Mirzə Cəlildən can qurtarmağın yolu

Mirzə Cəlildən can qurtarmağın yolu
27 fevral 2019
# 11:10

Bir az əvvəl qələm adamlarının təşəbbüsü ilə Facebookda maraqlı bir “Novruzəli polemikası” başlamışdı.

Söhbət nədən gedirdi: Mirzə Cəlil öz milli obrazlarını çox aşağılayıb və bunu başqa millətlərlə müqayisədə edib!

Müzakirənin “başqa millətlər” hissəsinə qısaca bir münasibət bildirib növbəti mətləbə keçmək istəyirəm. Dünya ədəbiyyatında belə nümunələr var. Misal üçün, Mopassan “Gombul” hekayəsində fransız əsilzadələrini alman işğalçıları qarşısında biabır edib. O başqa söhbət ki, bu gün almanlarla fransızlar sülh-dostluq şəraitində yaşayır və belə söhbətlərdən rəncidə olmurlar.

Bizdə durum fərqlidir.

“Poçt qutusu” hekayəsinə zaman-zaman müxtəlif yanaşmalar olur. Bundan xeyli əvvəl də mərhum yazıçı Rafiq Tağı Sabir və Mirzə Cəlili xalqı ifrat aşağılamqda suçlayırdı. Mən məsələnin bu tərəfi ilə tamamilə razıyam ki, bu gün maarifçi-realizm xətti o qədər də cazib görünmür. Hələ bəlkə bir az da yersiz görünür.

İndi Novruzəli yoxdur. Yaxud, bu və ya digər məsələlərə münasibətdə hamımız Novruzəliyik. İnsan yeni ixtiraların hamısından xəbərdar ola bilməz. Demək, biz özümüz asanlıqla eyni vəziyyətə düşə bilərik. Elə isə Mirzə Cəlil nə demək istəyirdi?

Məncə, “Poçt qutusu” görməmişlik yox, sədaqət haqqında hekayədir. İfrat sədaqət! Xalq arasında buna it sədaqəti deyirlər. Yəni özünü nəzərə almayaraq, alçaldaraq, qul təfəkkürü ilə sədaqət göstərmək. İt sədaqəti şəxsiyyətə deyil, titula, mənsəbə bəslənir. Yəni sabah xan bir başqası olsa, Novruzəli onun evinə pay-püşklə gedəcək.

Diqqət edin, varlı-karlı, heç nəyə ehtiyacı olmayan xana Novruzəli kənddən ulağının üstündə pay gətirir. Ən dəhşətlisi, bu payın içində un da var! Kasıb üçün undan dəyərli heç nə yoxdur və onun ifrat sədaqəti içindəki miskinliyi açıb ortalığa qoyur.

Bu sayaq pay-püşkün arxasında isə gizli və heç də yaxşı olmayan niyyətlər, ən azı ali mənsəb sahibi ilə, onun münasibətini nəzərə almadan, yaxınlaşmaq, ünsiyyət qurmaq istəyi durur. Novruzəli bu payı öz kəndlərindəki imkansız, məhz bu iki-üç toyuğa və bir kisə una möhtacı olan bir ailəyə aparardımı? Yox!

Mirzə Cəlil demək istəyir ki, bütün ali dəyərlər kimi sədaqətin özü də ifrata varanda absurda çevrilir və sahibini gülməli vəziyyətə salır.

Daha bir detal.

Xan üçün ulağını yükləyib həyətinə pay gətirən Novruzəli əl buyruqçusu kimi bir şeydir. O, ailəsinə yazdığı məktubu poçta göndərməyə bir adam axtarır və əlinə Novruzəli keçir. Ona görə, onun tutulma xəbərini eşidəndə sadəcə “bir az bikef” olur.

Bizim coğrafiyadakı maarifçi-realist əsərlərdə sosial sinifləşmə, milli qütbləşmə əsas dramaturgiyalardan biri kimi önə çəkilir. Bu tendensiya Mirzə Cəlilin başqa hekayələrində də var. Həmişə ifşa etdiyi adamlar – Xudayar bəy, Qurbanəli bəy, Novruzəli, Usta Zeynal bu sinifləşmə və qütbləşmə içərisində özünə hörmət etməyi bacarmayan adamlardır.

Məsələnin bədii-estetik tərəfi isə başqa söhbətdir. Mirzə Cəlili obraz və xarakterlər müstəvisində tənqidə çəkəndə ehtiyatlı olmalıyıq. O, burda çox nəhəngdir! Onu yalnız ədəbiyyatdakı yeni tendensiyalarla aktuallıqdan çıxarıb, layiq olduğu tarixi ucalığa göndərmək olar.

# 3840 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #