Məqsədi məlum olmayan mükafatlar

Məqsədi məlum olmayan mükafatlar
21 noyabr 2017
# 10:33

Günel Natiq

Nədən qıtlıq çəksək də, şükür ki, mükafatlardan qıtlıq çəkmirik. Amma əksər mükafatların bəzi ərzaq məhsulları kimi “mənşəyi” bəlli deyil. Hər halda üzlərə sevinc qondarırsa, nə xoş təsisçilərin halına. Bir neçə il əvvəl işlədiyim şirkətdə mükafatla bağlı belə bir hadisənin şahidi oldum.

Günlərin birində iş yoldaşım Dilarə (ad şərtidir) içəri daxil oldu və dedi:

- Məni təbrik edin: mükafat almışam!

- Təbriklər! - Bir ağızdan dedik. Küncə sıxılıb oturmuş ştatdankənar tez qayıtdı ki:

- Hansı mükafatı almısız?

- “Böyük uğur” mükafatını (ad şərtidir) - yoldaşımız şəstlə dedi.- Sorğu aparıblar, ən yaxşı jurnalist seçilmişəm.

- Şirkət üzrə?-ştatdankənar soruşdu.

- Yox ümumiyyətlə- əməkdaşımız qızarmadan dedi və təəccüblü baxışlarımıza məhəl qoymadan keçib yerində oturdu.

Əməkdaşımız otaqdan çıxanda küncdə oturmuş ştatdankənar mənə yaxınlaşdı:

- Bu qız çox ağıllı iş görüb. İşini qarantiya altına alıb. Bu gün sabah lazım ola bilər.

“Qara gün üçün”- mən özlüyümdə düşündüm.

- Gəlsənə biz də alaq? –ştatdankənar dedi.

- Təklifi məgər özümüz verməliyik?- mən soruşdum.

- Bəs necə?- ştatdankənar sualıma təəccübləndi.

- Bəs sorğu-filan?

- Əşi guya bilmirsən, sorğu- filan uydurmadır? Mən öyrənmişəm. Çərçivə üçün bir az pul verəcəyik, sonra filan iş üçün də xərcimiz çıxacaq, vəssalam.

Ştatdankənarın çevikliyinə mat qaldım.

- Yox təşəkkür edirəm, mənim artıq pulum yoxdur,- dedim.

Bir neçə gündən sonra xəbər gəldi ki, başqa əməkdaşımız da həmin mükafatdan alıb. Sonra xəbər çıxdı ki, digər əməkdaşa da həmin mükafatdan təqdim olunub. Elə bil mükafat təsisçiləri şirkətimizin timsalında münbit torpaq tapmışdılar.

Daha bir əməkdaş da mükafat arzusunu gerçəkləşdirmək üzrə olanda rəhbərlikdən xəbər gəldi ki, bu mükafat almaq mərasimini yığışdırın, bəsdir əsəblərimizlə oynadınız, adamın abır-həyası olar.

Xəbərdarlıqdan sonra əməkdaşlarımız özlərini yığışdırdılar, daha mükafatdan söz salan olmadı. Özlərini elə aparırdılar ki, guya bu məlum mükafatın onlarla yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb.

Bircə yoldaşımız Dilarə eyforiyadan ayıla bilmirdi. Mükafat onda elə bir fantastik təsir oyatmışdı ki, özünü yaxşıların yaxşısı hesab edirdi.

Bir dəfə qapı açıldı, nisbətən üstün səlahiyyətli əməkdaşımız mükafat almış yoldaşımızı çağırdı:

- Dilarə, mükafatını da götür, gəl.

Nəhayət ki, yoldaşımızın mükafatından təsirlənən tapılmışdı.

Yoldaşımız təntənəli surətdə çantasını açdı, parçaya bürünmüş kvadrat şəkilli bir əşya çıxartdı, görünür, mükafat bu bükülünün içindəydi. Bükülünü səliqəylə açdı, içindən daha bir bükülü çıxdı. Bu bükülü də bir başqa parçaya bükülmüşdü. Onu da ehmalca açdı, içindən nəhayət ki, səbirsizliklə gözlədiyimiz mükafat çıxdı. Yoldaşımız ehmalca və ehtiyatla mükafatı götürdü, şəstlə qapıya yönəldi.

Bir neçə dəqiqədən sonra Dilarə qayıtdı, mükafat eyni ehtiyatla və ehmalca bükülülərə büründü və çantada gizləndi. Bütün bu prosedurdan sonra yoldaşımız yerində əyləşib dərindən nəfəs aldı.

Mükafatın “gəzintisinin” səbəbini ehtimal etməyə çalışan ştatdankənarın da gözləri qarşısındakı kağız-kuğuza yönəldi. Amma hiss olunurdu ki, gözləri yerinə qayıtsa da, fikri-zikri bükülünün yanındadır.

Bir neçə gün yoldaşımız Dilarə fikirli gəzib-dolandı. Sonra isə qəm dəryasına qərq oldu. Hiss olunurdu ki, xəyalları suya düşüb.

Həmişə operativ olan ştatdankənar bu məsələdə də qoçaqlığını göstərdi.

Ştatdankənarın sözlərinə görə, yoldaşımızın mükafatı bir neçə qəzetə təqdim olunub, amma gözlənilən nəticə əldə olunmayıb. Dolayısılə deyiblər, hə, nolsun. Nə çox belə mükafatlar.

Sən demə yoldaşımızın bu mükafata böyük ümidləri varmış. Onun sayəsində çox bağlı qapıların üzünə açılacağını gözləyirmiş. Hətta vəzifəyə gedəcəyinə də ümid bəsləyirmiş.

Gərək qazdan ayıq olan yoldaşımız əvvəlcədən təxmin edərdi ki, bu naməlum mükafat ad-san arzusunda olan sahibini rişxənd obyektinə çevirə bilər. Axı bu mükafatları verən kim, alan kim? Heç biri tam mənasilə aydın deyil.

Gün-gündən “mənşəyi bilinməyən” mükafatların sayı artır. Az qala hər arzu edən, bir qurum formalaşdırıb mükafat təsis edir. Amma bu mükafatların mahiyyəti təsisçilərin və laureatların şəxsiyyəti kimi qaranlıq qalır.

“Mükafat bazarında” kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək müşkülə çevrilib.

Hərdən düşünürəm, bəlkə mən də özüm üçün bir mükafat sifariş edim. Düzdür, çərçivənin düzəldilməsinə bir xeyli maliyyə vəsaiti gedir, amma olsun.

Necə deyərlər, düzüb-qoşarıq.

# 1887 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #