writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock09:00 calendar-gray 23 Noyabr 2012 view-gray2380 dəfə oxunub
view-gray2380 dəfə oxunub

Rafiq Tağının qatilinə məktub


(Din adına bəndəni öldürtdürüb meyitini Allahın evinə göndərmək, kiminsə başını kəsib valideyininə yollamaq kimi bir şeydir...)

Salam Allahın adıdır, sənə düşmür, amma mən onu yenə də sənə verirəm: Salam!
Sənə heç bir qərəzim yoxdur. Heç iradım da yoxdur (Sən yapdığını yapdın, çəkdiyini də çəkəcəksən). Sadəcə bəzi deyəcəklərim var.

Çox güman ki, sən heç vaxt hansısa bir insan övladından məktub almamısan. Heç almayacaqsan da. Yəqin ki, texnologiyanın məktubu çoxdan sıradan çıxdığı bir zamanda bu, keçmişə-yəni sənin kimi bir cahilə yazılan birinci və sonuncu məktub olacaq...

Oxu! Allahın adıyla oxu......!!!

İlk öncə istəyirəm biləsən ki, Rafiq Tağını vurduğun gün də, o xəstəxanada yatan günlər də, məsçiddə kəfənlənəndə və məzara kömüləndə də, xanımı – həyatım puç oldu- deyəndə, balaları – ata – qışqırıb ağlaşanda da mən sənin haqqında düşünmüşəm. Dəyərdinmi sən buna, dəyərin öldürmək olduğu halda? Bilmirəm!

...Cənazəsini evinə apardıq. Həmin gün ilk dəfə idi ki, Rafiq Tağı onu çağıranlara hay vermirdi...
Həyətdə hamı Rafiq Tağını hər yerdə axtarırdı, bircə tabutun içindən başqa. Qızı deyirdi ki, “oradakı mənim atam deyil”...

Bil ki, indi Rafiq Tağının anası bəlkə də Azərbaycanda yeganə Allah adamdır ki, sənə və arxandakılara qarğış eləmir. Çünki, nəinki balasını öldürdüyündən, heç axşamın qaranlığında arxadan cumub bıçaqlayaraq onu xəstəxanaya saldığından da xəbəri yoxdur. Gizlədirlər ondan sənin əməlini, biləsən, gizlədirlər...!

Məsciddə duydum bunu. Rafiq Tağı kəfənlənən zaman qardaşları öz aralarında bu xəbəri analarına necə verəcəklərini pıçıldaşıb ağlaşırdılar:

- Anamıza deməyək!

- Bəs nə deyək?!

- Deyək ki, Moskvaya gedib, uzun müddətə (Rafiq Tağı Azərbaycanın ağır vaxtında
Moskvada gül kimi gələcəyini atıb Bakıya gəlmişdi).

- Nə vaxtadək gizlədə biləcəyik bunu anamızdan?!

- Bilsə də arvadın ürəyi dözməyəcək...

-Yox, bura qədərini deməmişik, bundan sonrasını da deməyək...

Bax, mən bütün bunları sənin əvəzindən eşidirdim orada. Bəlkə də həmin vaxt anan qabağına çay qoyub sənə baxmaqdan zövq alırmış (bəxti gətirməyib, bu vaxtacan yaşayırsa)...

Mən sənin Rafiq Tağını niyə öldürdüyünü on yaşlı oğluma heç cür izah edə bilmirəm. O mənim sözlə nəyisə anlatmaqda çətinlik çəkdiyimə heç cür inana bilmir, ağlayır və izah tələb edir. Maraqlıdır, görəsən sən öləndə sənin uşağın səni, mənim oğlum Rafiq Tağını ağlayan kimi ağlaya biləcəkmi....? Kaş biləydi... Axı səni də anan bir vaxtlar insan doğmuşdu...

Əslində kitablara inansaq, bütün dinlər insanı Allaha yönəltmək üçün bir vasitədir. Özü də yaxşı vasitə. Rafiq Tağının isə günahı o idi ki, Allaha doğru öz çığırını salmışdı. Yəni dinin göstərmək istədiyini özü tapmışdı... İndi əgər sən onu buna görə-yəni din adına vurdunsa, bil ki, ayağının altına Quranı qoyub yuxarı qalxdın, amma çörək götürmədin, Allaha barmaq silkələdin....

Məsciddə mollanın səsini qulaqlarımda batırıb Allahı axtarırdım... Axtardım, axtardım və tapdım. Allah, Rafiq Tağının üstünə yeddi yerdən bıçaq sancılan ürəyində idi... Özü də təlaş içində... Sən o gecə insana əl qaldırmaqla əslində Allahı qorxutduğunu bilirsənmi heç ?! Sənə anan demədimi heç “Adam Allahı ayətullahın ayağına verməz...”

Səhəri gün hansısa imkansız xəstəsinə öz cibinin puluna xəlvətcə alacağı dərmanların reseptini deşib keçdi sənin bıçağın həmin gecə, bildinmi?!
Bundan sonra evindəki mətbəxt bıçaqları da aptek qoxusu verəcək sənin üçün...

Bilsən təbiət yolları dondurub, qum qarışıq qarı yaşı kipriklərdə buz bağlamış gözlərə soxaraq sənin öldürdüyünü basdıra bilməmək üçün nələr etdi həmin gün. “Qurd qapısı”nda insanlar ulaşırdı o çovğunda. Hər yerini qar ağartmış qəbristanlıqda təkcə sənin əməlin qaralırdı...

Yəqin ki, sən bütün bunları isti evdə, çay içib də qəzetlərdə və bəzi televiziyalarda izləyirdin. Əlbəttə ki, qorxa-qorxa...

Bilirəm, qorxursan, bir gün səni insanların tutub hamıya göstərəcəklərindən qorxursan. Kaş kimi öldürdüyünü anlayıb qorxaydın...

Bəlkə də sən Allahın yer üzündəki sonunçu mələyini öldürmüsən, xəbərin yoxdur ?!
Bil ki, mələyi öldürülən məmləkətdə günahkar tapılmayınca, hamı qatil sayılır. Sən indi qatillər məmləkətində yaşayırsan...

Ölənədək bıçaqla kəsdiyin bütün çörəklərdən qan damacaq...

Ömrün boyu arxandan təngənəfəs, üzü qapalı addım səsləri eşidəcəksən...
Hava qaralanda dəmir yol relsləri keçən küçələrdən keçmə (o cür yerlərdə ölməyənlər xəstəxanadan sağ çıxmır)...

Vicdanını itirdin, bıçağını itirmə. Vaxt olacaq, onunla həmin yerdə şəkil çəkdirəcəksən...

P.S. Salam Allahın adıdır, sənə düşmür, amma mən onu yenə də sənə verirəm: Salam! Biz hamımız qardaşıq...


İlqar Rəsul Bakı-24.11.2011






REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021
Hosteldə ölən qızları söyənlər
10:39 19 Aprel 2021