news-inner
clock11:40 calendar-gray 16 Aprel 2019 view-gray1420 dəfə oxunub
view-gray1420 dəfə oxunub

İlbər Ortaylının izdihamlı təqdimatında narazılıq – Reportaj - Fotolar

Ayxan Ayvaz

“Sıxlıq yaratmayın!”

“Xahiş edirəm, itələməyin”

“Ay, ürəyim dayandı”

“Xanımlara yol verin”

Elə bildiniz bazardı? Yaxud metro? Ya da avtobus?

Xeyr. Bu sözlər İlbər Ortaylının imza günündə eşidilirdi.

Gəlin, başa qayıdaq.

Bakı Kitab Mərkəzinin qabağına bir yığın adam toplaşmışdı. Elə bil çörək növbəsiydi.

Tünlükdə məhəllə uşağımızı gördüm:

- Ə, sən neynirsən burda?

- Bu kişini televizorda görmüşəm. Maraqlı gəldi.

- Nə qədər adam var e...

- Gör indi mən burdayamsa, vəziyyət necədi də. – gülümsündük.

Məhlə uşağı qonşulardan, olub-bitmişlərdən danışmağa başlayanda gördüm ki, adamlar axınla kitab mağazasına doluşur.

- Kitabın yoxdursa buraxmırlar. – dedi.

Hə... Hamı əlindəki kitabı yuxarı qaldırıb göstərir, sonra keçirdi. Yaxınlaşıb kitab almaq istədim, qurtarıb dedilər.

- Rəvan, hardasan? Qapıya çıxa bilərsən? – gənc yazar dostum Rəvan Cavidə zəng elədim. Onunla vədələşmişdik.

- Yox, e, abi, arxada 200 adam var.

Jurnalist vəsiqəmi göstərib ilk mərhələni uğurla keçdim. Və içəridə köhnə dostlarımı, köhnə sevgililərimi, arada bir salamlaşdığım adamları gördüm. İlbər Ortaylı həyatımdan qopub düşmüş adamları öz kitab təqdimatında bir yerə yığmışdı.

Birinci mərtəbədə adam əlindən tərpənmək olmurdu. Mən hələ də inanmırdım ki, kitab təqdimatındayıq. İkinci mərtəbəyə qalxmaq üçün də kitabı göstərmək lazımıydı. Bəziləri İlbər abinin əvvəlki kitablarını gətirmişdilər, ancaq təşkilatçılar həmin adamları içəri buraxmadı. Mütləq və mütləq “Türklərin qızıl dövrü” kitabını almaq lazımıydı.

Bu mərhələni də uğurla keçəndən sonra Rəvan Cavidlə rastlaşdıq. O, kitab sinəsində gülümsünürdü.

Bir azdan İlbər Ortaylı ortaya çıxdı, izdihama əl elədi. İzdiham onu alqışlarla və fitlə qarşıladı.

Balkon da, türklər demiş, “tıklım-tıklım doluydu”. Təşkilatçılar İlbər abini “gizli yollarla” balkonun aşağısına gətirdi. Orda nələrdənsə danışdı, təəssüf ki, eşidə bilmədik.

- Səsi Tuncel Kurtizin səsinə oxşayır. – Rəvana dedim.

- Kişi, bərkdən danış. – xanımlardan biri əlini ağzına tutub qışqırdı.

İlbər abi isə öz kefindəydi. Yeni kitabından danışırdı.

Bu arada yazar dostları gördüm – Kənan Hacı, Səxavət Sahil. Gördüm ki, bikefdirlər. Üzlərindən bu sözlər asılmışdı: “Bizim kitab təqdimatları belə keçməz”.

- Kənan, Azərbaycanda hamının təqdimatına getdin, indi Türkiyəyə keçmisən? – mənim zarafatım.

Kənan gülümsünür:

- Bu qədər adamın olacağını gözləmirdim, açığı. Deməli, oxuyan var. Əsas təbliğatdır.

İlbər Ortaylı dünənki mühazirəsində “Pamuk iki dilin heç birində də yaza bilmir” demişdi. Dostlarla bunu müzakirə elədik.

- Çox diletant yanaşmadı. – dedim. – Pamuk dünyanın hazırda ən yaxşı yazan 10 romançısıdır, bu da deyir yaza bilmir.

- Kəramət olsa deyərdi ki, istedadsızdı.

- Kəramət olsaydı, bura gəlib piştaxtasını açardı, əməlli-başlı qazanardı.

Sonra İlbər Ortaylı yoxa çıxdı, təşkilatçılar elə bil onu sehrli bir qutuya saldılar və abimiz bir az sonra kitabları imzalayacağı yerdə peyda oldu.

Bax indi gəldik yazımızın əvvəlinə.

“Elə bil metro dayandı. Maşinist sürmür” – biri gileyləndi.

“Ay millət, yavaş da belim qırıldı”.

“Hamımız gedib imzaladacağıq, tələsməyin”.

Tər qoxusu yarandı. Mən heyrət etdim: axı biz bu cür basırığı ancaq metroda, avtobusda görmüşdük. Bir xalq olaraq kitab mağazasında basırıq olmasına alışmamışdıq. Mən axırıncı dəfə xalqımızı metroda işıqlar sönəndə bu cür sıx görmüşdüm. Bu, artıq ikincisi idi.

“Bunu da metrodakı kimi yazarsınız” – bir xanım dedi.

“Elə bil “Qalatasaray”la “Fener”in oyunudu”.

“Hamam oldu bura”.

“- Mən İlbər Ortaylıdan bir şey soruşacaqdım.

- Nə soruşacaqdınız?

- Urartular haqqında.

- Neynirsiniz? Sizə urartu lazımdı?”

“Adam babat pul yığır e”.

Mikrofon qəzəblə uğuldadı.

“Kişini əsəbləşdirməyin”.

“Yuxarıdan bizi çəksələr elə bilərlər Meksika dalğasıdır”.

O sıxlıqda tanış olanlar da oldu, bəlkə də indi o tanış olan cütlüklər bu yazını oxuyub gülümsəyəcək, zaman keçəcək və onlar evlənəcək, sonra deyəcəklər ki, bir-birimizi İlbər Ortaylının imza günündəki izdihamda tapmışdıq.

“Orqanizasyon kötü” – növbədə bir türklə rastlaşdım.

“Neden abi?”

Dediyinə görə, Türkiyədə bundan daha çox adam gəlir, ancaq heç belə sıxlıq yaranmır, hər kəs normal şəkildə kitabını alıb imzaladır və gedir.

“Görməyiblər də. Elə bilirlər hamını bir yerə yığanda yaxşı olur”. – kimsə söhbətimizə müdaxilə edir.

- Siz burdamı yaşıyorsunuz?

- Evet. Çokdan. – yarı türkcə, yarı azərbaycanca danışırdı abimiz. – Oğluma göre geldim.

Oğlu tarixlə maraqlanırmış və gələcəyin İlbər Ortaylısı olmaq istəyirmiş.

- Məncə də, ol. Adamın başına gör nə qədər adam yığışıb.

Bu arada nəsə həngamə oldu. Sən demə, oxuculardan biri az qala İlbər Ortaylının üstünə çıxacaqmış, mühafizələr son anda böyük tarixçini bu bədbəxt hadisədən xilas ediblər.

Mən bu səs-küyə, təşkilatçılara olan narazılıqlara bir film kimi baxıb düşünürdüm. Düşünürdüm ki, deməli bizim oxucularımız var, sadəcə onlara ulaşmaq lazımdır, onlara kitabı göstərmək lazımdır. Təbii, burda İlbər Ortaylının öz şan-şöhrəti də rol oynayırdı. Amma həqiqətən də təşkilati işlərin zəifliyinə baxmayaraq, bu səhnələri Bakıda görmək çox gözəliydi.

Finiş nöqtəsinə çatdım. İlbər Ortaylı masanın kənarında kitabları imzalayırdı.

- Kitabınız yoxdur? – mühafizə soruşdu.

- Kitab bitmişdi. Ala bilmədim.

- Sizi buraxa bilmərik.

Nə qədər dil tökdüm, yalvardım, xeyri olmadı.

- Siz problem yaradırsınız. Sizə görə heç kimi buraxan deyiləm.

- Qardaş, sənə görə keçə bilməyəcəyik indi?

- Sonra bir də gələrsən, qoy biz keçək.

- Nolar ki, buraxın da onu – bir xanım nəhayət mənə dəstək durdu.

Ancaq xeyri olmadı və mən təşkilatçıları tənqid edə-edə çıxışa doğru getdim.

Gördüm, Rəvan gülümsünür qapının ağzında.

- İmzalatdın?

- Hə e... Bunu imzasına bax sən Allah.

İlbər Ortaylı konkret yola vermişdi. Elə bil qələmin mürəkkəbinin olub-olmadığını yoxlayırmış. O cür bir imza çıxmışdı ortaya.

- Nəsə soruşa bildin? Pamuk haqqında-filan...

- Pamuku yox. Soruşdum ki, niyə belə “kalabalık” olur?

- Bunu soruşdun?

- Hə...

- Ora qədər getdin və bunu soruşdun?

- Nə bilim e...

- Nə dedi bəs?

- Dedi, tarih işte evladım, hep kalabalık olur...

“Kalabalık” isə bitmirdi, hələ də adamlar kitab mağazasına axışırdı. Bəlkə də gördüyümüz bir yuxuydu...

news-inner-user
Ayxan Ayvaz

377 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti