O gün özümü ifritə kimi hiss elədim - BİRCƏNİN ROMANI

O gün özümü ifritə kimi hiss elədim - <span style="color:red;">BİRCƏNİN ROMANI
25 may 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Elgizin toyu noyabrın birinci ongünlüyünə danışılmışdı. Ay girən kimi yağınlıq da başladı. Elə göydən yağış sağıla-sağıla toy hazırlığı görüldü, gəlinin cer-cehizi evə daşındı. Cehiz deyəndə elə bir gözədəyər əşya-filan yoxuydu – Nərgizin olduqca kasıb atası ona yatmağa bir taxt, neçə dəst yorğan-döşək, bir az da rəngli qab-qacaq vermişdi.

Toya iki gün qalmış baldızımla yenə üz-göz olduq. Nərgizin cehizlərini Mahmud əminin növrağı çoxdan pozulmuş, altı üstünə çevrilmiş, xaraba qalmış otağına yığırdılar. Baldızım məni şirin dilə tutdu:

- Bircə, gəl sənin stol-stullarını, bir də divanını hələlik qoyaq Nərgizin otağına.

Bizdən bir addım aralanmayan Maral məndən qabaq dilləndi:

- Niyə, bacı, dədəsi verəydi də.

Maralın sözü məni qıcıqlandırdı. Toyqabağı bir-iki xonça düzəldib qız evinə aparanda Bəsti mənim qulağım eşidə-eşidə:

- Heç kim xonçalara əl vurmasın, ərsiz gəlinlər bir az uzaq dursun, - demişdi.

Əri olmayan bir məniydim, bir də qaynanamın bacısı qızı. Onu əri boşamışdı, hesabla baldızımın xonçaları qorğandığı bəduğur, qaradaban mən olmalıydım. Əslində hesab-kitabsız da bilirdim Bəsti sözü kimə toxuyur, ona görə irəli durub o xonçalara gözümlə də baxmadım. Qız evində keçirilən arvad yığıncağına – paltarbiçdiyə də Sahib əmiylə Misir əminin dirəşməsindən sonra getmişdim, yoxsa dünya dağıla getməyəcəkdim – həm Nərgizin mənə göndərdiyi o ismarışa görə, həm də sağlığında Eminin o məclisə getməyimi istəmədiyinə görə.

İndi baldızım təzə gəlinin otağını mənim cehizlərimlə doldurub onu toya gələn qohumların qaxıncından qurtarmaq istəyirdi. Gördüm Maralın da sözü ona kar eləmədi, elə dediyim dedik deyib durub, mən də acığa düşdüm:

- Vermirəm, - dedim, - get evinizdəki divanlardan birini gətir qoy.

- Onlar axı çox köhnədi, qonaq yanında biyabır olarıq.

Baxışlarımı tikan kimi onun gözlərinin içinə batırdım:

- Əri ölmüş, yarımamış arvadın cehizini təzə gəlinin otağına qoymazlar, - dedim.

Bilmirəm özünü qanmazlığa vurdu, yoxsa gerçəkdən qanmadı:

- Eybi yox, bahalı örtüyünü at üstünə, heç kim başa düşməsin.

Qız elə bil mənə od qoydu:

- Ay anam, ay bacım, - dedim, - belə vermirəm ey, nə demək istəyirsən? Mənim otağımdan bu otağa bir çöp də gələ bilməz.

- Niyə, neyləyib o sənə? Yaxşı deyiblər: elti əyrisi – balta əyrisi.

- O mənə neyləyə bilər ki? - deyib gəlin otağına hücum çəkdim, dünəndən Zöhrə xalanın bu otağa keçirdikləri servantının (guya təzə gəlininkiydi) içinə düzülmüş cehizlik qablarımı qucağıma yığıb otağıma qayıtdım. Bilirdim düz eləmirəm, heç olmasa Elgizin xətrinə dözməliyəm, amma yenə elədim; bir az da Maralın Bəstiyə elə deməyi qızışdırdı məni. Süfrəmi, dəsmallarımı büküb vurdum qoltuğuma, mənim əşyalarımla bəzədilmiş gəlin otağını bir anda lütləyib yuyat yerinə döndərdim.

Baldızım məni nifrətlə süzüb-süzüb axırda partladı:

- Burnundan gəlsin Elgizin zəhməti! İl yarımdı sənə çobanlıq eləyir, hamballıq eləyir, heç olmasa ondan utan!

Maral yenə məni qabaqladı:

- Dişini ört, aazzz, - dedi, - sənin burnundan gəlsin bu evdən daşıyıb yediklərin. Gərək vaxtında özün qarışaydın hər işə, gəlib mala-qoyuna da Bircəni göndərəydin.

Bəsti bir az da əsib-coşanda Misir əmi irəli durdu:

- Kim Bircənin əşyalarından gəlin otağına nəsə qoysa əlimdən qurtarmayacaq. Bu işin düşər-düşməzi olar. Görmürsüz yer-göy qan ağlayır, sabah təzə gəlin yıxılıb palçığa-zada batar, ara yerdə Bircənin adı bədnam olar.

Bunu deyib Misir əmi gözünün ucuyla üzümə baxdı, gizlicə qımışıb mənə göz vurdu.

Vəssalam, qurbağa gölünə daş atıldı, hamı özünə çəkildi. Məni görəndə onsuz da gözü ağrıyan baldızımın mənlə düşmənçiliyi o gündən təzələndi.

Misir əminin mənə qahmar çıxması Maralın da kefinə sığal çəkmişdi, gülürdü:

- Bircə, rəhmətlik nənən Musa əminin arvadına necə demişdi?..

Ona baxanda şaqqanaq çəkməkdən özümü güclə saxladım, otağıma qaçıb başımı balıncın altına soxdum. Maral kirimədi, dalımca beş-altı addım atıb elə yerdə durdu ki, səsini mən də eşidim, baldız da eşitsin:

- Bizim bu təzə gəlin eynən nənən deyən kimi gəlib, - dedi, sonra geri dönüb iri yançaqlarıyla Bəstiyə bir burcutma atıb getdi...

Nənəm mal ötürdüyü örüşdən Musa əmimə qoşulub cehizsiz-filansız ərə gəlmiş əmim arvadına acığı tutan kimi belə deyərdi:

- İki əmcək, bir a...qla gəlmişdin, səni ev elədim, arvad elədim.

Çox səbirli qadın olan əmim arvadı da dil altda qalmayıb asta-asta sözünü yeridərdi:

- Əlbət səndə çoxuymuş ki, üç subay oğlana ərə getmisən...

İndi Maral bunu yada salmaqla təzə gəlinin bir ovuc cehizlə gəldiyinə işarə vururdu.

***

Evdəki soluxmamış əşyaları da Nərgizin cehizlərinə qatıb otağı bir balaca üzə çıxarılası hala gətirdilər. Rus eltim də məni qınayandan sonra toy ərəfəsində tutduğum əməldən lap peşman olmuşdum. Ancaq təzə eltimin anasının göndərdiyi xəbər qulağıma çatanda peşmanlığımdan əsər-əlamət qalmadı.

Gəlinin anası bizdən onlara getmiş arvad nümayəndə heyətinə bərk-bərk tapşırmışdı:

- Olmaya-bilməyə qızıma Bircənin gəlinlik donunu gətirərsiz ha!..

Mən bu ocağa gələndən sonra bu nəsildən gəlin köçmüş qızların çoxu mənim gəlinliyimi geyinib qapıdan çıxmışdı. O vaxtlar indiki kimi deyildi – gəlin donu almağa yalnız imkanlı ailələrin gücü çatırdı; sonra o don uzun müddət əldən-ələ gəzirdi, kasıb qohum-əqrəba, yoxsul qonum-qonşu da lazım olduqca ondan istifadə eləyirdi. Atamın Səməndərin arvadı üçün Səmərqənddən alıb gətirdiyi gəlinliklə az qala bir kənd qız ər evinə köçmüşdü.

Naçar qalan baldızım Maralın üstünə gedəndə eltim də sitallığına saldı:

- Bacı, mənim donum sənin xalan qızları kimi gəzəyən deyil. Bir də gərək o donun içinə iki belə gəlin soxasız. Gəlin eşşək qanqalına oxşayır, mənim donum ona gəlməz.

Axır qız adamları məcbur qalıb özləri bu işə əncam çəkəsi oldular.

***

Noyabrın 10-da, yağışlı-palçıqlı soyuq bir gündə qapımızdan kəndə toy səsi yayıldı. Atam, əmilərim, bibim, qardaşlarım yığılıb Elgizin xeyir işinə gəldilər. Onlardan ötrü toy bəhanə olmuşdu, fürsət tapan kimi məni bir qırağa çəkib gün-güzəranımla maraqlanırdılar, indən beləyə hansı planlarımın olduğunu soruşurdular, məni ortaya qoyub ağıl verirdilər.

Səhərin gözü açılandan Misir əmiylə Sahib əmi məni yanlarından aralanmağa, əlimi bir işə atmağa qoymurdular:

- Get sən də bəzən-düzən, qəşəng paltarlarından geyin əyninə. Amma Cavidin əlini əlindən buraxma, uşaq gözdən yayınıb xata qayırar.

Maral öz tərəfindən gələn qonaqlara mənim otağımda süfrə açmışdı; qazanda buğlanan plovdan, bozartmadan, yarpaq dolmasından daşıyıb bacılarının qabağına qoyduqca baldızımla qaynanamın elə bil dərisini soyurdular. Şirniyyat dolu xonçaların yanına Zöhrə xala öz bacısını bağlamışdı. Nənəm həmişə “Toy – doy” deyərdi; indi bunlar ana-bala imkan vermirdilər ki, qonaq-qara ağzına ürəklə bir tikə aparsın. Qaynıma görə sevinirdim, amma təzə gəlinin hələ ər evinə ayaq basmamışdan tutduğu əməlləri yadıma salanda canım üşənirdi. Bilirdim məni qarşıda ağır günlər gözləyir.

Gəlin maşını qapıya dirənəndə Zöhrə xala mənə dedi:

- Bircə, sən Allah ordan bir çəngə üzərlik gətir yandır.

Cavidin əlini buraxıb tez özümü verdim limonxanaya, bir topa üzərlik götürüb mis kasaya basdım, arasına soğan qabığı qoydum, üstünə duz çilədim, aş qazanlarının altından köz götürüb kasaya atdım. Tüstülənən üzərlik əlimdə bəy-gəlinə yaxınlaşanda qaynanamın bir gözü mayıf bacısı nə təhər cikkə çəkdisə ayağım yerə yapışdı:

- Sən dəymə, sən dəymə! Əlindəkiləri at ocağa, özüm gəlirəm.

Mis kasa əlimdə döyükə-döyükə qaldım. Arvad yüyrək mən götürən yerdən bir xışma üzərlik gətirib palçıqlı xəkəndaza atdı, üstünə də iri bir köz qoyub oynaya-oynaya özünü bəy-gəlinə yetirdi.

Maral hirslə kasanı əlimdən aldı:

- Kül sənin başına, ver bura görüm! Qorxursan bu eşşək qanqalına göz dəyə?

Sonra tüstülənən kasa əlində qovağın dibinə yığışıb Misir əmiylə söhbətləşən qardaşlarıma yaxınlaşdı:

- İrəli durun bu tüstü sizi vursun. Burda göz dəyəsi adam bax bu kişilərdi, - deyib üzərliyi qardaşlarımın başına dolandırdı.

Misir əmi şirin dillə onu danladı:

- Nədi, nolub yenə şitliyin tutub?

- Şitlik eləmirəm ey, bu Bircəni ağıllandıra bilmirəm...

Mahmud əminin qohumları mənə hansı istəklə, hansı mərhəmətlə (xəcalət qarışıq mərhəmətlə!) yanaşırdılarsa, Zöhrə xalanın qohumları da o hikkəylə, o nifrətlə məni bu toy mərasiminin adət-ənənə sayılan hər xırda ünsüründən uzaq tutmağa çalışırdılar. Eminin əmiləri, əmisi qızları qapıda toy çalındığına görə məndən utanırdılar, məni qonaqların tünlüyündə azdırıb dərdimizi bir günlük də olsa unutdurmaq istəyirdilər. Eminin xalaları, xalası qızları isə toyun yemək-içməyini də məndən qorğanırdılar. Bir tərəf özünü mənim qarşımda xəcalətli aparırdı, o biri tərəf toyda qırılan qab-qacağın da günahını məndə görürdü. Bir tərəf məni baxtına güllə dəymiş zərərçəkən kimi tanıyırdı, o biri tərəf mənə bu ocağa fəlakət gətirmiş bəduğur kimi, Eminin qatili kimi baxırdı.

***

Gün əyiləndə bizimkilər mənə bir seans da öyüd-nəsihət verib getdilər. Məclis də uzun çəkmədi, Yunus toyu ertədən dağıtdı. Əslində o, əvvəldən də məclisin çalğılı olmasını istəmirdi, deyirdi Emindən sonra dəbdəbəli, çal-çağırlı toy eləmək bizə yaraşmaz, el bizi qınayar. Ancaq qaynanamla baldızım ipə-sapa yatmadılar. Düzü, bu məsələdə mən də onların tərəfindəydim, deyirdim ömürdə bir dəfə olan işdi, toyu yasa döndərmək yaxşı deyil.

Yunus arvadların təzyiqi qarşısında geri çəkildisə də, sonda yenə öz bildiyini elədi – toyu bəy tərifinə qədər uzatmağa qoymadı, çalğıçıları axşamdan yola salıb məclisə yekun vurdu. Gəlinin qohum-əqrəbası da bu səbəbdən toydan ağzıburuq getdi.

Toy mağarı soğulanda Misir əmi Cavidlə məni götürüb öz evinə apardı. Qaynanam tör-töküntünün çox olduğunu səbəb gətirib etiraz eləmək istəyəndə kişi acıqlı-acıqlı onun üstünə yeridi:

- Gedin qohum-övladınızın altını özünüz kürüyün! Elə bilirsən görmədim, sənin qırılmışların bu gün mənə dağ çəkdilər, bu qızı qoymadılar əlini süfrəyə uzatsın. Sənin qancıqların (bacılarını deyirdi) bunu heç gəlinin otağına da buraxmadılar.

Zöhrə xala üzünə bir şillə çəkdi:

- Oy, ay qağa, arvadın yaxşı doldurub səni. Bəs bilmirsən el adətidi, yarımayan gəlini təzə gəlinin xonçasına əl vurmağa qoymazlar?

Misir əmi geri çevrilib qan sağılmış gözləriylə məni axtardı. Həm xəcalətdən, həm də qəzəbdən titrəyirdim. Baxdım kişi əməlli-başlı karıxıb, qaranlıqda məni seçmir, tez irəli durdum. Əl atıb biləyimdən tutdu:

- Götür uşağını, düş qabağıma!

Sonra yenə Zöhrə xalaya sarı çöndü:

- İndi get elin adətiylə bacılarını, bacın qızlarını yığ başına, yu, yığışdır, duvaqqapmadan sonra Bircəni özüm gətirəcəm.

Bunu deyib kişi Cavidi qucağına aldı, mən də dinməzcə düşdüm onun yanına.

O gecə Misir əminin Bakıdan toya gəlmiş qızının, gəlininin qarşısında özümü ovlağında vurulmuş, əməyinin barı zəqquma dönmüş, urvası urvatsız, dönəlgəsi dönük, qədəmi zindan, əli düşərsiz bir ifritə kimi, lənətlənmiş, damğalanmış şeytan fəhləsi kimi hiss elədim. Mənim kimi talesizlərdən söz düşəndə nənəm həmişə “Yazığın iyi dükcəsiz oldu” deyərdi. Bu evdə çox mehriban qarşılansam da, içimdən rahatlanıb ev adamına, qız-gəlinə qaynayıb-qarışa bilmədim. Qaynanamın qohumları “qaradaban” deyib məni o qədər yamanlamışdılar ki, Allahın uğursuz bəndəsi olduğuma özüm də inanmışdım. Qorxurdum gəlişim bu evə də bir bədbəxtlik gətirə, ona görə səhərəcən göz yuma bilmədim, danı diri tutdum...

***

Ertəsi gün günortadan sonra Elgiz arxamca gəldi, Misir əmiyə yalvar-yaxar eləyib məni geri qaytardı.

Maral bizi pilləkənin başında qarşılayıb əllərini belinə vurdu:

- Hııı, nooldu, səbrin çatmadı oturasan rahat yerdə? İrəli dur yaxşı bax: bu tör-tökünük, yağlışoy qazanlar, hisli çaydanlar səni gözləyir.

Düz deyirdi, di gəl, zibili dizə çıxsa da mən ancaq bu evdə rahatlıq tapa bilirdim.

- Neylək, - dedim, - hərənin bir qisməti, bir yazısı var. Görünür bulaşıq yumaq da mənim taleyimə yazılıb.

Maralın ürəyi yenə soyumadı, zalda süfrə başına yığılmış adamlara barmağını tuşudub dedi:

- Görürsən onları? Sən də get qarış o sürtüklərə, əlini ağdan-qaraya vurma, bu soyuqda çıxma evdən. Qoy yediklərini yuyub-yığışdırıb cəhənnəm olsunlar.

Zöhrə xala aşa-aşa özünü yetirdi:

- Balam, Allah xeyirə calasın, hamınız yaman dərs keçirsiz bu gəlinə, - dedi. - Özün əlini ağdan-qaraya vurmursan, hələ Bircəni də öyrədirsən. Sən ağa, mən ağa, inəkləri kim sağa? Kim görəcək bunun evinin işini?

- Odey, təzə gəlin gətirmisən, dursun təmizləsin.

Qaynanamla Maralın deyişməsinə bənd olmayıb içəri keçdim.

Rus eltim axşam qatarıyla getməyə hazırlaşırdı. Mənim bişirdiyim mürəbbələri çox bəyənirdi, ona görə də evə qayıtmağım onu sevindirmişdi. Ev, paltar məsələsindən sonra onlardan soyumuşdum, Akif qaynımı heç dindirmirdim. Rus eltim tez-tez mənə deyirdi:

- Sənin qardaşların kimi bircə qardaşım olsa Akiflə bir gün də ömür sürmərəm.

Toyun çalğısı ara verəndə neçə dəfə qulağıma pıçıldamışdı:

- İndi bu evdə səndən xoşbəxt adam yoxdu, inan.

Anlamırdım mənim nəyimə həsəd aparır. İncikliyi, kin-küdurəti qatlayıb bir qırağa qoyub, bişirdiyim mürəbbələrdən, qurutduğum meyvələrdən, bağladığım balonlardan ona bolluca pay tutdum. Nə verirdimsə sevincək qapıb zənbilinə yığırdı. Axırda həyətdəki çolpalardan, qoz-fındıqdan da pay istədi.

- Onlar mənlik deyil, - dedim, - get Zöhrə xaladan istə.

Axşam qaynımgil yükünü tutub gedəndən sonra ev yenə suyu soğulmuş dəyirmana döndü. Qaynanam yenə yorğana bükülüb hıqqıldamağa başladı, evdə toy havasından, şənlikdən, şenlikdən əsər qalmadı.

ardı var

# 2358 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #