news-inner
clock21:00 calendar-gray 29 May 2018 view-gray744 dəfə oxunub
view-gray744 dəfə oxunub

Elçin Məmmədov: “Azər Paşanın gözünə görünmək istəmirəm” - ANIM

Kulis.az professor İlham Rəhimlinin rəssam-aktyor Elçin Məmmədov haqqında yazdığı “Azman bədəndə titrək ürək” yazısını təqdim edir.

Elçin Məmmədovun anası, Xalq artisti Barat xanım Şəkinskayadan kitab yazıram. İyirmi beş gündür başlamışam. Ona görə Elçinlə və onun bacısı Solmaz xanımla bəzən gün ərzində bir neçə dəfə zəngləşirik...

Ay Allah, işə bax, indi mən tələbə dostum, teatr sənəti ilə bağlı dostum Elçin barədə keçmiş zamanda danışıram...

Fevralın 18-də, saat 2-yə 10 dəqiqə qalmış Milli Dram Teatrından onun emalatxanasına zəng vurdum. Girişləri bir, otaqları ayrı, telefonları eyni olan rəssam Mayis Ağabəyov dəstəyi qaldırdı. Elçini soruşdum. Dedi, indicə otaqdan çıxdı, dayan görüm, pəncərədən baxım... hə, odey, maşınına oturub getdi.

Sağollaşdım və Elçinin əl telefonunun nömrələrini yığdım. Həmişəki kimi salamsız-kəlamsız, adımı iki hecada dedi:

– Hə, İl-ham, eşidirəm.

– Salam, hara gedirsən, Elçin?

– Heç... Buralarda, bir yerdə çörək yeyib qayıdıram.

– Yuxudan təzə durmusan?

– Ağ eləmə, nahara gedirəm.

– Yaxşı, get, ancaq emalatxanaya qayıdanda mənə zəng vur. Gəlim bir az söhbətləşək. Barat xanım xatirə dəftərlərində səninlə bağlı hadisələr yazıb, onların tarixlərini müəyyənləşdirmək istəyirəm.

– Bildim... Oldu... Zəng vuraram…

Saat dörd radələrində əl telefonuma zəng vurdu.

– Mənəm, Elçindi. Gedirəm emalatxanaya. Nə vaxt gələssən?

Dedim:

– Saat altıda.

Soruşdu:

– Niyə indi yox, altıda?

Mən də dedim:

– Sənin ipinin üstünə odun yığmaq olmaz. Saat altıya kimi emalatxanaya gedib çıxsan böyük şeydi

Güldü:

– Hə, bunu düz deyirsən. Onda əvvəl zəng vur, sonra gəl.

– Elçin, sabah teatr muzeyinə getməliyik. Barat xanımın oynadığı tamaşalardan çəkilmiş fotoların neqativlərini seçmişdik ha, onları götürməyə. Yadındadı də?

– Əşşi, sən də rəhmətlik mamam kimi məni elədin lap huşsuz. Əlbəttə, yadımdadı. Hələ Tərlan Qorçiyevə zəng vurub, onu da götürəcəm. Qoy Tərlan da baxsın şüşə neqativlərə. Bəlkə kompüterdə üzünü Tərlan çıxartdı. Neçədə görüşək?

– Saat 12-də gəl Aktyor evinə. Əvvəl oradakı neqativlərə baxaq. Demişəm, Məlahət xanım arxivdə olanları seçib hazırlayacaq. Yarıyan varsa götürüb çap elətdirərik. Ordan da gedərik muzeyə.

– Yox... Aktyor evinə yox, Azər Paşanın gözünə görünmək istəmirəm. O günü gəlmişdi emalatxanaya. Məni söysəydi, ondan yaxşıydı. Elə tərs-tərs baxırdı ki...

– Yenə neyləmisən?

– Onun da deyəsən işi-peşəsi qurtarıb, dünyanın bu vaxtında “Hamlet”i qoyur tamaşaya.

– Guya bilmirdin?

– Niyə bilmirəm ey... Tamaşanın rəssamı mənəm. Amma eskizlər hələ hazır deyil... Yaxşı, görüm axşam neynirəm. Onsuz da Azik deyib ki, səhnə bom-boş olsun. Teatrın dekorasiya düzəltməyə pulu yoxdu... Sağ ol... Görüşərik...

Image result for Elçin Məmmədov

Axşam saat beşə qalmış emalatxanaya zəng vurdum.

– Salam Mayis bəy. Elçini...

Hıçqırıqlar... “Alo... alo...” Hıçqırıqlar... və Mayis Ağabəyovun xırıltılı səsi:

– İlham, Elçin yoxdu... On dəqiqə əvvəl keçindi... Təcili yardım burdadı... Uşaqlara da zəng vur... İndi aparırıq məscidə...

Oturub fikirləşirəm...

Kimə zəng vurum, axı? Kimə deyim ki, Elçin Məmmədov yoxdu. Azər Paşa yadıma düşür. Onlar ikisi birlikdə Bakıda, Sank-Peterburqda, Arxangelskdə, İrəvanda, Tallində... o qədər tamaşa hazırlayıblar ki… Azər Paşaya necə xəbər verim ki, “Yeddi oğul istərəm” filmindəki dəli-dolu Mirpaşanı, “Dədə Qorqud”dakı Qaraca çobanı oynayan, dağ cüssəli, ürəyi ipək sapdan da zərif Elçin daha gözlərini açmayacaq? Axı Azər Paşanın həyatda qardaş bildiyi iki dost varsa, birincisi Elçindi...

Bunları düşünə-düşünə maşını dördüncü mikrorayona sürürəm. Elçinin emalatxanası ordadı.

Image result for yeddi oğul istərəm

Cib telefonum zəng çalır. Düyməni basmamış ekrana baxıram. Azər Paşadı. Böyük tərəddüdlə “Alo” deyirəm. O isə danışa bilmir, için-için ağladığını eşidirəm...

...Elçinin evindəyik. Cənazə o biri otaqdadı. Kişilərin əksəriyyəti həyətdə, blokun ağzında, dəhlizdə, bir qismi də balaca otaqda toplaşıb. Əksəriyyəti rəssamlardı.

Mən də otaqdayam və biz oturmuşuq. Oturmamışdan əvvəl Elçinin bacısı Solmaz xanımı gördüm. O qədər ağlayıb ki, nə səsi çıxır, nə də göz yaşı. Üzümə baxıb heç məni tanımadı da.

Hönkür-hönkür ağlayan Solmazın qızı Afətdi. Bir də gəlini Suğra. Qalan ağlayanları tanımıram.

Oturmuşuq otaqda.

Nəğmələri könüllərə qanad verən bəstəkar Cavanşir Quliyev elə büzüşüb ki, sanki özü, görkəmi ağı deyir.

Fərhad Bədəlbəylinin eynəyinin qalın şüşələrini göz yaşının təri basıb. Onun qızarmış gözləri güclə görünür. Başını divara söykəyib, elə bilirsən sənə baxır. Ancaq heç özü də bilmir ki, hara və niyə baxır.

Image result for Qaraca çoban

Tərlan Qorçiyev yarımpaltonun içində yumağa dönüb. Tez-tez başını bulayır və dodağının altında nəsə deyir.

Qardaşı Çingizin səsi xırıldasa da, əsəbləri cilovsuzdur. “Bəlkə heç sabah yekələrdən kimsə işə gəlmədi. Neyniyək, ölümüzü basdırmayaq? Onları gözdüyək? Axı günahdı...”

Elçinin əmisi oğlu Əsəd hamıdan çox ağlayır. İki dəfə əyilib mənim qulağıma dedi: “İlham, vallah, Elçinin ölməyə... belə tez ölməyə mənəvi haqqı yox idi...”

Bu da oğlu Mehdi. Rəngi elə qaçıb ki, deyirsən bəs ətində qan yoxdur. Matdım-matdım gah ora baxır, gah bura. Arada otaqdan çıxıb qayıdır. Üzünü Azər Paşa Nemətə tutur:

– Azər əmi, Kərim zəng vurmuşdu. İmkan olsa sabah Kiyevə, oradan da Bakıya uçacaq. Bəlkə dəfni birisi günə keçirək?

Yaxın qohumları və dostları çək-çevir edirlər. Qərar qətiləşir. Dəfn fevralın 20-də olacaq.

Harada?

Hələ bilinmir...

Kərim Elçinin oğludur və o da atası kimi rəssamdır. Hazırda Polşada yaşayır.

Evə hər təzə adam gəldikcə o biri otaqdakı qadınların qəlb göynədən ağlaşması ürəkləri piltə-piltə yandırır. Kimin nə dediyini anışdırmaq olmur, amma səslərdəki qövr, nalə adamın duyğularına od qoyur.

Gecə saat 1-di. Sabah tezdən Azər Paşa ilə görüşüb Elçinlə vida “nəğməsi” (nekroloq) yazmağı planlaşdırmışıq.

Yazmalıyıq ki, Elçin Məmmədov böyük rəssam, görkəmli teatr xadimi idi.

Yazmalıyıq ki, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Milli Dram Teatrının baş rəssamı Elçin Məmmədov milli pulumuzun, milli ordenlərimizin, milli pasportumuzun dizayn-rəssamlarından biri idi.

Yazmalıyıq ki, onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Bir də yazmalıyıq ki.

Bu gün o da müəyyənləşməlidi ki, Elçinin özü demişkən, “Pikasso maşınına” güclə sığan əzəmətli bədəni hansı məzarlıqda torpağa tapşıracağıq. Bunu da ən tezi fevralın 19-da günorta biləcəyik.

Amma hələ gecədir...

Amma hələ Elçinin ruhu öz ocağındadır...

Amma hələ oğlu Kərim ata tabutuna girmək üçün yol gəlir...

Amma hələ kimsə sabah Elçinin qəfildən tabutdan baş qaldıracağına inamla yaşayır...

Amma hələ çox adam inanmır ki, Elçin Mehdi oğlu Məmmədov ölə bilər...

Amma hələ Azər Paşa yenə deyəcək: “İlham həmişə dua eləmişəm ki, məni o dünyaya dostlarım yola salsın... Allah səsimi eşitmədi... Çiynim indidən ağrıdan əyilib...”

Tərlan Qorçiyev də pıçıltı ilə bunu deyəcək: “Yazıq Elçin, Barat xanımın kitabını necə intizarla gözləyirdi. Qismət olmadı.”

Mən də özümdə təpər tapıb, yazıma bu cümlə ilə nöqtə qoyacam: Darıxma, Tərlan, qismət olacaq!

Sonra da qəlbən, ruhən Allaha yaxın olan Elçin barədə bu sözləri yazacam: “Allah dərgahına qədəmlərin mübarək, Elçin.”

Hələ Elçinlə vidalaşmağa bir günümüz də var. “Gecən Allaha qalsın, Torpağa qədər, Elçin.”

Yatacağın torpağı öpəndə sənə bir sözüm də olacaq, Elçin.

Səsim sənə tanış gəlir, Elçin?.

...

Tanımadın, mənəm də: İlham Rəhimli.

18 fevral 2001-ci il

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020