writer1

Tural Turan

Məqalə sayı

4
clock13:20 calendar-gray 04 May 2018 view-gray454 dəfə oxunub
view-gray454 dəfə oxunub

Mənim ilk cinayətim

Kulis.az Tural Turanın “Keçiyə elegiya” yazısını təqdim edir.

Aranızda qoyun-keçi sağan tərəkəmələr varsa, bunu yaxşı bilər, qoyunların içində sağın zamanı ovşara getməyən cavan eşşəklər, küyərlər, birinci qarına doğan çəpişlər yaman əmcəyikəsik olur. Süd verməyə canları çıxır. Südlərini oğara çəkirlər – yəni, qısırlar. Balasına saxlamağa, sağıma imkan verməməyə çalışırlar. Tərəkəmə gəllədarları – işbilənləri sağım zamanı həmin “cüvəllağıları” qabağa salırlar ki, silə - dolu vedrəni aşırmasın. Yoxsa, bir bardaq südə görə, o boyda pendirin mayasını malızay edərlər.

Günlərin bir günü vedrəni alıb xalxala girdim. Necə oldusa qırmızı yanal küyəri unutdum; birinci sağmadım. Axıra qaldı. Vedrəni oturduğum sağım kötüyünün yanında qoyub küyəri tutmağa çalışdım. Handan-hana xalxalın küncünə qısqayıb hulqumundan yapışa bildim. Elə yenicə əlimi tüpürcəkləyib sağmağa başlamışdım ki, cavan keçi bir vedrə südü aşırdı. Bir anlıq atam gözümün qabağına gəldi. Daha doğrusu, deyəcəyi sözü – fərsiz oğlu fərsiz!..

Cin təpəmə vurdu, gözlərim böyüdü. Gözüm xalxalın qarmağından asılan yun qayçısına sataşdı. Keçinin yerə aşırdığı südü ayaqlaya-ayaqlaya qayçını asqıdan götürdüm. Yanal küyəri uzun, salxım tüklərindən qaldırıb yerə çırpdım.

...Bir o yadıma gəlir ki, keçinin məməsi qan içində idi.

İlyarımlıq, cəmi bir qarın doğmuş küyərin döşünü, üç aylıq balasının əmziyini kəsmişdim. Hirsim soyumamışdı. Atamın əmilərimin yanında məni şillələyəcəyindən ehtiyat edib – indiyə qədər bir şillə də vurmayıb, əslində o qədər danışmağın qabağında bir şillə ondan yaxşıdı ha... – oradan əkildim. Əmim oğlunun dediyinə görə, atam keçini o günə mənim qoyduğumu elə həmin an anlamışdı. Dinməmişdi. Arxamca nə dinib, nə də söylənib. Sakitcə çəpişi son dəfə balası ilə görüşdürüb sol (sağ qalan məməsi) döşünü əmizdirdikdən sonra sıyırıb başını kəsmişdi. Atamdan yaşca böyük əmim atama – nelliyirsən? Niyə kəsirsən? – sualını verəndə isə atam – mənim heyvanımın içində tayməmə heyvan olmaz, çəpiş olanda nə olar, onun da namusu var – deyib bıçağı yanal küyərin başına çəkmişdi.

Əmim oğlu axşam “qırmızıyanal”ın cəmdəyini qapıya gətirəndə hirsimdən hönkürdüm. Peşman olduğumu düşünürdüm, sonra necə oldusa hər kəs yatandan sonra əmimgilə xalxalın yanındakı quzuluğa – quzuların olacağına getdim. Küyərin çirtikbuynuz balasının qarnı tox idi. Yəqin hansısa balası ölmüş keçiyə ya da qoyuna yanlamışdılar. Ac qalmaması üçün hansısa balası ölmüşə təliyəcəkdilər. Bütün yetim quzu və oğlaqlar kimi...

Çəpişi öpüb oxşadıqdan sonra qonşu kənddəki Alpı kişinin əhvalatı gəlib gözümün önündən keçdi. Arvadı doğum üstə qanaxmadan ölən Sona xala balasını ilk və son dəfə əmizdirib atasına sarı uzadır. Sonra gözlərini yumur. Sonanın açıq qalmış gözlərini bağlayır. Çevrilib ağ mələfədəki oğluna baxır. Alpı kişi yetimlik bir şey deyil a zülyət, istəmərəm mənim oğlum ələ baxa – deyərək iki-üç saatlıq körpəni boğub anasının sinəsi üstə uzatmışdı.

Çəpişi tay-tuşlarından ayırıb quzuluğun dalındakı daldey yerə keçdim. Başını korkəsməz bıçaqla üzüb baltaağız əniklərin qabağına atdım. Son dəfə hıçqıra-hıçqıra “Basar”ın balalarının qabağında ora-bura dartışdırılan oğlağa oradan uzaqlaşdım.

Sabahsı atam oğlağı axtaranda “yarım qalmış namusumu təmizlədim” – deyə cavab verdim. Atam başını qaldırmadan, ağır avazı ilə üzünü mənə tutub – Alpımı oldun əə maa? – dedi. Yeddi yerimdən keçdi söz. Nə o dindi, nə də mən.

O hadisədən sonra sir-sifətim muçuqladı. Yanal küyər də, balası da hər gecə ağ mələfə geyib yuxularıma gəlirdilər. Heç nə demirdilər, ayağımın dibində otlayırdılar. Qulaqlarının üstünə gözümdən bir damcı yaş düşdükdən sonra gəlladar əmim gəlib onları sürünün içinə qatırdı. Hövlənk ayılıb təzədən qorxa-qorxa yuxuya gedirdim...

Atam-anam, həmin ana-bala şəhidlər – Tanrının izni ilə - indi məni dünyanın ən saxsıürəyi edib. Atam indi hərdən deyir ki, - nə kövrək olmusan ə, Alpı, şətəl o yanal küyərin əmcəyində imiş...

Yazıq dədəm ta bilmir ki, həmin yanal küyər yadıma düşəndə qorxumdan əllərim bükəcəyimə gedir. Qorxuram ki, bir gün kimsə mənimkini də kəsəcək.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020