writer1

Aliyə

Məqalə sayı

974
clock10:11 calendar-gray 26 Fevral 2019 view-gray431 dəfə oxunub
view-gray431 dəfə oxunub

Xocalı dəhşətini necə anlatmalı?

Kulis.az Aliyənin “Salam, Xocalı!” yazıqdim edir.

Bu gün şəhərdə izdiham var.

Xocalı faciəsinin ildönümüylə bağlı bağçalarda, məktəblərdə anım tədbirləri keçirilir. Uşaqlar əllərində qərənfil məktəbə yollanır. Çantalarında Xocalı rəsmləri var-tanklarla, qanla, qarla, yıxılan adamlarla dolu şəkillər var... Evimizdən məktəbə yola salırıq Xocalını, uşaqların düçüncəli üzündə də qarşılayırıq. Həmişə belə olacaq - Çöl deyəndə yaşıl çəmənlik yox, o qarlı çöllüyü düşünəcəyik...

Uşaqlarımıza da danışacağıq. Amma ehtiyatla. Qorxutmadan. Məktəbdə divar lövhəsində özü yaşda uşaqların cəsədlərini görmüş körpəni evdə aldadacağıq: Elə şey olmaz, - deyəcəyik. - Heç adam da uşağı öldürərmi?

Bir az böyüklərə şeirlər seçəcəyik, amma daha bağçada “Bir ərin qolları düşüb yanında...” kimi şeiri 5 yaşlı uşağa verməyəcəyik. Uşaqların əllərinə qərənfillər verəcəyik, xatirə lövhələrinin, heykəlləri ziyarətə göndərəcəyik. Bu qətliam haqda filmlər çəkəcəyik, tamaşalar qoyacağıq, amma eləsini ki, terror “təkrarlanmasın”, bunu bizdə qorxu yaratmaq üçün etmişdilər axı? Biz qorxutmayacağıq, ağıllı olacağıq.

Biz sevginin, işığın qorxunu yendiyi filmlər çəkəcəyik. O dəhşətin bir yerində mütləq insana, insanlığa ümid saxlayacağıq.

Necə ki, “Fəryad” filmi müharibəyə qalib gəldi; düşmənin uşağına görə evi yanmaqdan xilas etməklə əsir İsmayıl yaralı, heysiz vəziyyətində belə erməniyə qalib gəldi, “mən insanam” deyə bildi. Ceyhun Mirzəyevin qəhrəmanı işgəncələr bahasına mənəviyyatını qoruya bildi. Bu, düşmən üzərində qələbə deyil, bu, artıq müharibə üzərində qələbədir. Ona görə filmin sonunda əsir İsmayılı dəyişəndə zəfər marşı səslənir – İsmayıl qalibdir!

Biz kinoda belə qalib gələcəyik!

Filmlərimiz dərdimizi başqasına danışmaq kimi öhdəlikdən çıxıb özümüzlə söhbət olacaq!

Yaralarımız qanayanda insan olduğumuzu yadımıza salacaq!

Bizim düşməndən fərqimiz bu olacaq!

O dəhşətli qətliam şəkillərini böyüdüb binaların üstündən asmayacağıq. Reklam, ya da “müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhəsinin üstünə yapışdırmayacağıq. Onlar o şəkillərdən yox, bizim kədərimizdən anlayacaqlar hər şeyi.

TV-lərimiz müğənnilərin qarderobundan çıxıb qəfil kədərlənməyəcək.

Biz bu faciəni unutmaqdan da qorxmayacağıq.

Çünki bunu unutmaq mümkün deyil.

Paylaş

REKLAM

Yazarın digər yazıları