news-inner
clock12:52 calendar-gray 05 Mart 2019 view-gray719 dəfə oxunub
view-gray719 dəfə oxunub

Yazıçı Varis: "Atama dedim, sən vətən xainisən” - Söhbət

Kulis.az yazıçı Varis Yolçuyevlə müsahibəni təqdim edir.

- Varis bəy, futbola marağınız, sevginiz necə yaranıb?

- Atam qatı futbol azarkeşi idi, sevdiyi klub Kiyev "Dinamo”suydu, Sovet dönəmiydi, rus klublarının hegemonluğuna mane olan yeganə klub həmin bu Ukrayna təmsilçisi idi. Bir dəfə də SSRİ ilə Türkiyə oynayırdı. Səhv etmirəmsə, 7 yaşım vardı. Mən təbii ki, SSRİ-yə azarkeşlik edirdim. Türklər qol vurdu. Atam sevinclə qışqırdı. Gözü yaşarmış halda öz ölkəsinə azarkeşlik etməyən atama "vətən xaini" dedim. O da gülə-gülə ilk dəfə mənə SSRİ-nin imperialist mahiyyətini Türkiyə sevgisinin kökünü izah etdi.

- O illər yaddaşınızda necə qalıb?

- Yadımdadır, o vaxtlar Dünya və Avropa çempionatları keçiriləndə atam buna xüsusi hazırlaşardı, futbol matçları olanda onun tələbələri üçün bayram olurdu, onları evə buraxırdı. Uşaqlığımın futbolla bağlı ən gözəl xatirəsi isə əfsanəvi futbolçu Anatoliy Banişevski ilə bağlı idi. Banişevski "Neftçi”də karyerasını bitirdikdən, kökəlib xeyli ağırlaşdıqdan sonra doğulduğum Sumqayıt şəhərinin "Polad” klubunda oynamağa başlamışdı. Bu fenomenal futbolçunun oyununa baxmaq üçün atam məni də stadiona aparırdı. Mehdi Hüseynzadə adına stadiona 40-50 min izləyici gəlirdi. Stadionda yer olmadığından ətraf binaların eyvanları, damları, ağacların başları azarkeşlərlə dolardı. Futbol onda adi oyun deyildi, el bayramı idi. Banişevski tez-tez het-trik edərdi. Necə ki, indi azərbaycanlı uşaqlar əcnəbi Messi və Ronaldo fanatıdırlar, o vaxt hamımız yerli Banişevski fanatı idik.

- Futbola sevginiz atanızla bağlıdı, yəqin...

- Futbol sevgisini məndə atam yaratdı, həm də o dövrlər məhəllə futbolunun pik dövrüydü, bütün uşaqlar saatlarca top qovurdu. Qonşumuzda Akif adlı futbol məşqçisi yaşayırdı, məni futbol bölməsinə yazdırmışdı, pleymeyker nömrəsi ilə oynayırdım - 7 nömrə ilə. Ancaq sırf hücumçu idim. Məktəblilər arasında, yeniyetmələr arasında Sevinc kuboku, Dəri top turnirlərində müntəzəm iştirak edirdim.

- Valideynləriniz futbol oynamağınıza mane olurdu?

- Dərsdən çıxanda elə məktəbli paltarında futbol oynayıb, evə toz-torpağa bulaşmış, şalvarın dizi cırılmış halda gələndə, anam əsəbiləşirdi, amma futbol sevgisini məndən qopara bilmirdi. Futbolda iki dəfə qolum sınıb, çənəm sınıb, qabırğam sınıb, lap bu günlərdə ayağımdan meniks zədəsi almışam. Uşaq vaxtı futbol oynamağıma anam düşmən münasibət bəsləyirdisə, indi də bu missiyanı həyat yoldaşım davam etdirir.

- Heç olubmu, məhəllədə futbol oynadığınız zaman dava düşüb?

- O qədər... Xüsusən, maraqdan oynayanda dava düşərdi. Bir dəfə isə əsl müharibə baş vermişdi. Deməli, 15-16 yaşlılar arasında şəhər birinciliyinin finalıydı, biz - 8-ci mikrorayonun komandası 1-ci məhəllənin komandası ilə final matçı oynayırdıq. Qalib gələn Respublika birinciliyinə gedəcəkdi. O dövrdə 1-ci məhəllə şəhərin mərkəzi idi, imtiyazlılar, imkanlılar yaşayırdı, bizsə ucqar mikrorayonu təmsil edirdik. Biz rəqibdən iki baş güclüydük, amma turnir təşkilatçıları imtiyazlıların qalib gəlməsini istəyirdi. Hakim tam onların tərəfindəydi. Stadion onların ərazisiydi deyə azarkeşlər də onlarınkı idi. 1-ci hissə başlayan kimi ardıcıl 2 top vurduq. Birini mən, birini kapitanımız İskəndər. Biz topla irəlilədikcə açıq-aşkar ayağımıza vururdular, yıxırdılar. Hakimsə susurdu. Hətta azarkeşlər "vengerka” deyilən, dəmir məftildən güllələr atan sapandla ayaqlarımızı deşik-deşik eləyirdilər. Bizsə qəhrəmancasına mübarizə aparırdıq. Hesabı saxlayırdıq..

- Çox güman oyunun sonunda dava düşdü...

- Sona 15 dəqiqə qalmış rəqib dava saldı, meydançadakı 22 nəfərə ehtiyat oyunçular da qoşuldu, bir müddət qırğın davam etdi. Nəhayət, bizi araladılar. Baxmayaraq ki, davanı onlar salmışdı. hakim bizdən düz 4 oyunçu qovdu. 7 nəfər 11 nəfərin qarşısında necə duruş gətirəydi, 2:3 uduzduq. Biz oyundan sonra bütün komandayla bəlkə də bir saat meydançadan getmədik, hönkürtüylə ağladıq. Həyatımda ilk dəfə onda insanın necə sındırılmasının şahidi oldum.

- Hazırkı futbolla sizin gəncliyinizdəki futbolu necə müqayisə edərdiniz?

- O vaxt futbol hardasa bir incəsənət növüydü, daha çox fərdi ustalığa hesablanırdı, gözəlliklər ortaya qoyurdu. İndi futbol, bir növ, şablonlaşıb, həm də daha sürətli olub. Bugünün futbolunun ən mənfi cəhəti isə bukmeykerlərin əlində oyuncağa çevrilməsidir. Danışılmış oyunlar futbolu gözdən salmaqdadır.

- Futbol və ədəbiyyat… Yazıçı kimi tanınırsınız. Futbolçu olmadığınız üçün peşman deyilsiniz ki?

- Yox, əlbəttə. Sadaladıqlarınızın arasında sonda ən güclü olduğum sahə qalib gəldi ki, yazıçı oldum. Azərbaycan lap böyük futbolçu yetişdirə bilmir, futbolda olsaydım, ən yaxşı halda yerli səviyyədə tanınardım. Amma dünyaca məşhur böyük Nizaminin təmsilçisi olduğu ədəbiyyat sahəsində dünya səviyyəsində böyük hədəflərim var.

- Kamyünün futbol haqqında məşhur bir fikri var: "Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim”. Siz futboldan nələr öyrəndiniz?

- Sonadək mübarizə aparmağı, rəqibin ən zəif yerlərini öyrənib ən güclü, həlledici zərbələri məhz həmin yerlərə yönəltməyi.

- Biraz da Azərbaycan futbolundan danışaq. Sizcə, Azərbaycan futbolunda inkişaf üçün nələr çatmır?

- Legioner hesabına qalxmaq istəyən futbol heç zaman qalxa bilməz. Əlifba A hərfindən başladığı kimi, futbol da uşaq futbolundan başlamalıdır.

- Çempionatımızın oyunlarını izləyirsiniz? Hansı kluba azarkeşlik edirsiniz?

- Beynəlxalq miqyasa çıxanda təbii ki "Qarabağ”a azarkeşlik edirəm. Ölkə daxilində isə sevimli klubum "Sumqayıt”dır. Amma hazırda bu klubdan küsmüşəm. Məşhur Nazim Süleymanov bu il doğma komandama baş məşqçi təyin olunanda başımda Avrokubok yelləri əsirdi. Nazim qısa müddətdə elə bir klub yaratmışdı ki, liderlərin kürkünə birə salmışdı. Amma futboldankənar intriqalarla Nazim komandadan uzaqlaşdırıldı, indi "Sumqayıt” autsayderdir.

- Çingiz Abdullayev "Neftçi”nin idarə heyətindədir. Çingiz müəllimin fəaliyyətini necə qiymətləndirirsiz? Sizcə "Neftçi”bu il çempion ola bilər?

- Çingiz müəllim bizim gözəl yazıçımızdır, deyəsən, peşəkar detektiv kimi "Neftçi”dəki zəiflikləri də aşkarlayıb aradan qaldırılmasına kömək etməkdədir. Bu il flaqman çox güclüdür və "Qarabağ” üçün əsil başağrısı olacaq.

- Ümumiyyətlə yazıçının futbol klubunun rəhbərliyində təmsil olunmasına münasibətiniz necədir?

- Bu bir ictimai vəzifədir, niyə də olmasın?! Normal haldır.

- Bəs əcnəbi klublardan hansına azarkeşlik edirsiniz?

- Hazırda ürəyimə yatan elə bir klub qalmayıb, amma atamın ruhu sevinsin deyə "Dinamo” Kiyevin həmişə qələbə qazanmasını arzulayıram.

- Azərbaycandan kənarda heç futbol seyr etmisinizmi?

-Ooo. Əlbəttə. Madriddə "Santyaqo Bernabeu” stadionunda "Real”-"Atletiko” derbisini, İstanbulda "Ali Sami Yen”də "Qalatasaray”-"Fənərbağça” derbisini, Moskvada "Lujniki”də Rusiya kubokunun finalını izləmişəm. Əcnəbi stadionla bağlı bir uşaqlıq xatirəm də var. Qazaxa getmişdik, dayımgil Tiflisə, "Dinamo” Tiflis-"Neftçi” matçını izləməyə məni də apardılar. Oyun başlayanda "Neftçi” qol vurdu. Mən durub qışqıranda dayım məni çəkib oturtdu və "sus” dedi. Ətrafdakı gürcülər qəzəblə mənə baxır, nəsə deyirdilər. Dayım dedi ki, "Neftçi” udsa, qanımız getdi, bunlar bizi burdan sağ buraxmayacaqlar. "Neftçi” də ki, maşallah, uduzmağa pərgardır, 1:2 uduzdu, biz xilas olduq.

- Dünyada ən çox bəyəndiyiniz futbolçu kimdir?

- Mən 6 yaşımdan üzübəri yalnız pleymeykerləri bəyənmişəm. Yohan Kroyff, Mişel Platini, Devid Bekhem, Zinəddin Zidan, Alessandro Del Pyero, Xavi, İnyesta...

- Messi, yoxsa Ronaldo?

- Bəlkə də Messi. Çünki Messi daha çox düşüncə ilə, ağılla oynayır. Ronaldo isə gücü və sürətiylə.

- Total futbol hazırda çirklənib. Bukmekerler, totalizatorlar futbolu biznesə, qumara çeviriblər. Siz futbol mərcələri yazırsınız?

- Hərdən olur. Bir dəfə nəşriyyatda işləyəndə 2 manatlıq kupon yazmışdım, məntəqəyə aparmağa ərinirdim. Nəşriyyatın yeməkxanasına bir tanışım girdi, dedim, 2 manatlıq kupondur, məntəqəyə apar, şərikli oynayaq. Apardı. Və kupon düz 24 min manat uddu. 12 mini cızdağım çıxa çıxa ona verməli oldum. Gedib dərhal özünə avtomobil aldı bəxtəvər. Amma mən futbol qumarını həyat normasına çevirənləri şiddətlə qınayıram.

- Udduğunuz pulu neylədiz? Yəqin ki, kitablarınızı nəşr etdiz?

- Yox, evi təmir elətdirdim.

- Futbol və ədəbiyyatı necə sintez edərdiz?

- Bunların hər ikisi mənim həyat sevgimin tərkib hissələridir. Sadəcə bu cür.

Söhbətləşdi: Oğuz Ayvaz/bakupost.az/

news-inner-user
Oğuz Ayvaz

169 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020
Məşhur aktyor vəfat etdi
10:25 06 İyul 2020
Röya "Altın kelebek"in qalibi oldu
09:56 06 İyul 2020
Ərinin başını qırxan kim, ad günü keçirən kim, rayonları gəzən kim... - Şou əhli karantində - Fotolar
08:58 06 İyul 2020