Tahir Əmiraslanov: “Qadın bədənində piy olmasa, sağlam uşaq doğa bilməz” - MÜSAHİBƏ

<span style="color:red;">Tahir Əmiraslanov:  “Qadın bədənində piy olmasa, sağlam uşaq doğa bilməz” - <span style="color:red;">MÜSAHİBƏ
14 mart 2018
# 09:00

Bu gün - Martın 14-də Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun 60 yaşı tamam olur. Qərara aldıq ki, 60 yaşın astanasında Tahir müəllimlə görüşüb söhbət edək. Amma onu daha yaxından tanımaq üçün bu dəfə kulinariyadan deyil, tamam başqa mövzulardan danışaq. Məsələn, ədəbiyyatdan, şəxsi həyatından, maraqlarından və s... Söhbətə Tahir müəllim başlayır...

- Bu il anam xətrimə dəydi. Həmişə mənim tərəfimdə dururdu, bu dəfə durmadı. Dostlar deyirdilər bu il 60 yaşın olur, inanmırdım. Anam həyatımda birinci dəfə onların tərəfin tutdu (gülür).

- Özünüzü neçə yaşda hiss edirsiniz ki?

- Mən özümü hələ tələbə hiss edirəm. 25 yaşda. O qədər görüləsi iş var. Qarşıma qoyduğum bütün məqsədlərimə çatdım, amma daha böyük məqsədlər əmələ gəldi. Mən hələ çox şeyi bilmirəm. Onları öyrənmək, anlamaq istəyirəm. Dünyada xeyli maraqlı şeylər var ki, onları araşdırıb yenidən ölkəmizə gətirməli, itirdiklərimizi özümüzə qaytarmalıyıq.

- Deməli, yenə də arzularınız özünüzlə bağlı deyil.

- Baxın, mən 1984-cü ildə SSRİ-də ilk dəfə kulinariya təşkilatlarının yaradılması məsələsini qoydum. Qeyri-formal olaraq bunu artıq 86-cı ildə Gəncədə təsis etdim. Özümdən müxtəlif yeməklər yaradırdım. Sonra fikirləşdim, görəsən mənim də yaratdığım yeməklər məndən sonra 50 il, 100 il yaşayacaq, ya yaşamayacaq? Axı bu xalqın yaratdıqları min illər yaşayır? Deməli, xalqın yaratdığı üstündür. Sonra gördüm ki, tanınmış, məşhur insanlar xalqın yaradıcılığı ilə məşğul olub ona önəm veriblər. Məsələn, Üzeyir Hacıbəyovu çox sevirəm. Dünyada o qədər klassik musiqi yazan kompozitor var ki, Üzeyir Hacıbəyov sazı, muğamı musiqiyə gətirməsəydi, onlardan biri olacaqdı.

- Üzeyir Hacıbəyovun bizim üçün önəmi Azərbaycan musiqisini klassik musiqi səviyyəsinə qaldırmasıdır.

- Təkcə bizim üçün yox, elə dünya üçün də. Niaqara şəlaləsi yanında Motsartın 300 illiyi keçiriləndə nə Şopenin, nə Baxın, nə Bethovenin ifaları səsləndi, tədbir Üzeyir Hacıbəyovun Motsart mövzusunda improvizasiyaları ilə açıldı. Ona görə ki, Üzeyir bəy milli musiqinin üstündə durdu. Elə bu baxımdan rəhmətlik Vaqif Mustafazadənin də adını çəkə bilərik. O, muğamı caza calamasaydı yüz minlərlə cazmendən biri olacaqdı.

Qısaca bunu anladım ki, sən xalqın yaratdığını qaldıranda, onu araşdıranda xalq da səni sevir və qaldırır. Bəzən elə bilirlər ki, mən göydən alma dərirəm. Yox, mənim elədiklərimin əsas müəllifi Azərbaycan xalqıdır.

- Üzeyir bəy xalq musiqisini toplayıb nota alan kimi siz də xalqda olan bu yemək növlərini toplayıb reseptləşdirməklə məşğulsunuz.

- Bəli, kənd-kənd dolaşıb xalqımızın kulinariya mədəniyyətini araşdırıram, toplayıram, qədim mənbələrimizi öyrənirəm. Dünya kitabxanalarını gəzirəm, xanların saraylarında mətbəx dəftərləri olardı, həmin dəftərləri tapıb öyrənirəm. Mən təzə-təzə başlayanda elə bilirdim ki, Azərbaycanda cəmi 40-50 adda dolma var. Ancaq birinci dolma festivalında 300 dolmanın reseptini toplayıb yazdıq, ikinci festivalda isə 356 dolma növü təqdim edildi. İndi bu reseptlər kitab halına salınıb, çapa hazırdır.

- 300 dolma növünün hamısı Azərbaycana aiddir?

- Hamısı Azərbaycana aiddir. Hələ bunlar 33 rayondan topladıqlarımızdır. O biri rayonları da əlavə etsək bilmirəm nə qədər olacaq.

- Bizim gördüyümüzsə tənək dolmasıdı, kələm dolmasıdı, pip dolmasıdı, bir də “üç bacı”dı. Başqa dolma növləri də varmı?

- Siz bunları Bakıda görürsünüz, ancaq kəndə gedib fındıq dolması, tut yarpağında dolma yemirsiniz axı. Əməköməci dolması dalınca kəndə getmirsiniz axı. Şəhər göylə gedir, kəndə yuxarıdan aşağı baxır. Mən həmişə deyirəm, şəhər kənddən utanmasaydı çox biabırçılıq olardı.

- Belə başa düşdüm ki, dolmanın yarpağı dəyişirsə adı da dəyişir. Görünür yarpağı dəyişməklə yeni adda xörək yaratmaq mümkündür?

- Təkcə yarpaq deyil, onun içi də dəyişir. Hətta tərs dolma deyilən dolma növü var ki, yarpaq ətin içindədir. Deməyim odur ki, xalqın varını-dövlətini toplamaq lazımdır. Xalqın kimliyini saxlayan onun mətbəxidir. Hər şey mətbəxdən qaynaqlanır. Əgər yemək lazım olmasaydı, inəyi əhliləşdirməzdilər. İnəyi sağanda da sayaçı mahnılar oxumasaydılar sayaçı sözlər hardan əmələ gələcəkdi? Və yaxud taxıl əkilməsəydi holavarlar hardan əmələ gələcəkdi?

- Yəni mədəniyyətlə mətbəx arasında düz mütənasiblik var.

- Bütün mədəniyyətlər qazandan çıxıb. Mədəniyyəti mətbəx yaradır. İlk dəfə insanlar Qobustan qayalıqlarında heyvanların rəsmini çəkiblər. Niyə çəkiblər? Ona görə ki, heyvanları tutub ovlasınlar, yesinlər. Rəssamlıq burdan çıxdı. Hətta Qobustanda keçi rəsmləri var ki, ətinin hansı hissəsindən hansı xörək bişiriləcək o da çəkilib. Özü də 12 min il bundan qabaq.

- Qayaüstü rəsmlərdə var bu işarələr?

- İşarə yox e, ətin bişirilməsinin bugünkü texnoloji qaydaları Qobustandadır. Üç yüz, dörd yüz il əvvəl dünya alimlərinin ətin morfoloji quruluşuna görə hazırladıqları bölgü Qobustandakılarla tamamilə üst-üstə düşür. Deməli, 12 min il bundan qabaq Azərbaycanda kulinariya məktəbləri olub.

- Amma tarixdən oxuyuruq ki, 12 min il bundan qabaq insan yeni-yeni oturaq həyata başlayıb, əkinçilik inqilabı baş verib.

- Bunu siz elə düşünürsünüz. Mən də əvvəlcə bunun cavabını tapa bilmirdim, çünki özümü 12-40 min il bundan qabaq yaşayanlardan ağıllı hesab edirdim. Sonra başa düşdüm ki, biz o qədər də ağıllı deyilik.

- Gəlin etiraf edək, insanın 10-12 min il qabaq oturaq həyata başlamasını arxeoloji qazıntılar, karbon 14 testləri, cihazlar deyir, bunlar fərziyyə deyil.

- Qobustandakı keçi rəsmləri əlimizdədir. 12 min il əvvəl çəkilib. Bunu alimlərimiz də təsdiq edib. Biz bunu dünyaya açıqladıq, bütün dünya kulinarları da təsdiqlədilər. İlk dəfə insanlar daş qazanda nəsə bişirəndə ağac çömçə və ya başqa bir şeylə qarışdırdıqca səslər yaranıb. Bunlar ilk ritmlərdir. Bu səslərdən sonra yemək olacaq deyə bunlar çox rahat, sevgi ilə qəbul olunub. Qəbilədən-qəbiləyə gedəndə “sülhlə gəlirəm” deyə bildirmək üçün qazanı və ya qapağını götürüb çömçə ilə döyəcləyirdilər. Bizim Xıdır Nəbi ayinlərimizdə bu adət qalıb.

Evdəkilər evdədimi,

Çöldəkilər çöldədimi,

Verənin oğlu olsun,

Verməyənin qızı olsun.

Bunu oxuya-oxuya, qazanı döyəcləyə-döyəcləyə həyət-həyət gəzirlər. Yəni yemək həm musiqini, həm də rəqsləri yaratdı. Mən UNESCO-nun qarşısında 2008-ci ildə ilk dəfə mətbəx rəqslərini ortaya qoydum. 2011-ci ildə Beşinci Elmi Musiqi Konqresində başqa alimlər də öz vaxtlarını mənə verdilər, 20 dəqiqə əvəzinə bir saat qırx beş dəqiqə çıxış edib Milli mətbəximizdən və Milli musiqimizin bağlılığından, musiqinin insanın həzm prosesinə təsirindən danışdım.

İnsanın rüşeymi yarananda birinci onun qida borusu əmələ gəlir, sonra onurğa və beyin formalaşır. Ona görə də bütün insanlığın fəaliyyəti toplumu qida ilə təmin etməyə yönəlib. Məsələn, qarşıda Novruz bayramı gəlir. Novruz bayramından paxlava, şəkərburanı, yumurtanı, sovqat göndərməyi çıxandan sonra yerdə nə qalacaq, heç nə.

- Bu dedikləriniz sizin hipotezanızdı, yoxsa alimlər tərəfindən qəbul olunmuş elmi dəlillərdir?

- Bunlar hamısı faktlardır. Mən qazandan çıxan atalar sözlərini toplayıb çap eləmişəm. Hazırda yeməyə aid lətifələri toplayırıq. Bundan başqa, dilimizdə işlədilən zərbi-məsəllərin yaranma səbəblərini öyrənirik. Məsələn, “Gülməşəkər balam” deyirik, niyə deyirik və ya “Bağda ərik var idi, salamməleyk var idi” deyirik, niyə deyirik? Bunların hamısının yaranma səbəbi var, elə-belə, heçdən yaranmayıblar.

- Tahir müəllim, o düzdür ki, böyük mədəniyyəti, fəlsəfəsi olan alman mətbəxi bir o qədər zəngin deyil?

- Çox yanlış fikirdir. Mən də sovet dövründə fikirləşirdim ki, alman mətbəxi bir sosiskadan, bir də pivədən ibarətdir, ancaq sonra gedib gördüm onların hər bir torpağının özünəməxsus mətbəxi var. Hər bir xalqın mətbəxi yaşadığı yerin landşaftına əsasən müəyyənləşir, formalaşır.

- Deyirlər, alman mətbəxi bizim mətbəxə baxanda zəngin deyil.

- Ona qalsa bizim mətbəximiz də Çin mətbəxinə baxanda zəngin deyil; bizdə 4 min xörək var, Çin mətbəxində 40 min. Mətbəxin zənginliyi landşafta görə dəyişir. Torpaqdan nə çıxırsa insan onun bir hissəsini yeyir. Bizdə yediyimiz qidaların içində zülal çoxdur, insan sayı isə az olduğuna görə qurd, böcək yeməyə gərək olmur. Çində torpaq zülal verir, amma insan da çoxdur. Ona görə qurdları, böcəkləri, hər şeyi yeməyə məcburdurlar. Bunun nəticəsində də 40 min xörək yaratmamışıq, 4 min xörək bizə bəs edib. Avropada nə var idi? Yayda nə tapdılar, tapdılar, qışda isə hər yeri qar örtür. Və yaxud Yakutiyada nə yeməlidirlər, heç oddan da istifadə etmək olmur. Maralı öldürən kimi qarnını cırıb qanını içirlər, ətini isə 40-80 dərəcə şaxtada heç bişirməyə gərək olmur.

- Bəs çiy-çiy yemək fəsad yaratmır?

- Soyuq ölkələrdə buna ehtiyac yoxdur, bizdə odun-ocağın gördüyü işi orda şaxta görür. Mən stroqanina - yəni rəndələnmiş donmuş balıq yedim, heç bişirməyə gərək yoxdur, elə dadlıdır ki. Bizdə qozdan mürəbbə bişirilir, yakutlarda isə yetişməmiş şam qozasından. İndi demək olmaz ki, yakutların mətbəxi zəngin deyil, öz şəraitlərinə baxanda zəngin sayılır.

- Ümumi götürsək hansı ölkənin mətbəxi ən zəngindir?

- Ümumi götürsək Çin mətbəxi daha zəngindir. Mətbəxin ətraf xalqlara təsirini götürsək əlbəttə ki, Çin Fransa ilə bir sırada durur. Tayvan, Birma, Koreya, Yaponiya mətbəxləri Çindən təsirləndikləri kimi Avropanın digər mətbəxləri də Fransa mətbəxindən təsirləniblər. Amma Çin mətbəxinin bazasında da uyğur, Fransa mətbəxinin bazasında isə türk və italyan mətbəxləri dayanıb. Bizimlə də hansı xalqlar təmasda olublarsa mətbəximizi götürüblər. Xatranov “Erməni mətbəxi” kitabında yazır ki, türk mətbəxi erməni mətbəxini əhəmiyyətli dərəcədə zənginləşdirib. Bunu erməni müəllif yazır. Gürcü, İran mətbəxlərinə baxın, öz mətbəximizdən nə qədər xörək vermişik.

- Ətraf xalqlarla müqayisədə mətbəximiz nə qədər zəngindir?

- Çox zəngindir. Əgər türk mətbəxini dünya mətbəxinin tacı hesab etsək, onun ən qiymətli qaşı Azərbaycan mətbəxidir. Yox, türk mətbəxini dünya mətbəxinin başı hesab eləsək, onun tacı Azərbaycan mətbəxidir.

- Yəqin işğalların, istilaların da mətbəxlərin yayılmasına təsiri olur?

- Əlbəttə. Biz də Sovet dövründə ruslardan borş, vineqred və başqa doğranmış salatları götürdük.

- Tahir müəllim, heç yeməkdən imtina etdiyiniz xörək olub?

- Malayziyada bizə çox gözəl ağac qurdları təqdim etmişdilər. Nə qədər istəsəm də dadına baxa bilmədim. Halbuki texnoloq kimi dadmalı idim. Hələ o dərəcədə özümü toparlaya bilməmişəm. Çində siçovuldan hazırlanan bəzi xörəklər var, heç dadına baxmaq da istəmirəm. Koreyada da it ətindən xörək hazırlanmışdı, istədim dadına baxam, ürəyim götürmədi. Amma ilan ətidir, qurbağa ətidir, bunların dadına baxmışam. Mən mütəxəssis kimi özümü transa salıb dada baxmalıyam. Bir çox yarışlarda jüri kimi bunların dadına baxıram, bəzi xörəkləri yeməyə özümü məcbur edə bilməmişəm. Azərbaycanlı Tahir Əmiraslanov kimi bunları ürəyim götürməyə bilər, ancaq kulinar Tahir Əmiraslanov kimi bunların dadına baxmaq vəzifəmdir.

- Mütəxəssis kimi bunu özünüzə minus hesab edirsiniz?

- Əlbəttə. Əgər mütəxəssissənsə işini tam görməlisən. Baxmayaraq ki, o xörəklərin ətirlərini duyaraq dadlarını deyə bilirəm.

- Tahir müəllim, restoranlarımızın xidmət səviyyəsi sizi qane edirmi?

- Siz məni restoranda görürsünüzmü? Yox. Yaxşı olsa gedərəm də (gülür). Mən bilirəm ki, bizim ofisiantların çoxu təhsilsizdi və onlarla iş müqaviləsi bağlanmayıb. İş müqaviləsi bağlanmayıbsa sağlamlıq kağızları da yoxdur, deməli məni xəstələndirə bilərlər. Mən bilirəm ki, ordakı aşpazların çoxu başı açıq işləyir, çünki aşpaz deyillər, savadsızdır.

- Neçə illərdi bu problemləri dilə gətirirsiniz, hələ də düzəlməyib.

- Mən bir mütəxəssis kimi bunları deyib öz borcumdan çıxıram. Düzəlib-düzəlməməyi tək məndən asılı deyil. Düzdür, bizdə bir neçə restoran var ki, onlarda bu qaydalara əməl olunur. Onu da danmayaq.

- Növbənöv dieta növləri, arıqlamaq üsulları meydana çıxıb. Sizin buna münasibətiniz necədir?

- Dieta yalnız xəstələr üçündür, onu yalnız xəstələr saxlamalıdır. Sağlam adam adekvat qidalanmalıdır. Arıqlamaq üçün diyeta saxlamaq deyə bir şey yoxdur. Arıqlamağı kimlərsə dəbə salıblar ki, insanlardan pul qoparsınlar, onlara öz məhsullarını satsınlar. Bunu dəb halına salmasalar o fitnesslərə kim gedəcək? Kim idman alətləri, spaları, arıqlamaq üçün dərmanlar alacaq, bədənini cərrahlara yonduracaq? Buna görə də təbliğ edirlər ki, guya insan arıq olmalıdır. Elə şey yoxdur, insanda normal köklük olmalıdır. Qadının bədənində piy olmasa o, sağlam ola, sağlam uşaq doğa bilməz.

- O zaman vegeterianlığa, veqanlara da münasibətiniz pozitiv olmaz.

- Bu qidalanma sistemi soyuq ölkədə əmələ gəlməz. Vegeterianlıq Hindistanda yaranıb, çox gözəl sistemdir. Hər bir sistemin yaşamaq haqqı var, amma harda? İnsan landşaftdan asılıdır, gəlin aparaq Yakutiyada veqanlığı tətbiq edək, onlara deyək ki, tərəvəz, ot yesinlər. Yazıq yakutlar qırılarlar axı, göyərtini, tərəvəzi, meyvəni hardan alsınlar?

- Mən özümüzdən danışıram. Azərbaycanda ilin hər fəslində lobya da, göyərti də tapmaq olar.

- Hər bir tərəvəz öz dövründə yeyilməlidir. Qış olanda biz hamımız ətə, xəmir xörəklərinə yerikləyirik, yaz gələndə tərəvəzə keçirik. Yaşlaşdıqca bədən qırmızı ətdən imtina edir, bunu özü tənzimləyir.

- Deyirsiniz hər bir tərəvəz öz dövründə yeyilməlidir. Ancaq indi marketlərdə qışda da qarpız-yemiş tapmaq mümkündür. Onları yeməyək, mövsümünü gözləyək?

- O qarpızı yeyəndə sizə ətraf mühit haqqında başqa məlumat verəcək, çünki isti yerdə yetişib. Sizsə onu qışda yeyib çıxırsınız soyuq mühitə və xəstələnirsiniz. Afrikanın ən yaxşı almasını da burda yesəniz o sizin üçün zəhər olacaq.

- Banan, qreypfrut, ananas da yeməyək?

- Əgər 400 kilometr ətrafınızda yetişdirilibsə yeyin, ondan uzaqda yetişdirilibsə yeməyin. Görürsən qoca adamlar çox vaxt yerli məhsul axtarırlar. Niyə? Çalışıb yerli məhsul alır ki, onun bədəninə düzgün məlumat getsin. Yoxsa adaptasiya ola bilməz. Zəhərli informasiya bədən üçün çox təhlükəlidir.

- Yəni insan yaşadığı yerə yaxın ərazidə olan bitkilərlə qidalanmalıdır?

- Dirrik sözü var e, dirilik sözündən yaranıb. Çünki o məhsulu öz həyətində, yaşadığın yerdə yetişdirirsən. Dirriyi düzgün tənzimləməklə bütün xəstəliklərdən azad olmaq olar. Sadəcə o keşnişin, xiyarın, nəyi əkəcəksənsə onun tumunu ağzında bir on dəqiqə saxla sonra ək. O tərəvəz sənin üçün bütün tərəvəzlərdən dadlı olacaq və bədənində lazım olan bütün mineralları sənə verəcək. Çünki sənin bədənində olmayan şeyləri bədən başlayır çəyirdəkdən sormağa. Çəyirdəkdə həmin mineralların miqdarı azalır, sonra çəyirdək onu torpaqdan əmir. Mən informativ qida nəzəriyyəsinin banisiyəm. 96-cı ildən bunları deyirəm. Xaricdə mənim dediklərimi istifadə edirlər, bizimkilər isə hələ yatıblar. Bu xalq çox ağıllı xalqdır. Əkdiyin tərəvəzlərin üstündə sabunsuz yuyunsan lap əla olacaq. O xiyar-pomidor bütün xəstəlikləri canından çıxaracaq. Dirilik budur.

- İnsan yeməyə münasibətini analiz edib şəxsi keyfiyyətlərini müəyyənləşdirmək mümkündürmü?

- Mən insanın yeməyinə baxıb onu psixologiyasını açıqlaya bilərəm.

- Bir-iki nümunə deyə bilərsiniz?

- Yox, desək kimlərsə məndən inciyər. Elə adamlar var ki, hansısa xəstəliyə düçardır və həmin xəstəlik üzündən anormal qidalanmağa məcburdur. Mən dünyada qidanın psixo-fizioloji təsiri ilə məşğul olan yeganə adamam. Qida insanın həyatına, düşüncə tərzinə, cinsəl həyatına, ətraf mühitə münasibətinə ciddi təsir edir.

- O zaman müəyyən qida növünə meyl eləmək xasiyyətdə dəyişiklik yaradır?

- Bir nümunə deyim. Adətən muğama kimlər qulaq asır? Yaşlı adamlar, hansılar ki, dava edə bilməzlər, müharibəyə gedə bilməzlər, ağır yük götürə bilməzlər. Muğam geniş yayılan yerdə rəssamlar, yazıçılar, sənət adamları doğulurlar. Saz olan yerdə əsgər doğulur. Saz çalınanda adam ətə yerikləyir. Muğam çalınanda ət yeyə bilməzsən, getmir, uzağı şərbət içə bilərsən, meyvə yeyə bilərsən.

- Tahir müəllim, bura gələndə düşünürdüm ki, yubileyiniz yaxınlaşır, yəqin bu dəfə yeməkdən, kulinariyadan yox, şəxsi həyatınızdan, özünüzdən danışarıq. Ancaq deyəsən düşündüyüm kimi olmadı.

- Mənim şəxsi həyatım mənə aiddir. Heç görmüsünüz ki, sosial şəbəkədə nəvələrimin şəklini paylaşım, paylaşmaram, çünki mənim ailəm mənə aiddir.

- Mən sizin şəxsi həyatınızı yox, hobbinizi bilmək istəyirəm.

- Hobbim. Balıq tutmağı çox sevirəm. Ancaq axırıncı on-on beş ildə bunu edə bilmirəm, vaxt yoxdur. Ən böyük hobbim axşam evə gələndə nəvələrimlə oynamaqdı, hazırda bundan yaxşı hobbim yoxdur. Mənim sevgilimlə xanımım üst-üstə düşüb, sənətim həm sevgilimdi, həm də xanımım. Ona görə gördüyüm işlərdən ləzzət alıram. Bir oğlum, bir qızım var, üçüncü övladım da işimdi. Altıncı-bazar günü kitablarımı yazmaq, araşdırmalarımı etmək üçün də işə gəlirəm. Boş vaxtımda nəvələrimi gəzməyə çıxarmağa çalışıram, Kukla Teatrına, zooparka aparıram. Amma çox vaxt mən mələklər kimi göylərdə yaşayıram. İlin çox vaxtı təyyarə ilə bu ölkədən o ölkəyə uçuram.

- Mənən də səmalarda yaşayırsınız?

- Daha çox hə.

- Kulinariyadan başqa hansısa sahə ilə maraqlanmırsınız?

- Niyə maraqlanmıram? Yazdığım axırıncı kitab “Məhəbbət mətbəxi” adlanır. Bundan qabaq “İşıqlı zülmət”i yazdım və sufizmin fizioloji səbəblərini açıqladım. Mən sufizmi bilməsəm, qədim ədəbiyyatdan başım çıxmasa bunu necə yazardım? Hərdən-birdən dincəlmək üçün şeir qaralayıram. Hərdən nəzirə də yazıram. Nizaminin məşhur “Gözəlin busəsidir aşiqə ehsan” qəzəlinə bir qabaqqaytardı da yazmışam. Belədir:

Nizami şeyxlərlə məclisi-əlanı qurub

Gözəlin busəsini aşiqə şeyx özü ehsan buyurub

Sənsə paylama vermə ha busələrin,

Xəbər tutar, ayıb bilər kimsələrin.

Bilməm hardandır səndə bu xəsislik azarı,

Bağlanacaq bir gün busələr bazarı.

Və s. və i.

Əslində, üçüncü beytdə yeni şey demədim. “Gedər, ay qız, bu gözəllik sənə də qalmaz”ı başqa cür ifadə elədim. Yaxud da Aşıq Ələsgər deyir ki, “Ay qız, sənin nə vədəndi, kəsilib qısa tellərin”. Qızın telləri nə vaxt kəsilməlidir, bilirsiniz? Bu misranın altında nə qədər dərin fikirlər yatır! Mən ona da bir qabaqqaytardı yazdım ki:

Ay Ələsgər baba, işlər fırıqdı,

Bilmirəm, düşmüşük, bu nə tarixdi

Başlarda saç deyil, daha parikdi,

Kəsməyə qızlarda heç telmi qalıb.

Pirsinq burnunda, dil-dodağında

Leylilər bir varlı ər sorağında

Xallar da qoymadı ağ buxağında

Şairin vəsviyçün heç xalmı qalıb

Məleykələr nə haydadı

Həcər, Nigar Dubaydadı,

İndi bizdə bu qaydadı

Danışmağa dilmi qalıb.

Və sairə...

- Şeirlərinizi çap edirsiz?

- Mən Nizami, Füzuli, Aşıq Ələsgər səviyyəsində yazmıram axı yazdığımı da çap edim. Çap edim özümü gülünc vəziyyətə qoyum? Bunu eləmərəm. Bir vaxtlar bəzi dostlar mənə sataşmışdılar ki, Tahir Əmiraslanov azərbaycanca bilmir, o məktəbi rusca oxuyub. Mən də bir həftə sonra Azərbaycan dilində bir yazı yazdım. Yazıdan bir abzas oxuyuram: “Ey mərifət sahibiyəm deyənlər, öz qövmünə və başqalarına nəyisə söyləmək istəyənlər, əvvəlcə özünüzlə duz götürün ki, öncədən fikirlərinizi yaxşı-yaxşı duzlayasınız. Bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda saxlayasınız ki, ağzınızı açanda duzsuz-duzsuz danışmayasınız. Yoxsa duzsuz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar, o qədər gülər ki, gülməkdən qarnı partlayar, ləvəngisi tökülər...” Yazının adı “Söz mətbəxi” oldu.

Onda da demişdim eləmişdim, indi də elan edirəm, bax bu yazımı dilçilər, tərcüməçilər olduğu kimi rus və ingilis dilinə tərcümə eləsinlər, 10 min dollar verirəm. Sözümün üstündə də dururam.

# 7163 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #