Şərifin xilaskar axtaran qəhrəmanları – Ağa Cəfərli yazır

Şərifin xilaskar axtaran qəhrəmanları – <span style="color:red;"> Ağa Cəfərli yazır
11 iyun 2018
# 17:30

Dünya sürətlə inkişaf edir, hər gün bizi heyrətləndirən hadisələr baş verir, hər gün olmasa da, çox mühüm kəşflər, ixtiralar edilir, amma insanın mahiyyəti dəyişmir. Səbrlə Xilaskarı gözləyir, onun bir gün dünyada bütün ədalətsizliklərə son qoyacağına dərin inam bəsləyir. Çox məqamlara inanan, çox məqamlarda aldanan insanın bircə özünə inamı yoxdur. Və bütün problemləri elə bu özünə inamsızlıq yaradır.

“İncil”i oxuyanlar, yəqin ki, İsanın suyun üzərində gəzməsini xatırlayır. İsa suyun üzərində gəzəndə uzaqdan onu tanımayan həvarilər qorxuya düşdülər, o isə dedi ki, qorxmayın, bu, mənəm, əgər inamınız varsa, ürəyinizdə zərrəcə şübhə yoxdursa, bunu siz də edə bilərsiniz. Həvarilərdən biri bunu bacardı, suyun üstü ilə gəzdi, ancaq tez də qorxuya düşdü ki, mən bunu necə bacarıram. Qorxuya düşən kimi batmaq təhlükəsi ilə üzləşdi, İsa ona dedi ki, suyun üstüylə gəzəcəyinə niyə axıra qədər inanmadın?..

Şərif Ağayarın “Ağ göl”ündəki qəhrəmanlar da Xilaskar axtarışındadır, iman var hardasa, amma inam yoxdur. Özünə inam! İnam olsaydı, dəmir hasarları yerli-dibli sökərdilər, Ağ gölün işğalına imkan verməzdilər, Ağ gölü satmazdılar və Qiyamət başlamazdı.

Hə, bir də nəfsin qulu olmaq məqamı var. Buddaya görə, arzular əzabdır və insan əzablardan qurtulmaq üçün arzularından imtina etməlidir. Başqa dinlər də bizə ilk növbədə nəfsdən imtinanı təlqin edir, xoşbəxtliyin burda olduğunu söyləyir. Pircahanlılar da xoşbəxt idi:

“Onacan Pircahan qəsəbəsini qucağına alan qumsal təpəliklərdə qurd quzuyla otlayırdı. Söz məsəli deyil, gerçəkdən. Qurdun quzuyla otladığını Camal ata öz gözləriylə görmüşdü. Adamboyu qaratikan kollarının dibində bir quzuyla bir qurd göz-gözə dayanmışdı. Quzu yanaşıb qurdun boynunu qoxlayır, zərif nəfəsi uzun, gümüşü tüklərin ucunu xəfifcə titrədirdi. Qurdsa qulaqlarını şəkləyib burnuyla quzunun varlığını yoxlayır, dilini boyun-boğazına toxundurub mərhəmət ifadə edirdi...

... Pircahanlılar sadə yaşasalar da, kasıb deyildilər. Ağ gölün sərvəti hamının rahat dolanışığına çatırdı. Ruzilərindən arxayın olduqları üçün özlərini xoşbəxt sanırdılar, yalan danışmağa, kimisə aldatmağa, mübahisə etməyə, üzdə bir, gizlində başqa cür görünməyə ehtiyac duymurdular”.

Amma bir gün dövran dəyişdi, “hər şey tərsinə çevrildi, Pircahanın yığvalı döndü”.

Pircahanı nəfs yıxdı, nəfs dağıtdı. Bircə Camal ata mənən sağ qaldı, hörümçək kimi tor-hasar hörməklə hamını, kəndliləri də, övliyaları da, Ağ gölü də, müqəddəs iydə ağaclarını, hətta bəlkə peyğəmbəri də qorumaq istəyən siması çirkin, daxili gözəl insan! Lal olmayan, amma heç vaxt danışmayan və danışmamağı da hiss olunmayan şəxs... Və pircahanlılar arasında özünə inanan bircə o idi. İnanırdı ki, gücü hər şeyə çatar. Ağ gölü, iydə ağaclarını qorumağa da, bu müqəddəs varlıqlara görə bütün dünyanı cəhənnəmə çevirməyə də.

Çevirdi də!

Halbuki ona Xilaskar kimi baxırdılar, övliyaları görmüşdü. Amma bütün jestləriylə “Xilas məndə deyil, özünüzdədir” - deyirdi. Hər kəs mənəvi anlamda özünü xilas etməli idi, Camal ata buna yaxşı nümunə idi. Amma təbii ki, kamilliyə çatmaq ümumxalq işi deyil.

lll

Əslində, yenicə oxuyub bitirdiyim “Ağ göl” romanı haqqında ilkin təəssüratlarım burda bitirdi. Ancaq birdən-birə müəlliflə bağlı düşüncələrimi bölüşməyə də ehtiyac duydum.

Şərif Ağayarın “Ağ göl” romanını birnəfəsə oxudum və hələ əsərin təsirindən çıxmamış kitab haqqında üç yazını gözdən keçirdim. Üç yazıdan ikisində Şərifin son illər xeyli məhsuldar olduğu qeyd olunurdu. Və bu qeydlər ona görə xüsusi diqqətimi çəkdi ki, “Ağ göl”ü oxumağa başlamamışdan əvvəl mən də bu məqam haqqında düşünürdüm. Kitabın arxasında Şərifin tərcümeyi-halı verilib və mən o yazıya diqqət yetirəndə Ağayarın kitablarının adını gördüm. O kitabların hamısını oxumuşam, o kitablardakı detallar, o kitablardakı qəhrəmanlar, obrazlar bir-bir gözümün önündən keçdi. Fikirləşdim ki, Şərif son illər ərzində gör necə yaxşı əsərlər yazıb, ədəbiyyat havası ilə necə nəfəs alıb. Bu, gəlişigözəl söz deyil. Baxın, Şərifin bütün romanları, povestləri haqqında sanballı, zövqünə inandığımız insanların müsbət rəyi var. “Haramı” bu gün də son dövrlərin ən yaxşı əsəri kimi xatırlanır. “Arzulardan sonrakı şəhər”in Sim-sim.az saytındakı müzakirəsini özüm təşkil etmişdim, Səfər Alışarlı kimi gözəl yazıçı, dünya ədəbiyyatını əlinin içi kimi bilən insan əsər haqqında o qədər yüksək sözlər söylədi ki, özüm də xeyli təəccübləndim. “Gülüstan” romanını Trierin “Dogvil” filmi ilə müqayisə etmişdilər. Bu kitablarla bağlı müxtəlif oxucular müxtəlif fikir söyləyə bilər, lakin bir fakt dəqiqdir: Bu əsərlərin hamısında istedad var, ağrı var, acı var, zəhmət var. Və nəticə etibarilə ortada ciddi mətn var.

Yəqin demək artıqdır ki, əsas məsələ nə yazmaq yox, necə yazmaqdır. Yeri gəlmişkən, bəzən Şərifi kənddən-kəsəkdən yazmaqda ittiham edirlər. Bizim mövqeyimiz bəlli, bir-iki cümlə öncə fikrimizi dedik. İndi görün nədən yazmaq məsələsinə illər öncə görkəmli yazıçımız İsa Hüseynov necə reaksiya vermişdi? İsa Hüseynovdan soruşmuşdular ki, niyə atanızdan çox yazırsınız? “Çünki atam ən yaxşı tanıdığım kişidir” - deyə ustad cavab vermişdi. Elə bilirəm, əlavə şərhə ehtiyac yoxdur.

Şərif yaxşı yazmağı bacarır. Belə yaxşı, ciddi mətnlərdən biri də bu günlərdə yaranıb - “Ağ göl”.

“Ağ göl”ün daha bir maraqlı cəhətindən bəhs edim. Mətn ciddidir, təsvirlər boldur, uzun cümlələr də nə qədər istəsən... Buna baxmayaraq, yuxarıda da qeyd etdiyim kimi, kitab birnəfəsə oxunur. Mənə elə gəlir ki, bunu biz Şərifin böyük uğuru kimi vurğulamalı, peşəkarlığının növbəti göstəricisi saymalıyıq. “Gülüstan”dakı mətn ağırlığı “Arzulardan sonrakı şəhər”də azalmışdı, “Ağ göl”də isə bu məsələlər yüksək səviyyədə nizamlanıb.

“Ağ göl” əvvəlcə üçüncü şəxsin dilindən yazılmış əsər təsiri bağışlayır. Amma sonradan birinci şəxs peyda olur və özü də qəribə şəkildə:

“Bircə mən şahidəm ki, Camal ata yalan danışmırdı!”

“Bircə mən şahidəm ki, Ağ baba pirinin əhvalatını heç bir pircahanlı unutmurdu”.

“Bircə mən şahidəm ki, Camal ata qəsdən belə etmirdi, uşaqlıqdan tünlük sevən deyildi, onun öz dünyası vardı”.

Müəllif oxucunu intizarda saxlayır. Axı kimdir bu, “Bircə mən”? Şərif bu sirri sonda açır və məlum olur ki, “Bircə mən” Camal atanın vaxtilə Ağ göldə batmış, indi isə ruhu göylərdə dolaşan oğludur. Yazıçının bu priyomu da onun ustalığının göstəricisidir.

Romandakı obrazlar sistemindən danışsaq, xeyli maraqlı və təhlil ediləsi məqamlar var. Şərifin əvvəlki əsərlərində parlaq obrazlar çoxdur. Məsələn, Qoluyox Vəliyyədin hər zaman yadda qalacaq parlaq obrazlardandır. Səməndəri, “Estafet” hekayəsindəki babanı, “Şəkil” hekayəsindəki nəvəni, “Arzulardan sonrakı şəhərdə”ki Holden Kolfild kimi həssas, zarafatcıl, hazırcavab, eyni zamanda, qəzəbli və narahat Həsəni unutmaq olmaz. Amma “Ağ göl”də Şərif parlaq obrazlar yaratmaqdan vaz keçib. Camal atadan və “Bircə mən”dən başqa xüsusi fərqləndiriləsi obraz yoxdur. O mənada ki, Camal ata istisnadır. Pircahanlıların hamısı kütləvi psixozdan əziyyət çəkir, hamıda kollektiv şüur var. Davranışlar, yanaşmalar eynidir. Fərqli baxış ölümə məhkumdur. Kobud desək, hamı bir-birinin tayıdır. Burda bəlkə də bir az maarifçi düşüncəsi ilə seçilən Maarif müəllimi fərqləndirmək olardı. Ancaq birincisi, Maarif müəllimin kütləyə müqaviməti lağlağıdan o yana keçmir, ikincisi, müəllim Ağ gölün satılmasına razılıq verməklə kütlənin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Kütlə zahirən qalib gəlir, əslində isə məğlub olur, məhvə sürüklənir. Belə təəssürat yaranır ki, müəllif qəsdən obrazları kütlənin içində əridir. Kütlənin mahiyyətini, kütlənin gücünü, faciələrin baiskarını göstərmək üçün...

Romanın strukturundan söhbət açsaq, Şərif əsərdə xüsusi struktur oyunlarına getməyib və məncə, əcəb edib. Şərif bu oyunlarda uduzur desək haqsızlıq olar, amma bura onun meydançası deyil və özünü qonaq komanda kimi hiss edir. Belə oyunların olmadığı yerdə isə Şərif doğma meydançadadır və “rəqib”i hətta böyük hesabla məğlub etməyi bacarır. Bunu Şərifin özü də hamıdan yaxşı bilir. Məhz bu səbəbdən “Ağ göl”də struktur oyununa çox getməyib və qazanıb. Burdakı oyunlar bədii həlli verilmiş həddədir.

Bir məqamı da qeyd etmək yerinə düşər. “Ağ göl”də Şərif sanki bir az da “xəsislik” edib. Mümkün qədər çalışıb ki, mətndə artıq detal, artıq fikir, geniş izah-filan olmasın. Bu da əsərin rahat oxunmasını şərtləndirən amillərdəndir. Şərif oxucunu artıq detallarla, cümlə, təsvirlərlə yormur, ümid edirəm ki, digər oxucular da bu məqamı yüksək qiymətləndirəcəklər.

İndi isə ən vacib məqamlardan biri haqqında... Bir dəfə bir dostumuzun əsərindən yazıb qeyd etmişdim ki, müəllifin dili, mətni yaxşıdır, inşallah ideyası da olar. Şəriflə “Ağ göl” haqqında danışanda həmin yazıya işarə edərək zarafatla demişdi: “Oxu bəyənəcəksən, ideyası da var”.

Vacib məqam bax budur. Şərif “Ağ göl”də nə deyir? Məncə, deyir ki, din (Hacı Mikayıl) bir yandan, elm (Maarif müəllim) bir yandan, siyasət (Saleh Qəbzəliyev) bir yandan insanı istismar edir. Üstəlik, daha güclülər (“Vord ist Mayn” şirkəti) zəifləri əzib məhv edəndə, elm də, siyasət də, din də asanlıqla onun tərəfinə keçir. Təmiz olan hər şey məhv olub gedir. Ən yaxşısı Camal ata kimi öz halal, təbii dünyasında Ağ gölə baxaraq, iydə ağaclarının qoxusundan məst olaraq yaşamaqdır. Buddistlər kimi...

Bəs Ağ göl və iydə ağaclarının timsalında təbiət məhv olub gedirsə? O zaman qiyamət başlayır. Qiyamət isə Allahın, həqiqətin, doğrunun qisasıdır. Halallığın qələbəsidir. Camal ata təbiiliyin, düzlüyün, sənətin simvoludur. Onun övliyaları görüb-görməməsi vacib deyil, insan təbiətin harmoniyasını uyarsa, təmiz yaşayarsa elə övliyaları görmüş kimidir. Zahiri şeylər hamısı boşdur. Necə ki, Camal ata zahirən eybəcərdir.

Şərif bu əsərdə hamıya bir yol göstərir. Elçin Səlcuq demiş, gedə biləcəyiniz yollar sağ olsun...

Sonda Şərifə həmişə dediyim bir sözü burda da qeyd etmək istəyirəm. Mən bir oxucu kimi onun potensialını daha yüksək qiymətləndirirəm və həmişə özünə deyirəm ki, mən səndən bundan da yüksək səviyyədə əsərlər gözləyirəm. Son zamanlardakı məhsuldarlığı, ciddi ədəbiyyat adamlarının rəğbətini qazanan əsərlər ortaya qoyması, elə “Ağ göl” romanı da göstərir ki, Şərif Ağayar özünü realizə etmək prosesinə yüksək səviyyədə qədəm qoyub və daha yaxşı əsərlər yaradacaq.

Yolun açıq olsun, Yazıçı!/525.az/

# 872 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #