Oğlum mənə niyə acıqlandı?

Oğlum mənə niyə acıqlandı?
9 aprel 2019
# 11:03

Kulis.az Səhər Əhmədin “Keçinin balası - çəpiş”yazısını təqdim edir.

Maşının qapısını açmasıyla əvvəl çantasını, sonra özünü arxa oturacağa atması bir oldu, dalınca da qapını şaqqıltı ilə örtdü. Əsəbi tövrünə, üzündəki pərişan ifadəyə gülməyim tutsa da, qırımından qorxub gülmədim. Güzgüdə baxışlarımız toqquşan kimi qışqıra-qışqıra danışmağa başladı:

- Çəpiş keçinin balasıdı, hə, balasıdı?

Axrıncı sözü həm məntiqi vurğu, həm sual intonasiyasıyla, həm də daha bərkdən qışqıraraq dediyinə görə açar söz o idi. Mən ona güzgüdən “priçyom tut ya?” ifadəsi ilə key-key baxıb çəpişin keçinin balası olmasında nə boyda günahım ola biləcəyini götür-qoy edirdim ki, oğlum hər iki əlini açıb cütləşdirdi və irəli uzatdı:

- Nə susursan e? Bu gün müəlliməm dedi ki, çəpiş keçinin balasıdır.

- Hə oğlum, elədi, müəllimən düz deyib!

- Deməli, balanı kəsirlər, hə? Yadındadı, sən bir dəfə yemək bişirmişdin, atam dedi ki, bu çəpiş ətidi, xeyirlidi, hərdən yemək lazımdı?

Bircə anda söhbətin nəinki mövzusu, eləcə də məzmun və ideyası, hətta mən deyərdim, süjet və kompozisiyası mənə aydın oldu. Bundan sonra oğlumun gətirəcəyi ittihamlar, çıxacağı lirik ricətlər, gələcəyi nəticə gözümün qabağında canlandı.

- Bilirsən, oğlum, biz başqa vaxtlar da quzu əti alırıq, quzu da qoyunun balasıdır.

Qaş düzəltdiyim yerdə vurub gözü də çıxartmışdım, çünki oğlum bu dəfə daha bərk qışqırdı:

- Nə?! Deməli, qoyunun da balasını kəsirlər?!

- Lap balaca olanda yox ki, böyüyəndə.

- Nə fərqi var, axır ki baladır də...

Yaddaşımı qurdalayıb belə vəziyyətlərdə böyüklərimizin bizə gətirdiyi bəhanələri xatırladım: “Heyvanları allah kəsilmək üçün yaradıb.” Yox, bu arqumentlə oğlumun üstünə getmək olmazdı, tezliklə tərk-silah olub geri qayıdacaqdım. Odur ki, məğlubiyyətimlə barışıb sakitcə maşını işə saldım.

Osman hələ də öz-özünə deyinirdi:

- Bu haqsızlıqdı, belə olmaz, balaları kəsməzlər...

Yağış yağmağa başlamışdı, şüşətəmizləyəni qoşdum, oğlum həmişəki kimi “onu söndür, ətim ürpəşir”, - demədi. Sonra piyada keçidindən keçdim, bu dəfə də adəti üzrə zolağa yaxınlaşanda arxadan uzanıb qəza işığının düyməsini basmadı. Demək, çox təsirlənmişdi.

Yağış güclənirdi, evə qayıtmağın verdiyi huzur, yağışın gətirdiyi romantik ovqatla birləşib gözəl bir ab-hava yaradırdı. Bircə oğlumun Hüseyn Cavidin həqiqətpərəst qəhrəmanı Arifsayağı pərişanlığı olmasaydı, hər şey yaxşıydı...

...Və mən işıqforun qırmızı işığında maşını saxlayıb, gözlərimi yanıb-sönən saniyələrə dikərək düşünürdüm ki, kaş heç çəpiş keçinin balası olmayaydı.

# 1848 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #