vaxt xatırlayırdım ki, mən yuxularımı susmalıyam.

Uzandığım yer tərdən islandığına görə, yuxuma pastelin quru yerində davam etmək istədim. Böyrü üstə çevriləndə budlarımın arasında nəsə tərpəndi. Dik atılıb sol əlimlə qasığımda hərəkət edən şeydən yapışdım, sağ əlimlə gecə lampasını yandırdım. Qasığımı dimdikləyən qaşqaldağı görəndə ürəyim dovşan kimi hoppanıb sinəmdən çıxacaqdı. Quşu yerə çırpıb öldürmək istəyirdim ki, bədənimdən qopmadığını, bir qanadının, ayaqlarının və dimdiyinin hələ bədənimdə qaldığını gördüm. Mətbəxə qaçdım, bıçağı götürüb qaşqaldağın çöldəki hissəsini bədənimdən ayırmaq istədim. Quşun gözlərini görəndə dəhşətə gəldim; rahat idi, amma bu hərəkətimin yanlış olduğunu, onu kəssəm, az sonra peşman olacağımı demək istəyirdi. Əlimi quşdan çəkdim. Tez qanadını yığıb baldırıma sığındı, başını qasığıma sıxıb, sanki “bax, kiçilə də bilirəm, mənə dəyməsən heç nə olmaz” deyirdi. Quşun qasığıma qısılması içimi oynatdı. Bədənimdə başqa bir canlının yaşadığını görəndə qəlbimə səxavət, böyüklük hissi çökdü. Qaşqaldaq da sanki bunu hiss elədi. Xumarlanıb bir az da özünü yığışdırdı. Tumanımı çəkdim, üstündən ən enli şalvarımı geyindim. Plaşımı çiynimə atandan sonra bir müddət qaşqaldağa dözəcəyimi anladım. Həm də dimdiyi içimdə idi, səsi də çıxmayacaqdı. Paltarımı yenidən soyundum. Qaşqaldaq nadinc uşaq kimi qorxa-qorxa gözlərini qaldırdı. Ona baxdığımı görüb tez gözlərini yumdu.

Bir an əvvəlki qorxu, həyəcan canımdan çıxmışdı. Yuxuda maralın donumu açması, danışıqları növbəti yuxularımın mətləbə daha yaxın olacağından xəbər verirdi. Həm də qaşqaldaq... Bu ki, əməlli-başlı möcüzə idi. Bəlkə də bu maralın danışdıqlarını yazmaq istədiyim üçün mənə verilən xəbərdarlıq idi. Təzədən yatağıma girdim, gözlərimi yumub əlimi Xəzərlərdənqalma əşyalarda gəzdirdim, onların istifadə etdiyi bitki qurularını qoxladım. Yuxularımda görüb unutduğum Xəzər qadınlarının titrək ruhunu, təmiz dünyasını hiss etdim, məqsədimə bu qədər yaxın ikən, bir yazıya görə qaşqaldaqla cəzalanmaq məni sınıxdırmışdı. Ən böyük cəza isə həmin yuxuları bir də görməməyim ola bilərdi. Yenə sarı, sürməyi bitki qurularını qoxladım. Kövrəldim. Yuxuda belə bir daha bu həqiqətləri heç kəslə bölüşməyə, yazmağa cəhd etməyəcəyimə söz verdim. Yuxuya getsəydim, qaşqaldağın ya canıma qayıdacağına, ya da bədənimdən ayrılacağına inanırdım.

Həmin gecə həyəcandan gözümə yuxu getmədi. Bir neçə gün qaşqaldaqla birgə yaşadım. Yuxuları da birlikdə görürdük. Qaşqaldaq onunla doğmalaşdığım yuxularımın birində qeyb oldu, onun canımdan nə vaxt qopduğunu da hiss etmədim.

Sonralar silsilə yuxularla Xəzərlərin həyatına, sehrli aləmlərinə yaxınlaşmağı bacarırdım. Dəfələrlə sınansam da, nə yuxularımı kimsəylə bölüşürdüm, nə yazırdım, nə də kimsənin yuxusunu dinləyirdim.

Gecələrin birində Xəzərin qadın Xaqanı Bərzbəyin xələfi Bulanla intim yuxusunu gördüm. Artıq həqiqətin bir addımlığında idim.

Yəhudiliyi qəbul edən və Xaqan Bulan Sabrielin Xəzərlərin başqa xalqların arasında öləziməsinə səbəb olan o qərarı verməzdən öncə gördüyü yuxulara yaxınlaşırdım.

Həmin möhtəşəm gecə bir qab Xəzər suyu isitdim. İlıq suyu çarpayımın üstünə aramla damcıladacaq bir sistem hazırladım. Su termosdan dəqiqədən bir çarpayıda uyuyan cismimə damcılayacaqdı. Araşdırma zamanı “Qırmızı qəsəbə”də yaşayan qoca yəhudinin Xəzərlərlə maraqlandığımı görüb mənə verdiyi qədim qadın paltarını (Paltarın Qadın Xaqan Prisbitə aid olduğunu iddia edirdi) geyindim. Bu paltarda yatağıma uzanan kimi özümü bütün bəşəriyyətlə bölüşəcək qədər böyük hiss etdim. Möhtəşəm bir varlığa dönüb yorğun fahişələrin başını sığallamaq, ehtiraslı qara adamları əmizdirmək, mazoxist qadınlara var gücümlə şiddət göstərmək, sadistlərə zalımca döyülmək istədim.

Sonra Xəzərlərdən bizə çatan yeganə sözü adında yaşadan “Ku” meyvəsini burnumun önündə tutdum. İlıq Xəzər damlalarının müşayiətilə tarix qoxuyan paltarın və Kunun ətrini sinəmə çəkə-çəkə məni yeni bir üfüqə aparacaq həmin yuxunu səsləməyə başladım.

- Burada iz qoymaq istəyirsənsə, öz yaratdıqlarının üzərində gəziş... Onun yaratdıqlarına göz dikmə, ən gözəl qadınlarına belə baxma... Unutma, o da bir gün bacarığı sayəsində əvvəlkinə qalib gəlib bu dünyanı yaratdı... Çalış, onu devir... Artıq yorulub... Bu sehrin sənə faş olmasının səbəbi də onun yorunluğudur.

- Bu dünyada insanın qoya biləcəyi ən qalıcı iz qan izidir. Ona görə heç vaxt belə yerdə izimin qalmasına cəhd etmədim. Mən onun iqtidarında xoşbəxtəm. Mənə və xalqıma verilən möhəşəm bacarıq üçün təşəkkür edirəm. Səsinin xeyli yad olduğunu seçə biləcək qədər də sınanmışam.

- ...

- Bildim, Tanrım, qan tökülməsin deyə Xəzərlərin bu dinlərdən birini qəbul etdiyini deyəcəyəm. Əslində mən xas tayfamla yuxular aləmində xoşbəxtəm. Xəzərin suları olduqca, biz də olacağıq.

Mən oyananda Xəzərin ilıq damcıları tərimə qarışmış, təngnəfəs olmuş, bu sirri saxlaya bilməyəcəyimi anlamağa başladım. Həmin yuxunu, daha doğrusu, tarixi heç kəsə danışmasam da, yazacağıma əmin idim. Yoxsa yerə-göyə sağmazdım. Elə bu an eşitdiklərimin şuxluğunun yavaş-yavaş itdiyini hiss etdim. Ancaq yuxuya o qədər hazırlıqlı başlamışdım ki, bir neçə dəqiqə ərzində ağlımda qalanları yaza bilərdim.

Qalxıb Prisbitin paltarını əynimdən çıxarmaq istədim. Paltarın kürək hissəsi parça-parça olmuşdu. Sinəm sıxılırdı. Göz görə-görə böyüməkdə idim. Paltarı cırıb əynimdən çıxardım. Qələm axtaranda başım qapının çərçivəsinə dəydi. Güzgüdə özümü görəndə qorxdum. Dizlərimin, dirsəklərimin dərisi cəhrayı rəng almış, qollarıma heyvan tükü kimi cod qıllar çıxmışdı. Qələm vaxtı deyildi, belə getsə, bir azdan qapıdan çıxa bilməyəcəkdim.

Maşının oturacağını mümkün qədər geri çəkib, sükan arxasına keçdim. Bu biabırçılıqdan yaxa qurtarmağın yolunu tapa bilmirdim. Ancaq rayona qaçıb müvəqqəti meşədə gizlənmək, insanların gözündən uzaq bir yerdə çömbəlib xilas barədə düşünmək olardı.

Rayon yoluna çıxan kimi artıq dizlərimin sükandan yuxarı qalxdığını hiss edir, oturacağın cırıltısını eşidirdim. Yarı yolda maşından düşdüm.

Səhər açılmışdı. Obaşdan şütüyən təkəmseyrək avtomobillərdəki adamlar yoldan uzaqlaşan mən bədheybəti görüb maşını saxlayır, əllərini gözünün üstünə qoyub heyrətlə baxır, bəziləri də telefonuna çəkirdi. Yulğun kollarını yonca topası kimi əzir, zeytun ağaclarından kol kimi adlayırdım.

Uzaqda mavilənən Xəzəri görən kimi içim titrədi. Məni gizlədə biləcək bir varlığın olduğunu biləndə sevincdən ağlaya-ağlaya dənizə qaçdım.

Ağlayanda səsimdən özüm vahimələnir, Təpəgözdən bu yana bütün nəhənglərin fağır uğultularına acizanə səslənirdim.

Xəzərə girib suyu qasığıma tən edəndən sonra oturdum. Dincimi alacaqdım ki, dizlərimin, sinəmin yavaş-yavaş üzə çıxdığını gördüm. Amma Xəzərin böyüklüyü qarşısında diz çökə-çökə insanlardan iraq olmağı bacardım.

Beləcə gecələr dənizin o başına gedir, gəmilərdən gizlənir, gündüzlər dincəlir, ikindi vaxtı qalxıb böyük addımlarla Günəşin ardınca düşür, qürub ömrümü uzadıram.

Yatmıram. Yatsam, yuxu görərəm... Aman Allah! Xələfimin bağrı çatlayar...

news-inner-user

12902 məqalə

Paylaş

Oxşar xəbərlər