news-inner
clock15:27 calendar-gray 07 May 2019 view-gray1211 dəfə oxunub
view-gray1211 dəfə oxunub

Bakı metrosunda təcavüz olunan qız niyə köməksiz qaldı?

Kulis.az Günel Natiqin “Seksizm niyə təhlükəlidir?” adlı yazısını təqdim edir.

Biz seksist (cinsi ayrı-seçkilik edən) bir cəmiyyətdə yaşayırıq və hər addımda qadınları ciddi qəbul etməyən adamlarla rastlaşırıq. Ən böyük problem isə odur ki, çox vaxt bunun fərqinə varmırıq. Amma seksizm təsəvvür etdiyimizdən də təhlükəli ola bilər.

Mağara seksizmi hələ həyatımızın fonunda qalmaqdadır. Bəzən bununla barışmalı oluruq. “Gənc, gözəl, ucaboy, model parametrləri olan qızları” işə dəvət edən elanlar gözlərimizi döyənək edib. Sanki insandan yox, cansız manekendən söhbət gedir. Model parametrləri olmayanlar nə etməlidirlər? Deməli belə bir stereotip var ki, qadın yalnız gözəldirsə həyatda uğur qazana bilər.

Adətən Avropada görünüşcə gözəl aparıcılar işə qəbul edilir. ABŞ-da bir telekanal “hər yerdə gözəllik” tabusuna etiraz əlamət olaraq zahirən gözəl olmayan, adi ölçüləri olan insanları işə dəvət etmişdi. Seçimini belə izah etmişdi ki, zahirən çirkin olan bir qadının da ekranda görünməyə haqqı var.

Vaxtilə iş yoldaşım olan bir kişi çox çirkin idi, amma bir dəfə də olsun görünüşündən şikayət etdiyini görmədim. Qadınlarla münasibətdə də özünə əmin idi, rədd edilmək ehtimalı isə ağlının ucundan keçmirdi.

Bir dəfə fikir mübadiləsi zamanı özünə arxayınlığının səbəbini anladım. Dostumuz dedi ki, qadınların əslində seçim şansı yoxdur, ona görə onlara yaxınlaşan adamları çox vaxt qəbul etməyə məcburdurlar. Bu seçim kişiyə məxsusdur.

Heç kim inkar edə bilməz ki, seksist bir cəmiyyətdə yaşayırıq, o cəmiyyətdə ki, qadınların seçim şansı sıfıra bərabərdir.

Təşəbbüsü öz əlinə alan qadın barədə isə rəylər birmənalıdır: “Görən hansı yuvanın quşudur!”

“Qadın məntiqi” deyilən bir ifadə var. Əslində məntiqsizliyi ifadə edən bu ifadəni kişilər uydurub.

“Bu qadınların başı üçün deyil, sizin girdiyiniz kol deyil” və s. bu kimi ifadələri də çox eşitmişik. Halbuki həyatda ən uğurlu kişilər ağıllı qadına sahib olanlardır.

Bir tanışım qızını kompüter animasiya kursuna yazdırmaq istəyirdi, amma ona qrafika təklif etmişdilər. Ana israr edəndə isə bildirmişdilər ki, təkid etməyin, kompüter animasiyası qadın işi deyil, qızlar bu mürəkkəb sxemdən baş çıxarmaz, siz sadə olanını seçin.

Biz özümüz də fərqinə varmadan seksizmin qurbanlarına çevrilirik, hisslərimiz zədələnir, qızların özünə dəyəri azalır, cəmiyyətdə özünə yer tapmaq istəyinin önünü maneələr tutur.

Keçən il Rusiyada jurnalist qadın kişi deputatlardan birini cinsi təcavüzdə ittiham etmişdi. Jurnalist qızın sözlərinə görə, deputat suallara cavab verərkən əlini onun çılpaq dizinin üstünə qoymuşdu. Kimin haqlı, kimin haqsız olduğunu müəyyən edərkən Moskva universitetinin dekanından həmcinsinə dəstək gəlmişdi. Dekan bildirmişdi ki, bu çox normal bir haldır, “hər hansı bir şəraitdə kişi əlini qadının dizinə və ya istənilən yerinə qoya bilər”. Bu məntiqsiz fikrin qadınlarda nə kimi kompleks yaratdığını təsəvvür edin. Əgər ağlı başında olduğunu hesab etdiyimiz bir adam belə bir fikrin sahibidirsə, onda seksizmin hüdudları təsəvvür etdiyimizdən də uzağa gedib.

Adətən iş elanlarında qadınların yaşı xüsusi olaraq vurğulanır: “35 yaşa qədər” Bəs 36 yaşı haqlamış, ən çətin zehni işlərin də öhdəsindən gələ biləcək qadın nə etməlidir? Təsadüfən işsiz qalmış ali təhsilli tanış bir qadın 36 yaşındadır və artıq ofislər üzünə bağlıdır. Qadıncığaz 36 yaşın ona bu qədər baha-başa gələcəyini yəqin ki təsəvvür etməzdi.

Təkcə elanlarla iş bitmir. İşə qəbul üçün getdiyiniz ofisdə mənalı baxışlar, eyhamlı sözlərlə qarşılaşmaq ehtimalı var. Bir çox yerlərdə qadını işçi kimi yox, həyatı rövnəqləndirəcək dişi kimi görürlər.

Həyat yoldaşını vaxtsız itirmiş, ailəni təkbaşına dolandırmağa məcbur olan rəfiqəmin iş elanlarıyla bağlı üz tutmadığı ofis qalmayıb. Yeni açılan kiçik ofislərdə demək olar ki eyni hallarla üzləşib. Məsələn, birinci iş yerinin tosqun müdiri rəfiqəmin üstünə atılaraq tez-tələsik vədlərdə bulunub. Maşın alacağını, ofisdəki kompüterlərin ixtiyarını ona verəcəyini deyib. Rəfiqəm kişini özündən kənar edərək birtəhər qaçıb uzaqlaşıb. Bir müddətdən sonra özünə gələn qadın yenidən iş axtarışına çıxıb. Bu dəfə də ona bənzər halla üzləşib.

Sonuncu dəfə rəfiqəm iş axtarışından sevincək qayıtdı: “Müdir orta yaşlarında, ciddi, təmkinli adamdır. İki qadından məni seçdi, yəqin ki, ciddi olduğumu və işimə məsuliyyətlə yanaşacağımı anladı. Maaş da qənaətbəxşdir”.

Bir neçə gündən sonra rəfiqəmdən işiylə bağlı nə kimi yeniliklər olduğunu soruşanda bir az tərəddüdlə cavab verdi: “İş yaxşıdır, hələ ki maaş almasam da kiçik qazanclar olur. Müdir isə rayondadır, ancaq vatsapdan yazıb işlərin necə getdiyini soruşur”.

Heç bir ay keçmədi ki, rəfiqəm işdən çıxdı. Demə bu “müdir” də işçi yox, seksual obyekt axtarırmış, sadəcə yanaşma üslubu fərqliymiş.

“Müdir” nə rəfiqəmin ciddi geyiminə, nə də ciddi rəftarına əhəmiyyət verib, qarşısında oturdaraq əsl niyyətini açıqlayıb. Həm də elə təfərrüatlara varıb ki, rəfiqəm dilinə gətirməyə belə utandı.

Rəfiqəm uğursuz təcrübədən sonra ümumiyyətlə iş arama cəhdindən imtina edib.

Bəzi kişilər yanlış olaraq belə bir fikir yürüdürlər ki, yer üzündə onları rədd edəcək qadın yoxdur, sadəcə hər şey yanaşma tərzindən asılıdır. Mağara tipli belə fikir sahibləri təbii ki, qadının rədd cavabını naz eləmək kimi başa düşəcək. Qadınlarla bağlı belə bir mövqe tutmaq isə zorakılığa gətirib çıxarır.

Bir neçə gün öncə Bakı metrosunda baş vermiş hadisə sarsıdıcıdır. Bir adam gənc qıza təcavüz etməyə cəhd edib. Sərnişinlərin əksəriyyəti bu hadisəni görməzlikdən gəlib. Qızı müdafiə edəcək bir kəs meydana çıxmayıb. Nəhayət təcavüzkardan canını birtəhər qurtaran qız stressdən bayılıb. Əsas təhlükənin uzaqlaşdığını görən sərnişinlər qıza ilk yardım göstəriblər.

Seksist cəmiyyət hətta qadınlar təcavüzə uğrayanda da baş verənlərin məsuliyyətini onun üzərinə yükləyir: “Yəqin ətəyi qısa imiş”. “Çox güman ki, oğlanı zorakılıq etməyə açıq-saçıq geyimi vadar edib”. “Dana göz etməsə buğa sıçramaz” və s.

Patriarxal cəmiyyətdə seksual münasibətlər ticarət kimi təsəvvür olunur: qadın satır, kişi isə alır. Hollivudda məlum olanda ki, kino prodüseri Harvi Vaynşteyn öz vəziyyətindən sui-istifadə edib və onlarla aktrisa onun qurbanına çevrilib, təcavüzkarı suçlayanlarla yanaşı əks fikir yürüdənlər də vardı: “Bu aktrisalar Vaynşteynin sayəsində şöhrət tapıblar, Oskar alıblar, indi isə təşəkkür etmək əvəzinə günahkar çıxarırlar”.

Hətta bəzi amerikalılar elə düşünürdü ki, təcavüzə aktrisaların özü “razılıq” verib. Yaxud yenə açıq-saçıq geyimlər başlıca səbəb kimi göstərilirdi.

Psixoloqlar deyir ki, təcavüzkara haqq qazandırmaq qəddarlıqdan başqa bir şey deyil. Bu insanlar elə bilir, əgər təcavüzün səbəbini zorlanan qadınların özlərində tapsalar, bu onlara “düzgün insanlarla heç bir pis hadisə baş vermir” məntiqiylə yaşamağa kömək edəcək. Çünki belə düşünməyə alışıblar və əks düşüncə onların həyatını alt-üst edə bilər, məsuliyyət daşımağa vadar edə bilər və s.

Statistika göstərir ki, açıq-saçıq geyinməyən və özünü normal aparan qadınlar da təcavüzə uğrayır. Bu hər kəsin başına gələ bilər.

Bəzən də uzun illərdən sonra təcavüzə uğradığını etiraf edənlərə qarşı belə bir ittiham səslənir: “Niyə indi? On il öncə niyə danışmırdı?” Amma insanın özüylə üzləşməsi üçün ona bəzən illər lazım olur. Utancverici hadisələr haqqında hansımız həvəslə danışırıq?

Sadəcə önyarğılı olmamaq və bir az anlayış göstərmək lazımdır.

Əgər kişi evdən gedirsə, günahkar yenə qadındır. “Gərək ərini bərk tutardın”. Guya söhbət bığlı-saqqallı kişidən deyil, yasaq ərazilərə qaçmaması üçün nəzarət altına götürülməli olan uşaqdan gedir.

Bunun üçün müxtəlif kurslar, treninqlər fəaliyyət göstərir, hansılar ki “ər tapmaq” və “bərk tutmaq” mövzusunda işlər aparır.

Deyə bilmərəm, bu fəaliyyətlərin nə kimi xeyri var, amma il-ildən boşanmaların sayı artır.

Seksizm isə getdikcə daha çox əraziləri işğal etməkdədir. Keçən il Belçikada seksizmi (bir cinsin digərindən üstünlüyünü) nümayiş etdirən bir gənc mühakimə olunub. Gənc oğlan qadağan edilmiş yerdən keçdiyinə görə onu cəzalandırmaq istəyən qadın polisə “Yum ağzını! Mən ümumiyyətlə qadınlarla danışmıram! Polis zabiti olmaq qadın işi deyil!” deyib və aradan çıxmaq istəyib. Amma çox uzağa qaça bilməyib. Qadınlara yuxarıdan aşağı baxan gənc bunun cəzasını 3 min avroluq cərimə ilə ödəyib.

Bəzən seksizmin cəzası çox ağır ola bilir...

news-inner-user
Günel Natiq

115 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019
Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
15:21 24 May 2019
Məşhurluğunu qorumaq istəyən əcaib şairlər – Yalçın İslamzadə yazır...
14:21 24 May 2019
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
13:30 24 May 2019
Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
13:03 24 May 2019
Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar
12:20 24 May 2019
Çingiz Abdullayevin kitabının təqdimatı olub
11:55 24 May 2019
Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb
11:01 24 May 2019
Pedro Almadovar: "Təcrid olunmuş vəziyyətdə yaşayıram" - Müsahibə
10:37 24 May 2019
Məşhur uşaq yazıçısı vəfat etdi
10:10 24 May 2019
Yaltaq, yalançı və yarınan yazılar
10:03 24 May 2019
Abbas Səhhətin yubileyi qeyd edilib
09:29 24 May 2019
Evimiz yıxılıb! – Bircənin Romanı
09:00 24 May 2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
06:29 24 May 2019