Gənc prodüser: “Dövlətin kinoya pul ayırmağının əleyhinəyəm” - Müsahibə

<span style="color:red;">Gənc prodüser:  “Dövlətin kinoya pul ayırmağının əleyhinəyəm” - <span style="color:red;">Müsahibə
6 mart 2019
# 16:37

Ölkə başçısının sənət adamları ilə görüşündən sonra mədəniyyət sahəsi ilə bağlı təkliflər gündəmə gəlib. Sənətin müxtəlif sahələrində əsasən yaşlı sənətkarların təklifləri eşidilir. Bəs gənclər nə düşünür?

Kulis.azın “Xoxan”, “Naxox”, “İkinci pərdə”, “Qaragöz” kimi müstəqil kinolayihələrin prodüseri Orxan Mərdan ilə müsahibəsinin məqsədi onun da fikilərini öyrənmək oldu.

- Azərbaycanda bir müddət əvvəl kommersiya filmləri bumu başladı. Sizin bir çox layihələriniz oldu. Amma indi deyəsən vəziyyətdən narazısız...

- İndi sanki bu mərhələ başa çatmaqdadır. Bunun müəyyən səbəbləri var. Hansılar ki, mən dəfələrlə bununla bağlı kinoteatrlara və hətta yerli kino istehsalçılarına da bildirmişəm.

Məsələ odur ki, 2014 cü ildə “Xoxan” filmi ilə başlayan kütləvi tamaşaçı axını bu gün müəyyən mənada azalmağa başlayıb. Bu azalmanın bir neçə səbəbi var. Bir-bir hamısını sadalayaraq məsələyə aydınlıq gətirməyə çalışacağam. Bunun ən vacib səbəblərindən biri hal hazırda fəaliyyət göstərən kinoteatr şəbəkələrinin arasındakı müharibədir. Onlar yerli filmlərin daha çox tamaşaçı topladığını görüb acgözlüklə ilk əvvəl filmləri bölə bilmədi, sonra isə daha çox qazanmaq davasında bir-birilərini bazardan çıxarmaq istəyi ilə hər şeyi alt-üst etdilər.

Artıq 2 ci ildir ki, biz istehsal etdiyimiz filmləri geniş tamaşaçı kütləsinə çatdıra bilmirik, çünki film ya Park Cinemada, ya da Cinema Plusda yayımlana bilir. Təssüf ki, bu məsələyə Mədəniyyət Nazirliyi də qarışa bilmədi və hətta onların nəzarətində olan Nizami kinoteatrı da məsələyə bitərəf mövqe sərgilədi. Nəzərə alsaq ki, yerli filmlər yalnız bayramlarda az-maz satış edə bilir və bütün istehsalçılar dekabr və mart aylarında film yayıma çıxardaraq bir ayda 5 filmlə tamaşaçıları ya o tərəfə ya bu tərəfə gəlməyə məcbur etdikcə tamaşaçılar, loru dildə desək bu oyundan uzaq durmağa başladı.

İkinci vacib səbəblərdən biri də birdən birə əhalinin iqtisadi vəziyyətini nəzərə almadan sürətli qiymət artımı tətbiq etməyə başlamalıdır. Qeyd edim ki, bu gün yerli filmləri izləmək üçün 1 nəfər tamaşaçı 9-10 manat filmə ödəməli, popkorn və su da alsa minimum 15 manat məsrəf etməlidir. 2 nəfər kinoya gedərsə bu rəqəm 30 manat olur, 30 manat isə 2 nəfərin restoranda oturub yeyib, söhbət edib evinə xoş əhvalla gedə biləcəyi məbləğdir. Ola bilər ki, bu müsahibəyə cavab olaraq kinoteatrlar günorta seansını təklif edə bilər nəzərə çatdırım ki, günorta seansı da 7 manatdır.

Beləliklə, kino restorandan baha olmağa başladıqca insanlar restoranı seçməyə başladı, nəzərə alsaq ki, bizim millət yeyimcildir, bu halda biz millətin qarnının eyniləşmiş komediyalarla doydura bilmərik. Həm də qiymət artımı, yerli filmlərin hardasa 40 faizini təşkil edən tələbə kontingentini itirməyə səbəb oldu. Tələbə isə 10 manatlıq bilet almır heç 7 manatlığı da almırdı, Tələbə üçün ən ideal qiymət 3 və 4 manat idi. Belə olanda tələbələr kütləvi şəkildə kinoteatrlara axın edirdi.

Artıq siz nadir hallarda kinoteatrlarda günortalar tələbə görərsiz. Düzdür, şəxsən mənə tələbə biletləri düzəldəcəkləri ilə bağlı söz veriblər amma hələ ki orta da bir şey yoxdur.

Açığı heç mən özüm də bu qiymətlər qalxandan sonra kinoteatrda film izləməyə getməmişəm. Çünki həqiqətən bahadır.

Başqa bir səbəb isə istehsal olunan filmlərin bir-birini təkrarlaması oldu. Artıq eyniləşmiş əhvalatları özündə əks etdirən komediyalar camaata bu baha qiymətlərlə maraqsız gəlməyə başladı. Mən bütün bunları dəyişmək üçün dəfələrlə şəbəkə idarəçiləri ilə görüşümüş, müzakirələr etmişəm amma təssüf ki bir nəticə olmayıb. Son 2 ildə isə janr baxımından fərqli filmlər istehsal edərək tamaşaçıların marağını dəyişmək cəhdlərim də olub təbii ki, “İkinci Pərdə” və “Qaragöz” filmləri bu cəhdlərə nümunədir.

Hər iki janr maddi olaraq riskli amma gələcəyə yönümlü projelər idi.

- Qarşınızda daha hansı maneələr dayanır?

- Əslində normal iqtisadi vəziyyət olsa, kinoteatrlar özlərini yaxşı aparsa, monopolis meylləri olmasa heç bir maneə yoxdur.

Sadəcə olaraq kinoteatrlara olan marağın azalması, yerli şirkətlərin sponsorluq maraqlarını azaldıb, azaltmayanlar isə büdcələrini qısıtlamağa başlayıblar.

Bu gün üçün ən vacib dəfələrlə səslənməsi lazım olan maneə yerli filmlərin bütün şəbəkələrdə yayımlana bilməməsidir. Artıq ondan sonra faiz bölgüsü və.s haqqında danışa bilərik.

Mən hətta dəfələrlə hər iki şəbəkə ilə görüşmüş onların barışıq yollarını təklif də etmişəm.

- Xeyli müddətdir ki, kinoteatr şəbəkələri ilə az qala təkbətək döyüşürsüz...

- Bunun adına döyüşmək demək olarsa elədir. Əslində mən istərdim ki, bu dava talpa davasına çevrilsin. Yəni istehsalçılar birləşək onlara qarşı döyüşək, təssüf ki, bunu eləmək mümkün olmur. Kinoteatr şəbəkəsinin yaxşı könül oxşayan təklifinə və ya hər hansı bir razılaşmaya anında yumruğun istiqamətini dəyişirlər. Və beləliklə mən qalıram tək. Tək mübarizə də bir az sadəlövh adamın arzularının reallaşması yolunda atdığı addımlara bənzəyir. Bəzi adamlar belə deyillər... Amma mən özüm əksini düşünürəm. Düşünürəm ki, bizim zamanında eləmək istədiyimiz şeylərə lağ edən adamlar, kinonun izlənməyəcəyini israrla bildirənlər bu gün kinoda pul olduğunu düşünüb öz mənafeyləri ucbatından bu boyda təməli məhv edə bilməzlər. Döyüş davam edir.

Kino təkcə pulla bitmir, onun istehsal prosesi, yaradıcı tərəfi mütləq şəkildə bilik, təcübə və sistemli iə yanaşma tələb edir. Bütün bunları isə biz istehsalçılar daha yaxşı bilirik.

Sadəcə birləşib bir təşkilat yaratmaqla biz kinoteatrları öz təkliflərimizə razılaşdıra bilərik. Necə ki, bunu bir neçə ay bundan öncə Türkiyədə yerli istehsalçılar etdilər və nəticəsi də göz önündədir. Əgər biz kinoya düzgün yanaşsaq, gələcəyə yönümlü iqtisadi addımlar ata bilsək, bu gün fərqli sahələrdə biznesi olan insanların əksəriyyətini investor kimi kinoya yönləndirə bilərik. Əvəzində bu cür qısa müddətli qazanc prinsipi inkişafdan daha çox məhvə aparır.

- Bu günlər prezidentin mədəniyyət xadimləri ilə görüşündən dolayı mədəniyyət sahəsi ilə bağlı təkliflər gündəmə gəlib. Bəs sizcə, kino sənayemizdə nələri dəyişmək lazımdır?

- Əvvəlcə qocaları.. (gülür) Ümumiyyətlə əvvəlcə kinosənayesini yaratmaq, qurmaq lazımdır ki, sonra ona dəyişiklik edək. Mən düşünürəm ki, biz də belə bir sənaye yoxdur. Çünki sənayə pul gətirən sahədir. Bizim kino isə dövlətin verəcəyi illik pula baxırdı. Pul kəsilən kimi sənaye dayanırsa demək o sənaye deyil.

Özəl sektorda etdiklərimiz də əslində pərakəndə sexlərdi. Yəni sexin sənaye olması üçün hüquqi və iqtisadi təməl yanaşmalar lazımdır.

Sistem qurulmalı, formalaşmalı, icra olunmalıdır. Yəni özəl sektora qədər kino bir mənalı şəkildə dövlətdən asılı idi. Dövlət pulu 2 il dayandırdığı andan passivlik hökm sürməyə başladı.

Bizim kimi özəl produserlərə isə sadəcə iqtisadi zəmin yetərlidir ki, heç bir asılılıq olmadan kinonun daynamamasına nail olaq. Necə ki, bunu etmişik. İndi 2 ildən sonra dövlət kinoya pul ayırıb artıq yenə canlanma başlayıb ki, bəs ayharay iş olacaq. Misalçün mən bu milyona sevinmədim, çünki biz özəl produserlərə bu günə qədər o pullardan pay düşməyüb, bundan sonra da düşməyəcəksə niyə sevinim ki... (gülür)

Əslinə qalsa mən dövlətin kinoya pul ayırmağının əleyhinəyəm. Çünki bu gün o ayrılan pula dünya kinoteatrlarında yayımlana biləcək ölkə siyasətini, dövlətçiliyimizi təbliğ edəcək film istehsal etmək mümkünsüzdür. Çünki dünya bazarları daha qlobal layihələr daha büdcəli layihələr tələb edir. Demək ki , biz o pulla istehsal olunan filmləri dünya kinoteatrlarındasatışa çıxarıb mayasını qaytara bilməyəcəyik. Mayası qayıtmayacaqsa deməli o pul hayıf olacaq.

Belə olduğu təqdirdə o pulun daha xırda layihələrə bölünməsi daha çox adamın işləməsinə, daha çox festival xarakterli filmlərin ərsəyə gəlməsinə səbəb ola bilər. Əminliklə deyə bilərəm ki, bu gün dünya festivallarında qısa büdcə ilə istehsal edib daha böyük nəticələr əldə edə biləcək gənc rejissorlar da, ssenaristlər də, produsserlər də var. Sadəcə bir dəfə də onlara bölmək azımdı o pulu.

Sözümün xülasəsi odur ki, kinonu sənaye halına gətirib onu inkişaf etdirmək üçün Müşfiq Hətəmovun da hər müsahibəsində israrla dediyi kino qanunu lazımdır. Düşünürəm ki, yeni konsepsiyanın hazırlanması kinosənayesinin yaranmasına təkan verəcək. Amma o şərtlə ki, o qanunun və konsepsiyanın hazırlanmasında biz yeni nəsil produserlər də iştirak edək. Mütləq iştirak edək.

- Öz resursları hesabına film çəkən prodüser kimi səncə dövlət dəstəyi hansı formalarda verilməlidir?

- Mən düşünürəm ki, kinonun inkişafı dövlətdən gələn puldan daha çox özəl sektorun müntəzəm film çəkə bilməsindən asılı olacaq. Çünki özəl sektor inkişaf etdikcə filməlri xarici bazarlara da çıxara biləcək. Dövlətin dəstəyi isə bu haqda bir neçə dəfə demişəm indi də fürsət düşüb deyim:

1.Dövlət, kino sahəsinə sponsorluq etmiş şirkətləri, ödədikləri məbləğ dəyərində vergidən azad etsin. Beləliklə öz reklamını etmək istəyən şirkətlərin sayı çoxalacaq. Onların sayı çoxaldıqca film çəkmək daha da asanlaşacaq. Onlara güzəşt etdiyi vergini isə biz kinoteatr satışından dövlətə verək. Yəni o məbləğ əslində gecikməli də olsa yenidən vergiyə qayıtmış olur. Təbii ki bu təklifin mən tərəfdən iqtisadi analizi də var, havaya səslənmiş təklif deyil.

2. Kino haqqında qanun qəbul olunsun. Qanunda mütləq şəkildə kinoteatrdakı biletlərin qiyməti, regionlar da daxil olmaqla dövlət tərəfindən təzimlənsin və ya ən azından nəzarət olunsun.

3. Dövlət yerli istehsal olunan filmlərin dünya arenasına çıxa bilməsi üçün xarici ölkələrdə olan diaspora və cəmiyyətlərə ən azından mənəvi də olsa dəstəklə bağlı göstərişlər versin.

Çünki şəxsən mən bir neçə dəfə istehsal etdiyim filmlərin xarici yayımı ilə bağlı atdığım cəhdlərdə diasporalardan heç bir dəstək görməmişəm.

4. Bir də konsepsiya hazırlanan zaman Türkiyə və İran modellərindən müəyyən nümunələr götürülsün və tətbiq olunsun. Ən əsası dövlət qətiyyən pulu filmə bağışlamasın.

Mütləq şəkildə əvəzində bir iqtisadi və ya mənəvi dəyəri olan nəticə istənilsin.

5. Hər il ayırılmış puldan özəl sektor üçün dəstək büdcəsi ayırlsın. O büdcə özəl sektor tərəfindən yaradılmış Fonda verilsin və o fond özü özünü inkişaf etdirsin və böyüsün.

Fimlərin istehsalı üçün fond tərəfdən ayrılmış maliyyə dəstəyi filmin satışından sonra geri fonda qaytarılsın. Yəni ki, fond o pulu bağışlamayacaq.

Yekunda istəyirəm qeyd edim ki, kino həm də biznes sahəsidir. Onu düzgün sistemləşdirə bilsək həm böyük kino məktəbləri yaradar, həm özümüzü dünyaya tanıda bilər, həm də təbii ki, çoxlu iş yerləri açmış olarıq. Rahatlıqla deyə bilərəm ki, bu gün özəl sektorun hesabına çox sayda kino işçisi işlə təmin olunur. Nümunə olaraq deyim ki, istehsal etdiyim 4 filmdə 200 dən çox kino işçisi işlə təmin olunub. Ona görə də bütün çətinliklərə baxmayaraq düşünürəm ki, kinomuz böyüyəcək şaxələnəcək və inkişaf edəcəkdir. Biz yenidən tamaşaçıları kütləvi şəkildə kinoteatrlara qaytara biləcik. Çünki əminəm 120 illik kino tarixinə malik millət öz kinosunu sevir ona inanır və onun böyük arenalar fəth edəcəyinə əmindir. Sadəcə onlara keyfiyyətli və maraqlı filmlər təklif etmək lazımdır. İnanıram ki, Konsepsiya hazırlanıb qanun qüvvəyə mindikdən sonra çox yüksək kino zəmini yaranacaq, və növbəti illərdə ölkə başçısına kino ilə bağlı həm iqtisadi həm də yaradıcı uğur hesabatları veriləcək.

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #