Yol Ağacları – YENİ HEKAYƏ

Yol Ağacları – <span style="color:red;">YENİ HEKAYƏ
26 fevral 2018
# 16:10

Məlik Rza

Səhəri quru öskürəklərlə açdı. Xəstəliyi irəlilədikcə, evdəki dərman qutularının sayı artır, nəfəsi daralırdı. Həkimlər fiziki işi qadağan etmiş, bir aylıq dinclik məsləhət görmüşdülər. Lakin nə etməli, çörək və dərman kürəcikləri üçün işləməli idi.

Ayağa qalxıb yer yatağını yığışdırdı. Hər səhər olduğu kimi, pəncərəni açdı. Küçə yalnız günün bu hissəsində uğultudan azad olduğundan, fürsətdən istifadə edib sükutdan həzz alırdı. Əl-üzünü yuyub dişləriylə məşğul oldu. Onların təmizliyinə xüsusilə diqqət edir, çünki çox gülürdü. Atalarımızdan öyrənib ki, gülmək ömrü uzadır. Çox yaşamaq istədiyindən daha çox gülür, daha çox dərman kürəciyi qəbul edirdi...

Dünəndən qalan bayat çörəyi qazda qızdırıb masaya gətirdi. Yağı çörəkdə əridib şirin çayla birlikdə səhər yeməyini tamamladı. Ayaqqabılarını sildi, iş paltarlarını geyindi. Sabah iki ili tamam olacaq paltosunu çiyninə atıb evdən çıxdı. Bu palto iki il əvvəl, ad günündə hədiyyə edilmişdi. Həmin adam indi qəbiristanlıqda olsa da, xatirəsini üzərində daşıyırdı. Belə gözəl paltonu küçə təmizləməkdən, toz-torpaqdan və müxtəlif dövlət binaları önündə ağac əkməkdən ibarət olan iş üçün geyinmək istəməzdi. Gəl ki soyuqdan qorunacaq başqa vasitə tapılmırdı.

Dayanacağa getmədi. Daim qəzəbli insanlarla səkidə sıralanıb avtobus gözləməyi xoşlamazdı. Evi bələdiyyəyə yaxın olduğundan, ayaqlarına güc verib boş küçədə irəlilədi. Hava açılır, bloklardan şəhərə ilk addımlar atılır, hamı tələsir, maşın səsləri tikilməkdə olan binalarda işləyən fəhlələrin hay-küyünə qarışıb küçə uğultusunu təmin edirdi.

Quru asfalta baxarkən bu il şəhərə qar düşmədiyini xatırladı. Qarı sevirdi. Qar şəhərin boz səthini örtəndə, bir neçə gün də olsa, gələcək üçün narahat olmazdı. Qar onun üçün təmizlənmiş, ciyərə düşən hava demək idi. Təmiz havanı da çox sevirdi. Düşünürdü ki, şəhər bir neçə günlüyünə ağarıb təmiz hava qəbul etsə, daha çox yaşayacaq...

Xəyal quruculuğu ilə məşğul olarkən, iki məhəlləni arxada qoymuşdu. Ümid edirdi ki, bugünkü işləri ancaq küçə təmizləməkdən ibarət olacaq. Belə olsa tez evə gedər, dərmanlarını qəbul edib dincələr, televiziya vasitəsilə günlük əyləncə aclığını təmin edərdi.

Özünü bələdiyyə binasının önündə tapdı. Düşünməkdə o qədər irəli getmişdi ki, süpürgəsi də əlinə yerləşdirilmişdi. İş yoldaşlarının üzləri əyilmiş, kədərli formaya düşmüşdü. Sonra məlum oldu ki, bu gün üçün əlavə əmr var. Yol qırağı ağaclar budanmalı, yük maşınlarına yerləşdirilib bələdiyyəyə göndərilməlidir.

Küçələr təmizləndi. Beş nəfərdən ibarət dəstələr quruldu və bağlanılan yolun müxtəlif hissələrinə səpildi. Dəstədə tanış üz tapmadı. Başlarına qoyulan nəzarətçi görüləcək işləri izah etdi. Amiranə tərzdə dedi ki, yola yığılacaq ağac qırıntılarını da məhz dəstə təmizləyəcək. Birlikdə işə başladılar. Onlar üçün ayrılmış yol hissəsini tezliklə təmizləyib bitirmək inanılası deyildi. Yol qırağında sıra-sıra ağaclar uzanır, sayı heç də az olmayan qol-budaqları səmaya ucalırdı.

Ağacları kəsmirdi. Balta ona uzadılsa da, ağac kəsməkdən imtina etdi. Bir nəfərlə birlikdə ağır budaqları yol kənarına daşıyır, hissələrə ayırıb yük maşınına yığırdı.

Ağacları çox sevirdi. Hər şeydən əvvəl ağaclar şəhərin yad mənzərəsində, onun üçün doğmalıq yaradırdı. Bir ağacla qarşılaşanda, şəhəri və onun səs-küyünü unudur, uzun-uzun baxırdı. Yayda isti cana işləyəndə bir ağac kölgəsində oturub iş yoldaşlarına ağacların önəmindən danışır, çox zaman məhəllələrin içində kök salan tut ağaclarını daha çox sevir, meyvəsini yeyirdi. Şəhərdə yaşayışının ilk ilində şam ağaclarına xüsusi hörməti formalaşdı. Qış gələndə, bütün ağaclar yarpaqlardan çılpaq qalanda, yalnız şam ağacları yaşıllığı ilə onu rahatlaşdırırdı. Ən əsası ağaclar havanı təmizləyən qüvvələr idi. Ağaclar nə qədər çox olsa, daha çox yaşayacaq... Bir də ki... Ağaclar olmasa, quşlar da olmaz...

Küçəni ağac qırıntılarından təmizləyən dəstə, işlərindən məmnun şəkildə yük maşınında üst-üstə yığılmış ağac parçalarına baxırdı. Nəzarətçi digər bir dəstəylə məşğul olduğundan, siqaret fasiləsi verilmişdi. Ağızlardan çıxan duman, fincan tüstülərinə bənzəyirdi. O, bir qədər aralı durmuşdu. Siqaretlər yerə atıldıqdan sonra, baxışlar yuxarıya yönəldi. Kəsilməmiş bir ağac qalmışdı. Beşmərtəbəli bina ilə yan-yana duran hündür ağaca çıxmağa heç kəs cəsarət etmirdi. Budaqları etibarlı təsir bağışlamır, havanın donuq olmasına baxmayaraq yellənirdi.

Bildi ki, iş uzanacaq. Haradansa evakuator tapılmalıdır. Televiziyanı, dərman qutularını, uğultudan uzaq kvadrat otağını düşündü. Heç kəsə bildirmədən baltanı əlinə götürüb ağaca dırmaşdı.

Dəstənin dodaqları, yolun ağacdan uzaq bir hissəsində siqaret sümürürdü. Aşağıda orta hissəsi hələ doldurulmamış yük maşını dayanmışdı. Digər dəstə ağac parçalarını yük maşınına yerləşdirməmiş, işlərini bitirməmişdi.

Ağacın ən yüksək nöqtəsinə çatdıqda, göyərçinlə qarşılaşdı. Ağ rəngli tüklərindən bildi ki, küçə göyərçini deyil və məhəllə daxilində saxlanılan xüsusi göyərçin dəstəsinə aiddir. Yəqin ki, indi sahibi əl çırpır, fit çalaraq digər göyərçinlərlə birlikdə onu da, səmadan torpağa səsləyir. Əlini uzatdı, amma göyərçin uçdu. Göyərçinin uçduğu nöqtədən səma başlayırdı. Ağac elə uca idi ki, binalar tərəfindən parçalanmamış səmanı bütövlükdə görürdü. Bir qədər baxdı, gülümsədi. Başa düşürdü ki, rəhbərlik artıq ondan narazıdır, tezliklə işdən çıxarılacaq və əllərini ciblərinə yığacaq. Dərman qutuları tükənəcək... İşıqları söndürüləcək, çörəkləri daha tez bayatlayacaq... Şəhərə baxır və görürdü ki, bütün ağaclar kəsilib, artıq təmiz havadan söhbət gedə bilməz. Gözə dəyən çılpaq divarlılar, yarımçıq tikililər, hər tərəfə uzanıb bitib-tükənməyən yollardır. Dünən, televiziya proqramında çıxış edən yarımkürəvi kişinin istiləşmənin ölkəyə zərərləri barədə nitqini də dinləmişdi. Qar gözlənilmirdi. Ayaqları boşaldı. Əvvəlcə baltanı, sonra da özünü ağacdan aşağı buraxdı...

***

Yük maşınları ağac parçalarını həyətin kənarına boşaltdı.

- Nə qədər eləyir?

- Kağızda yazılıb.

- Bu qədər odunu necə kəsib-doğramısan?

- Həmişəki kimi. Şəhəri abadlaşdırıb minik maşınlarının təhlükəsizliyini təmin edirdik.

- Yol ağacları?

- Bəli.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #