Oğluna varlı qız axtaran analar

Oğluna varlı qız axtaran analar
12 iyun 2018
# 11:15

Günel Natiq

Axır vaxtlar çox fikirləşməməyə çalışıram. Çünki çox fikirləşəndə işlər dolaşığa düşür. Atalar da deyib, yüz fikir bir borcu ödəməz. Elə yerində deyiblər.

Məsələn, bəzən oğlanlar gileylənirlər ki, müasir qızlar dövlətli oğlan axtarırlar. Evi, maşını olsun və s. Çox fikirləşsəm, bu istəyi anlayışla qarşılamalı olacam. Qız həyatını riskə atmaq istəmir, bəri başdan təminatlı ailə axtarır. Ailəni kişi təmin etməlidir. Kişinin məsuliyyətsiz olduğu ailələrin sonrakı taleyini hamımız görmüşük.

Həm də istəmək o demək deyil ki, bu qız qarıyana kimi oturub ağ atlı oğlanın yolunu gözləyəcək. Təbii ki, özünə uyğun bir oğlanla ailə həyatı quracaq. Ruslar demiş, arzulamağın ziyanı yoxdur.

Əslində dövlətli partnyor yalnız qızların deyil, gənc oğlanların da arzusudur.

Fikirləşmədən deyənlər olacaq ki, bu, insanın şəxsi qərarıdır, fərdi seçimidir. Əgər belə bir həyatı həzm edə bilirsə, niyə də olmasın?

Amma papaqlarını qabaqlarına qoyub bir az fikirləşsələr, görərlər ki, oğlanların evlilik üçün dövlətli qız axtarmaları mənəvi eybəcərlikdir. Yəni bu adam artıq heysiyyatını itirib, gələcək ailəsi üçün daşıdığı məsuliyyəti dərk etmir, bu məsuliyyətin nədən ibarət olduğunu belə anlamır.

Dövlətli qız tapmaq istəyi subay oğlan analarının da fikirlərini məşğul edir. Elə analar var ki, iş-güclərini atıb dövlətli qız axtarırlar. Yaxşı olar ki, qızın zəngin atası olsun. Ya da heç olmasa dayısı yüksək vəzifədə işləsin.

Əgər qızın var-dövlətinin mənbəyi məlum deyilsə, oğlan evi çox da dərinə getmir. Uzaqbaşı “qoçaq qızdır”, deyir. “Əlinin zəhmətilə ev, maşın və s. alıb”. Qızın 300 manatlıq maaşa işlədiyini nəzərə alan qohum-qardaş “əlinin zəhmətilə” kəlməsinin arxasında duran sirli mətləbləri götür-qoy edib pıçhapıçlar etsə də, oğlan anası özünü eşitməməzliyə vurur. “Paxıllıq edirlər, gözləri götürmür”, deyir. Əsas odur, oğlu “yaxşı yerə düşüb”.

Bu yaxınlarda belə “yaxşı yerə düşən” oğlan haqqında danışanda, tanış qadının ağzı sulandı.

“Elə istəyirəm ki, mənim də oğlum beləsinə rast gəlsin”, - dedi.

Bu tanış qadının bircə oğlu var. İmkanları da pis deyil. Həyat yoldaşı daşdan pul çıxarandır. Maaşla dolanmağın nə demək olduğunu bilmir. İndi kişi yaşa dolub, bir az xəstəhaldır, əvvəlki kimi daşdan pul çıxara bilmir. Amma oğlu gəncdir, sağlamdır, ağıllıdır, zirəkdir, bacarıqlıdır, istəsə, özü üçün normal həyat təmin edə bilər. Amma buna meyl eləmir.

Çünki ailədə heç vaxt eşitməyib ki, insan öz zəhmətilə nəyəsə nail ola bilər.

Bu ailənin düşüncəsinə görə, yaşamağın həmişə bir çözüm yolu olmalıdır. Çözüm yollarından biri də bir dövlətli qadın tapıb onunla ailə qurmaqdır.

“Yəni dövlətli qızın hansı yolla pul qazanmağının fərqi yoxdur?”- mən soruşdum.

Oğlan anası bir az fikrə gedib:

“Əsas odur, imkanı yaxşı olsun, oğlum da gedib onun evində yaşasın, bizə də yük düşməsin, öz həyatımızı yaşayaq”, - dedi.

Mən də bir az fikrə gedib oğlanın gələcək həyatını təsəvvür etmək istədim. Amma nəsə alınmadı. Ona görə fikirləşməməyə çalışaraq tanışımla razılaşdım; madam, oğlu üçün belə bir gələcək arzulayır, niyə də olmasın? Əsas odur, sonda xəyalları puç olmasın.

Çox fikirləşmədən, şahidi olduğum bir cütlükdən də bəhs etmək istəyirəm. Bu cütlük toy məclislərinin birində diqqətimi çəkdi. Oğlan canfəşanlıq edir, qızın dövrəsində atılıb-düşür, bildiyi və bilmədiyi rəqs hərəkətləriylə qızı razı salmağa çalışırdı. Amma deyəsən qızı məmnun edə, könlünü aça bilmirdi. Qızın özündənrazılığı uzaqdan diqqəti çəkirdi.

Bu cütlük haqqında soruşanda dedilər ki, qız varlı ailədəndir (Ona görə də bir az təkəbbürlüdür). Elə bu səbəbdəndir ki, ailə öz yaraşıqlı oğlanları üçün bu qıza elçi düşüb. Qızın atası adını tələffüz edə bilmədiyim hansısa dəbdəbəli və bahalı maşın sürür, həm də qarajlarında həmin adını tələffüz edə bilmədiyim maşından bir yox, iki ədəddir. Söhbətin bu yerində məclisdəki bütün subay oğlanların və subay oğlan analarının ağzı sulandı.

Dedilər ki, cütlük indi nişanlı dövrünü yaşayır. Oğlan da qıza bir könüldən min könülə aşiqdir, s və i.

İki ildən sonra nişanlı cütlüyün toyları oldu. Dəbdəbəli cehiz və s gözləyən ərin və qaynananın xəyalları suya düşdü. Məlum oldu ki, qızın atası bankrot olub, hər şey əldən çıxıb. Oğlan evi pərtliyini birtəhər gizləməyə çalışaraq olanları ört-basdır etməyə çalışırdılar. Elə bu vaxt qızın atası yenidən peyda olub dedi ki, qıraq-bucaqda bir az gizlədiyim pul-para var, siz də əlinizdə olanlardan verin, üstünü düzəldib cavanlara dəbdəbəli bir ev alaq.

Oğlangil yenə sevincək oldular, pulu qudalarına verib işin axırını gözləməyə başladılar.

İşin axırı da belə oldu ki, qızın atası pulları götürüb aradan çıxdı.

İndi ortada nə pul var, nə dəbdəbəli maşın, nə də ki quda.

Qaynana qızgilin əlindən zəncir çeynəyir, bir vaxtlar qızın dövrəsində yallı gedən oğlan da deyir ki, iti görüm, qurdu görüm, o qızla atasını görməyim.

Atalar bu yerdə deyib, tamahkarı yalançı aldadar.

Həm də məgər gərəkməz ki, bir az da özünə güvənəsən, öz gücünə arxalanasan? Dünyanın əksər milyonçuları ata, qayınata hesabına deyil, öz gücləri, ağıl və məntiqləri sayəsində zəngin olublar. Amma bunun üçün bir az düşünmək lazımdır.

Onu da ki biz sevmirik.

# 3521 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #