news-inner
clock13:30 calendar-gray 28 Dekabr 2017 view-gray259 dəfə oxunub
view-gray259 dəfə oxunub

Mənə ağlamaq öyrət - Zahid Sarıtorpaqdan YENİ HEKAYƏ

Kulis.az yazıçı Zahid Sarıtorpağın “Mənə ağlamaq öyrət...” hekayəsini təqdim edir.

Ölü olduğumu bircə özüm bilirəm. Hə, mən ölüyəm, ölü... Kəfənsiz, tabutsuz, qəbirsiz bir ölü. Nə sinə daşım var, nə baş daşım, nə də üstümdə gözünün yaşını tökən bir adamım. Ölüyəm, ölü. Amma bunu kimsə bilməz, kimsə görməz, kimsə anlamaz. Bax beləcə, gün keçər, ay ötər, il dolanar, Bayram, bax beləcə, heç nə dəyişməz, dəyişməz heç nə. Öz meyitinin qoxusunu özün çəkərsən ciyərlərinə, özün çəkərsən bir müşk qoxusu kimi, için çiçəkləyər eləcə... Cəmalənin bunlardan xəbəri olmaz. Bax, elə indiki kimi, həmişə onun üzünə baxanda, çöhrəsinin işıqlı yerində, qaranquşları köç eləmiş gözlərinin içində sevgi-filan deyil, üçcə kəlmə söz yazıldığını görərsən, cəmi üçcə kəlmə. Bunlar uzaq keçmişlərdə olduğu kimi: “mən səni sevirəm...” kəlmələri deyil, yox, orada iri hərflərlə, hirslə-hikkəylə, bircə sənin başa düşəcəyin dildə yazılıb: “adam kişi olar!” Hər dəfə də ölüb yerə girərsən, ürəyin yağır olar bu sözlərdən, Bayram, ürəyin yağır olar... Həmişə də lap indiki kimi özünü qınayarsan. Bu sənin alın yazındı eey, alın yazın, – deyərsən, – özün həkk eləmisən öz əlinlə, daha doğrusu əməlinlə, ta niyə sıxılırsan, niyə üzülürsən?! Ta niyə o üç kəlmə sözü oxuyanda, özünü dünyanın məxluqu deyil, sərsəri bir kabus sanırsan, hər dəfə də çarəsizcəsinə əlini alnına qoyub qızdırmalı olub-olmadığını yoxlayırsan? Ömür-gün keçdikcə, bax beləcə, Bayram, bax beləcə, anlayırsan ki, artıq gecdi, iliyinə işləyən, içini didən narahatçılığın həmişəlik yol yoldaşına çevrilib. Bir vaxtlar özünə çox arxayın idin, “məndə elə səbr, elə güc var ki, istəsəm yeri-göyü önümdə diz çökdürərəm; lazım gəlsə, lap ayı, günü göydən bir medalyon kimi qoparıb cibimə qoyaram, lap saxsı bir boşqab kimi vurub çilik-çilik eləyərəm...” – deyərdin. İndisə, yetim-yetim boynunu burub o üç kəlmə sözün əlində giriftar olduğunu, onları heç zaman həzm edə bilməyəcəyini başa düşürsən. Bundan sonra üç bu qədər yaşasan da, o üç kəlmə sözün hər biri çopur dabandaşı kimi canını sürtdükcə sürtər, səni pilə kimi incələyər. İncələməz eey, gönünü aşılayıb qanını çıxarar! Di gəl, təmizə çıxmazsan, ara yerdə ömrün tükənər, sonun yaxınlaşar. Həmişə onun çöhrəsində, gözlərinin içində eyni yazını görərsən, həmişə də lap indiki kimi başlayarsan çarəsiz-çarəsiz yozmağa: deyərsən ki, “yaxşı, qoy olsun, “adam” kəlməsini başa düşdük: adam elə adamdı, bunun başqa tərifi yoxdu; “kişi” isə – kişilik, mərdlik deməkdi, bunu da bildik; yəni bir sözlə, o, mənə çatdırmaq istəyir ki, “qeyrətin yoxdu, şərəfin yoxdu, bu vaxta qədər sən həmişə nadanlıq etmisən, nakişilik etmisən!” Amma bütün bu iradları yeri gəldi-gəlmədi “adam kişi olar!..” şəklində üzümə püskürmək nəyə lazımdı axı, nəyə? Yaxşısı bilirsən nədi? Yaxşısı odu ki, yaxınlaşıb, bax o əlindəki mətbəx bıçağını soxsun qarnıma, bağırsaqlarımı dolasın ayaqlarıma, canım çıxsın, birdəfəlik dincəlim. Niyə mən axı ömür boyu bu zülmü çəkməyə məhkum olmalıyam?..” Oyunun olsun Bayram, oyunun olsun! Bir yandan deyirsən “mən ölüyəm”, bir yandan da deyirsən “canım çıxsaydı, dincələrdim...”

– Axşama heç nəyimiz yoxdu, Bayram...

İndi bir-bir sadalayacaq: kartof da qurtarıb, yağ da tükənib... Hələ maaşa düz yeddi gün var. Ancaq çörəyə, siqaretə, bir də benzinə verəcəyim pulu ayırmışam, ondan başqa heç nəyim yoxdu. Hələ işdə pul da yığmağa başlayıblar: nə var, nə var, hamının torbasını tikən Qasımın yubileyi gəlir qabaqdan. Pah, gözüm aydın! Maaşda verə bilərəm, ancaq maaşda. Haram xoşu olsun! Çox elə xoşum gəlir bütün günü müdirə xoş gəlməkdən ötrü əlli oyun çıxardan o murdarsifət adamdan. Onun dostluğuyla düşmənliyini heç kim ayırd edə bilməz, heç kim.

– Qab pastası da yadından çıxmasın. İki gündü deyirəm, xeyri yoxdu. Əlinin üstünə bir üstəgəl qoy ki, unutmayasan...

Yaxşısı budu, çıx aradan, Bayram, sürüş, get. Amma hara? İşəmi? Orda da aləm bir-birinə qarışıb. Neyləyəcəm bəs? İdrisov bu gün dirənəck ki, gətir görək, nə yığmısan. Xarabada bu ay qazancın az olduğunu indi ona başa sal, görüm, necə başa salırsan. Ağzını açıb, gözünü yumacaq həmişəki kimi... Az qala, o da deyəcək ki, “adam kişi olar!” Səy-səy danışmaq, vəzifəsini adamın gözünə soxmaq adətidi də zalım balasının. Ancaq sən ondan küsmə, Bayram, küsmə. Bu vaxtacan nə eləmisən, onun əliylə, köməyilə eləmisən, daha doğrusu göz yumub elədiklərinə, imkan yaradıb ki, qazanasan: yarımçıq evini tikdinmi? – tikdin. Arizəni köçürdünmü? – köçürdün. Teymuru əsgərlikdən saxlatdınmı? – saxlatdın. Bu Allahsız, qəddar, arvadının istədiklərini elədinmi? – elədin. Yenə də eləyirsən: onu İrana da aparmısan, müalicəsinin arasını kəsilməyə qoymursan. Hamısı puldu eey! Bu bədbəxt oğlu İdrisov gizlin-basırıqda qazandıqlarını bir dəfə də olsa üzünə vurubmu?– yox. Ta neyləməlidi səninçün? Ayağının altına yıxılıb ölməli deyil ki? Əslində sən özün ölüsən, buna müdir neyləməlidi?

– Günorta oldu. İşə getməyəcəksən?

Adama deyərlər ki, bax, neynirsən gedəcəm, ya getməyəcəm. Özüm bilərəm.

Gözlüyümü taxıb, Teymurun təzəcə öyrətdiyi “iqraya” başlamaq istəyirəm kompüterdə. Amma belim ağrıyır haa, yenə canım üzülür. Kompüterə qurşansam, ağrının artacağından yenə ehtiyat eləyirəm. O zibilin adına nə deyirlər? Hə... şey... mmm... tapdım! – plastr!.. O zəhrimardan – o istiotlu yapışqandan almaq yenə yadımdan çıxıb, tfu!.. Gərək bu gün alıb yapışdıram belimə, üstündən də qurşaq taxam. Sonra da fikirləşirəm ki, əşi, cəhənnəmə, adamın belinin zədəli olması dözüləndi, hə, buna birtəhər tablamaq olar... Təki adamın beli qırılmasın! Amma Bayram, ölünün ya beli qırıldı, ya boynu, – nə fərqi var ki?..

Hər gün çıxıb ötürür məni. Bu, sevgidən-filandan deyil, bir adətdi ki, cavanlıqdan qalıb başında. Ancaq bəbəklərində yenə həmin şüardı... Sonra da yol boyu qalıram içimi yeyə-yeyə: nağayrım, neyləyim ki, bu adamın tavırı dəyişsin, necə eləyim axı, necə? Bir dəfə kefli vaxtlarımda ağzımı doldurub dedim ki, “ər-arvadlıqda itnən pişik kimi dolanmaq olmaz, Cəmalə, olmaz!..” Nə desə yaxşıdı? Qayıtdı ki, “sən get itin də pişiyin də palçıqda, ya qar üstündə düşən ləpirlərinə bax: düşmən olsalar da, elə bilirsən ikisi də öz ləpiriylə gül şəkli çəkir eey, gül şəkli!.. Başa düşürsən?.. Biz özümüzü öldürsək də xeyri yoxdu. Ayağımızın izi bilirsən nəyə oxşayacaq? Qəbirə!.. Məzara!..” Gözümün qabağına üşənə-üşənə əvvəlcə qarda düşmüş çılpaq ayaq izi gətirdim, sonra da ayaqqabı izi. Doğrudan da adamın ayağının çılpaq izi qıraqlarına çay daşları düzülmüş təzəcə bir məzara oxşayırdı. Çəkmənin izi isə lap betər idi: pəncəsi – qəbirüstü sinə daşı, dabanı isə – baş daşıydı. Gözümü döyə-döyə qaldım. Nə deyir əə, bu? Bunun rəhmətlik dədəsi vaxtilə şeir yazırdı, şair idi, qanında var yəqin, qanında! Gör nələr danışır eey!.. Bir dəfə də neçə il qabaq onu kəndə aparmışdım, xalasıgilə. Səhər durub gördük hər yan ağappaq qardı. Xalasının da bir sürü qazı vardı, qapıdakı tənha çinarın altından keçib getmişdilər nohura. Baxıb, baxıb birdən qayıtdı: “qaz ləpirlərinə fikir ver, elə bil qarın üstündə çinar yarpaqlarının şəklini çəkmisən... necə də oxşayır ee... Bütün günü bu üryan çinarın yuxusuna yarpaqları girəcək...” Onda elə bil mənə vəhy gəldi, bədahətən dedim ki, “yəqin yuxuda yarpaqları budaqlarındaymış, qış küləyi bir badalaq vuran kimi bu bədbəxt ağac yıxılıb yerə, yarpaqlarının şəkli düşüb qarın üstə, sonra da qalxıb üst-başını çırpıb, görüb ki, yoox, balam, qışdı, yarpaq-filan yoxdu, budaqları çılpaqdı, gördüyü yuxudu...” Hə, mən də ondan geri qalmayıb belə bir gic bənzətmə eləmişdim. Ancaq onda Cəmalə üzümə baxmırdı, baxmırdı ki, görüm gözlərində nə yazılıb. Yenəmi “adam kişi olar!” yazılmışdı orda, yoxsa bu romantik anlarda pozulmuşdu o andır şüar?.. Qayıdıb nə desə yaxşıdı: “hamı sən deyilsən ki, badalaq vura. Hamı mən deyiləm ki, eləcə yıxıla...” Üzümə baxmasa da bildim ki, hələ o yazı gözlərinin içindədi. Amma bir şeyə də tam əmin oldum ki, doğrudan da mən ölüyəm, vəssalam.

Gün keçər, ay ötər, il dolanar... Bax beləcə, Bayram, bax beləcə...

Qırx doqquz yaş az deyil, az deyil, vallah. Başım, üzüm ağappaqdı. Cəmalə qocaltdı məni, qocaltdı. İnsan nə qədər kinli olar, İlahi, insan nə qədər kinli olar?! Olub-keçənlər çıxmır yadından, çıxmır! Arizənin toyunda bizi bir valideyin kimi rəqsə dəvət etdilər. Adam bala toyunda oynayar daa, bundan gözəl nə ola bilər ki?... Amma onda lap dəhşətə gəldim: Cəmalə mənimlə üz-üzə guya gülümsəyə-gülümsəyə rəqs eləməyə başladı. Di gəl, gözləri o yana, gülümsəyən dodaqlarında da o üç kəlmə sözün yazıldığını görüb bilmədim neyləyəm. Qəfil mənə elə gəldi ki, hamı ora yazılanı oxuyur. “Rüsvayçılıqdı!..” dedim, ta rəqs eləmədim. Bu adamın içi bitib-tükənmək bilməyən kinlə doludu mənə qarşı: səbəbkar özüm olmuşam, danmıram. Xəyanət etmişəm, hə, özü də dəfələrlə, dəfələrlə! Bilib. Görüb. Tutub!.. Neyləyim? Ört-basdır eləyə bilməmişəm. Bu isə mənim ömürlük gözükölgəli olmağıma gətirib çıxarıb.

– Telefonuna zəng gəlir, eşitmirsən?

İdrisovdu, yüz faiz. İndi deyəcək ki, harda qaldın, qaşqaldaq?

– Gəldim, müdir, gəldim...

Məndən cəmi iki yaş böyükdü, amma adımı gör nə qoyub...

Bu mənim adi bir günümdü. Oturub ömrümün buna bənzər hər gününü incələsəm özümə qəsd etməyə “uf” demədən əlim gələr. Ancaq ölü də özünə qəsd eləyərmi? Necə? Nə cür?

Evdən çıxıb, maşınımın sükanı arxasına əyləşib də hər gün olduğu kimi şirkətə sarı gedirəm. On beş dəqiqədən sonra İdrisovun qarşısında olacam. Yenə axşamacan hirs içində, dilim qarnımda, canım sıxıla-sıxıla idarədə gedən yüz cür oyunu izləməyə məcburam. İkicə gün dözsəm, sonra obyektlərə çıxacam, demək olar ki, dincələcəm. Çünki müdirin qulbeçələrinin sifətini görməyəcəm, onlardan uzaq olacam.

Ömrünü, gününü toyda şabaş paylayan kimi, bax beləcə səpələyirsən, Bayram, bax beləcə. Ancaq heç nə dəyişmir, heç nə... Ara yerdə dünyanı meyit qoxusuna bürümüsən – sənə qızılgül ətri kimi gələn meyit qoxusuna...

***

– Darıxma, səhər hər şey yaxşı olacaq, Cəmalə, səhər hər şey yaxşı olacaq...

Yenə ağrıları başlamışdı. Öd kisəsi zülüm eləyirdi ona. Gecə boyu zarıdıqca yazığım gəlirdi.

– Darıxma, səhər hər şey...

– Nə “səhər, səhər” salmısan... Səhər noolacaq guya? Səhər də gecənin astar üzüdü.

“Səhər gecənin astar üzüdü...” Bu da dədəsindən gəlmə sözdü yüz faiz. Əndirəbadi danışmaq qanındadı zalım qızının.

Fikirlərim qurğuşun kimi ağır idi. “Bu ölsə, mən neylərəm görəsən? Mən neylərəm axı?” Birinci dəfə deyildi özümə belə sual verdiyim. Normal bir cavab tapa bilmirdim. Dalana dirənib öz-özümə deyirdim ki, “mən də özümü öldürərəm”. Bu sözləri deyəndə çoxdan ölü olduğumu, meyitimin qoxusunun dünyanı məst elədiyini unudurdum. Lap diri adamlar kimi düşünürdüm: əslində o sözləri demirdim, pıçıldamırdım, yox, bunu çox gizlində, içimin çox dərinində fikirləşirdim, dilimin ucuna gətirmirdim qətiyyən. İçimlə duyurdum ki, çox yox, vur-tut bircə dəfə beynindən intihar fikri keçdisə, sonra bunu dilinə gətirdinsə, deməli işin əlli faizi görülüb: sən, yarıölü kimi bir şeysən.

Qapının ağzına çıxıb, siqaretimi sümürə-sümürə bunları düşünürdüm. Gözümün qabağına gətirirdim ki, məni intihar kəndirindən xilas eləyib yarımcan halda uzadıblar yerə, Allaha yalvarıram ki, üzümə kim baxırsa, baxsın – Cəmalə baxmasın. Çünki təpəsinə güllə də vursan, gözərinin içində yenə o şüardan başqa heç nə olmayacaq. Olmayacaq, vallah! Bu adamın gözləri üçcə kəlmə söz bilir: “adam kişi olar!..” – vəssalam! – onu da ki, pıçıldamır ee, bar-bar bağırır...

Ölü olduğumu qoyaq bir kənara. Deyək ki, lap diriyəm. Cəmalənin başına bir iş gəlsə, özümü öldürmək haqda düşünməyimin səbəbi axı, heç də o deyildi ki, cavan vaxtı onu dəlicəsinə sevmişəm, yox. Sadəcə, yaşımın bu çağında arvadsız neyləyəcəyimi fikirləşirdim: axı, bədbəxt canım, mən heç Allahın bir stəkan çayını belə özümçün dəmləyə, süzə bilmirəm, onda qalmış, yemək bişirməyi, paltar yumağı, evin tör-töküntüsünü yığışdırmağı bacaram. Teymurdan da mənə hayan olmayacaq, köçüb birdəfəlik Almaniyaya getmək istəyir, özü də qərarında qətidi. Bir az daşürək uşaqdı, anasına çəkib. Tərsin biridi, getsə də gedəcək. Arizə də ki, ər evində. Başı ailəsinə qarışıb. Ayda, iki ayda bir dəfə üzünü ya görürəm, ya yox.

Ağlıma hərdən belə bir fikir gəlir: tutalım, günlərin bir günü, qapımızdakı nar ağacına yaxınlaşıb cəmi bircə dəfə budağındakı meyvəsinə desəm ki, sən nar deyilsən, əzgilsən, vallah, lap kal da olsa, dodağı çatlayar, dənələri tökülər yerə, yəni ağac infarkt keçirər! Cəmalənin gözləri demək olar ki, mənə iyirmi ildi gecə-gündüz eyni şeyi deyir: “adam kişi olar!..” Bu isə nara əzgil demək kimi bir şeydi! İndi hesab eləyirəm ki, mən çox dözümlü, polad ürəkli bir adamam. Yoxsa çoxdan oyanlıq olmuşdum...

Siqaretimdən sonuncu qullabı vurub, çiskinli göy üzünə baxa-baxa yuxarı üfürdüm: beləcə, Bayram, beləcə... Allah Cəmaləyə dəyməsin! İkimiz də yazığıq.

...Cəmalənin həmişə üzümə iynəli-iynəli baxmağından savayı, hərdən şair balası kimi ala-bəzək danışıb ürəyimi silkələməyi də var:

– Payızın xınası ağacların başından tökülüb ayaqlarına yaxılanda, anam ölmüşdü. Deyəsən, mən də qışın tumanı əynindən düşəndə öləcəm...

– Ağıllı ol... Səni istəməyənlər ölsün!..

Bu dəfə üzümə baxmadı. Gözlərində yazılanı bilirdim onsuz da. Bilirdim orda nə var, necə deyərlər, öz fitimi tanıyırdım.

***

İdrisovun tapşırıqlarından cana yığılsam da hara gedəydim? Haranın külünü tökəydim təpəmə? Neyləyəydim? Bütün günü qaş-qabağı yer süpürən bu adamla baş-başa qalmaq fəlakət idi. O, işə gələnəcən qayimələri götürüb malların paylandığı obyektlərə gedirdim. Sevinirdim ki, iki-üç gün rahatlıq tapacam. Həmişə də fikirləşirdim ki, bax beləcə, Bayram, bax beləcə, gün keçər, ay ötər, il dolanar... hər şey yaxşı olar. Amma heç nə dəyişmirdi. Çünki ölüydüm, ölü...

Amma gözümü açıb-yumunca, başqa şeylər baş verdi, tamam başqa şeylər...

O gün obyektlərə baş çəkməmişdən öncə anbardan maşınıma yüklədiyim təsərrüfat mallarını nəzərdən keçirib özlüyümdə götür-qoy etmək istəyirdim ki, görəsən, onları paylasam, nə qədər gəlirim olar. Bundan ötrü maşını sakit küçələrin birində yolun qırağına verdim. Təzəcə saxlayıb yerə düşmüşdüm ki, birdən arxadan çox həlim, çox tanış, içimə yağ kimi yayılan bir qadın səsi eşitdim:

– Bayram!..

Bu, o idi – Müşkü! Hə, o idi. Mənə sarı gəlirdi, – amma nədənsə, ayağını çəkirdi, axsayırdı. Ürəyim düşdü. “İndi neyləyim? Bunun əlindən necə qurtarım? Nə deyim?”

– Bayram, nə yaxşı oldu, gördüm səni, yeriyə bilmirəm, bax...

İndi deyəcək ki, “ayağım axsayır, məni evə apar...” Elə də oldu. Nə sənə, nə mənə, oturdu maşına.

– Getdik!

Müşkü çoxdankı tanışımdı. Özünü də bir vaxtlar çox istəmişəm, lap gedib-gələn nəfəsim olub. İndikindən iraq, onda günaşırı görüşərdik. Sonra Cəmalə başıma elə oyunlar gətirdi ki, əlim hamıdan üzüldü, eləcə də Müşküdən. Uzun illərdi qaçıram ondan, quyruq ələ vermirəm.

– Hara?

– Nahara. – Gülüb başını buladı. – Hara gedəcəyik ki? Bizə! Görmürsən necə axsayıram? İstəyirsən, düşüm...

Ax, dəymədüşər Müşkünaz, ax! Sən heç dəyişməmisən. İndi necə olacaq? İşimi-gücümü buraxıb səninlə vaxt keçirməliyəm? Yoox! İdrisov dədəmi yandırar! Mallar da maşındadı. Hə, mallar... Çıxış yolum var: malları obyektlərə çatdırmalıyam, vəssalam!

– Nə fikirli görünürsən, Bayram? Deyəsən, Cəmalə ipliyini üzüb, mürmüc olmusan. Noolub sənə?

Ax, Müşkü, ax! Sən niyə bilmirsən axı ölü olduğumu, niyə bilmirsən?

– Hər şey qaydasındadı, narahat olma.

– Nəvələrimin üçü də göy öskürəyə tutulub. Eşşək südü zakaz eləmişəm. İki gündü gedib-gəlirəm, satan adam məni aldadır, gətirib çıxarmır. Yoxsa bu halda evdən eşiyə çıxan deyildim...

Heç dəxli var? O, yenə başladı boşboğazlığa, özü də necə! Day ardına qulaq asmadım, fikrim qaldı, yolu tez başa vurmaqda, yəni onu məhlələrində düşürüb, tezbazar aradan çıxmaqda. Yadıma ötənləri salmadım, qorxdum halım dəyişə, qoşulam ona iş-gücü unudam.

Evlərinin yanında saxladım.

– Heç soruşmursan ayağına noolub?

Güldüm.

– Nəyə gülürsən?

– Heç...

O da güldü:

– Ağlına başqa şey gətirmə. Bilirəm də xasiyyətini. İndi Allah bilir ağlından nələr keçir. Getdi eey o vaxtlarım, getdi. Qıçım sadəcə burxulub.

Yenə nədənsə güldüm. Sağollaşıb tərpənəndə maşının pəncərəsindən gülə-gülə, həm də çox məhrəm bir şəkildə pıçıldadı:

– Bayram, gijdəmə! Qıçımın dibi yox, topuğum burxulub...

Müşkünün yaşa dolduğu açıq-aydın görünürdü. Onun da mənim kimi qırx doqquz yaşı vardı, amma elə biliridin altmışdı, altmış beşdi. İçki düşkünü olan əri çoxdan ölmüşdü. Qızı boşanıb üç körpəsiylə gəlmişdi üstünə. Oğlu Rusyətdən qayıtmaq bilmirdi. Özü isə yenə yaxınlıqdakı özəl klinikada tib bacısı işləyirdi. Görünür qızı boşanandan sonra dolanışığı pisləşmişdi, həyat üzmüşdü onu. Ancaq nə qədər yaşlı görünsə də ondan meyit iyi gəlmirdi, – məndən gəlirdi, məndən...

Yola düşdüm. “Sənin də vaxtların vardı haa, Müşkü, şeytanın özünü yolundan çıxarardın...” – dedim öz-özümə. Ona soyuq yanaşdığıma görə özümü qınamadım. İçimdən bircə şey keçdi: “görəsən, ölü olduğumu bildimi? Meyit qoxusu vurdumu onu?..”

Üstündən çox keçmədi. Bir neçə gündən sonra başıma başqa hadisə gəldi: malları paylayıb evə qayıdırdım. Bir az qazancım olmuşdu, kefim durulmuşdu. Cəmalə tapşıranları aldım, evə yaxşı bir bazarlıq elədim. Hərçənd, mənim belə şeylərdə səriştəm yoxdu, bu işlərə Cəmalə özü baxır. Bildim ki, ağrıları baş qaldırdığından onsuz da bazar-güzara məni göndərəcək. Odu ki, getdim marketə. Aldıqlarımı maşınımın baqajına qoyanda, yanımda kiminsə ayaq saxladığını hiss elədim. Qanrılıb kimi görsəm yaxşıdı? Kimi? Heç özüm də inanmadım...

Mən inanıram ki, gözümü dünyaya açandan üstümə it hürüb. Keçmişdə olanları qoyuram bir qırağa, son illər başıma gələnləri heç cür anlaya bilmirəm. Xüsusilə də son günlər. Sən ölüsən axı, Bayram, ölü! Ölüyə də it hürər? Harda görünüb? Harda görünəcək? – budeey, burda marketin yanında. Bu, o idi. İllər öncə ayrılıb, izini-tozunu unutmağa çalışdığım Püstə. Hardan gəldi? Hardan peyda oldu? Bəs, deyirdilər Özbəkistana köçüb. Nooldu? Qayıtdı geri? Onun üstündə bir vaxtlar evim dağılmışdı az qala.

Uzun müddət susub durduq. Qarşıdakı balaca parkda, kiçik bir kafeyə girdik, çay sifariş elədik. Ürəyi doluymuş:

– Boşadı... Zöhrab məni boşadı... İnanmazsan, məndən ötrü özünü körpüdən atmaq istəyən, özünü asmaq istəyən birisi, gözünü yumub boşadı məni. Bəhanə də tapa bilmirdi, sadəcə, əcalflıq elədi, üzümə qarşı: “uşağın olmur” – dedi. Ancaq həkimlər azı əlli dəfə yoxlamışdılar, bir qucaq arayışım da var: doğmamağımın səbəbkarı o idi, özü də gözəl bilirdi mənlik heç nə yoxdu...

Püstə məndən on-on iki yaş balacaydı. Vaxtilə qonşu şirkətdə işləyirdi. Bir vaxtlar tez-tez Binəqədidə, babasından qalma evdə görüşürdük. Onda hələ Zöhrab türmədən çıxmamışdı, maşınla adam vurub öldürdüyünə görə yatırdı. Onda Püstədən ötrü çoxları dəli idi. O isə mənə qısılmışdı. Kimsə Cəmaləyə çatdırmışdı ki, Bayramın ipini yığ, məhv olub gedir... İpimi yığmaq nədi? – Cəmalə başıma it oyunu açdı, “qurban olasan iki balama, yoxsa bir gün də səndə oturmaram” – dedi. Üstəlik də ki, o üç kəlmə söz bu günəcən gözünün içindən alnımın ortasına güllə kimi çaxılır...

Püstəylə keçirdiyin sonuncu gecəni xatırlayırsanmı, Bayram, xatırlayırsanmı? Qəribə bir gecəydi. Sənə kim baxsaydı gülmək tutardı. Kefliydin, hə, lül-qəmbər olmasan da, yaxşıca vurmuşdun! İşıqlar keçmişdi. Yataqdan qalxıb üz-üzə oturmuşduz. Gözünü kənara yayındırıb zilləmişdin stolun üstündəki nöyüt lampasının öz dibinə saldığı dairəvi kölgəyə, eləcə susurdun. Şair demişkən, pərvanə yerinə lampasına milçək çırpılan bəxtsiz bir aşiq idin o gecə. Yadına gəlir? Özünü elə üzürdün ki, Məcnun yanında qələt eləyərdi. O gecə özünü söydün, söydün... Axırda da milçəyin ölüsünə tüpürüb, lampanın şüşəsini qapıb çırpdın yerə. “Heç nə, Püstə, heç nə! Bundan sonra day məni görməyəcəksən!.. Mən ölüyəm, ölü!” – bağırdın. Bunları unutmusan? Unutmusan, Bayram?.. Amma atmaralı Cəmalə başına oyun açandan sonra, elə bil, valın yüz səksən dərəcə çevrildi: gecə-gündüz təkcə özünü yox, Püstəni də söyməyə başladın. Elə bil, eşqin tərs-avand olmuşdu, Bayram, tərs üzü nifrinlə doluydu istəyinin...

– İdrisov yenə müdirinizdi?

– Hə...

O vaxtlar İdrisovun da Püstədə gözü olduğunu bilirdim. Ancaq o, mühasib köməkçisi Svetayla daha çox əlaqədəydi. Yəqin ona görə, ya nədənsə, Püstəyə çox da girişmirdi.

Əvvəl düşünsəm də ki, “bu, hardan gəlib çıxdı, ay Allah...”, sonra ürəyim pilə kimi yumşaldı. O, bir para məsələlər barədə soruşdu, telefon nömrələrimizi yazdıq, ixtiyarsız söhbət uzandı... və mən eşitdiklərimdən dəhşətə gəldim. Elə bil, illərlə qıfıllı qalmış bir qapını açmışdım, azadlığa çıxarmışdım onu. Qısa vaxtda o mənə nələr danışmadı, nələr danışmadı, İlahi!.. Gözlərimi onun həyəcan dolu üzündən qaçırıb pəncərədəki kaktusa zilləmişdim. Eləcə quruyub qalmışdım. Kaktusun şapalağa oxşayan üstü tikanlı, enli yarpağını qoparıb sifətimə çırpsaydılar, yəqin ki, heç nə hiss eləməzdim, heç səsim də çıxmazdı. Şokdaydım təmiz. Sən demə, Zöhrab bu bədbəxt qızının başına hər gün it oyunu açırmış. Başına gətirdiklərini kiməsə desə, onu öldürəcəyilə hədələyirmiş. Hər gün evə kefli gəlir, bu kimsəsiz qadını döyür, bəzən də bütün gecəni çarpayının altında uzanmağa məcbur edirmiş. Özü isə yatağa sərələnib sabahacan məşuqəsiylə telefonla danışıb-gülürmüş. Gündüzlərsə mənzilin qapısını qıfıllayıb gedir, elə vaxt olur ki, sutkalarla evə gəlmirmiş. Püstə yazıq məşəqqətlər içində, telefonsuz, əlləri dünyadan üzülmüş halda, çox vaxt da ac-susuz bağlı qapı arxasında günlər keçirirmiş...

Amma qəribədi, görəsən indi Püstə niyə “boşadı... Zöhrab məni boşadı...” deyib şikayət eləyir. Bəs buna niyə sevinmir?

“Sən ölüsən axı, Bayram, ölü! Ölüyə də it hürər? Harda görünüb?” – heç harda, heç harda, heç harda!.. Elə bir ovqata köklənmişdim ki, ölü olmağıma baxmazdım, itin üstünə özüm hürərdim. Bu nə zillətdi yazıq Püstə çəkib? Bu nə zülmdü? Heç ondan inciməyə, yan durmağa dəyərmi? Adam kişiliyinə sığışdırmaz heç!.. Zöhrab əlimə düşsəydi loppaynan tüpürərdim üzünə! Tüpürməsəm də üzünə elə nifrətnən baxardım ki, payını götürərdi. Cəmalənin gözləri demişkən, çatdırardım ki, “adam kişi olar!..”

– Harda qalırsan?

– Babamın evində... Sənəm bibim də mənimlə qalır.

Bu yaxşı olmadı, yaxşı olmadı heç... Sənəm bibisi... Yəni demək istəyir ki, tək deyil. Eybi yox. Başqa vaxt... “Başqa vaxt?” Dəli olmusan, Bayram? Yenə başladın? Qurdların dəbərdi yenə? Qorxmursan bəs Cəmalə dərinə saman təpər?!

Az qala işıqforun qırmızısında keçəcəkdim. Əyləci qəfil necə basdımsa, arxadan gələn maşın çırpılacaqdı baqajıma, güclə saxladı. Üstəlik hiss elədim ki, baqaja yükldiklərim aşıb dağıldı. Kənara verib əylədim. Doğrudan da yumurtalar qırılmış, ərzaq aşıb-dağılmışdı. Sən beləsən də, Bayram, sən beləsən də!.. Qırmızıda keçmək qanındadı. Təkcə maşınla yox, elə həyatınla, ömrünlə, əməlinlə qırmızını görməmisən heç vaxt! Odu ki, altını çəkirsən.

– İrəlidə düşəcəm.

Püstənin gözləri yaşarmışdı. O niyə kövrəlmişdi belə?

– Niyə düşürsən? Qoy aparım səni.

O çox fikirliydi:

– Yox, Bayram, yox... İşim var. Zəngləşərik.

Hə indi birinci dəfəydi ki, onun dilindən adımı eşidirdim. Keçmişdə mənə “Bəbir” deyərdi. “Bəbirimsən, Bəbişimsən” deyərdi həmişə, indi “Bayram” çıxdı dilindən. Nə dedi? Zəngləşərik? Qoy bəri başdan deyim, işini bilsin. Yoxsa çaşıb birdən zəng eləyər, Cəmalə duyuq düşər, tifağımı dağıdar:

– Özüm sənə zəng eləyəcəm.

O gedəndən sonra özümü maşının içində yox, tabutda hiss eləyirdim. Ölüydüm, ölü! “Özüm sənə zəng eləyəcəm...” Bu kişi sözüdü, Bayram? İndi o sənin haqqında nə fikirləşəcək? Deməyəcək ki, bu adamda bəbirlikdən əsər-əlamət qalmayıb? Deməyəcək ki, bu daha Bəbir yox – Pişikdi? Bəbiş yox – Piş-pişdi? Deyəcək, əlbəttə, deyəcək. Artıq onu məndən gələn meyit qoxusu vurub. Ola bilməz ki, vurmasın. Yəqin bu qoxuya dözə bilmədi, ona görə gözləri yaşardı, ona görə düşdü maşından...

Evə necə çatdım, bilmirəm. Olub-keçənlərin hamısı o gecə ötdü gözüm önündən. Müşkü, Püstə, Seva... daha sonra kimlər, kimlər... Bu nə ömürdü mən yaşamışam axı? Mənimçün bir cüt gözəl-göyçək bala böyütmüş Cəmalə kimi ağırtaxta bir qadına bu qədər xəyanət eləmək hansı kişilikdəndi? Bəs onun gözünün içində nə yazılmalıdı səncə? Bəlkə “eşq olsun sənə!” yazılmalıdı, Bayram?

Yerimin içində özümdən ixtiyarsız üzümü yatmış Cəmaləyə sarı çevirib, “sənə qurban olum...” pıçıldadım. Deyəsən, ürəyimdə deyil, bərkdən pıçıldamışdım, səsimi eşitdi, hər halda nə dediyimi başa düşməsə də yerində qurcuxdu. Ağlına başqa şey gəldi deyəsən: “Yat, – dedi, – ağrınıram...” Ölü yatarmı, Cəmalə? Ölü elə ölüdü də... Daş da yuxu görərmi? Amma mən daş kimi yatmışam, hə... Yuxu görməsəm də yatmışam...

Barmaqlarım ucunda, pəncələrim üstə sivişib çıxdım eşiyə. Eləcə də endim həyətə. Zirzəminin qapısını kim qıfıllayıb? Açar... açar burdadı, divardakı mıxçada... Şükür, petləsini yağlayıb Cəmalə, açılanda day cırıldamır qapısı. Fağır cırıltısından necə bezibsə, ağına-bozuna baxmayıb, qarğıdalı yağı vurub eey buna. Hə, Cəmalə, hə, sənə qurban olum. İşığı yandırmayacam, yox... neynirəm işığı? Ölüyə qaranlıq gərəkdi, işıq yox... Püstə! İtin qızı! Zəng eləmə! Yox! İstəmirəm! Ölünün qulağında pambıq olur, eşitməyəcəm onsuz da... Hanı? Hanı kəndir? Yeşikdə olacaq, hə, yeşikdə... Yox, çəlləyin içində olmalıdı. Hə burdadı, deyəsən. Yox, Bayram, yandır işığı, yoxsa heç nə alınmayacaq. Bu da işıq... Ölü, di aç gözünü. Üsulluca... çəlləyi üsulluca diyirlət ayaqlarının altına. Yox.. çəllək yaramayacaq... hə, yeşikləri sürüklə bura, yeşikləri. Bax, belə... Bax, beləcə, Bayram, beləcə... İndi qalx üstünə. Qalx, adam kişi olar, qalx! Bu da mən. Həh, gəldim... Hara? Hələ tezdi. Bağla kəndiri dirəyə... Bax, beləcə... İlgək düzəlt, əlin əsməsin, əlin əsməsin... O nə xışıltıdı?.. Siçovuldu deyəsən. Qapı açıqkən, qoy qovalayım rədd olsun... Yoxsa köhnə-kürüş nəyimiz varsa, gəmirib tökəcək... Hanı? Yoxa çıxdı zındıq... İlgək düzəlt, ilgək. Hə, düşmə yeşiyin üstündən, yellənməyinə baxma, təpikləməsən aşan deyil, düşmə üstündən... Bax belə... Keçir boğazına, keçir... qorxma. Qorxma, kişi ol, kişi! “Adam kişi olar!..” Qorxursan, Bayram? Yaxşı, onda sadəcə məzəyçün keçir, tax boynuna ilgəyi, görək noolacaq. Bu da ilgəy, bu da boğazım. Hə, ancaq hələ nə sıxmışam, nə də yeşiyi təpikləmişəm ayağım altından. Di gəl, boğazımı, çənəmin altını bu quru kəndir göynədir. Gərək bu gün üzümü qırxmayaydım, qırxmayaydım gərək, amma hardan biləydim nələr olacağını... Quru kəndir, təmiz dəri, əlbəttə, göynədəcək... Orda, küncdə mator yağı olmalıdı, qoy yağlayım bu kəndiri, sonrasına baxarıq... Yavaş! Yavaş!!! Yeşiyi aşırtdın, a yığvalsız!!! Cəə-maa-lə-əəə!!! Xxxx! Cəə-maa-lə-əəə!!! Xxxx!

Ömrümdə Cəmalənin bu qədər güclü olduğunu bilməzdim! Ayaqlarımdan necə qucaqlayıb qaldırmışdısa, ilgək boğazımda boşalmışdı ancaq nəfəsim kəsilmişdi deyəsən, kəndir işini görmüşdü, nə qədər dartışdırsam da xeyiri yoxuydu...

Ömrümdə Cəmalənin bu gurluğunda səsini eşitməmişdim:

– Teeyy-muur!!! Teeyyy-muur!!! Çatdır özüvüüüü!!! Padvala gəl!! Padvalaaa!!!

Teymurun güclü qolları məni qucaqlayıb necə yuxarı qaldırmışdısa, başım az qala tavana dəyirdi, amma heyim yoxuydu. Cəmalə tələsik yeşiyi böyrü üstə dikəldib üstünə qalxdı və ilgəyi dartıb baoynumdan çıxartdı... Elə oradaca məni yerə uzatmışdılar... qollarımı, qıçlarımı hərəkət elətdiri, sinəmdən güclü basır, ağzıma nəfəs üfürürdülər... Yavaş-yavaş özümə gəlirdim, daha doğrusu, nəfəsim qayıdırdı yerinə. Gözlərimi açanda böyrü üstəydim, əynimdə tuman-köynək zirzəminin torpaq döşəməsində uzanmışdım. Gözüm küncə zillənmişdi. Orada üstünə boş balonlar yığılmış sınıq masanın altından, köhnə çəkmələrimiz qalaqlanan yerdən bayaq gördüyüm siçovul büzüşüb gözlərini düz gözümün içinə zilləmişdi. Amma o muncuq kimi xırda gözlərdə heç nə yazılmamışdı. İşıq düşdükcə parıldayan o iki dənə gözün önündə özümü qəfil çox aciz hiss elədim, hönkürdüm... Bilirdim ki, gözümdən yaş gəlmir, ancaq hönkürürdüm. Bədbəxt canım, haçan ağlaya bilmişdim axı? Gözlərimə ağlamaq öyrətməyi kimdən diləyəydim? Cəmalədənmi?

Məni evə gətirib yatağıma uzatmışdılar. Heç nə demir, heç nə danışmırdılar. Ana-bala ikisi də böyrümdəydi. Üzlərinə baxa bilmirdim. Nə baş verdiyini guya anlayırdımmı? Sonra deyəsən Teymur öz otağına yatmağa getdi. Cəmalə işığı söndürdü və bircə kəlmə də danışmadan böyrümə girdi. İkimiz də arxası üstə üzü qaranlıq tavana uzanmışdıq. Mən indi bilmirdim onun gözlərində nə yazılıb, bilmirdim, vallah. Bəlkə də “Bayram, səni sevirəm!..” yazılmışdı, bilmirəm. Mən yuxuya getməmişdim, o da yatmamışdı. Barmaqlarımın ucu bir naməhrəmə toxunurmuş kimi ona dəyəndə gizildədim. Niyə? Niyə axı, niyə, Bayram, nəyin çatmır sənin? Zalım qızı elə bil daş idi, heç bir nəvaziş-filan göstərmirdi... Haçan gözümüzə yuxu getdiyini bilmirəm. Səhər telefonun səsinə ayıldım. Cəmalə yerində yoxuydu, deyəsən, mətbəxdəydi. “Kimdi səhərin gözü açılmamış zəng eləyən?” Divar saatına baxdım, on ikiyə qalmışdı. Boğazımın dərisi sıyrılmışdı deyəsən, göyüm-göyüm göynəyirdi. Telefonsa özünü “didib-tökürdü”.

– Alo... – Səsim çox pis çıxdı. Elə xırıldadı ki, özüm güclə eşitdim.

İdrisovun zəhlətökən səsi qulağımı cırmaqladı:

– Harda qaldın, qaşqaldaq?..

Cəmalə otağa girdi. Başımı qaldırıb üzünə baxmadım. Onsuz da gözlərinin içində nə yazıldığını bilirdim...

news-inner-user
Zahid Sarıtorpaq

14 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı
20:44 16 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
18:21 16 Oktyabr 2019
Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası
17:44 16 Oktyabr 2019
Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
17:11 16 Oktyabr 2019
Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16:30 16 Oktyabr 2019
“Bir şeir” yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq
15:53 16 Oktyabr 2019
Yarışmanın 10-luğu açıqlandı – Siyahı
14:38 16 Oktyabr 2019
Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu
14:01 16 Oktyabr 2019
Kukla Teatrında ustad dərsləri davam edir
13:21 16 Oktyabr 2019
Koko Şanel haqqında yeni film çəkildi
12:40 16 Oktyabr 2019
Akif İslamzadənin atasının intiharı
12:10 16 Oktyabr 2019
Yoldaşım bu yazını oxuyub dava salacaq
11:34 16 Oktyabr 2019
Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu
11:08 16 Oktyabr 2019
Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı
10:35 16 Oktyabr 2019
Salvador Dalinin əsəri oğurlanıb
10:02 16 Oktyabr 2019
Qadınlarla bir yerdə işləmək olmur – Günel Natiq yazır...
09:01 16 Oktyabr 2019
Filmlərimiz Seulda nümayiş olunacaq
18:44 15 Oktyabr 2019
Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
18:01 15 Oktyabr 2019
Cetonia Aurata Mənəm! – Şamxal Həsənovdan hekayə
17:30 15 Oktyabr 2019
Xalq Mahnıları Festivalı başa çatıb
16:39 15 Oktyabr 2019