Parkda məni ağladan şair

Parkda məni ağladan şair
13 iyul 2018
# 11:33

Kulis.az Murad Köhnəqalanın “Olanlardan da danışaq” yazısını təqdim edir.

Rusiyadan bir tovuzlu eloğlum gəlmiş, soraqlayıb da məni tapmışdı. Yerlim yekə bir maşın sürürdü, nə qədər desən də pulu vardı. Bir gün yenə zəngləşib görüşdük, onun bir probleminin arxasınca 8-ci kilometr tərəfə gedəsi olduq. Svetoforların birində saxlayarkən qoltuğunda çəlik bir şikəst adam yerlim tərəfdən maşına yaxınlaşıb ona əl açdı. Onların arasında belə bir dialoq oldu:

- Ayağına noolub, əə? – yerlim amiranə soruşdu.

Dilənçi də yazıq-yazıq və daha çox pul almaq ümidilə:

- Maşın vurub – dedi.

Mən elə bildim yerlim bu cavabdan kövrəlib ona lap çox pul verəcək. Ancaq yerlim ona nə dedi, bilirsinizmi?

- Təkərinə tüpürdüyüm niyə düz belinin üstündən keçməyib, bə?!

Heyrətdən dilənçinin əli uzanalı qaldı. İşıq yanan kimi yerlim maşına qaz verdi. Onun bu soyuqqanlılığından dəhşətə gəlmişdim.

Həmin əhvalatdan sonra mənə nə qədər zəng eləyib görüşmək istəsə də, hər dəfəsində bir bəhanə gətirib ondan aralandım...

Hazırda yaşadığım yerin yaxınlığında üstüörtülü avtobus dayanacağı var, orda bir “bomj” gecələyir. Bir dəfə onu yaxınlıqdakı mağazadan balaca araq alan görmüşdüm. Belə yerlərdə yazıçılıq marağı adamı rahat buraxmır. Onu uzaqdan gizlin-gizlin izləyib müşahidə elədim. Bomjumuz arağı istidə geydiyi pencəyinin qoltuq cibinə soxdu və dayanacağa tərəf gəldi. Dayanacağın skamyasında, yəni “öz evində” oturub arağı çıxartdı, burub ağzını açdı və başına qaldıraraq qurtumladı. Sonra arağın ağzını böyük ehtiramla bağlayıb öz yerinə, qoynuna qoydu. Proses boyu heç öz ağzını büzüb turşutmadı da.

Arağa nə var, həyatdan acı deyil ki? Dayan görək, üstündən nəsə yeyəcəkmi? Hə, bu birisi qoynundan paketə bükülmüş kolbasa çıxartdı və ucundan dişləyib yenə yerinə qoydu. Yeməyini çeynəyib qurtardıqdan sonra bığlı-saqqallı ağzını kirli pencəyinin yaxasına sildi. Artıq beyni işıqlandı, qan-damar sistemi hərəkətə gəldi, hər şey yaxşıdı, həyat gözəldi, yaşamağa davam!

Düşündüm ki, bu iyli-qoxulu adam pulu hardan tapır, görəsən? Belələrinə acıyıb pul verən də olmur heç. Bəs, bu yazıq qışda harda yatır? Yəqin qışlaq üçün də haradasa ayrı yer tapıb orda gecələyir.

Bu fikirlərlə ona yaxınlaşıb dedim, sənə araq alımmı? “Bomj” üzümə key-key baxıb heç nə demədi. Görünür, hamı onun gözünə yalan danışan, yalnız təhqir edən varlıq kimi görünür. Odur ki, mənim mülayim səsim bomju hürkütmüşdü. Ona bir az da yaxınlaşıb təkrar soruşdum: “Araq alımmı sənə?” Gördüm, yaxınlaşdığıma görə ürəkləndi. Pıçıltı ilə: “Araq hələ lazım deyil, varındısa pul ver” - dedi.

Mən çıxarıb ona beş manat verdim. O, pulu bir pauzalığına götürmədi. Yəqin fikirləşdi ki, onu aldadıb məzələnə bilərəm. İsrarla pulu əlimdə silkələdim: “Götür-götür!” O, qaralmış, kirli əlini uzadıb pulu götürdü və araq olan cıbinə qoydu. Görünür, ən mötəbər cibi elə oradı. Sonra qayıdıb pulun minnətdarlığı olaraq üzümə mehriban nəzərlə baxdı. Dəhşət! Belə mehriban baxış ömrümdə görməmişdim. O iy verən adamı qucaqlayıb kirli saqqalından öpməkdən özümü güclə saxladım. Mənə elə gəldi ki, bu jestimlə iki sivilizasiya arasına körpü saldım.

Bomj mənim səmimiliyimdən utanaraq qalxıb məqsədsiz şəkildə ordan uzaqlaşdı.

Söz düşmüşkən birini də deyim. İş tapmaq ümidi ilə gənc ailəsini götürüb rayondan Bakıya gəlmiş gənc bir şair inboksuma belə bir məktub yazdı:

"Neçə aydı şəhərə köçmüşəm, münasib iş tapa bilmədiyimə görə sıxıntı içərisində yaşayıram. Kirayədə qalırıq, körpə uşağımız var. Feyzbukda yazılarınızdan duyduğum xarakterinizə görə ürəyimi sizə açmaqdan utanmadım. Əminəm ki, mənə yardım edə bilməsəniz də bu sirri heç yerdə deməyəcəksiniz. Hazırda evdə heç nəyimiz yoxdu, mənə gücünüz çatan yardımı etməyinizi xahiş edirəm".

Yazışma prosesində telefon nömrəsini də yazdı və qeyd elədi ki, konturum olmayacaq, xahiş edirəm vədə vaxtı mənə özünüz zəng edəsiniz. Yazışmadan sonra girib səhifəsində paylaşdığı şeirlərinə baxdım, hamısı işıqlı, maraqlı şeirlər idi. Çox kədərləndim.

Onda da indiki kimi heç yerdə işləmirdim, “Memar Əcəmi” tərəfdə kirayə evdə yaşayırdım, ancaq həmin adama yardım eləməyə tələsdim. Cibimdə cəmi altı manatım vardı. Məhləmizdə mənə həmişə hörmətlə yanaşan qubalıların işlətdiyi marketə güvənirdim. Gəlib qubalı uşaqlardan nisyə bir rulon kolbasa, bir bağlama şirniyyat, bir də 20 manat borc alıb gəldim metronun çıxışına. Şair gəlib çıxdı.

Sevincindən boynumu qucaqlayıb çoxdanın tanışları kimi məni öpdü. Bir şirindil gənc idi. Pulu və bağlamanı verib onu deyə-gülə yola saldıqdan sonra parkda arxa skamyada oturub xeyli ağladım.

Nə isə...

# 3139 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #