Ramiz Rövşənin yanında torba satan gənc yazıçı

Ramiz Rövşənin yanında torba satan gənc yazıçı
2 oktyabr 2017
# 13:31

Ayxan Ayvaz yazır...

Beynəlxalq Kitab Sərgisi çərçivəsində imza günüm keçirildi. Ona imza günü demək olardısa, təbii.

Gedib gördüm ki, Ramiz Rövşən Budda kimi oturub masanın kənarında, ətrafında da onunla şəkil çəkdirməyə hazır-nəzir dayanmış adamlar.

- Ramiz müəllim, sizinlə imza günümüz bir günə düşdü.

Gülümsündü.

- Sən şeir yazırsan, yoxsa...

Guya məni tanımırdı. Yəqin ki, adamlara eşitdirmək istəyirdi. Böyük sənətkardır deyib obyektivə gülümsündüm, tarixə düşmək fürsətini əldən verməyib oturdum qıraqda.

İkimizin də plakatı Ramiz Rövşənin başının üstündən asılmışdı. Gələn-gedən isə məndən hər şey istəyirdi: sellofan, əlfəcin, qələm... Bircə kitabıma əl uzadan tapılmadı.

Ramiz Rövşən xoşbəxt-xoşbəxt gülümsünürdü.

- Piarımı öldürür – dedim ətrafdakı tanış simalara. – Həmişə belə olub.

Onlar uğunmaqda, Ramiz Rövşən isə kitablarını bir əldən imzalamaqda idi.

- Bizim şəklimizi çəkin də... – bir xanım idi.

Çəkdim.

Başqa birisi yaxınlaşdı:

- Saxlayın da bunları... – çantasını, şey-şüylərini üstümə tullayıb Ramiz Rövşənin yanına tələsdi.

Başqa bir adam:

- Ramiz müəllimin kitabını siz satırsınız?

Bu vaxt Ramiz Rövşənin yanına bir xanım yaxınlaşdı.

- Sizə bir kitab hədiyyə etmək istəyirəm.

- Nə kitab?

- Mən dietoloqam.

Və xanım dieta kitabını masaya qoydu. İndi fikir verdim ki, qadının özü gərək bu dieta kitabını oxuyaydı.

- Özüm yazmışam. Həm də Yazıçılar Birliyinə üzv olmaq istəyirəm.

Ramiz Rövşən gülümsündü:

- Faydasını görsəm, mütləq sizi tapacam.

Ramiz Rövşən arada mənə baxır, təzədən öz ciddi görünüşünə qayıdırdı. Yəqin ki, öz-özünə deyirdi: “Bu cavan oğlana bax. Mənimlə bir gündə imza günü salıb. Ağlı yoxdur. Bilmir ki, bu boyda əjdahayla imza gününü eyni vaxta salmazlar”.

Mən böyük şairimizin gözlərindən bunları oxuyanda bir nəfər əlində köhnə kitab biz tərəfə yaxınlaşdı:

- Ramiz müəllim, sizin pərəstişkarınızam.

- Lap gözəl... – gülümsündü Ramiz Rövşən.

- İmzalaya bilərsiniz?

Ramiz Rövşən kitaba gözucu nəzər yetirib üzünü turşutdu:

- Bu pirat nüsxədir, imzalaya bilmərəm.

Oxucu küskün-küskün boynunu bükdü. Amma bəlkə də Ramiz müəllim haqlı idi. Bəlkə də məhz belə etmək lazımdı. Yoxsa mənim kimi. Kim gəldi qucaqlaşıram, pulu olmayana kitab hədiyyə edirəm. Görünür, təcrübəm çatışmır. Elə bu fikirlər başımda dolaşarkən gözəl yazıçımız Mübariz Örən mənə yaxınlaşdı.

- Kitabını almışam, ona görə də bağışla.

- Eybi yox.

İçimdən gəldi ki, Mübariz Örənin ovcuna imza atım. O əllər müqəddəsdir axı. “Ağ buludlar”ı yazan ələ imza qoymaq mənim üçün şərəf idi. Və imza çəkəndə Mübariz gülə-gülə “nə adamsan” dedi. Bilmirəm, Ramiz müəllim gördümü bu anı, amma baxışlarım bir nöqtədə dayandı: bayaq kitabı imzalatdıra bilməyən oxucu təbəssümlə bizə baxırdı. Nə yalan deyim, ürəyim titrədi.

Elə o vaxt adamlar Ramiz Rövşənin başını buraxıb mənim yanıma gəldilər. İmza imza dalınca. Arası çox çəkmədi. Və Ramiz Rövşənin sevincək səsini eşitdim:

- Mənə elə gəlir, kitab qurtardı.

Hə, Ramiz müəllimin kitabı bitmişdi. O, yavaş-yavaş ayağa qalxdı, təbəssümünü ciddi-cəhdlə üzündə saxlaya-saxlaya mənə tərəf çöndü.

- Cavan oğlan, sağ ol. Uğurlar!

Və bu “Uğurlar”da nələr var idi, İlahi! O hissləri bura yaza bilsəydim, yəqin ki, dahi olardım. Ramiz Rövşənin mənə baxmağı, qaşlarını qaldırıb “Uğurlar” deməyi anını təsvir edə bilməyəcək qədər istedadsız biriydim.

Satıcıdan soruşdum:

- Nə qədər kitab satıldı?

- Beşi hələ.

Bu yerdə dostlar gəldi. Şəhriyar del Gerani, Sevinc Elsevər, Mirmehdi Ağaoğlu və Şərif Ağayar. Hamı bir-bir mənimlə şəkil çəkdirdi. Ürəkləndim.

- Kitabı oxumuşuq, yoxsa alardıq. – deyirdilər.

Sonra sükut çökdü.

Şərif Ağayar:

- Oxucu var?

- Yox e...

- Niyə?

- Ramiz nə qədər oxucu var idi, silib-süpürdü hamısını.

Bu dəfə tək idim. Əlimi çənəmə dayaq eləyib gəlməyən oxucunu gözləyirdim. Düz yanımda bir topa adam başqa kitablara baxırdılar. Elə bil mən adlı adam yox idi burda. Kitabımın üstündəki uşaq da sanki bu an mənə qəmgin göründü.

Şahbaz bəy yanında bir nəfər gətirdi.

- Tanış olun gənc yazarımızdır.

Məlum oldu ki, bu “kültür bakanının müşaviridir”. Kitabımı aldı, imzaladım.

- Görüşürüz – deyib getdi.

Ondan sonra da xırda bir axın oldu.

- Nə qədər satılıb? – satıcıya soruşdum.

- Doqquz.

- Bir az da gözləyək.

Yenə adamlar gəlib-gedirdilər. Hərə bir şey soruşurdu, kitab adı çəkən yoxdu.

- Bu torbadan olar? – deyəndə gülmək tutdu məni.

Yaşlı kişi əsəbiləşdi:

- Dədə-babalarımız həmişə buna torba deyib. İndikilər sellofan deyir, “klyok” deyir. Bunun əsl adı torbadır. – Şəhadət barmağını az qala gözümə soxacaqdı.

Halbuki gülməyimizin hədəfi başqaydı: mənə yaxınlaşanlar tamam ayrı şeylər istəyirdilər.

Sonuncu kitabı cavan bir oğlan aldı. Əlini uzadanda istədim onu qucaqlayım.

- 10 oldu. – satıcı sevincək dilləndi.

- Əla!

Elə sevinirdim ki, elə bil bestseller olmuşdum. Kitabımın satışı 100 milyon tirajı keçmişdi.

Dostumun biri yaxınlaşıb zarafatla dedi:

- Ramiz Rövşən səni sındırdı.

- Niyə ki?

- Şəkil çəkdin, çanta tutdun. Hər şey elədin. - əlini-əlinə vurdu.

Ona heç nə demədim. Bilmirəm, bu adam nə gözləyirdi. Ramiz Rövşən hara, mən hara? Üstəlik mən hələ cavan bir oğlanam. Bu cür şeylər məndə təbəssüm yaradır. Və xoşbəxtəm. Ona görə ki, 10 kitabım satıldı. Bəlkə də çox satılsaydı, qudurardım. Yekəxana-yekəxana ortada dolaşmaq mənlik deyil. O 10 oxucu mənim həqiqi oxucumdu. Heç biri məni tanımır, nə də mən onları. Demək, bizi birləşdirən sadəcə kitab oldu. Mən yazmışam, onlar da oxumaq istəyir. Onlar şöhrət, ad-san yanında deyillər, tirajlanmış müəlliflərdən qaçırlar. Mənə də bu lazımdı.

- Məncə, sən intihar elə. – başqa bir dostum zarafata saldı.

- 10 oxucu varsa, deməli yazmağa dəyər. Elə yaşamağa da...

Mən geridə qalan kitablarımı o kişi demiş, torbaya yığıb qoltuğuma vurdum və fit çala-çala metroya tərəf getdim.

Arxamca dostlarım gəldi:

- Ürəyini sıxma. Sən o yaşa çatanda izdiham olacaq başının üstündə.

- Mən narahat deyiləm. Gedək qazandığımız pula çay içək. Bizə qalan budur.

Deyə-gülə getdik. Hava da gözəl idi, içimiz də...

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #