news-inner
clock13:42 calendar-gray 18 Mart 2019 view-gray1315 dəfə oxunub
view-gray1315 dəfə oxunub

“Baldırıaçıqlar”ın gücü

Gözəllik və Azadlıq!

Bunlar bir-birinə təbii, siyasi, fəlsəfi mənada bağlı olan, daha doğrusu, bir-birindən asılı olan anlayışlardır. Gözəllik olmasa, azadlığın dəyəri, zövqü olmaz, azadlıq olmasa, gözəllik yarana, yaransa da yaşaya bilməz.

Son illər Azərbaycan qadınının “yalnız qadına lazım olan azadlıqlar” arzulamasına, bəzən bunu tələb etməsinə də bu yöndən baxmaq lazım: Qadın – şair Səlim Babullaoğlunun misrası ilə desək, “gözəlliyin ən adisi” özü üçün azadlıq istəyir! Azərbaycanda gözəlliyin (gözəllərin) azadlığa ehtiyacı var.

Ancaq bir “əmma” var; cəmiyyətimiz son illər söz azadlığı, demokratiya, insan haqları kimi zəmanəmizin fundamental ictimai dəyərlərinə can atsa da, bu dəyərlərin tarixi, fəlsəfi, sosioloji müzakirəsindən, sanki, qaçmağa çalışır. Daha kəsə yollar axtarır, milçəkdən filə qədərki yolu qaranlıq tunellər vasitəsilə qısaltmağa can atır.

Və nəticədə söz azadlığı söyüş qoçuluğu, demokratiya ərgənlik xobbisi, qadın azadlığı talaq feminizmi şəklində peyda olur.

Nə qədər ki son küçə yürüşünün təri soyumayıb bir az feminizmdən danışaq. Onu da əlavə edək ki, qadın azadlığı məsələsində biz Qərb-Şərq bölgüsü aparmaq niyyətində deyilik. Ona görə ki, qadın hüquqlarının ən az olduğu Şərq ölkəsi Səudiyyə Ərəbistanında qadınlara velosiped sürməyə yeni-yeni icazə verildiyi kimi, Qərbin ən qabaqcıl ölkəsi İngiltərədə, daha dəqiqi İrlandiyada, yaxud Maltada kişilərin öz arvadlarını, ya da bir yerdə yaşadığı qadını döyməsi qanunlarla təsbit olunur.

Qonşumuz Putin Rusiyasında da bir neçə il öncə kişilərə öz arvadlarını sümüklərini qırmamaq şərtilə əzişdirmək hüququ verildi.

Dərin düşünsək, əslində, bütün inqilabların rüşeymi qadınlar olublar, daha doğrusu, bütün inqilablar qadınların mətbəxdəki tavalarından alovlanıb: on min il öncə ovçu kişiləri daimi qida naminə əkinçilik və heyvandarlığa səsləyərək oturaq həyata keçməyə vadar edən də qadınlar idi, 1789-1794-cü illərdə evdəki boş tavaları kişilərə göstərib onları Böyük Fransa inqilabına məcbur edənlər də. Ancaq oturaq həyatla qəbilədən ailəyə keçid qadınların özlərini tələyə saldı.

Engels Marksla birlikdə 1884-cü ildə yazdığı “Ailənin, Şəxsi Mülkiyyətin və Dövlətin mənşəyi” kitabında qeyd edirdi ki, ailədə kişinin qadına şəxsi mülkiyyəti kimi baxmasının əsas səbəblərindən biri uşaq idi. Kişi özünü qadının qarnındakı uşağın, yəni nəslin gələcəyinin də sahibi hesab edirdi. Qəbilədə qadınlar və uşaqlar ümumi olduğu üçün kişilərdə şəxsi öhdəlik deyə bir hiss yox idi.

Qadınların mübarizə tarixinin də Böyük Fransa inqilabıyla başladığını deyir tarixçilər. 1792-1793-cü illərdə Böyük inqilabın “Baldırı açıqlar” deyilən üsyankar fransız qadınları qiymətlərin bahalılığına etiraz edərək Parisdə dükanlara, mağazalara cumdular və məhsullara özləri qiymətlər qoyub yağmaladılar.

Onlar bu mübarizə yoluna ilk dəfə ümumi mənafe uğrunda kişilərlə birlikdə çıxmışdılar, ancaq hər dəfə yeni qurulan hökumətlərdən müstəsna pay istəyirdilər. Onlar qadın haqlarının qadın hüquqları ilə əvəz olunmasına çalışırdılar. Hətta 1792-ci ildə ilk feminist qadın rəhbərlərdən biri olan Polin Leon qadınların da kişilər kimi silah gəzdirməsi tələbini irəli sürürdü. Ancaq 1804-cü ildə “Biz qadınların deyil, qadınlar bizim malımızdır” deyən Napoleon onların bu istəklərini qanunla gözlərində qoydu.

Boyunun balacalığına baxmayaraq, hər dəfə öz yekəxanalığının qurbanı olan Napoleonun bu maskulin davranışı onunla nəticələndi ki, Sen Simon kimi filosoflar qadınların mübarizəsini dəstəklədilər və qadınlar 1832-ci ildə tarixdə ilk dəfə “Azad qadın” adlı ilk qəzetlərinin nəşrinə başladılar.

“Baldırı açıq” fransız qadınlarının bu gücünü Marks və Engels cütlüyü çox yaxşı dəyərləndirdilər, bu gücdən kommunizmin sinfi mübarizəsində yararlanmaq üçün burjua sinfinin dayaqlarından biri olan ailəni “iqtisadi və şəxsi mənfəətə əsaslanan ictimai fahişəlik” adlandırıb, ilk həmlədə ailəyə hücum etdilər, qadınlara azadlığın yerini ailədən kənarda göstərdilər.

Feminizm kommunizmdə özünə arxa, kommunizm feminizmdə özünə heç də zərif olmayan güc tapdı.

“Paris Kommunası” ilə daha da şiddətlənən, Yelizavet Dmitriyev, Adelgeyd Popp, Klara Zetkin kimi feminist-kommunist qadınlarla güclənən, ingilis sufrajisti Emili Devisonun özünü bir at yarışmasında qadın haqqları uğrunda İngiltərə kralının atının ayaqlarına atıb öldürməsi ilə radikallaşan bu mübarizə onunla nəticələndi ki, 1918-ci ildə İngiltərədə yaşı otuzdan yuxarı olan qadınlar səs vermək hüququ qazandılar. Top daha sonra Avropadan sovet Rusiyasına ötürüldü.

1960-70-ci illərdə alovlanan feminizmin ikinci dalğası artıq qoca marksizmdən ayrılıb daha gənc ideoloji hərəkatlarla vətəndaş nikahında yaşayırdı. İndi onu hər bir ictimai hərəkat öz xeyrinə “kullana” bilirdi.

ABŞ-da prezident Riçard Niksona təzyiq etmək üçün müxalif qüvvələr Vyetnam müharibəsinə etiraz edirdilər, feministlər ön cərgədə idi. Fransada, Türkiyədə hakimiyyətə can atan solçu güclərə küçə nümayişləri lazım idi; feministlər hamıdan əvvəl orda idi. Onlar artıq “qadın azadlığı” söhbətini unutmuş mütəşəkkil qruplaşmalar halına gəlmişdilər.

İkinci dalğanın əsl feministləri isə diqqəti daha çox cinsi ayrıseçkiliyə yönəldərək cinsi təcavüzə, kişilərin “ailə başçısı” adlandırılmasına qarşı çıxır, aborta icazə verilməsini tələb edirdilər.

Qadınların mübarizəsi ilə bağlı bu qısa xronologiyanı xatırladıqdan sonra qayıdaq öz ölkəmizə.

Bəs bizim qadınlar nə istəyirlər? Haqqmı, hüquqmu?

Çünki bunlar bir-birindən ayrı anlayışlardır. Haqq təbii azadlıqlar, hüquq sosial imtiyazlardır, hətta bəzən onlar bir-birinin ziddinə çevrilir; bəzi ölkələr haqları məhdudlaşdırmaq üçün hüquqdan istifadə edirlər. Məsələn, Türkiyədə kişilərə qatarda öz arvadları ilə eyni kupedə yol getmək haqqı qanunla qadağan olunub.

Qonşu İranda qadın haqları qanunla məhdudlaşdırılsa da, qadın hüquqları çoxdur, boşanma zamanı bütün hüquqi üstünlüklər qadınların tərəfində olduğu üçün qonşu ölkənin kişiləri nadir hallarda boşanmaq üçün məhkəmələrə müraciət edirlər.

Fransada isə əksinə, qadın haqlarının toxunulmazlığı onların hüquqlarının kişilərlə bərabərləşdirilməsinə gətirib çıxarıb, qanunlar qadınlara ayrıcalıq tanımır, bu da fransız kişilərinə qadınları rahat şəkildə başlarından eləmək imkanı verir.

Yaxud qonşu Türkiyədə qadın hüquqları qadın haqlarından daha güclü qorunur. İstanbulda bir qadına “çox gözəlsən” desən, bəlkə də, sözlə təcavüzdən həbsə atıla bilərsən, ancaq evdə arvadını balta ilə hədələsən, çox güman bir-iki cümlə izahat yazmaqla işi bağlayacaqsan.

Azərbaycana gəlincə, qadınlar haqq yox, hüquq davası edirlər, çünki bütün təməl haqları var, yəni əslində, bizim qadınlar azadlıq yox, sosial imtiyazlar istəyirlər. Sosial imtiyazlar isə hamiləlik və doğuş imtiyazları xaric, dünyanın heç bir ölkəsində cinsə görə müəyyən olunmur.

Sosial imtiyazlar verilən yox, daha çox qazanılan üstünlükdür. Bu üstünlüyü əldə etmək üçün qadınlarımız “qadın azadlığı”ndan öncə, məsələn, qız uşaqlarının təhsildən yayındırılmaması uğrunda mübarizə aparmalıdırlar. Çağımızın sosial imtiyazlarını təhsil səviyyəsi müəyyən edir və bu gün Azərbaycanda hər hansı bir təhsilli qadın, özü şərait yaratmadığı halda, hüquqlarının pozulduğunu iddia edirsə, bunun çox şəxsi səbəbləri var.

Necə ki kimlərsə allahı şəxsi əziz-giramisi zənn edəndə bütün dünya gözünə düşmən kimi görünür.

Necə ki kimlərsə ölkədə pafosizm dövrünü yaşayan demokratik prosesi şəxsi hobbisi hesab etdiyi üçün onu məhz özünün üstünlüyü kimi qələmə verir. Demokratiyanın yalnız ona danışmaq, söymək, fikir bildirmək haqqı verdiyini düşünür.

Necə ki kimlərsə söz azadlığını ağız boşluğunun genişliyi kimi anladığı üçün çənəsini zehni deyil, mexaniki alət kimi açıb-yumur.

Gözəllik və Azadlıq anlayışlarından danışırdıq, bu iki mənəvi dəyər o zaman bir-birilərinə layiq olurlar ki, biri o biri ilə öz köləsi kimi rəftar etmir. /oxu.az/

Oxşar xəbərlər

Xəbər lenti

Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021
Əsgər payına göz dikənlər
13:17 21 Yanvar 2021
Moskvada teatr və kinoteatrlar açılır
12:43 21 Yanvar 2021
O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı – Kinomuzun “Göygöz kosa”sı
12:07 21 Yanvar 2021
Qar yağır - Günün şeiri
11:34 21 Yanvar 2021
21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
11:03 21 Yanvar 2021
Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
10:34 21 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ-dakı sərgisi beynəlxalq mətbuatda
10:14 21 Yanvar 2021
Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021