Adamdan uşaq soruşmaq tərbiyəsizlikdir

Adamdan uşaq soruşmaq tərbiyəsizlikdir
13 mart 2019
# 14:51

Sevda Sultanova

“Monako şahzadəsi” filmi, dövrünün gözəl və məşhur qadınlarından, Alfred Hiçkokun sevimli aktrisalarından biri Qreys Kellinin taleyi haqdadır. Hərçənd, film istər mövzunun traktovkası, istərsə də kinematoqrafik cəhətləri baxımdan ortabab keyfiyyətdədir. Yəni şahzadənin həyatının sadəcə səthi, formal təsviridir.

Yəqin bu səbəbdən filmdən yalnız bir epizod xatirimdədir. Hiçkok saraya gələrək Kelli ilə görüşür və ona növbəti filmində rol təklif eləyir. Şahzadə rolunu məşq edir və təklif olunan situasiyada personajının davranış tərzini tapmağa çalışır. O, məşq prosesində “Əgər mənə toxunsan, buna dözə bilmərəm... ölərəm” ifadəsini birinci emosional şəkildə çatdırır.

İkinci dəfə bu ifadəni isterik hərəkət və intonasiyada deyir.

Üçüncü yozumda isə - o, astadan, yalvararaq, üzündə köməksiz ifadə və bədən diliylə söyləyir.

Seçdiyi intonasiya və bədən dili onu düşdüyü vəziyyətdən çıxmasına kömək edə bilər...

Təsadüfən yuxarıda təsvir elədiyim epizodu sitat gətirmədim. Çünki bizim toplumda məmur- vətəndaş, tələbə-müəllim, valideyn-uşaq, qadın-kişi, ər-arvad arasında bir ünsiyyət böhranı yaşanır. Böhranın səbəblərindən biri, həm də tərəflərin hər hansı vəziyyətdə uyğunsuz intonasiyanın seçməsindədir.

Bir neçə ay əvvəl bir gənc qızın Mübariz İbrahimovla bağlı statusu, onun sosial şəbəkələrdə kütləvi linçlənməsi ilə nəticələndi. Çox ola bilsin ki, xanımın yazdıqlarında hansısa həqiqət məqamları vardı. Ancaq status, sanki qəsdən toplumun bir qismini aqressiv reaksiyaya təhrik edəcək, təhqiramiz intonasiyada, tonda yazılmışdı.

Hər şeyi müzakirə etmək olar və müzakirə olunmalıdır ki, cəmiyyət doqmalarda ilişib qalmasın. Amma özəlliklə, indiki durumda insanların birbaşa həssas yerlərinə toxunan, damarına basan fikirlərlərin ifadə tərzi həssasiyyət tələb edir.

... Ünsiyyət böhranı hər yerdədir. Və total ünsiyyət böhranını doğuran yalnız intonasiya problemi deyil əlbəttə ki. Problemin daha dərin, ictimai, sosial, məişət, siyasi və s. səbəbləri var...

Məni indiki durumda ən çox düşündürən, fərdin məhz özüylə, öz iç dünyası ilə dialoqunun, ünsiyyətinin qırıqlığı, böhranıdır. Son dönəm daha çox o fikirdəyəm ki, bizdən asılı olmayan səbəblərə baxmayaraq, nə olursa-olsun, iç harmoniyanın qırılmamasına çalışmaq, onun dayanıqılğını təmin edən alternativləri tapmaq lazımdır və bu, mümkündür. Təcrübə və müşahidələrimə əsaslanıb deyirəm ki, ən çətin situasiyada fəaliyyətdə olan, özüylə dil tapan, harmoniya bağını quran, problemə baxış bucağını dəyişən adam bir şəkildə duruma dayana, dirəniş göstərə bilir...

Keçən həftə mediada, sosial şəbəkələrdə sarsıcıdı bir intihar xəbəri yaymlandı. Yayılan xəbərdə özəlliklə diqqəti çəkən- 15 il evli olan ər və arvadın intiharı oldu. Eyni gündə... Hacıqabulda yaşayan ər-arvadın intiharının motivləri arasında sadalanan səbəblər arasında sosial faktor və onların uşaq sahibi ola bilməmələri sadalanıb. Yaxın qohumlardan birinin dediyinə görə, bir neçə dəfə müalicə alsalar da, maddi imkansızlıq üzündən müalicəni davam etdirə bilməyiblər.

Bu, ilkin informasiyadır və onun gerçəkliyi nə qədər əks etdirdiyini bilmirəm. Amma bu bir gerçəkdir ki, ailədə uşağın olmaması bir azərbaycanlı üçün sözün əsl mənasında faciədir. Çünki bizim mentallığımızda, yaşam modelimizdə ailə, uşaq həyatın ali məqsədidir. “Xoşbəxtlik arzulayıram və ya xoşbəxt ol” fikirləri ancaq ailə xoşbəxtliyi mənasında deyilir. Düşüncəmizdə xoşbəxtliyin meyarı təkdir - ailə (uşaqlı təbii ki). Bunlar yoxdursa, sən azərbaycanlının gözündə ən bədbəxt adamsan. “Uşaqsız ev susuz dəyirmana bənzər”, “Uşaq evin yaraşığıdır” kimi məsəllər mədəniyyətimizdə havadan möhkəmlənməyib.

Ali hədəfə yetişə bilməyəndə - ailədə ümumi münasibətdə, sonrasa fərdin öz içində ünsiyyət böhranı başlayır. Böyük şəhərlərdə, xüsusən paytaxtda azdan-çoxdan tipik ailə modelinə alternativlər tapa bilirik, yaşamımızı necəsə mənalandırırıq. Ancaq rayonlardakı mövcud vəziyyət bunu çox hallarda istisna edir. Belə alternativsizlikdə onlardan ötrü ailə və uşaq həyatın yeganə məqsədinə çevrilir.

Ayrıca, məclislərdə publik formada qadınlara “ərə niyə getməmisən, getmisənsə uşağın varmı, yoxdursa niyə yoxdur” kimi qeyri-etik sualları ünvanlamaq normallıq sayılır. Və bununla da qarşıdakı adama psxioloji basqı etdiyimizin, onun özəlinə soxulmağımızın fərqinə varmırıq. Ki, bu, sual yox, ictimai təzyiqdir, yumşaq desəm, tərbiyəsizlikdir. “Normallığın” zamanla anormallıq olduğunu təlqin etmək üçün, hətta bəlkə məktəblərdə bu mövzularda etik qaydaların uşaqlara öyrədilməsinə ehtiyac var.

Ola bilsin ki, intihar edən cütlük də zaman-zaman “uşağın həyatın yeganə ali məqsəd” olması fikrindən əziyyət çəkib və ola bilsin publik ictimai təzyiqlə - suallarla üzləşib.

Belə bir mikromühitdə identifikasiya sorunu yaşayan adam başqa istinadı olmayanda, boşluğa düşür, özünü itirilmiş sayır, son nəticədə özüylə ünsiyyəti qırılır.

Duruma təslim olmaq, ətalətə girib nəyisə gözləmək yox, daim fəaliyyətdə olmalı, baxış bucağını dəyişməlisən ki, böhrandan xilas olasan.

Bu mənada tez-tez Kobo Abenin “Qumluqdakı qadın” romanını xatırlayıram. Romanın ideyası mənim üçün mühüm istinad nöqtələrindən biridir.

Yapon kəndində yerli sakinlər, bir şəhərlini qum quyusuna həbs edirlər ki, qum təpəciklərini təmizləsin. Qəhrəmanın üsyankarlığını könülsüz itaətkarlıq əvəz etsə də o, düşünür, fəaliyyətdən qalmır, mövcud olmaq üçün yeni yollar axtarır və sonda qumun altında suyun olduğunu tapır. Suyu - həyat mənbəyini tapandan sonra o, daxili azadlığını əldə edir və daha kəndi tərk etməyə tələsmir.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #