news-inner
clock11:45 calendar-gray 23 Mart 2019 view-gray1057 dəfə oxunub
view-gray1057 dəfə oxunub

Mirzə Cəlil Xalq Cümhuriyyətini niyə sevmirdi? – Araşdırma

Dilqəm Əhməd

“Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir” – C.Məmmədquluzadə

1917-ci ildə, çar Rusiyasının çöküşü dönəmində Cəlil Məmmədquluzadənin“Cümhuriyyət”adlı məqaləsi yayımlanır. Məqalə zamanın ruhu konteksindən çox mühüm idi, Mirzə Cəlil vətəndaşlara müraciətlə əsas hədəfləri vurğulamışdı.

Mirzə Cəlilə görə Cümhuriyyət:

Mənası – Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn Firəngistan, İsveçrə və qeyriləri.

Tarixi – “Cümhuriyyət üsuli-idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar…”. Qısa tarixi bilginin ardınca Mirzə Cəlil müasir dövrdə ABŞ, Fransa respublikalarını örnək göstərir.

İdarəetmə – “Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir.

Seçki – Mirzə Cəlil seçki ilə bağlı 4 vacib şərti açıqlayır: 1) Ümumilik – “yəni məmləkətdə yaşayan nüfusun cəmisi seçkidə iştirak etməlidir,…yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır”. 2) Müsavilik – “yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir”. 3) Düzgünlük – “Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin”. 4) Gizlilik – “yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi”.

Azadlıqlar – Bu hissədə Mirzə Cəlil mühüm azadlıqları sadalayır: etiqad,yığıncaq, birləşmək, çap eləmək,danışmaq,siyasi partiyalar düzəltmək,dilbir olub,həmtədbir olmaq.Və sonda Mirzə Cəlil yazır:

“Vətəndaşlar! Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə! Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü! Əgər bizdə insanlıq hissi ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!”

Bu məqalədən bir il sonra isə Azərbaycanda məhz Mirzə Cəlilin yazdığı Cümhuriyyət yaradıldı.

Bəs, o, bu Cümhuriyyəti dəstəklədimi?

“Doktor Mehmandarov parlamentin sədri Həsən bəy Ağayevdən (əslində sədri əvəz edən müavin – D.Ə.) mənim Şuşadan parlamentə üzv seçilməyimlə bağlı təklif haqqında teleqram almışdı. Mirzə Cəlilin də, mənim də bu hökumətə hüsn-rəğbətimiz yox idi, ona görə də bu təklif cavabsız qaldı”.

Bunları Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım söyləyir.

Bəs, onların niyə hüsn-rəğbəti yox idi? Bir qədər əvvələ gedək…

Nuru paşanın gəlişi

“Bir müddət sonra xəbər yayıldı ki, türklər Azərbaycana gəlir. Bir neçə nüfuzlu adam artıq Şuşaya və Ağdama gəlmiş və komendant təyin olunmuşdu. Bundan sonra İran tərəfdən Xudafərin körpüsünü keçərək Ənvər paşanın qardaşı, adı artıq çoxlarına bəlli olan Nuru paşa gəldi. O yolboyu bəzi yerlərdə dayanır, yerli camaatın nümayəndələrini toplayır, onları təlimatlandırırdı”.

Həmidə xanımın yazdığına görə, hər kəs türklərin gəlişini gözləyir, Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyindən bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarından birini də Şuşa qadınlarının adından Həmidə xanım ucaltmışdı:

“Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan ana şərq istiqlal qazanacaq”.

Şuşaya birinci avtomobillə Cəmil Cahid paşa daxil olur. O, məscidi ziyarət etdikdən sonra Xan bulağına qalxır. Ermənilər nümayəndələrini göndərərək paşaya itaətlərini bildirirlər. Həmidə xanım və Mirzə Cəlilin dəvətilə Cəmil paşa onların evinə gəlir:

“Paşa mənə dedi ki, Türkiyədə hələ çadrasını atmış qadın yoxdur. O, bizə baxıb təəccüblənir, bizim gələcəyimizin parlaq olacağından danışırdı”.

10489663_711020472268752_3590616130064002784_n

Ailə iki il sonra isə Nuru paşanı evlərində qonaq edir. Bu zaman artıq cümhuriyyət devrilmişdi, Nuru paşa isə Azərbaycanda bolşevikləri dəstəkləyirdi:

“Nuru paşa hər yerdə xalq toplantısı çağıraraq bolşevikləri mədh edən nitqlər söyləyirdi. Mirzə Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası, paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur”.

Nuru paşanın yorğun olduğunu görən Mirzə Cəlil onu kəndlərinə dəvət edir, iki gün evlərində qonaq edir. Nuru paşa qonaq olarkən rəssam olduğundan onların portretini də çəkmişdi, altına da imzasını qoymuşdu. Onlar Nuru paşanı daha sonra heç görmədilər… Nuru paşa ilə keçmiş Cümhuriyyət haqqında danışmışdılarmı? Bu bizə bəlli deyil.

Cümhuriyyət dönəmində Mirzə Cəlil nə edirdi?

1918-20-ci illərdə Mirzə Cəlilin həyatı iki yerdə keçirdi: Tiflisdə və Kəhrizlidə. Onun əsas işi Həmidə xanımın təsərrüfatı ilə məşğul olmaq, ailəsini dolandırmaq idi. Məsələn, onun 1918-ci il 25 avqust tarixli Kəhrizlidən göndərdiyi məktubda deyilir:

“Xırmanın işini davam etdirirəm. Arpanı döydürmüşəm, indi isə buğdanı bitirməkdəyəm, rəncbər çörəyi isə hələ davam edəcək…”

1918-ci ilin əvvəllərindən etibarən Şuşada dövrün hadisələrindən doğan aclıq baş verirdi. Belə bir vaxtda Həmidə xanım kasıblar üçün müəyyən tədarüklər görür, hətta erməni aclar üçün də çörək bişirtdirib kilsədə paylayırdı. Daha sonra o qərara gəlir ki, Şuşadakı köhnə tikiş karxanasını işə salsın. Bu işdə ona Mirzə Cəlil də kömək edir. Beləcə onlar yeni dəzgahlar da sifariş verərək işləri irəlilədirlər. Hətta bu emalatxananın namı Səməd bəy Mehmandarova da çatmışdı.

“Həmin dönəmdə Şuşaya hərbi nazir Səməd bəy Mehmandarov da gəlmişdi. Mehmandarov toxuculuq emalatxanamızı gəzib baxdı və bizi əməllicə təriflədi. O, söz verdi ki, emalatxanamıza ordu üçün geyim sifariş edəcək”.

1918-ci ilin dekabrında Mirzə Cəlil Şuşaya gəlir və “Anamın kitabı” pyesini tamamlamaq üçün işə başlayır. 1919-cu ilin fevralın sonunda əsərini tamamlayır.

1919-cu ilin payızında da Mirzə Cəlil təsərrüfat işləri ilə məşğul olur, yeni hökumətlə münasibət qurmurdu:

“O, bir neçə yük atı və ikigavahınlı kotan almışdı. Şumlamaya özü nəzarət edir, toxumluq dəni seçir və təmizlətdirirdi…”

Amma Qarabağdakı durumla bağlı yeni hökumətlə münasibətdə idi. AXC ensiklopediyasında onların bir teleqramından bəhs edilir. Belə ki, Mirzə Cəlil və Həmidə xanım 1919-cu ilin iyunun 18-də Ağdamdan baş nazir Nəsib bəy Yusifbəyliyə və parlamentin üzvləri Məhəmməd Əmin Rəsulzadəyə və Əhməd Pepinova teleqram göndərərək, Ermənistanda azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti nəticəsində evlərindən didərgin düşüb, Qarabağ general qubernatorluğu ərazisinə pənah gətirmiş 50 minə yaxın soydaşımızı Mil düzünün yanına milyon desyatinlik torpaqlarında yerləşdirib, 15 mindən yuxarı əmək qabiliyyətli qaçqını işlə təmin etmək barədə Əmək və Əkinçilik Nazirliyinin qaldırdığı məsələyə qoşulduqlarını bildiriblər. “Azərbaycan” qəzetinin həmin ilin 6 iyul tarixli 140-cı nömrəsində dərc olunmuş teleqramda deyilirdi:

“50 min müsəlman qaçqınının ağır vəziyyəti bizi Kür və Araz çaylarının köhnə “Gavur Arxı” kanalı vasitəsilə birləşdirərək, Mil düzündə yarım on desyatin torpağın suvarılması barədə məsələ qaldırmağa məcbur etdi… Atamız Əhməd bəy Cavanşir hələ 19 əsrin 60-70-ci illərində bu istiqamətdə bəzi işlər görmüşdü. Lakin fitnə-fəsadlar nəticəsində bu işi yarımçıq qoymağa məcbur olmuşdu… Əziz vətənimizə məhəbbət naminə biz də öz səsimizi bu qədər vacib və təxirə salınmaz məsələnin tezliklə həllinə qoşuruq. Bizdə atamızın bu məsələ ilə bağlı çoxlu məktubları var, onları məmnuniyyətlə plan və layihələrlə birlikdə hökumətin sərəncamına verməyə hazırıq”.

“Anamın kitabı” cümhuriyyətçilərə qarşı idi?

Qeyd etdik ki, Mirzə Cəlilin Cümhuriyyət dönəmində yazdığı ən mühüm əsər “Anamın kitabı” idi. Sonralar Rəsulzadə “Anamın kitabı” haqqında yazacaqdı:

“Həmin yazıçının “Anamın kitabı” adlı başqa bir əsəri də çox böyük rəğbət doğurur. Üç oğul müxtəlif məmləkətlərdə oxumuşlar: İran məktəbinin şagirdi molla olub dönmüş, özü ilə əski sxolastik zehniyyətini gətirib. Türkiyə tərbiyəsi alan o birisi Azərbaycan şivəsini İstanbul ağzı ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş üçüncü oğul isə tamam başqa şeylərdən zövq alır. Ailədə ixtilaf başlayır. Bu qarışıqlıqdan bezmiş ixtiyar baba oğullarına öyüd verərək ananın kitabından uzaqlaşmamağı tövsiyə edir. Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi”.

Sovet hökumətinə sərf etməyən məsələ bu idisə, bu pyesin digər bir hissəsi cümhuriyyətçilərə toxunurdu.

Belə ki, üç qardaşın evinə təftişə gələn senzor onlara deyir:

“Xub, sizdәn gәrәk pünhan olmaya ki, sizin bir para bәdxahlarınız hökumәt nәzәrindә sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә ədәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını – ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә - bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәndә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәmelәyib, qәlәm ilә çalışmaqdasınız”.

Əslində isə tamam başqa cürdür:

Üç qardaşdan biri Rüstəm bəy özlərini bu cür ifşa edir:

“Hәlә indiyә kimi xalq bir şeyi başa düşmürdü. İndiyә kimi xalq deyirdi: mәrhәba-Әbdülәzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm tәhsil edib, biri İstanbulda, biri Nәcәfül-әşrәfdә. Üçü dә, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylәnәcәk ki, haman üç alimlәrin biri (Mirzә Mәhәmmәdәliyә işarә edir) xüsüf-küsuf duası yazır; biri (Sәmәd Vahidә baxır) mәfailünfәilatün; biri dә … (özünә baxır), vallah, mәn özüm dә heç başa düşmürәm ki, mәnnәçiyәm. Qah-qah-qah! (Qah-qah çәkir).”

Bəllidir ki, XIX əsrin sonlarından etibarən azərbaycanlılar təhsil üçün İranla yanaşı, artıq Osmanlı, Avropa və çar Rusiyası ərazilərinə də gedirdilər. Bu cür təhsil alanlar içərisində Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusif Vəzir və digərlərini qeyd etmək olar. Bu insanlar həm də təhsil aldıqları ölkənin ləhcəsinə uyğun olaraq yazı yazırdılar.

“Anamın kitabı”nda da üç oğul məhz xaricdə təhsil alanlardır. Bunlardan Rüstәm bәy Rusiyada, Mirzə Məhəmmədəli İranda, Səməd Vahid İstanbulda təhsil almışdı. Xaricdə təhsil alıb gələnlər bu və ya digər şəkildə cümhuriyyətdə təmsil olunurlar. Fikrimizcə, Mirzə Cəlil “Anamın kitabı”nda senzorun dilindən deyilən sözlərlə bir növ öz qəhrəmanlarını cümhuriyyətçilərin prototipi olaraq götürüb, onlara ironik münasibət bəsləyib. Nə də olsa, yeni hökumətə hüsn-rəğbəti yox idi. Üstəlik, senzorun dilindən səslənən Ədəmi-mərkəziyyət firqəsini 1917-ci ildə Nəsib bəy Yusifbəyli yaratmışdı.

Cümhuriyyətdən sonra Mirzə Cəlil

Cümhuriyyətin süqutundan sonra, Gəncə qiyamı ərəfəsində Qarabağdan İrana köç edən ailələrin içində Həmidə xanımın da ailəsi vardı…

“Mən taleyə boyun əymiş kimi idim və elə də həyəcanlı deyildim. Ümid edirdim ki, bizi geriyə qaytarmaq üçün arxamızca adam göndərəcəklər. Mirzə Cəlil də ümidli idi, çünki o, mərhum Nəriman Nərimanovla yaxından tanış idi, ümumilikdə isə o, ideyaca bolşeviklərin tərəfdarı idi”.

…Bolşeviklər isə Mirzə Cəlili unutmamışdı. 1921-ci ildə o, Azərbaycan İnqilab Komitəsindən maarif şöbəsinə komissar təyin edilməsi ilə bağlı məktub alır. Ancaq Mirzə Cəlil özünü bu iş üçün layiq bilmirdi, yenidən “Molla Nəsrəddin”i çap etmək istəyirdi. Fikrini də belə izah edirdi:

“Ümid edirəm ki, indi orada tam bir söz azadlığıdır. Əsasən məni cəlb edən, ora çəkib aparan da budur”.

Onlar nəhayət Bakıda vağzalda düşürlər. Amma maarif komissarı vədini alan Mirzə Cəlili heç kim qarşılamır, onlar məcbur damadlarının evinə yerləşirlər… Lakin hökumət onlara nəzər yetirmirdi. Nəhayət, o, Nəriman Nərimanova ağız açmalı olur və sonuncu indi Mirzə Cəlilin ev muzeyi olan evi onlara verir… Qarşıda isə heç də yaxşı günlər gözlənilmirdi…

Təbii ki, Cümhuriyyət yaşasaydı, hökumət ölkə boyu bütün ərazilərə nəzarət etsəydi, digər dövlətlərin gücü səngisəydi, Mirzə Cəlil ölkəyə qayıdacaqdı. Ən azından sovetlərdən fərqli olaraq “Molla Nəsrəddin”i daha azad çıxaracaqdı. Amma onun Cümhuriyyətə hüsn-rəğbəti yox idi… Niyə?

Ehtimallar:

Burada hər hansı bir ideoloji mübarizə yox idi, çünki Mirzə Cəlil cümhuriyyətçilərlə ideoloji mübarizə aparacaq tərəf ola bilməzdi, ən azından qurulan Cümhuriyyət onun 1917-ci ildə yazdığı “Cümhuriyyət” məqaləsində yazdıqlarına uyğun idi.

Mirzə Cəlil cümhuriyyəti quranlara alternativ durumda deyildi, çünki onun siyasi fəaliyyəti yox idi.

Mirzə Cəlilin cümhuriyyətçilərlə şəxsi zəmində də hər hansı bir problemi olmamalı idi, ümumi kontekstdə dünyagörüşü fərqi ola bilərdi.

Ona görə də Həmidə xanım Cavanşirin üzərində dayanmalıyıq. Mirzə Cəlil də məhz Həmidə xanıma görə məsafəli davranmışdı. Amma digər tərəfdən o, özünü potensial olaraq Cümhuriyyətdə görə bilmirdi. Çünki onun işi dərgi çap etmək idi, siyasi fəaliyyətlə birbaşa məşğul olmamışdı. Necə ki, sonralar komissar təklifi gələndə də o, özünü layiq bilmir…

Deməli, əsas məsələ Həmidə xanımın cümhuriyyətə münasibəti idi.

Qeyd etdik ki, Həmidə xanıma deputatlıq təklifi gəlir, o isə qəbul etmir.

Niyə?

Halbuki, Həmidə xanım Şuşada gördüyü işlərlə müqayisədə parlamentdə təmsil olunaraq daha çox iş görə bilərdi. O isə yeni-hökumətə hüsn-rəğbət bəsləmədiyini deyir. Halbuki, yeni hökumət Şuşa üçün lazımı işləri görürdü.

Məsələn, Şuşaya ezam olunmuş Məhəmmədsadıq Axundov ehtiyacı olanlar üçün paltar və ərzaq gətirmişdi. Bunların paylanılması üçün Həmidə xanımdan yardım istənmişdi. Və ya general-qubernator Xosrov paşa bəy Sultanov ingilis generalı Şatelvorta (Zəngəzur-Qarabağ hadisələri ilə əraziyə gəlmişdi) nahar verərkən Həmidə xanımı da dəvət etmişdi. Amma buna baxmayaraq onların Cümhuriyyətə hüsn-rəğbəti yox idi… Niyə?

Məncə, bu, maraqlı bir polemikadır.

dilqemehmed.wordpress.com

news-inner-user
Kulis.az

11527 məqalə

Paylaş

Oxşar xəbərlər