“Xarizmatik ifritə” – Alpay Azərin HEKAYƏSİ

<b>“Xarizmatik ifritə” – <span style="color:red;">Alpay Azərin HEKAYƏSİ </b>
6 sentyabr 2017
# 12:08

Kulis.az Alpay Azərin “Xarizmatik ifritə” adlı uzun hekayəsini təqdim edir.

“Hisslər və macəralar” silsiləsindən

Atası üç gün əvvəl iyirmi yeddi yaşa qədəm qoymuş oğlu Erkinə pişim-pişimlə dedi:

- A bala, iyirmi beş yaşında sənə ona görə evlən deyə bilmirdik ki, bir yerdə işləmirdin. O vaxt evlənsəydin, gərək ailə saxlayaydın, yəni səni hardasa o vaxt başa düşürdük. İndi maşallah, o boyda şirkətdə işliyirsən, məndən çox maaş alırsan. Zəhmət çək, ya özün qız tap, ya da imkan ver, anannan mən halal süd əmmişin birini tapaq sənin üçün.

İki ay vaxt verdilər oğullarına. İstədiyini tapammayanda, özləri, yaxınları işə girişdi. Tapdıqlarından biri, dediyinə görə, sifətdən qəşəng olsa da, hikkəli qıza oxşayırdı. O biri namizədin baxışlarında birinci karyera, sonra ər və uşaq yazılmışdı, - qız xarici şirkətlərin birində tərcüməçi işləyirdi. Üçüncüsünün “qüsuru” isə məşhur bank müdirinin köməkçisi işləyən atasının çox varlı, üstəlik, əliaçıq olmasıydı. Erkinin məntiqiylə belə qaynata tez-tez kürəkənin cibinə pul basacaqdı, maşın alıb, yarıxoş, yarızor hədiyyə edəcəkdi və nəhayət, evliliklərinin, məsəlçün, üçüncü ayında evdə gəlin-qaynana davaları başlayanda, - Erkinin ayrı evi yoxuydu, - əvvəlcə qızın ata-anası yumşaq şəkildə deyəcəkdi ki, ay oğul, başa düşürük, hər evdə söz-söhbət olur, dünyanın heç bir yerində qaynanayla gəlin yola getmir, ata-anana hörmət edirik, bu, öz yerində, amma gəl belə edək, ev alaq sizə, ürəyiniz istəyəndə, elə qızımı da götürüb ata-anangilə gedərsən. Bu variant keçməyəndə, qaynata kürəkəninə ultimatum göndərəcəkdi: ya qızım, ya da ata-anan. “Ata-ana variantında, təbii ki, maşını qaytarmaq lazım olacaq”. Bunları xəyalına gətirən Erkin bu qıza da “yox” demişdi.

Nəhayət, bir neçə aydan sonra Erkin ürəyinə yatan birisini tapdı, poliklinikada tibb bacısı işləyirdi gələcək arvadı. Tanışlıq, kafe, parklarda iki-üç dəfə görüş, kəşfiyyat məlumatları (ata-anası necə adamlardı, haralıdılar, əvvəl görüşdüyü oğlan-filan olubmu və s.) üç aydan sonra elçilik, o biri ay nişan, iki həftə sonra təmtəraqlı toy, on bir aydan sonra uşaq, iki il yarımdan sonra hay-küylü məhkəmə və hakimin imzalayıb möhürlədiyi boşanma qərarı...

- ...Nəbadə mənə evlən deyəsiz ha. Minimum iki il subayam, - hökmlə ata-anasına dedi.

- A bala, sənə necə rahatdısa, elə olsun, amma bəlkə, - anası qorxa-qorxa dilləndi.

- Ammasız və bəlkəsiz, - cümləni qoymadı bitirsin.

Amma bu həyatda “ammasız”, “bəlkəsiz” yaşamaq olmur, hər ikisi daima adamı izləyir və məcbur olub axırda onlarla hesablaşmalı olursan. İki ildən sonra boşanmış Erkinə əvvəlcə ata-anası, sonra bibi-xala, əmilər ehtiyatla, guya siyasətlə, eyhamla məsləhətlər verməyə başladılar: ay bala, belə şeylər hamının başına gəlir, yüzlərlə adam boşanır, dalınca evlənir, ömrün boyu subay qalmayacaqsan ki, evlənmək lazımdı və s. və s....

Bu dəfə dayısı arvadı öz qohumlarından birini tapdı, - bağçada tərbiyəçi işləyirdi, iyirmi səkkiz yaşında, nə bir dəfə nişanlı, nə də deyikli olmuşdu. Erkin qızın şəklinə baxan kimi “mənlikdi” deyib, Nazlıyla bir neçə dəfə görüşdü. Üzüktaxmadan hardasa üç həftə sonra qız Tarqovıda Erkinlə qol-qola gəzəndə, nişanlısının aradabir gizlincə ora-bura qaçan gözlərini görüb qolunu bərk çimdiklədi:

- Elə bilirsən, görmürəm?! Adam sulux olmaz!

Erkin heç ufuldamadı da, müdrikcəsinə qımışıb dedi:

- Sulux? O, adamdı, əzizim, yemək deyil.

(Qarabağda, Gəncə-Goranboy tərəflərdə yarma şaftalıya, manqalda cızhacız bişən quzu quyruğunun kababına ağzının suyu axa-axa baxan adamlara “sulux” deyirlər).

Nazlı hər dəfə belə şeylərə görə “Bəsdi də, əl çək də suluxluğundan!” - desə də, xeyri olmadı. Əvvəlcə tez-tez Yaxşı, bu, hələ indidən mənim yanımda qızlara belə baxır, evlənəndən sonra gör nə hoqqalardan çıxacaq?” sualını özünə verən nişanlı qız sonda adi bir şeyi başa düşməyə məcbur oldu, - Erkin bütün şərqli kişilər kimi gözəl, fiquralı xanımlara baxmaya bilmirdi, ona görə nişan-üzük qaytarmaq ağlının ucundan belə keçmədi...

İkinci dəfə toydan on bir ay sonra odnoklassniki.ru-da özünə layiqli ər axtaran (“В поисках достойного мужа”) otuz səkkiz yaşlı qızılısaçlı Anna Reznikovanın şəklinin altında rusca yazılmış “Çox maraqlı şəkildi” şərhini görən Nazlı ərini bu dəfə daha bərk çimdiklədi:

- Uy da, sən yenə bu qızın şəklinə baxırsan?!

Noutbukda ərini “qız üstündə tutan” arvad özündən çıxdı.

- Ayy! Sən hələ layk da eləmisən bunu. Bax, bunu sənə bağışlamayacam. Belə getsə, mən, bilmirəm neyniyəcəm!

“Elə bilməsən yaxşıdı,” - davamını kişi ürəyində dedi.

- Bu qədər də olmaz axı. Nə vaxta qədər bu layklara, yazdığın yaltaq şərhlərə, təzə dostluqlara dözmək olar. Hamısı da qızlar. On bir aydı e evləndiyimiz. Mən ərə gələndən səni işdə də feysbukda görürəm, evdə də. Haranın şortusu sənə dostluq göndərir, o dəyqə dostluğunu qəbul eliyirsən. Olmaz axı belə.-Təzə evlənmişdilər deyə, çalışırdı arvadın qısqanclığını susmaqla yola versin.

Evliliklərindən il yarım sonra bir oğulları oldu - Mustafa. İki il yarımdan sonra Erkin anladı ki, bu dəfəkiylə izdivacı ömür qırılana kimi davam edəcək, rahat nəfəs aldı. Nazlı isə ərinin suluxluğuna yavaş-yavaş öyrəşməyə məcbur oldu. Yemək bişirmək, uşağı yatızdırmaq, çimizdirmək, poliklinikaya qaçmaq öz yerində, arvad fürsət düşdükcə ərini izləyirdi. Ər o biri otaqda, ya hamamda olanda noutbukda açıq qalan gmail-inə girib tez-tez “gələn”, “göndərilən məktublara”, telefondakı sms-lərə baxırdı. Mobil telefonun sms-lər olan yeri, gmaili o mənada “tərtəmiz” olurdu. Hətta qulağını qurulaya-qurulaya hamamdan çıxan vaxt arvadını öz inbox-u (gələn məktublar) üstündə yaxalayanda, özünü itirmirdi, nə də başqa kişilər kimi kompyuterə tərəf cumub arvadla süpürləşə-süpürləşə gmailindən çıxmırdı. Sakitcə yanında oturub soruşurdu: “Hmm, bir şey tapa bildin?”

***

Erkin şəhərin tanınmış reklam şirkətlərinin birində kopirayter (reklam mətni yazan) işləyirdi. Hər il ofisə təzə işçilər gəlir, köhnələri daha çox maaşlı iş tapıb başqa şirkətlərə gedirdilər. Müdiri bircə Erkini əvəzsiz kadr kimi əldən buraxmırdı. Maaşını artırmaq, bayramlarda əlavə pul mükafatı yazmaq öz yerində, istədiyi vaxt məzuniyyət verirdi, arada xaricə, konfranslara göndərirdi ki, təkmilləşsin, inkişaf eləsin. Başqa işə keçmək Erkinin ağlının ucundan belə keçmirdi, tək yaxşı maaş aldığına görə yox, elə insan kimi də razıydı müdirindən.

***

Hələ birinci evliliyindən əvvəl, işə düzələndən bir müddət sonra Erkin ofisdə bir yerdə işlədiyi Natəvanı gözaltı eləmişdi. Araları istiydi, deyib-gülürdülər, mentalitet, şou-bizneslə bağlı söhbətlər öz yerində, arada o biri işçilərin qeybətini də qırırdılar.

Erkinə elə gəlmişdi ki, vurulub qıza, üstəlik, əmin olmuşdu ki, etiraf eləsə, “yox” cavabı almayacaq. Həmin vaxtlar onun iyirmi beş, qızınsa iyirmi üç yaşı varıydı, hər ikisi işləyirdi, maaşları yaxşı, ev problemi yoxuydu, qalırdı qarşılıqlı sevgi etirafı, dalınca kəbin və toya qədərki məlum şeylər.

Elə bu etiraf məsələsinə gələndə, Erkinin gic tərsliyi tutmuşdu. Bir müddət tənbəllik, - bu gün deyərəm, sabah deyərəm, - bir ay belə keçmişdi. Sonra birdən-birə başlamışdı qızın geyimlərində qüsurlar tapmağa. Dar kofta, dar şalvarı, qısa donu həm özü xoşlamırdı, həm də evdəkilər açıq-saçıq geyinən gəlini qəbul etməzdi. Erkinə elə gəlmişdi ki, “Səninlə evlənmək istəyirəm” etirafından sonra “Amma geyimini gərək dəyişəsən” tələbinə Natəvan ya “yox”, ya da yalandan “hə” deyəcək və evlənəndən sonra hər ikisinin qara günləri başlayacaq. Bir müddət ad günü, nişan-toyu bəhanə edib istədiyini geyinəcəkdi, sonra yavaş-yavaş yaz-yay sezonunu səbəb gətirib dar şalvara keçib deyəcəkdi ki, birincisi, bu, subay vaxtı geydiyim şalvarlardan deyil, ikincisi, arıqlamışam, bu şalvarda qabaritlərim bir o qədər böyük görünmür.

Və bir gün Erkin daha çox maaşı olan işə keçmişdi, Natəvanla vidalaşanda ona elə gəlmişdi ki, bir yerdə işlədikləri müddətdə qıza sadəcə, dost münasibəti göstərib.

***

Reklam şirkətində işə başlayandan bir müddət sonra onun birinci uğursuz, ömrü az olan evliliyi baş tutdu. Toydan üç ay sonra Natəvanla bir yerdə işləyən Ramilənin vasitəsiylə öyrəndi ki, Natəvan da nişanlanıb, iki aya toyu olacaq. “Yəqin səni də toyuna çağırar,” - Ramilə bunları deyəndə, Erkin heç özü də bilmədi niyə Natəvanın gələcək ərinə paxıllığı tutdu: qısqandı keçmiş iş yoldaşını. “İşə bir bax də. Mən yox, o sevişəcək Natayla,” - Ramilənin dediyinə görə, cütlük lap təzəlikcə tanış olmuşdu.

Natəvan toyuna Erkini çağırmadı. “Mənə acıq verib çağırmadı? Amma maraqlıdı, bizim qızlar acıq vermək istəyəndə, adətən, öz toylarına çağırırlar, yəni, gəl gör necə oğlana ərə gedirəm, yan, tökül”. Dalınca xatırladı ki, Natəvanı illər öncə qardaşının toyuna dəvət etmişdi, o da gəlib yüz manat pul salmışdı. “Ən azından buna görə məni öz toyuna dəvət edə bilərdi ki, gedim borcumu ödəyim”. Gedə bilməsəydi, heç olmasa, keçmiş iş yoldaşlarından biriylə yüz manat göndərib borcu qaytarardı Erkin.

...On aydan sonra bir oğlan doğdu Natəvan. Bu xəbər gəlib Erkinin qulağına çatanda, “Allah saxlasın!” dilədi. “Görən, yenə dar şalvar geyinir? Əri qoyur görən açıq-saçıq geyinməyə? Amma yox, hamiləlikdən sonra arvadlar çox kökəlir. Çətin ki, dar şalvar geyinə”.

***

...Artıq iki həftəydi Esmiranın işə (dizayner) çıxdığı. İyirmi beş-otuz yaş arasında olardı. Hündürboylu, üstəlik, cazibədar görünsün deyə, danışanda qaşlarını hərdən yuxarı qaldıran - qaldırmasaydı da cazibədar idi, - babat fiquralı, uzun, düz ayaqları olan, amma nazik baldırlı Esmira səhər Erkini görəndə, başını yüngülvari tərpədib candərdi-ciddi sifətlə salam verirdi, axşam saat altıda isə Erkinin tək oturduğu, qapısı açıq otağının yanından keçəndə, “sağ olun” demədən ofisdən çıxırdı.

“Bu, niyə belə eliyir? Elə bil dədəsinə borcum var. Görən, Vüsalla Elmara da (o biri işçilər) sifət göstərir, yoxsa tək elə məni qaralıyıb?” Erkin bu cür münasibəti həzm edə bilmirdi. Çünki ilk dəfə Esmiranı görəndə, anlamışdı ki, universitetdə bir qrupda oxusaydılar, sözsüz ki, vurulardı ona, bunu etiraf edərdi və “Yox, bu mümkün deyil” kimi cavab alsaydı, aralarında “soyuq müharibə” getməsə də, “soyuq sülh” olardı. Elə indiki saymamazlığıyla da Esmira sanki bunu deyirdi: “Əcəb eliyib o vaxt sənə “yox” demişəm”. Tutaq ki, qız ona “hə” desəydi, lazım gəlsə, dörd il kaprizlərinə, şıltaqlıqlarına dözərdi, əl çəkməzdi ondan.

Salamlaşanda, Erkin bir neçə dəfə onun sifətinə baxıb, başa düşə bilməmişdi qaşları alınıb, ya yox. Bilirdi ki, indi ərə getməyən qızların çoxu dəbə görə qaşlarını alır.

Yaxınlaşıb soruşasan: “Esmiralda xanım, ərkyana, bir az da acığa adını bu cür deyəsən, axı siz niyə mənə nifrət edirsiz? Daha doğrusu, sizin mənə olan nifrətiniz patolojidi, yoxsa səbəbi var? Patolojidirsə, yenə başa düşərəm sizi, mən də bəzən insanlara səbəbsiz-filansız nifrət edirəm. Yox, səbəbi varsa, onda deyin görüm, nə qələt eləmişəm? Şorgöz kişilər kimi baxmıram ki, üzr istəyirəm, məni oğraşlıqda qınayasız. Bir də heç imkan verirsiz ki, doyunca hüsnü-camalınıza baxım? Elə sifət göstərirsiz ki, iki-üç saniyəlik vizual həzz burnumdan gəlir. Ya da birdəfəlik deyin ki, sizə nifrət edirəm, mən də işimi bilim, sizdən etika-filan ummayım. Yəqin ki, ən azı dörd-beş ay bir yerdə işləyəcəyik. Əslinə qalanda, zəhmət çəkin, necə deyərlər, biznes etikası xətrinə yalandan da olsa üzümə gülümsəyin. Demirəm həmişə, hərdənbir heç olmasa... Bəlkə ərin qısqancdı, əgər ərdəsənsə? (Az sonra ürəyində “siz”dən “sən”ə keçdi). Qısqanc olsun da. Demirəm ki, salam verəndə mütləq gülümsə, ya üz-üzə gələndə mütləq kefimi-halımı soruş. Yenə deyirəm, mən oğraş deyiləm. İkincisi, oğraş olsam belə, o qədər həyasız deyiləm ki, ərdə olan, üstəlik, ciddi bir qadına ilişim. Ən azından, bilərəm ki, ərin qısqancdı, ondan çəkinərəm. Ona görə özünü dağ başına qoyma, zəhmət çək, səhərlər adam kimi salam ver”. Sonra Nigar yadına düşdü: “Doğurdan ha, ondan soruşmaq olar bunun ərdə olub-olmadığını. Amma ağzıyırtıq şeydi Nigar, beş dəyqə keçməmiş ovcuna qoyacaq, deyəcək ki, səninlə maraqlanırdı Erkin, evli olduğumu, bir oğlum olduğunu çatdıracaq. O da, sözsüz deyəcək: “İki gözüm aydın, bunu mənə niyə deyirsən?”

***

Erkin mədəni suluxuydu - belələri ütülü ağ köynəkdə, “ütülü” saçla işə gəlir, maz vurulmuş ucu şiş ayaqqabıları işıqda bərq vurur. Onlara ofis suluxları da demək olar, - liftdə uzunayaq, görünüşləri ürəyi tez-tez döyündürən qız görəndə bir-iki saniyə çəpəki, bir az da guya etinasız liftin divar-güzgüsündə qızın əksinə, sonra öz ayaqqabılarının ucuna baxırlar. Ya da görürsən, biri qamətini dikəldib pencəyinin ətəklərini aşağı dartdı, qolundakı bahalı saata baxdı, ya iki sulux öz aralarında yarımşit zarafatlar elədi, - bunlar hamısı diqqəti cəlb etmək jestlərdir. Qızlar onlardan əvvəl liftdən çıxanda, ofis suluxları onlara guya gözucu arxadan baxa-baxa yavaşca köks ötürür, ya boğazlarnı arıtlayıb gərgin vəziyyətdən çıxırlar. Onların çoxu qəşəng qız yanlarından ötüb keçəndə, bərk istəsələr belə, bəziləri kimi çönüb arxasınca baxmır.

***

“İndi meşədə olsaq, qəfildən uzaqdan canavar, ya pələng görünsə, tez qolumdan bərk-bərk yapışıb ağlıya-ağlıya deyərdin ki, Erkin, amanın günüdür, məni tək buraxma... Hmm, fors elə də, fors elə görüm. Sözsüz, yazığım gələrdi, ağaca çıxsam, qolundan tutub yuxarı dartardım səni, qalın budağın üstündə yerini rahatlayıb qısılardın mənə… Yox, meşə, canavar, ağaca çıxmaq nisyə söhbətdi... Zəlzələ, məsələn, altı bal... Altı çoxdu, dörd bal... Dörd də azdı, hiss olunmur. Beş-beş yarım bal gücündə zəlzələ ola, ofisdə tək mən olam, bir də sən. Mən tez qaçam qapının arakəsməsində dayanam, sən isə çaşıb özünü itirəsən, ora-bura qaçasan, tez yanıma çağıram. Qaça-qaça gələrsən. Elə yanıma gələn kimi, bir az əvvəl dayandığı yerdə şkaflar, içindəki kitablar, ağır plasmas qovluqlarla, üstündəki çərçivəli şüşə qramotalarla bir yerdə aşıb düşə yerə. Sonra zəlzələ dayana. Düzünü de, neyniyərdin? Ağlın kəsərdi ki, əlimi əlinin içinə alıb təşəkkür eləmək pis olmazdı?”

***

Erkin kitabpərəstiydi. Kopirayter olsa da, şumerlərin “Bilqamıs” poemasından tutmuş Markesə, Mario Varqo Lyosaya qədər əlinə düşən klassikləri oxumuşdu. Tələbəlik illərində tez-tez Axundov kitabxanasına gedirdi, internet çıxandan sonra kitabxanayla vidalaşdı.

İkinci evlilikdən bir neçə ay sonra evlərinin yaxınlığındakı kitabxananın yanından keçəndə, erotik-nostalji hisslər baş qaldırdı. Tələbəlik illərində o, altı-bazar bura da oxumağa gəlirdi, arada qəşəng qızlara, xanımlara baxırdı.

İndi isə şənbəydi, vaxtdan boluydu, içəri keçməyə qərar verdi.

- Bağışlayın, sizdə Cek Londonun Martin İdeni olmaz? - gözlüklü xanımdan soruşdu.

- Siz, zəhmət olmasa, keçin xarici ədəbiyyat olan bölməyə, - kitabxanaçı xanım əliylə bölməni göstərdi. - Orda kataloqlar var. Kitabın adını, şifrəsini yazıb gətirin mənə.

- Oldu, - Erkin ağır-ağır addımlarla kataloqa tərəf getdi. “Axx, Nazlıyla evlənəndən əvvəl sən hardaydın?” - başından ilk keçən fikir bu oldu.

Lazım olan kataloqu tapıb, özünə tərəf çəkdi, köhnə, saralmış dördbucaqlı karton vərəqlərin qədim ətrini iki-üç dəfə içinə çəkib öz-özünə dedi: “Bəh-bəh, nostalji yaman şeydi”. “Martin İden”i tapdı, balaca ağ kağıza şifrəsini yazıb Kəmaləyə uzatdı:

- Buyurun, Kəmalə xanım, - adını sinəsinə sancdığı bədcdən oxumuşdu, adını çəkməklə ona qarşı laqeyd olmadığını çatdırmaq istəyirdi.

- On dəqiqə sonra yaxınlaşarsız, - xəfifcə gülümsədi.

Erkin boş masalardan birinin arxasında oturdu, önündəki kitab oxuyanların çiyinləri üzərindən Kəmaləyə baxmağa başladı.

***

Feysbukda Ramiləylə söhbətləşirdi. Ümumi girişdən sonra qızlar mövzusuna keçdilər.

Erkin: Qızlar neyniyir? Ərə gedən var?

Ramilə: Natəvanın ərə getdiyini sənə demişdim, oğlu da var, deyəsən, onu da demişdim. Yeri gəlmişkən, Natəvan iki aydı bizdən çıxıb, Nikoylbanka düzəlib.

Erkin: Hansı şöbəyə?

Ramilə: Kreditlərin monitorinqi.

Erkin: Lap yaxşı.

Əslində, yazdığı “lap yaxşı” Ramiləyə yox, Nataya aid idi: “Lap yaxşı, mobil telefonuna zəng etmək bir az müşkül məsələdi, əri qısqanc olar, söz-söhbət yaranar, amma iş yerinə zəng etmək olar”. Birdən Natanın axşam saat altıda çantasını çiyninə atıb, işvəylə ona əl edərək ”Hələlik, sabaha qədər,” - deyib otaqdan çıxmasını xatırladı. Bir anda ehtirasdan içi isindi.

Erkin: Sən yəqin bilirdin də, Natadan dəhşət xoşum gəlirdi.

Ramilə: J Doğurdan? İnanırsan, bilmirdim. ))

“Hardan biləsən, heç onun özünə bunu hiss elətdirməmişdim,” - Erkin fikirləşdi.

Ramilə: Bəs vaxtında niyə hərəkət eləmədin? “Hərəkət eləmədin” sözlərini feysdə yazanda, gəzmək yox, ciddi münasibətləri, evlənməyi nəzərdə tuturdu.

Erkin: Nə bilim, yəqin təpərim çatmadı.L

Ramilə: Təpərsiz J Heyif, Nata yaxşı qızdı, gərək əldən buraxmayaydın.

***

Feysbukdakı söhbətdən bir həftə sonra Erkin Visa ödəniş kartı almaq bəhanəsiylə “Nikoylbank”ın filiallarından birində kreditlərin monitorinqi şöbəsinə zəng edib Natəvanı tapdı, ümumi girişdən sonra məsələyə keçdi. Natəvan da işlədiyi yerin ünvanını, sabah on iki üçün onu gözləyəcəyini dedi...

- ...Otur, otur, tələsirsən ki? - Natəvan işgüzar jestlə təzəcə otağa daxil olan Erkinə yer göstərdi.

- Yox, vaxtım var,-oturdu, otuz-otuz beş kvadrat metrlik otağa göz gəzdirdi. - Tək oturursan burda? - verdiyi sual özünə də əcaib gəldi.

- Hə, necə deyərlər, öz kabinetimdi,-Natəvan həvəslə cavab verib kresloda dikəldi.-İçəri girəndə qapıdakı yazıya baxmadın ki?

- Nəysə, fikir vermədim.

- Aa, ola bilsin, familyam səni çaşdırıb, yoldaşımın familiyasını götürmüşəm də.

“Elə yoldaşının hesabına da yəqin burda işləyirsən,” - Erkinin ağlından keçdi.

- Onda çox istiyirsən yoldaşını, - istədi göz vursun, amma şitlik hesab elədi bunu.

- Əlbəttə. Çox istiyirəm ki, familyasını götürmüşəm də,-təbii alınmadı, Erkin də bunu hiss elədi.

Natəvan danışanda, arada qaşlarını qaldırır, tez-tez alt dodağını dişləyirdi. Əvvəllər bir yerdə işləyəndə, belə vərdişləri yox idi. Məsələn, Erkin ona son vaxtlar təzyiqinin tez-tez aşağı düşməsini deyəndə, Natəvan qaşlarını qaldıraraq həyəcanla:

- Ayy, niyə həkimə getmirsən?

- Yox, təzyiq məni o qədər də narahat eləmir, öyrəşmişəm artıq.

- Nə danışırsan, mütləq həkimə göstərməlisən özünü. Mənim beşnömrəlidə tanıdğım yaxşı həkim var. Gəl, onun nömrəsini sənə verim, - başladı telefonunda həkimin nömrəsini axtarmağa.

“Ayy, niyə həkimə getmirsən?” soruşanda, yenə alt dodağını dişlədi. Bir də, ayfonunda “Dilavər doktorun” nömrəsini axtaranda ağ muncuq dişləri qırmızı boyalı üst dodağına batdı. “Yox, yüz faiz əvvəllər belə eləməzdi, düzdü, mənə yazığı gələn anlar olmuşdu, məsələn, müdir çox iş tapşıranda, ya başım ağrıyanda mən ah-uf eləyəndə, narahat olduğu yadımdadı, amma dodağını heç vaxt belə dişləməmişdi. Ramilə bir vaxtlar Natadan xoşum gəldiyini bittə-bittə ovcuna qoymasa da, hər halda ümumi şəkildə ona çatdırıb”.

Məsələ burasındaydı ki, Erkinçün istənilən qəşəng qızın ona baxıb alt dodağını yavaşca dişləməsi bir növ, erotik işarəydi, bu cür jestdən tez ehtiraslanırdı. Artıq Natanın nə dediyini belə eşitmirdi, halı özündə deyildi. Birdən özünə gəldi, armudu stəkandakı çayın son qurtumunu içib, ayağa durdu.

- Niyə, harasa tələsirsən ki? - Natəvan dilləndi.

- Tələsirsən deyəndə...

- Hə, onda otur, indi deyərəm, bir stəkan da çay gətirəllər.

- Yox, sağ ol, bəsdi. Bir qohumgilə dəyməliyəm, gözlüyürlər məni, - uydurdu.

- Hə, necə məsləhətdisə, amma dediyim həkimin yanına mütləq gedərsən ha. Ay, təmiz yadımdan çıxmışdı az qala. Sənin viza kart məsələn, bayaqdan söhbət eliyirik deyə, yadımdan çıxmışdı az qala.

Bir yerdə otaqdan çıxdılar, Nata qabaqda, Erkin arxasınca dəhliz boyu gedib, pilləkənlərdən aşağı düşüb, birinci mərtəbədə lazım olan şöbəyə çatana qədər onun yarımçılpaq kürəyindən gözlərini çəkmədi. “Uşaq doğsa da, fiqurasına həmişə fikir verib”. Bir də, Erkinə elə gəldi ki, yerişi bir az da incələşib, - bunu sekslə əlaqələndirsə də, sonra özünə əcaib gəldi bu fikir. “Seksin məsələyə nə dəxli? Əlbəttə, özünü mənə göstərir”.

...Avtobus dayanacağında həkimin nömrəsi yazılmış kağızı əzib zibil yeşiyinə atıb öz-özünə dedi: ”Dilavər doktor, hələlik. Ümid edirəm müştərilərin çoxdu”.

***

“Görəsən, hansını alsaydım, daha xoşbəxt olardım. Natanı, Esmiraldanı, ya Kəmaləni? Düzdü, Natayla ən azı bir ilə yaxın eyni şirkətdə işləmişəm, xasiyyətinə az-çox bələdiydim. Amma o biri tərəfdən, birinci arvadla nişanlı vaxtı həftədə iki dəfə görüşürdüm, söhbət edirdik, guya onu da tanıyırdım, axırı nə oldu. Deməli, kitabxanaçı qızın da xasiyyətini öyrənmək olar yaxın aylarda, Esmira da ki gözümün qabağında,” - xəyalən arvadına göz vurdu, yəni, ciddiyə alma bu sözləri, zarafat edirəm.

***

Bəzən Erkin səhərlər mətbəxdə özünə çay süzəndə, beş dəqiqə əvvəl orda olmuş Esmiranın vurduğu fransız ətirini qoxulamalı olurdu. Yadından çıxırdı ki, ona nifrət edir, qəsdən dəm çayını, qaynamış suyu yavaş-yavaş stəkana süzürdü, dolabın gözlərini bir-bir açırdı, guya bilmirdi ki, konfet hansındadı, mümkün qədər Esmiranın bədəninin təbii və şirin fransız ətirinin bir-birinə qarışmış xoş qoxusunda çox ləzzət almağı qənimət bilirdi. İşdən tez çıxanda, mütləq onun asılqandakı dəri gödəkcəsini qoxulayırdı.

Bir dəfə isə öz stəkanından çay içəndə, həmin ətir burnuna dəymişdi, qanadları olsaydı, balkona çıxardı, göydə bir-iki dəfə pərvaz edib otağına qayıdardı. “Lap təsadüfən əli dəyibsə belə, xoşdu yenə də”.

“Deyəsən, ərdədi”. Esmira hansısa toyda Rasimlə “Tərəkəmə” rəqsini oynamağını həvəslə qızlara danışırdı... “Amma bu adam əri də ola bilər, qardaşı da, xalasıoğlu da”. Erkin qulaqlarını şəkləsə də, Rasimin kim olduğunu anışdıra bilmədi.

Yeri gəlmişkən, Esmira mətbəxdə qızlarla danışanda, bəzən istər-istəməz səsini eşitməli olurdu. “Xarizmatik ifritənin səsi ancaq belə ola bilər”. Sinədən gələn səs idi, ruslar buna “qrudnoy qolos” deyir. “Bunnan söhbət edəndə, iki-üç cümlədən sonra dodaqların bir-birindən aralansın, başın hərlənsin, dediklərini tam anlamayasan, çünki qulaqların tutulub, amma etika xətrinə başını tərpədəsən, gülümsəyəsən, yalandan deyəsən ki, hə, düzdü, elədi, arada “hmm” eliyəsən. Qısası, bu cür məqamlarda söz yox, əsas olan səsdi. Ey mənim qəddar ifritəm Esmiralda, sənin mənə olan nifrətində ən çox əsəbimə toxunan o murdar baxışlarındı, bilirəm, məni görməyə gözün yoxdu. Canın sağ olsun, amma ən mənasız sözlər, cümlələr belə deyəndə, füsunkar səsinə görə hər gün mənə qarşı elədiyin günahı bağışlayıram”.

***

Bir dəfə cin vurdu təpəsinə Erkinin, acığa düşüb guya çay üçün konfet almaq bəhanəsiylə Esmira olan otağa girdi. Bilirdi ki, Nigarla Zəminə hələ nahardan qayıtmayıblar. Qabağına məqsəd qoymuşdu ki, bu dəfə “Qoy görüm, bu qız məndən nə istəyir?” sualına cavab tapacaq.

- Salam, Esmira xanım.

- Salam, - başını monitordan qaldırıb dedi. Gülümsəmədi.

- Bağışlıyın, narahat etdim sizi. Sizdə kanfet olmaz?

- Olar.

Sonra monitorda yenə nəyəsə baxa-baxa masasının birinci siyirməsini çəkdi, ordan “Quş südü” şokoladı çıxarıb Erkinə uzatdı. Erkin qorxa-qorxa kağızın bükülmüş ucundan tutub şokoladı götürdü ki, əli əlinə toxunmasın. “Elə bilər qəsdən toxundum”.

- Təşəkkür edirəm, - deyib otaqdan çıxdı.

Esmira bu dəfə hətta yalançı təbəssümlə “Dəyməz” desəydi, Erkin məmnuniyyətlə ən zəhləsi getdiyi “Quş südü” şokoladıyla çay içərdi.

Bu vaxt Erkinin iş telefonuna zəng gəldi, dəstəyi qaldırdı:

- Alo... Həə... Kim rəhmətə gedib?... Off, sizdə də iki gündən bir kimsə rəhmətə gedəcək, mən də mütləq sənnən Ağstafaya getməliyəm... İndiki dövrdə atanın əmisi nəvəsi qohum sayılmır. Allah rəhmət eləsin... Nə yaxşılığı dəyib?... Tək yox, tək olmaz... Yox bir, bircə o qalmışdı ki, Motunu ağlaşma mərasiminə aparasan... Vaxtım yoxdu, işim çoxdu, sözüm də yoxdu. Sağ ol, - deyib dəstəyi yerinə qoydu.

Yenə zəng gəldi, cavab vermədən dəstəyi götürüb yerinə qoydu. Sonra Esmiranı ürəyində söyə-söyə masanın üstündəki “Quş südü” şokoladını əzib zibil yeşiyinə atdı. Elə pərt olmuşdu ki, az qalırdı konfeti zibil yeşiyindən götürüb özünə qaytarıb desin ki, sən demə, şkafında konfeti varıymış, sadəcə gözündən qaçıbmış.

***

- ...Təzəlikcə ərindən boşanıb, - ofisin mətbəxində Nigar Erkinin guya sözgəlişi (neçə müddətiydi fürsət tapıb verə bilmədiyi) “Ailəlidi?” sualına cavab verdi.

- Niyə boşanıb ki?

- Narkoman çıxıb əri. Amma öz aramızda qalsın ha, - Nigar pıçıltıyla tez dedi. - Təsəvvür elə, üç ildi bilmirmiş ki, əri narkomandı...

“Yox bir, on üç ildi bilmirmiş. Təzə nağıl da uydura bilmir bu arvadlar... Gərək “”niyə boşanıbdı?” sualını verməyəydim, yüz faiz gedib ona çatdıracaq. Onsuz da məni görməyə gözü yoxdu”.

- Uşağı var? - yalançı soyuqqanlıqla o biri suala keçdi.

- Yoxdu.

“Uy da nə yaxşı”. Bu cümləni Erkinin gözlərindən oxuyan Nigar bic-bic gülümsəyib dedi:

- Hə, xoşun gəlir?

- Vallah, xoşum gəlir deyəndə, cavan gəlindi. Allah xoşbəxt eləsin. Hər halda layiqli bir kişi tapıb yenə ərə gedər. Bizim bir qohum qız var, bir suyu ona oxşuyur. Düzü, elə o qohum qız yadıma düşdü deyə soruşdum, - tez uydura bildi, amma o dəqiqə də anladı ki, Nigar gedib bütün bunları Esmiraya çatdıracaq və o, qohum qıza oxşamaq məsələsinin uydurma olduğunu başa düşəcək...

“Yaxşı, tutaq ki, əri bunu atıb, bəs mənim günahım nədir? Təzəlikcə boşanmıyıblar ki, deyəm, hirsini məndən çıxır. Uşaqsız olmağının səbəbkarı da mən deyiləm hər halda. Bəlkə, sifətcə bunun nifrət elədiyi eks-ərinə oxşuyuram?”

***

Nigardan fərqli Zəminə qapalı tiplərdəniydi, (yeri gəlmişkən, Esmira, Nigar və Zəminə bir otaqda otururdu), ofisdə heç kimin qeybətini eləmirdi, demək olar, həmişə öz işiylə məşğuluydu. Erkin başa düşürdü ki, Esmirayla bağlı ona nəsə desə, divara demiş olacaq. “Yaxşı ki, elə belədi, nə məndən ona, nə də ondan mənə... Guya elə Esmiranın məndən ötrü gözü atırdı durub hələ nəsə desin bu susquna”.

Amma birdən də ovqatı dəyişirdi Erkinin, ürəyi dolu olan vaxt, hikkəsinin, Esmiraya nifrətinin alışıb yandığı bir vaxtda mətbəxdə üz-üzə gəldiyi “susqun” Zəminəni başlayırdı ürəyində söyməyə: “Sən indi guya düzgün qızsan? Əslində qaradinməzsən, qəlbin qaradı. İnsan yeri gələndə qiybət də eləməlidi. Sən başa düşmürsən ki, başqasının qiybətinə şərik olmaq elə onun dərdinə şərik olmaqdı... Başındakı o karandaşla tez ərə gedəssən”. Belə vaxtlarda otuz yaşlı ərsiz, uşaqsız Zəminənin “zakolka” əvəzinə saçlarını yığıb karandaşla bərkitməyi Erkinin lap əsəblərinə toxunurdu.

***

Ənənəvi-bayağı səbəblərdən Esmira əriylə boşanmışdı. Toydan dördcə ay sonra ər-gəlin-qaynana-qaynata qovğaları start götürüb alovlanmışdı. Üstəlik, beş il İrana, Türkiyəyə elədiklər müalicə səfərləri nəticə verməmişdi, uşaq doğammamışdı, bu da qaynatası, qaynanası üçün yaxşı bəhanə olmuşdu. Beləcə, ərə gedəndən dörd il sonra Esmira köçmüşdü atası evinə, sonda isə dil tapa bilməyib məhkəmə yoluyla əriylə boşanmışdı. Keçmiş ərinin “narkoman” olması məsələsini ona olan dərin nifrətinə görə uydurmuşdu. Əsl səbəbi Nigar sonralar Erkinə danışanda, ona nədənsə elə gəlmişdi ki, Nigar onu bir növ, Esmiraya girişməyə sövq edir. “Elə sonsuz olması xəbərini də buna görə çatırdırdı mənə. - Erkin fikirləşirdi. - Yəni giriş də, onsuz da uşağa qalmayacaq səndən. Nigardakı həvəsə bax da. Arvadlı-uşaqlı kişiyə aşna tapır”.

“Ərə getmək istəmir?” - Erkin bir dəfə ehtiyatla Nigardan soruşdu. “İstiyəni var, amma hələ ki, xoşuna gələni yoxdu”. “Yaraşıqlı qızdı, ərə gedər,” - bunları deyə-deyə ürəyindən keçmişdi ki, Nigar onun arzularını elə həmin gün Esmiranın ovcuna qoysun, yəni, bilsin ki, qayğıkeş oğlanam, deyirəm, həm qəşəngsən, həm də ərə getməyə layiqsən, ona görə sifət göstərmə mənə.

***

Təbii ki, müdir də, mühasib işləyən Vüsal da, proqramçı Elman da ərsiz Esmiradan ötrü ölürdü. Və hərəsi də bir cür ölürdü. Müdirləri Nizami müəllim ciddi-ciddi artıq iki ay əvvəl məlumatları səhifənin heç yarısını tutmayan CV-nin sağ küncündə Esmiranın şəklini görəndə, tezcə müsahibəyə çağırmışdı, üç-dörd yersiz sual verib, ürəyində “eybi yoxdu, o birilərdən soruşa-soruşa öyrənər” ümidiylə işə götürmüşdü. Nizami müəllimçün hələ ki, təzə işçinin photoshop proqramını bilməsi bəsiydi. Müdir hardasa bir ay Esmirayla ciddi davrandı, - işlə bağlı cari işlər, sual-cavab, - sonra ciddi komplimentlərə və yüngül zarafatlara keçdi...

Proqramçı Elmansa təzə işçiylə ilk günlər danışanda, “buyurun”, “zəhmət olmasa” sözlərindən bol-bol işlədə-işlədə səs tonunu dəyişirdi. “Boğazında qalar, Elman, - mədəni sözlər mətbəxdən gəlib qulağına çatanda, Erkin öz-özünə əsəbiləşmişdi. - Qızların hədsiz mədəni oğlanlardan zəhləsi gedir. Ona görə sənlik deyil”. Və etikalı Elman, görəndə ki, Esmira ona umduğu diqqəti göstərmir, əvvəlki təbii səs tonuna qayıtdı.

Erkini ən çox Vüsal əsəbiləşdirirdi. Bir dəfə onun sadə-təbii tonda “Bu gün çox yaxşı görünürsünüz” komplimentini eşitmişdi. O dəqiqə qulağını şəkləmişdi və Esmiranın “Sağ ol”unu eşidəndə, səs tonundan anlayammamışdı ki, kompliment qızın xoşuna gəldi, ya yox. “Əclafa bax, evli ola-ola boşanmışa girişir... Belə götürəndə, guya mən əclaf deyiləm ki?” Beləcə, Erkinin həyəcanlı-təşvişli günləri başlamışdı: bugün-sabah Vüsal, ya müdir qızı ələ keçirəcək, mən də qalacam yana-yana.

***

Bir həftə sonra Erkinin zəhləsi getdiyi səkkiz mart bayramı gəlirdi. Həmişə olduğu kimi, martın yeddisi Vüsal ona və Elmana yaxınlaşıb deyəcəkdi ki, gül-tort üçün pul yığırıq. “Ala, bax!” - baş barmağını iki barmağının arasına salıb, Esmiranın oturduğu üzbəüz otağın divarına məlum işarəni göstərdi: “Bir qəpik də vermiyəcəm!”

Vüsal ayın yeddisi səhər Erkinin otağına girdi:

- Sabah qızların bayramıdı. İyirmi manatdan atışırıq.

- Vüsal, bağışla, imkanım yoxdu, - elə soyuq tonda dedi ki, mühasib ofisdə hamının əliaçıq kimi tanıdığı Erkinin reaksiyasından duruxan kimi oldu.

- Eybi yoxdu, canın sağ olsun, - deyib mühasib otaqdan çıxdı.

“Keçən il on beş manatdan yığırdılar, indi də iyirmiyə qaldırıblar. Sən ona girişirsən, zəhmət çək, elə hamısını özün ver”. Bu dəfə ümumi büdcəyə beş manat belə vermədiyinə sevindi, heç “Sən kassadan ver, maaş alanda borcumu qaytararam” da demədi.

Hardasa ikiyə on-on beş dəqiqə qalmış dəhlizdə ofisin kompyuter proqramçısı Elman, dalınca da mühasib Erkinin qapısının ağzında göründülər. Hər ikisinin əlində qızılgül buketləri vardı.

- Dur, - mühasib dedi.

- Niyə? - Erkin süni təəccüblə soruşdu.

- Dur, gedirik qızların bayramını təbrik eləməyə.

- Axı mən...

- A kişi, dur da deyirlər sənə, - axırda müdir də dəhlizdə göründü...

- …Əziz qızlar, - Nizami müəllim təbrik nitqinə başladı. - Sizin sabahkı səkkiz mart bayramınızı, necə deyərlər, kişi kollektivi adından təbrik edir, can sağlığı və istədiyiniz uğurlara çatmanızı arzu edirik...

Sonda isə lirik-qastronomik bir əlavə etdi ki, dostlar, çiyələkli-şokoladlı tort mətbəxdə səbirsizliklə sizin və bizim yolumuzu gözləyir.

Kişilər otaqda olduqları üç-dörd dəqiqə içində Erkin əvvəlcə yerdə məchul bir nöqtəyə, sonra başını qaldırıb, cəmi bircə dəfə etinasız-təbəssümsüz Nigarın və Zəminənin sifətinə baxdı. İstədi ki, Esmira iki sual arasında qalsın. “Bu, indi məni saymır deyə üzümə baxmır? Yaxşı, elədisə, o biri qızlara niyə soyuq, “bezrazliçnı” sifətlə baxır?”

***

“...Axı, belə götürəndə, elə də çirkin deyiləm? - ofisdə, tualetdə güzgünün qabağında dayanıb özünə göz vurdu. - Boyum bir yetmiş doqquz, ən azı, beş-altı santimetr səndən hündürəm. Qaşım bir az qalındı, gedib qaş alası deyiləm ki. Ona qalsa, sən də zəhmət çək, kökəl, baldırların mən istəyən kimi olsun. Ya da get, botoks vurdur ayaqlarına”. Sonra güzgüdə dişlərinə baxdı, sol tərəfdə üst iki yan dişi qızıldanıydı: “Hə, başa düşdüm, qızıl dişləri olanlara indi çuşka kimi baxırlar, bunları keramikayla dəyişmək olar. O da gərək maaşdan yığıb qırağa atsam. Üç-dörd aya pulu düzələ, ya düzəlməyə. Bəs üç-dörd aya da o, işdən rədd olub getsə?”

Güzgüylə dialoqun ertəsi günü qızıl dişlərini saçlarıyla kompensasiya elədi, - saçları tam arxaya daranmış halda işə gəldi, üzərinə isə hiss olunmayacaq dərəcədə gel vurmuşdu ki, saç düzümü pozulmasın.

...Gördü görməyinə, amma sıfır reaksiya, gün ərzində həmişəki sifət. “Acığa yaxınlaşıb məzələnəsən: Esmira xanım, bağışlayın, sizin əriniz təsadüfən keçəl olmayıb ki? Təəccübdən gözləri bərələ, göz-qaşnan işarə eliyib deyəsən ki, bax gör saçlarım necədir? Ehh nəysə, özün bilərsən,” - deyib özünə göz vurdu.

Hərdən şorgözlüyünə görə özünə nifrət edirdi. “Düz deyir də arvad, adam sulux olmaz, adam həyat yoldaşına, ya ən azından özünə hörmət edər, üstəlik, mənim indiki vəziyyətimdə”.

Kefi olmayanda, filosoflar demişkən, ekzistensial kədərə tutulanda, bir növ, impotent olurdu, yəni, Esmiranı görəndə, baxışlarını ona zilləmirdi, nə də o biri qızlar yadına düşürdü. Salam verib, soyuq salam alanda, onu başa düşməyə çalışırdı: “İndi neyniyim? Bu da belədi də. Amma müvəqqəti impotentliyin də öz ləzzəti var ha. Bu da yəqin Allahın lütfüdür, yəni, ey bəndə, mən sənə deyirəm ki, göz zinasını eləmə. Bax, eliyirsən, sonra da başlayırsan əzab çəkməyə. Mənim də sənə yazığım gəlir, hərdən ehtirasını azaldıram ki, əzab çəkməyəsən”.

***

Təbii ki, qısqanc Nazlı ərində baş verən daxili təlatümlərdən xəbərsiziydi. Arvad həssasıydısa, ər dünyanın biciydi. Adətən, işdəkilərdən danışan Erkin Esmirayla bağlı bircə bunları demişdi: “Təzə qız götürüblər işə. Esmiradı adı.” - “Necə qızdı? Qəşəngdi?” - “Belə də,” - yalandan sifətini turşutmuşdu, guya qəşəng deyil. Arvad təzə qızın yaşını, ərdə olub-olmamasını soruşmuşdu. “Bilmirəm. Heç maraqlı da deyil mənimçün,” - ər soyuqqanlıqla cavab vermişdi. Arvadın sonrakı suallarından xilas olmaq üçün başıyla Motunu göstərib: “Neçə pampersi var hələ?” - soruşmuşdu. “Var hələ.” “Bəs Humanası?” - “O da var”. Sonra oyuncaqlara başı qarışan uşağa: “Motu, gə atanın qucuna. Gə,... gə,” - demişdi.

Amma arada şeytan Erkini qıdıqlayırdı, az qalırdı günortadan yığılan hirsdən azad olmaqçün Esmiranın “zibil” xasiyyətindən danışsın. Bu fikrindən vaz keçmişdi. “Arvad bicin biridi, o dəyqə soruşar ki, xeyir ola, sənə soyuq salam verməyi yer edir. Bir sözlə, hiss edər ki, Esmiraya elə də laqeyd deyiləm, şübhələnər, onu görməkçün durub gələr iş yerimə”.

Yox, arvadıyla gecə həyatı öz təbii axarıyla davam edirdi, arada qızlar onlara “mane olsa” belə. Hiss edəndə ki, Esmirayla bağlı fikirlər onu lap girinc edir, söhbəti fırladıb arvadın valideynlərinin zorla ərə vermək istədikləri əmisiqızının üstünə gətiriridi:

- ...Çox nahaq tələsdirirlər. İyirmi beş yaş nədi ki? İndiki zəmanədə iyirmi səkkiz, maksimum otuz yaşa qədər evdə qalmaq olar.

- Sən də lap ağ eləmə. Otuz ha, bəlkə on yaş da üstünə gələsən.

- Dedim axı, maksimum otuz. Ode, keçmiş iş yoldaşım Natəvan. İyirmi yeddi yaşında ərə getdi, çox da uğurlu seçim eliyib. Mənə deyir, ərimdən yerdən göyə qədər razıyam. Ona görə əmin arvadına de ki, yazıq qızı zorla ərə verib bədbəxt eləməsin.

- Deyirəm, yadından çıxmır da bu Natəvan. Hələ də sevirsən onu.

- Yalan danışma, mən onu heç vaxt sevməmişəm.

- Vurulmusan, ən azından.

- Heç vurulmamışam da.

- Bura bax, günorta sənə zəng eləmişdim. Bir qız götürdü telefonu, səsindən tanımadım. Nə Nigarın səsinə oxşuyurdu, nə də Zəminənin.

“Burda düzünü demək lazımdı. Şübhələnib eliyər, durub gələr işə”.

- O təzə qızıyımış yəqin. Qanacaqsızın biridi, səhər-səhər salam verməyə canı çıxan qızı deyirəm.

- Ərdədi? - Nazlı soruşdu.

- Keçən dəfə soruşdun, dedim yox.

- Boşanıb?

- Hə. Uşağı da yoxdu, başqa sual? - Erkin əsəbiləşdi.

- Üstəlik, əri alkaş çıxıb boşanıb, - Nazlı gözünü qıyıb ərinə baxdı.

- Ay arvad, sən ekstrasenssən ki. Bir az yaxınlaşdın, alkaş yox, narkoman.

- Hər şey aydındı, - Nazlı çiyinlərini çəkdi. - yəqin müdirivizin gözü düşüb ona.

- Mən elə şeylələrə qarışmıram...

Esmirayla bağlı dialoqun bu cür mübahisəsiz bitməsinə Erkin sevindi.

***

Kitabxanada Kəmalənin yerində bu dəfə Məlahət adında qız oturmuşdu. Arada masanın üstündə Tolstoyun “Hacı Murad”ına nəzər sala-sala iki oğlanın çiyinləri üstündən Məlahətə baxırdı. Yox, ondan xoşu-zadı gəlmirdi, sadəcə, yanındakı kök arvadla danışmağına diqqət kəsilib özü üçün müəyyən etmək istəyirdi ki, söz saxlayan qızdı, yoxsa çənədən boşdu. Nədənsə, Erkinə elə gəldi ki, Məlahət ağzıbütöv qıza oxşayır. Kök arvad qızdan aralaşan kimi, Erkin tez yerindən durub ona yaxınlaşdı.

- Bağışlayın, sizdən bir şey soruşum. Amma mümkünsə, öz aramızda qalsın.

- Buyurun, - Məlahət çaşan kimi oldu.

- Sizdə Kəmalə xanım işliyir, bir dostum onunla maraqlanır, subay olub-olmadığını bilmək istiyir.

- Evlidir, - Məlahət gülümsədi. - İki uşağı məktəbə gedir, tak şto dostunuz gecikib.

- Başa düşdüm...

Ağlına gəlməzdi ki, Kəmalənin məktəbə gedən, üstəlik, iki uşağı ola bilər. Elə çaşdığından ardınca əcaib bir sual verdi:

- Bağışlayın, Kəmalə xanımın iyirmi beş, ya iyirmi yeddi yaşı olar?

- Qırx iki yaşı var, iyirmiş beş nədi, - Məlahət gülümsədi.

- Aydındı, Məlahət xanım. Gərək soruşmayaydım, xanımın yaşını soruşmazlar.

- Yox, siz ona o cür yaş verirsizsə, kompliment demiş olursuz ona.

- Yaxşı, onda dostuma deyərəm ki, Kəmalə xanımdan əlini üzsün.

Kitabxanaçı qız heç nə edə bilmərəm mənasında çiyinlərini çəkdi. Erkin oturduğu yerə qayıtdı və az sonra Kəmalə Məlahətin yanında peyda oldu. “Burdaymış ki. Mən də elə bilirəm bu gün Məlahət bunun yerinə işliyir”. İkicə dəqiqənin içində Məlahət, guya nə Erkin, nə də gözünü kitablara, vərəqlərə zilləyən oxucular hiss etməsin deyə, göz-qaşla üçüncü cərgəni göstərib, pıçıltıyla, gülə-gülə hər şeyi Kəmaləyə danışdı. Erkinsə yenə önündə oturan tələbə oğlanların çiyinləri üstündən gizlin-gizlin onlara baxdı. Kəmalənin işvəylə “Yaxşı? Doğurdan?” reaksiyasından başa düşdü ki, onun gözündə iyirmi beş-iyirmi yeddi yaşlı bir qız kimi görünməsindən xüsusi ləzzət alıb. “Papa canı,” - Məlahət onu inandırmaq üçün belə deyəndə, Kəmalə düz gözünü Erkinə zillədi və baxışlar toqquşdu: adətən, belə baxışlardan sonra bir-birinə ilk dəfə vurulanlar başlarını bir-birinin çiyninə qoymasalar da, əl-ələ qovuşur. Erkin elə sevinirdi, sanki məqsədinə çatmışdı, sevinirdi ki, Kəmalə bu dəqiqə onunla maraqlanan uydurma dost haqqında yox, ona iyirmi beş-iyirmi yeddi yaş verən adam haqqında düşünür...

- İlk dəfədi bu kitabı oxuyursuz? - “Hacı Murad”ı geri alan Kəmalə soruşdu.

- Yox, məktəb vaxtı oxumuşam. Süjeti az-maz yadımdaydı, sevdiyim romandı deyə, bir də oxumaq istədim.

- Mən də sizin kimiyəm. “Karamazov qardaşları”nı, “Anna Karenina”nı iki-üç dəfə oxumuşam.

- Hmm, Qorki düz deyirdi: təkrar biliyin anasıdır. Hər yaş dövrünün konkret tarixi, ya məişət hadisəsinə özünün məntiq, yanaşma bucağı var.

“Uff, ətim tökülsün, bu, nə danışıqdı,” - özünə gülməyi tutsa da, parıldayan gözlərindən hiss olunurdu ki, ütülü-savadlı kitabxanaçı xanımın Erkinə simpatiyası daha da dərinləşib. Sonra Kəmalə soruşdu ki, siz filoloqsuz, biləndə ki, Erkin reklam işində çalışır, özünün BDU-nun kitabxanaçılıq fakültəsini bitirdiyini dedi. Sağollaşana yaxın kitabxanaçı xanım əlavə etdi ki, iki-üç günə Moskvadan müasir rus yazıçılarının kitabları gələcək, bir növ, “Tez-tez gəl, itmə, sənin gəlişinə şadam,” - mesajını verdi.

***

Bütün kişilər kimi Erkin də eyni vaxtda bir neçə qadın haqqında fikirləşməyi sevirdi, - dəxli yoxdu, öz arvadının yanında, yataqda, ya tək olanda. Əminiydi ki, Kəmalə də, Nata da hərdənbir onu xatırlayır. “Hər ikisi çənədən möhkəmdirlər, ikisinin də babat səviyyəsi var, söhbətləşməyə mövzu boldur. Hərəsi özünə görə qəşəngdi, seksualdı, demək olar, eyni ehtirasla diqqət göstərirlər mənə. Bircə fərq var, o da Natəvanı daha yaxşı tanımağımdı, nə qədər də olmasa, bir ilə yaxın bir otaqda oturmuşuq. Hərçənd, Kəmalə o tip qızlardandı ki, bir-iki saatlıq söhbətdən sonra necə adam olduğunu bilirsən”. Erkin əminiydi ki, iki-üç söhbətdən sonra Kəmaləylə ünsiyyətdə elə bir səmimi bir ovqata keçəcək ki, kitabxanaçı xanım ola bilsin, özünün ərə getmək tarixçəsini də danışacaq. “Bu, mənə lazımdımı?” - Erkin özünə sual verdi. Başa düşürdü ki, lazım deyil, amma gələcək söhbətlərin ilıqlığı ona həzz verirdi.

***

Feysbukda yenə Ramiləylə söhbət edirdi.

Ramilə: Eşitdim qan təzyiqində problem var?

Erkin: Hərdən aşağı düşür, ciddi bir şey deyil, narahat olma.

Ramilə: Ok.

Ramilə: Təzə nə xəbər var? Kimnən əlaqə saxlayırsan?

“Kəşfiyyatçı” - Erkin fikirləşdi.

Ekin: Elə hamıynan.

Ramilə: Konkret? J

“Bu da Nigarın mədəni variantıdı”.

Erkin: Elə hamıynan J.

Ramilə: J Yaxşı, hal-hazırda səhhətin necədir?

“Deyirəm də, əsas suala gəlir, mən də yalandan cavab verəcəm”.

Erkin: Ümumi yaxşıdı, bayaq dedim, hərdən təzyiqim düşür.

Ramilə: Həkimə getmirsən?

Erkini gülmək tutdu. Azarta girmişdi deyə, yenə yalandan cavab yazdı ki, hazırlaşır beş nömrəli xəstəxanada tanış həkimin yanına getməyə. Ramilə ona şəfa dilədi, sonda smayliklə yazdı ki, düz edirsən, beş nömrəlinin həkimlərinin çoxu savadlı olur və sağollaşdılar.

Erkin ertəsi gün işdə feysbuk ünvanını açanda həyəcandan udqundu. Kitabxanaçı Kəmalə ona dostluq göndərmişdi. Dostluğu qəbul etdi, dalınca inboksa gələn mesajı oxudu: ”Salam, Vasiliy Aksyonovun, Valentin Rasputinin kitablarını gətiriblər kitabxanamıza”. Amma Kəmalə onun şəkillərinin heç birini “like” eləməmişdi. “Hər halda, ərdə olan birisidi. Diqqət göstərir, görür ki, ədəbiyyata marağım var, xəbər eliyir ki, Moskvadan təzə kitablar gəlib. Lap yaxşı”. Tezcə Kəmalənin rəfiqələriylə çəkdirdiyi bir neçə şəkli “like” etdi. “Xoşuna gəlirəm də, burda nə var ki. Çox güman ki, ortaq dostlarımız var, ya da adımı ümumi axtarışa verib tapıb”...

- Hə, gəldiz? - Kəmalə gülərüzlə dedi.

- Xoş gəldik, - zarafatyana Erkin dedi.

- Xoş gəldiz. Keçək o biri otağa, o dediyim Moskvadan gələn kitabları stendə düzüblər, - deyib ayağa durdu.

O biri otağa keçdilər. Yanlarında heç kim yox idi.

- Budur, stenddə istədiyiniz kitabı seçə bilərsiz.

- Təşəkkür.

- Başqa nəysə lazım olsa, məni çağırarsız, - deyib Kəmalə öz otağına qayıtdı.

“Başqa sən lazımsan. Çox tez getdin,” - fikirləşən oxucunun əslində, ağlından başqa bir şey keçmirdi. “Amma bir az Şukşindən, Platonovdan danışa bilərdik”. Vladimir Sorokinin “Den opriçnika” kitabını götürüb, oxu zalına keçdi.

- Hə, seçdiz? - kitabın qeydiyyat nömrəsini yazıb, Erkinin oxucu biletini götürdü və kitabı ona uzatdı.

O biri otaqda az öncə tək qaldıqları anları xatırladı və əsəbi-əsəbi özünü söydü ürəyində: ”Yox bir, məni divara dirəyib dodaqlarımdan öpməliydi”.

***

“Üç qızın arasında girinc olmuşam da”. İkisinin ondan xoşu gəlməsi Erkinin özünə vurğunluq hisslərini qıdıqlayırdı. Sevinirdi ki, Kəmaləylə Nata var onun həyatında, - virtual məşuqələr. Esmiraya bunları demək keçirdi ürəyindən: “Heç vecimə də deyil sənin sifət göstərməyin. Məni sevənlər var, bir arvadım və iki virtual sevgilim, bəsimdi. Yeri gəmişkən, biləsən ki, səndən əskik qızlar deyillər, nə də sənin kimi spiçkaayaq deyillər”. Daha sonra əcaib fikirlərə baş vurdu: “Düşük olsaydım, “risovkalıq” eləməkçün Natayla, arvadımla olan şəkillərimdən gətirib Esmira otaqda olanda Nigara göstərərdim. Onda Nigar sözsüz deyərdi ki, Esya, baxmaq istəmirsən Erkin müəllimin şəkillərinə? Esya istəməsə də, Erkinin yanında yox deyə bilməyəcəkdi və Nigarın şəkildə göstərdiyi Nazlının, Natanın toppuş baldırlarına baxıb əsəbiləşəcəkdi”.

***

Novruz bayramı qabağı Erkin yumşaldı, hətta yeddi martda ofisdəki qızların kollektiv təbriki mərasimində Esmiraya tərəf bir dəfə də olsun çönüb baxmadığına görə özünü qınadı da: “Qızlara ümumi təbrik edirəm deyəndə onun da üzünə gərək baxaydım. Bəlkə, mənə qarşı simpatiya yaranardı... Nə qədər də olmasa, elə bilib mən də gülə pul vermişəm. Heç inanmıram ki, Vüsal güllərlə torta pul vermədiyimi qızlardan kiməsə demiş ola”.

Axırçərşənbə günü Erkin belə bir jest etmək qərarına gəldi. Nahar vaxtı ofisə qayıdanda, yolüstü supermarketə girib şokoladların, konfetlərin qabağında xeyli dayandı. “Rafaello?... Yox, bu, lap ağ olar, işləri daha da korruyaram”. Sonda fikirləşib on səkkiz manata “Valonia” şokolad qutusu aldı. Özünə söz verdi ki, əgər bundan sonra da Esmira “qanacaqsızlıq” etsə, yəni, onu saymasa, soyuq üz göstərsə, bu dəfə ifritəni shift+delete-lə birdəfəlik cəhənnəmə vasil edəcək.

Şokolad qutusuyla ofisə gedə-gedə qol saatına baxdı, ikiyə iyirmi dəqiqə qalırdı. “Zəminəylə Nigar hələ naharda olarlar. O, bu vaxtlar adətən, tək olur otaqda. Necə deyim, Esmira xanım, sizin, Nigarın və Zəminənin axır çərşənbənizi, qarşıdan gələn Novruz bayramınızı ürəkdən təbrik edirəm. Neçə-neçə bayramlara çıxasız, bu şokoladı da hamınıza almışam, ağzınız şirin olsun... Candərdi gülümsəyib “sağ ol” desə, birdəfəlik bu qızla münasibətlərə “yox” deyəcəm. Bunun yalançı təbəssümü lazım deyil mənə. Yox, əgər adam kimi “sağ ol” desə, onda elə məqamı düşər, başlayaram söhbət eləməyə. Haranı bitirmisiz, əvvəl harda işləmisiz-filan. Sonra söhbətə uyğun başqa suallara keçərəm”.

Ofislərinin olduğu binaya yaxınlaşanda, Esmiranın otaqda tək olub-olmamasını bilməkçün sadə bir əməliyyata əl atdı. Öz “Nokia”sından görünməyən nömrəylə - ofisin ümumi telefonuna gələn zənglər içində nömrəsi yaddaşda qalmasın deyə,- ofisi, dalınca “obyektin” daxili nömrəsini yığdı. Yerindəydi. “Əla”. “Alo”-nu eşidəndə, guya səhv düşübmüş kimi, heç nə demədən qırmızı düyməni basdı.

Birbaşa qızlar olan otağa girdi, Esmira yerində yox idi. “Yəqin mətbəxdədi”. Əlindəki paket olmasaydı, qıraqdan komandirinin qabağında farağat dayanmış əsgərə oxşayardı. Az sonra, Zəminə içəri girdi. “İki dəyqənin içində hara cəhənnəm olub getdi?”

- Zəminə, təsadüfən bilmirsən, Novruz bayramıyla bağlı biz neçə gün evdə olacayıq?….

Sonrakı günlərdə “Valonia” şokoladını barışmaq istədiyi düşməninə verməyə imkanı olmadı, - ya yanında kimsə olurdu, ya arada özü işlə bağlı harasa çıxırdı. Amma yenə də Erkin ümidini itirmirdi, şokolad qutusunu otağında, şüşəli şkafın gözlərindən birinə qoymuşdu. Arada götürüb istifadə tarixinin bitməsinə baxırdı, beş ay qalmışdı son tarixə.

***

Esmira yuxusuna girmişdi: əməlli-başlı, sonu ləzzətlə bitən bir yuxu, sonda rahatlanmışdı. Həmin gün səhər həvəslə, ümidlə Esmirayla salamlaşmışdı. “Necəsiz?” “Yaxşıyam,” - deyən qıza Erkinin sifətindəki şövq-ümid işığı təəccüblü gəlmişdi, amma yenə həmişəki kimi kolleqasının kefini soruşmamışdı, yuxunun rahatlığı hələ canındaydı deyə, Erkinin vecinə deyildi. Amma məlumdur ki, bu cür şirin yuxuların gətirdiyi rahatlıq azömürlü olur. (Üstəlik, yuxuda gördüyünün səndən zindeyi-zəhləsi gedə, lap sevişib səni irrasional həyatda rahatlasa belə.) “Hmm, nə Kəmalə, nə Nata bir dəfə də olsun yuxuma girmiyiblər. Görən, mən onların yuxusuna girmişəm?”

Günlər keçdikcə, Esmiraya nifrəti nə artır, nə də azalırdı, öz axarıyla davam edirdi. Yenə eyni cür salamlaşma, eyni sifət, Erkin öz orta stabil nifrətinə yavaş-yavaş öyrəşməkdəydi.

Tanışlıqdan bir müddət sonra Erkin sulux Kəmalənin yuxusuna girmişdi. Əməlli-başlı. Yuxunu görməzdən əvvəl onu sevməyən əriylə möhkəm dalaşmışdı. Son vaxtlar məktəbdə tarix müəllimi işləyən ərindən şübhələnirdi, iki gün əvvəl köynəyinin yaxalığında uzun bir tük tapmışdı. “Ay qız, məllimlər otağında yüz dənə qadın məllimə var, yanımdan keçəndə birinin tükü düşüb köynəyimə. İndi neyniyim, gedim bu tükü göstərib soruşum, bu, kimin tüküdür? Bəs arvad evdə baş-beynimi aparır ki, bu tükün sahibini tap”. Dediklərinin xeyri olmamışdı. Ona görə səhərə yaxın Erkinlə yuxudakı sevişməsindən sonra yanında hələ də xoruldaya-xoruldaya yatan ərinə baxıb yavaşca demişdi ki, əcəb elədim, sənə bu da azdı, bundan sonra yenə yuxuma girəcək.

Bir sözlə, həm Kəmalənin, həm də Natəvanın zəngin gecə fantaziyalarının baş qəhrəmanına çevrilmişdi Erkin, bu da son vaxtlar, xüsusilə, Kəmalənin kasıb həyatını mənalı edirdi. Məsələn, Kəmalə fikirləşirdi ki, əri onu sevməsə də, bu həyatda ona iyirmi beş yaş verən birisi var. Natəvansa ikiqat sevinirdi, deməli, sevgisi birtərəfli deyilmiş, gec də olsa, Erkin ona bir növ, işarələrlə öz hisslərini çatdırmışdı. Sevmədiyi əriylə isə yaşamağa məhkum idi, - uşaq, ailə, üstəlik, əri onu sevib almışdı axı, vicdan hissi məsələsi. Beləcə, gecə fantaziyalarına görə sulux qızlar vicdan əzabı-filan çəkmirdi, əmin idilər ki, onları sevməyən, ya sevən ərləri də gecə yanlarına uzananda, öz iş yoldaşları olan ərli, subay xanımlarla “Allah bilir, min hoqqadan çıxırlar”.

***

Esmiranın atasının infarktdan öldüyü xəbərini eşidəndə, Erkin üşənən kimi oldu: ona elə gəldi ki, hüzrdən bir müddət sonra Esmiranın ifritəliyi daha da artacaq, tutaq ki, səhərlər salam verməyi belə özünə ar biləcək. Amma o biri tərəfdən, fikirləşirdi ki, əksinə də ola bilər: yəni, oturub düşünər ki, uşağım olmadı, ərimdən boşandım, axırda isə atam rəhmətə getdi. Bəlkə, bu, Allahın mənə göndərdiyi sınaqdı? Bəlkə, nəyisə düz eləməmişəm bu həyatda? Məsələn, heç bir səbəb olmadan aylardır, bu ofisdə birinə pislik eləməyən Erkinə salam verməyə canım çıxır, acı sifət göstərib ona nifrətimi bildirirəm. Axı müqəddəs kitablarda da yazılır ki, Allah təkəbbürlü insanları heç sevmir. Bütün bunları Esmiranın yerinə fikirləşə-fikirləşə Erkinin qəfildən bir ideya-təşəbbüs gəldi ağlına. Nigarı otağına çağırıb dedi ki, rəhmətliyin üçünə hərəmiz iyirmi manatdan atışaq, elə sən kollektiv adından yığılan pulları bir konvertə qoyub verərsən ona.

- Vallah, mən bir şey demirəm, - Nigar dilləndi, - amma gəl bir müdirlə də məsləhətləşək.

- Hə, elə şefə deyə bilərsən ki, ideyanı mən vermişəm, - əslində, bunu deməklə hardasa Nigara istiqamət verirdi: yəni, arada Esmiraya pulu verəndə, təşəbbüsün kimdən gəldiyini deməyi unutma.

Müdirin yanından qayıdan Nigar dedi ki, bəs şef deyir, rəhmətlik bakılıdır, onlarda yasda pul yığmaq adəti yoxdu. “Amma axırda özü mənə bir əllilik verib dedi ki, sən cəhd elə, kollektiv adından ver pulu, bəlkə götürdü”. Erkin “Lap yaxşı” deyib tez cibindən bir iyirmilik çıxardıb Nigara uzatdı:

- Sən, dediyim kimi, pulları konvertə qoyarsan, uyğun vaxt tapıb özünü qırağa çəkərsən, verərsən konverti, ya da verəndə elə et ki, başqaları görməsin. Götürməsə, desə ki, ay qız, nə əziyyət çəkmisiz, lazım deyil, soruşsa ki, kimin ağlına gəldi bu, lap deyərsən, Erkin dedi, - bunları tam soyuqqanlı tərzdə dedi ki, Nigar bu təşəbbüsdəki intim məqamı tutmasın.

- Nə deyəsidi ki? Yaxşılıq eliyirik də. Lap soruşmasa belə, deyərəm ki, sən bu ideyanı vermisən, - şeytani gülümsədi, dalınca yəni, elə bilirsən, bilmirəm niyə belə əl-ayağa düşmüsən mənasında göz vurdu.

“Tülkü qızı tülkü. Oxudu da ürəyimi”. Erkin guya ifşa olunduğunu duymadı, yenə tövrünü pozmadan:

- Söz güləşdirmə, ay qız. Dedim axı, ad çəkmək lazım deyil, ancaq soruşsa deyərsən.

- Axı burda nə var ki?

- Uff, yaxşı, ürəyindən belə demək keçirsə deyərsən.

- Yess, - deyib Nigar lap qaliblər kimi otaqdan çıxdı.

“Belə götürəndə yaxşı oldu. Yəni, Esmira soruşsa ki, bu təşəbbüs kimdən gəlib, onda adımı çəkməyi yerinə düşəcək. Yox, əgər mən Nigara desəydim ki, birbaşa bu təşəbbüsün kimdən gəldiyini ona yasda de, hə, onda pis çıxardı,” - şüuraltı özünə qarşı yarana biləcək nifrəti önləmək üçün təskinlik verdi özünə.

***

Ofisdəkilər üç mərasiminə gedib başsağlığı verdi. Ertəsi gün səhər Nigar ofisə girəndə, birinci Erkinə dəydi:

- Götürmədi pulu, nə qədər elədim götürmədi, - çantasını açıb konvertdən iyirmi manat çıxarıb Erkinə verdi.

- Götürmədi, götürmədi də, canın sağ olsun, - pulu cibinə qoydu.

- Deyir, sağ olun, amma bizdə belə adət yoxdu. Amma dedim ki, ideyanı kim verib, - göz vurdu Nigar.

- Dedin?

- Hə, dedim. Nə var ki burda?

Erkin başını bulayıb “narazı halda” nırç elədi:

- Olmadı da, Nigar.

- Artıq oldu.

- Axı mən sənə o gün də dedim, özü soruşsa, deyərsən. Yüz faiz elə biləcək, mən qəsdən sənə demişəm ki, bunu ona çatdırasan.

- Pah, guya ürəyindən keçmirdi ki, belə olsun. Uşaq deyiləm e mən. Hər şeyi görürəm.

- Nəyi görürsən?

- Kəsirsən ondan.

- Nə kəsirəm? Mən ancaq toyuq kəsirəm, uzağı qoyun. Mən heç inək kəsə bilmirəm, o ki, qala adam, - dedi və şaqqanaq çəkib gülməyə başladı. Nigar da ona qoşulub ürəkdən güldü.

- Aferistsən ha, Erkin.

- Yaxşı, keçək ciddi söhbətə. Sən doğrudan hesab eliyirsən ki, mənim onda gözüm var?

- Evet.

- Yox a. Nə danışırsan? Mənim yüzlərlə xanımdan xoşum gəlir, sənin sözün olmasın, bəyəm, mən onların hamısından kəsirəm?

- Ay Erkin, axı qeyri-adi nə baş verib ki, sən məsələni bu qədər qəlizləşdirirsən?

- Sən qəlizləşdirirsən, əzizim.

- Esmira ərsiz arvaddı, - nazlı tona keçdi, - usağı da olmayacaq heç vaxt. Üstəlik, ehtiraslıdı.

Bu sözləri eşidəndə, elə bil, Erkinə bir-iki saniyə yüz voltluq cərəyan vurdular, ona elə gəldi ki, bu ərsiz, sonsuz və ehtiraslı qadından kəsən kişilərdən biri, məsələn, müdir, ya Vüsal yaxın zamanlarda onun ehtirasını söndürmək xoşbəxtliyinə çata bilər. İçinə qısqanclıq və paxıllıq hissləri doldu.

- Ehtiraslıdı, gələcək ərinə qismət olsun, - bunu deyəndə, çalışdı içindəki qəzəb sifətində əks olunmasın.

- Evlənməyi çətin məsələdi, - Nigar mızıldandı.

Erkin istədi soruşa, niyə çətin məsələdi?, tez sonsuzluq məsələsi yadına düşdü, həm də başa düşdü ki, o məsələ olmasaydı belə, “Niyə ərə getməyəcək?” kimi sualdan sonra Nigar bir daha əmin olacaq ki, o, Esmiraya əməlli-başlı vurulub və çox güman, beynində hansısa planlar da cızır.

- Nəysə, ay Nigar, düzü, bu söhbətlər heç xoşuma gəlmir.

- Yox, sən niyə narahat olursan ki? Mən aranızı vurmuram, söz gəzdirmirəm ofisdə. Sadəcə, görürəm ki, sən günü gündən Məcnuna dönürsən. Ona görə istəmirəm bu dərd səni öldürə...

Beş gün sonra Erkin işə çıxan Esmiraya dəhlizdə başsağlığı verdi, əlavə elədi ki, üç mərasiminə mən də gəlmişdim, əminə başsağlığı verdim. Ona elə gəldi ki, Esmira “Sağ ol”u və “Allah ölənlərinizə rəhmət eləsin”i ürəkdən dedi. “Qürurunu boğsaydı, hüzrə pul salmaq təşəbbüsünə görə “sağ ol” deyərdi. Ahh Nigar, Nigar. Əlacın olsa, həvəslə kravatımızın başında şam da tutarsan”.

Sonrakı aylarda, - Esmiranın atasının qırxı artıq çıxmışdı, - işçilərin ad günlərini, bayramları ofisdə qeyd edəndə, Erkin elə yerdə otururdu ki, baxışları toqquşmasın, fikirləşirdi ki, ən yaxşısı özünü gözə soxmamaqdı: ayağa durub tortu kəsməmək, onu doğrayıb qızların, əsas da onun qabağına qoymamaqdı, necə deyərlər, tam neytral bir siyasət. Yoxsa yenə soyuq “sağ ol”lardan birini eşidər, dilxor olardı. Erkin son aylar təbəssümlü “Salam” və işlə bağlı qısa dialoqlarda Esmiradan bir ilıqlıq duyur, buna da şükr edirdi.

***

Kompyuterdə növbəti reklam çarxı üçün mətn yığanda, qapı açıldı. Arvadıydı, gülə-gülə içəri girdi:

- Gözləmirdin hə?

Erkin heç nə demədən key-key Nazlının sifətinə baxdı, düzü, elə bir xüsusi işi, ya planı yoxuydu ki, arvad gəlişiylə ona mane olmuş olsun. Amma qəfil gəlməyini də gözləmirdi:

- Yox, gözləyirdim. Gözləməkdən gözlərimin kökü saralıb, - heç özü də bilmədi, necə oldusa, birdən məzələnmə ovqatına keçdi. - Əşi, gəl çıx da.

- Hə, bu başqa məsələ, - deyib Nazlı üzbəüz boş kresloda oturdu.

- Xeyir ola? - mənalı-mənalı Nazlıya baxdı.

- Heeç, dedim, gəlim görüm neyniyirsən. Çoxdandı sənə baş çəkmirəm.

- Hə, düz deyirsən, mən də elə çoxdandı səni iş yerimdə görmürdüm. Çay, kofe?

- Ətimi tökmə.

- Bıy, ətini niyə tökürəm, soruşuram çay, yoxsa kofe istiyirsən?

- Mən birdən-ikidən kofe içmişəm. Kofeni yəqin aristokrat qızlar içir, xüsusilə də, ərindən boşanmış xanımlar, - deyib göz vurdu.

- Fizzə xala, - Erkin telefonla, - zəhmət olmasa, bizə iki stəkan çay gətir, - sonra gözünü monitordan çəkməyərək, - Hə, danış görək, nə var, nə yox?

- Belə də, - hiss olunurdu ki, Nazlı deməyə söz tapmır. - Hər şey qaydasındadı.

- Lap yaxşı.

Sükut yarandı. “Gəlsənə, bunnan məzələnim,” - Erkin fikirləşdi.

- Baxmaq istiyirsən? - Erkin gözünü monitordan çəkməyərək dedi.

- Nəyə? - arvadı ayağa durdu, elə bildi əri komyuterdə nəsə maraqlı bir şeyə baxır.

- Nəyə yox, kimə?

- Başa düşmədim kimə deyirsən ki?

- Özünü artistliyə vurma.

- …Həə, indi başa düşdüm. Burdadı ki?

- Burdadı, iki otaq sonra. Nədi? Gedib tanış olmaq istiyirsən?

- Çayımı içim, gedib baxım da. Olmaz ki?

- Niyə olmur, birinci elə mən sənə sual verdim ki, o qıza baxmaq istiyirsən?

- Əşi nəyimə lazımdı, getsin özünə boşanmış ər tapsın.

Elə bu vaxt qapı döyüldü.

- Buyurun! - Erkin dilləndi.

Qapı yavaşca açıldı, Fizzə xala əlində çaylar, konfetlər olan siniylə otağa daxil oldu. Erkin baxışıyla işarə etdi ki, dur, kömək elə. Nazlı durub çayları aldı, qarşılıqlı “təşəkkürlər”, “nuş olsun”lar və Fizzə xala otaqdan çıxıb qapını örtdü.

- Deyirsən, burdadı o? - Nazlı dilləndi.

- Hə, görürsən, gedib baxmaq istiyirsən. Yalandan da deyirsən, nəyimə lazımdı, getsin özünə ər tapsın.

- Nə geyinib o, bu gün?

- Cins şalvar. Amma bilsəydi, sən gələssən, sözsüz ki, toya geyindiyi donlardan birini geyinərdi.

Arvad dil çıxardı, kişi də onu cırnatmaqçün meymun sifəti aldı. Nazlı ayağa durub otaqda gəzişməyə başladı. Dolabın qarşısında dayanıb birdən:

- Aa, Valonia, - dolabı açdı, - mənim sevdiyim şakalad, - qutunu götürdü.

Erkin hirsindən monitorun arxasında görünməz olub dişlərini bir-birinə sıxdı. “Əşi bunu götürüb sox görünməyən yerə də”. Hirsini içəri verib heç nə demədi.

- Kim sənə hədiyyə eliyib? - Nazlı sevincək soruşdu.

- Özüm almışam.

- Sən almısan? Kimə?

- Almışam da. O qədər dost-tanış var ki. Birinin ad günü olanda verəcəm.

Arvad şokoladın son istifadə tarixinə baxdı:

- Aa hardasa üç ay var son istifadə tarixinə qədər. Elə mənim iki aydan sonra ad günümdü, bəlkə, elə mənə indi hədiyyə eliyəsən?

Bu vaxt qapı döyüldü.

- Buyurun! - Erkin ucadan dedi.

Qapı açıldı, Esmiraydı, otaqda tanımadığı qadını görüb, bir az çaşan kimi oldu:

- Bağışlayın, Erkin məllim, narahat elədim sizi. Bəlkə mən sonra…

- Yox, o nə sözdü, - Erkin instinktiv tez ayağa durdu. - Buyurun, Esmira xanım. “Tərsliyə bax e, neçə aydı otağıma gəlməyib, gələndə də arvad burda ola”.

- Sizə daxili nömrəyə zəng elədim, “zanit” göstərirdi.

- Necə? - Erkin hələ də ayaq üstəydi. Dəstəyi götürüb qulağına apardı. - A doğrudan e. Görünür, bayaq Fizzə xalaya zəng eliyəndən sonra trubkanı yaxşı qoymamışam yerinə.

Nazlı isə əlində şokolad qutusu əsəbi baxışlarıyla ərinə demək istəyirdi ki, sən niyə ayaq üstə dayanmısan bunun qabağında, otur da. Arvadına yer edən həm də Esmiranın içəri girəndə, onunla salamlaşmaması oldu.

- Erkin müəllim, sizə emailə, reklam tekstinin dizaynını göndərdim. Müdir dedi, siz də baxasız, bəlkə təklifiniz olar.

- Hə, baxaram.

- Oldu, sağ olun, - deyib Esmira otaqdan çıxdı.

Esmira qapını örtən kimi:

- Xəstəsən sən?! Nə əsgər kimi….

- Az yavaş, bağırma! Hələ təzə çıxıb otaqdan, eşidər axı.

- Cəhənnəmə eşitsin, gora eşitsin. Yaxşı, içəri girdi, ayağa durdun, bunu başa düşdük. Sonra niyə oturmursan? Bu qız sənin müdirindi ki, içəri girəndə ayağa durasan? Heç mən gələndə ayağa durmadın?

- Başladı da. Sən özümüzünküsən, ona görə.

- Özümüzünküsən, - ərinin ağzını əydi. - O dəyqə söz tapırsan da. Budu ərindən boşanan?

- Hmm, - Erkin mızıldandı.

- Gözünnən yeyirdin e qızı.

- Ağ eləmə də, o qədər axmaq deyiləm ki, sənin yanında onu gözümnən yeyəm.

- Yaxşı, indi mənə de görüm, - Nazlı başıyla əlindəki şokolad qutusunu göstərib, - ad günümə hədiyyə eliyirsən bunu, ya yox?

- Qoy yerinə.

- Nə?

- Dedim, qoy yerinə. Sənə başqasını alaram.

- Yox, mən məhz bunu xoşluyuram.

- Deyirəm sənə, qoy yerinə! Əsəbiləşdirmə məni!!

Erkin əslində, xəsis deyildi. Sadəcə, neçə müddətiydi şokoladı, artıq ifritəliyindən əl çəkmiş xarizmatik virtual sevgilisinə münasib bir vaxt tapıb verə bilmədiyinə görə əsəbiydi, üstəlik, belə bir məqamda arvadının Valonianı ələ keçirmək istəyi isə onu yandırıb tökürdü.

- Hər şey mənə aydındı, - Nazlı qutunu hirslə dolabın içinə atıb dilləndi, - aparıb verərsən ona, yeyib qızışarsız.

- Az danış.

- Uşağı da olmur, səhərə qədər…

- Az danış dedim sənə!

- Gedirəm ərizəmi yazam.

- Get yaz, yazmayanın...

- Zəhləm getmiş! - otaqdan çıxıb qapını bərk çırpdı.

Erkin çırpılan qapının səsinə instinktiv reaksiya verərək ayağa durdu ki, gedib bir-iki ağır söz desin arvadına, başa düşdü ki, ofisdə işçilərin yanında bunu eləmək olmaz. Tez mobil telefonuna zəng elədi, Nazlı cavab vermədi. Telefonu hirslə masanın üstünə atıb, ayağa durdu. Dolaba tərəf getdi, şokolad qutusunu ordan götürüb yerə atdı, tapdaladı, sonra götürüb əliylə əzib-xışmalayıb zibil qutusuna atdı... Az sonra otaqdan ləzzətli şokolad ətri gəlirdi.

…Qaldı ki, Nazlının sulux olub-olmaması məsələsinə, Nata və Kamadan fərqli olaraq, suluxluq dərəcəsi çox az idi onda. Məktəb vaxtı bir oğlan sevmişdi. O biri qızlar kimi parklarda, kinoteatrın qaranlıq arxa cərgələrində sevdiyi oğlanla öpüşməmişdi, özünü məcbur edib sevdiyi oğlanın yazdığı məktuba cavab belə yazmamışdı, utana-utaana quruca demişdi ki, bağışla, mən indi sevgi haqqında fikirləşmirəm, qarşıma BDU-nun filologiya fakültəsinə girməyi məqsəd qoymuşam. Qəbul ola bilməmişdi, atasının pulla aldığı peşə diplomu ancaq bağça müəlliməliyinə yaramışdı, qısası, iyirmi altı yaşında yarıxoş-yarızor Erkinə ərə getmişdi.

***

Axşam işdən çıxmağa hazırlaşanda, açıq qalmış feysbukunda Ramilədən belə bir xəbər gəldi: “Nata gələn həftənin altıncı günü səni qardaşı Natiqin toyuna çağırmaq istəyir. Əvvəlcədən bilmək istəyir, o günə səndə vəziyyət necədi. Gələ bilsən, dəvətnamə göndərəcək”. Erkin öz-özünə əsəbiləşdi: “Bu, niyə belə eliyir? İndi bunnan nə demək istiyir? Vaxtında öz toyuna çağıraydın, gəlib borcumu qaytarardım da”. Sonra yadına düşdü ki, bir yerdə işləyəndə, iş çox olanda, Natəvanın toyu olacaq o qardaşı bir neçə dəfə ofisə gəlib bacısını evə aparmışdı. Natəvan onları tanış edəndə, çay içə-içə futboldan, siyasətdən danışmışdılar və söhbətləri alınmışdı deyə, aralarında qarşılıqlı simpatiya yaranmışdı. Hətta Erkinə elə gəlmişdi, Natəvan həmin günlər qəsdən işdən gec çıxır ki, qardaşı gəlsin onu götürəndə, gələcəyin potensial yeznə-qayını bir-biriylə tanış olsun, indidən körpü yaransın aralarında. Və sabah işdi-şayət Erkingildən onlara “hə” almaqçün elçi gələnə yaxın əl-ayağa düşən ata-anası “Kimdi? Haralıdı? Nəçidi?” kimi suallar versəydi, Natəvan sakitcə deyəcəkdi ki, qaqaşdan soruşun, o, yaxşı tanıyır Erkini. “Yaxşı, onda belə çıxır ki, Nata indi qardaşınnan o vaxt aramızda olan qarşılıqlı simpatiyaya görə məni toya çağırır?” - fikirləşdi. Elə bu vaxt Ramilə sanki Natəvanın diktəsiylə feysə bunları yazdı: “Natiq özü də səni toya çağırır”. Erkin tez cavab yazdı: “Hə, gələcəm. Dəvətnamə göndərməyə ehtiyac yoxdu. Elə bura inboksa tarixi, vaxtı, şadlıq sarayının adını yazarsan”. Az sonra Ramilə həmin şeyləri yazdı.

“Onsuz da gedib borcu qaytarmalıyam. Pul yəqin ki, Natiqin yox, dədəsinin büdcəsinə gedəcək,” - Erkin fikirləşdi.

***

- Siqaret çəkir, - Nigarın ağzından çıxan bu iki söz güllə kimi dəydi Erkinə.

- Nəə?!

Məsələ burasındadı ki, həmin binadakı ofislərdə işləyən oğlanlar, qızlar, elə Erkin özü də siqaret çəkmək üçün eyvana çıxırdılar. Amma Esmiranın eyvanda bir dəfə də olsun siqaret çəkdiyini görməmişdi. Nigar onun narahatçılığını hiss edən kimi:

- Həyəcanlanma o dəyqə. Az çəkir. Naziklərdən,-bunu mülayim tonda dedi ki, Erkinin Esmiraya olan ehtirası sönməsin.

“Tfu! Rəhmətliyin qızı indi guya müstəqildi də. Yəqin ərindən boşanandan sonra siqaretə qurşanıb”. Hərçənd, yaxşı bilirdi ki, indi qadınların siqaret çəkməyi əxlaqsızlıq sayılmır, daha doğrusu, indi fahişəsi də siqaret çəkir, qeyri-fahişəsi də və get-gedə bu, normal sayılır. Eşitidiyi bu xəbərdən elə əsəbləşdi, sanki Esmiranı az əvvəl qucaqlayanda, siqaret iysi gəlmişdi, iyrənmişdi ondan.

- Əşi çəkir, çəkir də, - başqa tona keçdi.

“Yox, nəyin bahasına olursa olsun, tərgitməlidi”.

- Deyirsən də. Sən ömründə istəməzdin, o, siqaret çəksin, düz demirəm? - Nigar bic-bic Erkinə baxdı, sanki ondan “Yox, düz demirsən” cavabını gözləyirdi.

- Əlbəttə, düz deyirsən. Zəhləm gedir siqaret çəkən qızlardan. Qızım olsa belə….

- Boğarsan.

- Boğmasam da, qışqırardım üstünə, danlayardım. Bir də, mənim qızım olsaydı, o, elə bir mühitdə böyüyərdi ki, elə bir tərbiyə alardı ki, siqaret çəkmək heç ağlına gəlməzdi.

- Yox, bilirəm, sən eləsən. Amma niyə bir az qabaq dedin ki, çəkir çəksin də, amma dalınca da dedin ki, zəhləm gedir elələrindən.

- Neyləməliyəm ki? Gedib əl-qolunu bağlamalıyam? Çəkməsin. Balaca uşaq deyil ki.

- İstiyirsən, gedim özünə deyim ki, Erkin xahiş eliyir, çəkməsin də, nə olar? - yenə həmin bic təbəssüm.

“Bunun yenə tutması tutdu. Deyirəm də, şam tutmasa, ürəyi partlayar”.

- Get de. Amma elə formada de ki, əmr kimi çıxmasın. Üstünə qoyma, demə ki, onun siqaret çəkən qızlardan zəhləsi gedir. Necə deyərlər, etika çərçivəsində, - nəhayət, Erkin gülümsədi, sifəti parıldadı.

***

Səhər şirkətin ənənəvi iclaslarının birində Erkinə Londondan zəng gəldi. O dəqiqə müdirin üzünə baxıb yavaş səslə:

- Nizami müəllim, Londondandı, Endrüdü.

- Olar, ama bir az yavaş səslə, - müdir danışmağa icazə verdi...

- ...Thank you, thank you... I’m fine... Yea, yea... Of course, we are professionals. (...Sağ ol, sağ ol, yaxşıyam. Hə, hə,... Əlbəttə, biz peşəkarlarıq) - iclasdakılardan aralanan Erkin əl-qolunu ölçə-ölçə, yüksək səslə Endrüylə danışırdı.

Müdir heç nə deməsə də, narazı halda işçisinin emosional danışığına başını buladı. Erkininsə dünya vecinə deyildi, danışa-danışa arada Elmara göz vurur, sol əliylə saçına sığal çəkir, çənəsini ovuşdururdu, yəni, Esmira, bax, gör necə hər şey yaxşı gedir, son günlər mənə olan nifrətin xeyli azalıb, məni də ki görürsən də ingiliscə bülbül kimi ötürəm.

- ...So mister Andrew, today at four o’lock. (...Onda cənab Endrü, bu gün saat dörddə), - xüsusi bir jestlə qol saatına baxıb, - yea, at two, sorry at four o’clock according to Baku time I will send you the final draft version of the agreement. I assure you it will be ok, (Aha, Bakı vaxtıyla saat ikidə, bağışlayın, dörddə mən müqavilənin son layihə variantını sizə göndərəcəm. Sizi əmin edirəm ki, hər şey sizin dediyiniz kimi olacaq), - təmiz Britaniya ləhcəsiylə qalib, gümrah səslə dedi...

Nəhayət, Esmira boyasız, silikonsuz, ehtiraslı dodaqlarını aralayıb ona, Londondakı cənab Endrü ilə Britaniya ləhcəsiylə danışan suluğa gizlədə bilmədiyi heyrətlə baxırdı. Nəhayət, sulux xoşbəxt idi. Elə sevinirdi, az qalırdı ərkyana bir göz vursun. “Yox, yox, işləri korlamaq olmaz”. Elə sevinirdi, sanki Monika Beluççiylə oturub iki saat söhbət edəndən sonra ondan eşq elanı eşitmişdi. Erkinə elə gəlirdi, onlar, uzun illərin küsülüləri axır ki, barışdılar. Sanki zəlzələyə görə qapının arakəsməsində bir-birinə qısılmadan deyil, adi günlərin birində ofisdə heç kim olmayanda, həmin arakəsmədə üz-üzə gələndə, təsadüfi toxunmadan ikisi də qızışmışdı, elə ordaca ayaqüstə on dəqiqənin içində hər şey baş vermişdi və sanki bu həyatda nə Nata varıydı, nə Kama, nə də Naza, yəni, Nazlı.

Bircə şey keçirdi ürəyindən: silikonsuz, boyasız baxışlarına görə yaxınlaşıb Esmiraya təşəkkür etmək. Ona elə gəlirdi ki, lap öncəki aylarda haqsız yerə Esmiraya bu qədər nifrət edib, hətta üzr istəmək ürəyindən keçirdi, hərçənd, təşəkkürün, üzr istəmənin absurd olduğunu başa düşürdü.

Esmira birdən hiss elədi ki, dodaqlarını bir-birindən ayırıb heyranlıqla Erkinə baxmaqla iclasdakıların diqqətini çəkir, tez ağzını yumdu. Ona elə gəldi ki, bu baxışlarla ordakılar sual verir: sən niyə ağzını ayırmısan, bəyəm bilmirdin, Erkin bizdə ingilis dilini “semiçka” kimi çırtlayır.

Endrüylə telefon danışığını bitirən Erkin keçib yerində oturdu, çalışdı xarizmatik virtual məşuqəsinə tərəf baxmasın, baxışlar toqquşsa, qız birdən utana bilərdi, qızarardı. Ona görə gözünü cari məsələlərdən danışan müdirin üzünə zilləmişdi, arada bloknotunda guya qeydlər edirdi. Esmira isə bir növ özünü sındırmayıb, aylardı nifrət etdiyi adamla göz-gözə gəlmək istəmirdi. Amma heç cürə alınmırdı, bir iki-dəfə guya təsadüfi baxışları yüngülcə toqquşası oldu.

***

Səhərisi işdən sonra Natəvanın qardaşının toyuna gedəcəkdi. İşə qara kostyumda, ağ köynəkdə, qalstukda gəlmişdi, saçlarını isə bir vaxt Esmiranın diqqətini cəlb etmək üçün arxaya daradığı kimi daramışdı. “İndi yüz faiz elə biləcək, dünən iclasda ingiliscə danışıb bunu hayıl-mayıl elədiyimə görə belə geyinib gəlmişəm işə, özümü göstərirəm ona”.

Həmin səhər onu ilk görən Nigar oldu, mənalı-mənalı Erkini süzdü:

- Xeyir ola?

- Axşam bir dostumun toyudu, Kleopatrada. Ora gedəcəm.

- Dedim bəlkə…

- Yox, elə bəlkəsiz, - söhbəti uzatma, bildik ki, dünən sən də iclasda Esmiranın maraqla mənə baxdığını görmüsən tonunda cavab verdi.

- Aydındı, həmişə xeyir işlərdə, - deyib Nigar otaqdan çıxdı.

Həmin gün Esmira onu qəttəzə görkəmdə gördü, xəfif bir təbəssüm qondu sifətinə, amma kompliment demədi. “Sağ ol, Esmiralda. Mənimçün sənin bircə təbəssümün min komplimentə bərabərdi”.

Toya getdi, Natəvanla, onun əriylə rəqs elədi, masadakı bütün yeməklərdən təam elədi. Aradabir dikdaban ayaqqabılarını çıxarıb şıdırğı rəqs edən yarıçılpaq qızlara baxdı, gedənə yaxın konvertin içinə yüz manat salıb, üstündə adını, soyadını yazıb “borc qutusuna” atdı. Əlbəttə, bütün bunlar səhər Esmiranın ona xəfif təbəssümlə baxmasının yanında beşinci dərəcəli məsələlər idi. Erkin toyboyu bu təbəssümü, dünənki silokonsuz, boyasız dodaqları xatırladı, qarşıdakı günlərin həyəcanını yaşadı.

***

Beləcə, sonrakı günlər Erkinlə Esmiranın münasibətləri yavaş-yavaş istiləşirdi, buzlar sürətlə əriyirdi. Erkinin ofisdəki həyatı öz təbii axarına düşməkdəydi. Dəhlizdə, otaqda yavaş-yavaş bir-birinə isnişən rahat baxışlar, “salam”lar, “sabahınız xeyir”lər. “Neçəsiz?” - “Şükür, yaxşıyam”. Axşam Esmira işdən çıxıb Erkinin həmişə açıq olan qapısının yanından keçəndə, bəzən “Hələlik, sağ olun” da deyirdi.

Arada qulağına Nigardan xəbər çatmışdı ki, Esmira başqa işə keçmək istəyir. Əvvəlcə inanmamışdı, fikirləşmişdi ki, Nigarın növbəti “provakasiyasıdı”, bu yalanı deməklə onun reaksiyasını yoxlamaq istəyir. Erkin quruca “Allah köməyi olsun” desə də, narahat olmağa başlamışdı: təzəcə bir-birimizə isnişmişdik, vaxt tapdı da işdən çıxmağa. Bir tərəfdənsə, özünə təsəlli verirdi: hər halda, ayrılanda, bir-birimizə gizlincə nifrət edən mizantroplar kimi yox, necə deyərlər, qarşılıqlı simpatiyası olan adamlar kimi ayrılarıq. Bir neçə gün keçmişdi, dözməmişdi, kədərli-təbəssümlü sifətlə soruşmuşdu:

- Esmira xanım, o düzdü ki, siz başqa iş tapmısız?

- Mən? Hələ fikirləşirəm, təklif var bir yerdən, amma hələ fikirləşirəm, - və susmuşdu, baxışlarına dərin məna çökmüşdü, yəni, başa düşdüm niyə soruşursan.

- Təzə iş, təzə kollektiv deməkdi. Yəni, təzə adamları tanıyası, öyrəşəsi. Hər halda, xeyirlisi, - hələ tələsmə işarəsi vurmuşdu Erkin.

- Yox, mən hələ qərarımı verməmişəm ki, - Esmira da narahat olma, mən hələ ki, burdayam mənasında eyham eləmişdi.

- Yenə xeyirlisi. Necə deyərlər, Allah ürəyinizcə versin.

***

Bir həftə sonra onlar eyni vaxtda mətbəxə girəsi oldular.

- İcazə verin, mən süzüm, - Erkin tez dəm çaydanını götürdü.

- Nə əziyyət çəkirsiz, - Esmira yarınazla reaksiya verdi.

- Əziyyət niyə olur, xoşdu, - dəm çayından sonra Esmiranın fincanına qaynamış su tökdü.

- Kanfetiniz varmı?

- Sağ olun, varımdı. Məndə təmiz maskovski qrilyaj var, istiyirsizsə...

- Yox, sağ olun, - Esmira gülümsədi. - Mənimki içi qara naçinkalı şokoladlardı.

- Hə, bir vaxtlar mən də o şokoladla çay içirdim.

- İstiyirsiz, gətirim, məndə çoxdu.

- Yox, çox sağ olun, - Erkin diqqətdən vəcdə gəldi, ehtiraslandı, neçə gündü hələ də onu narahat edən sualı verməyi fürsət bildi: - Təzə iş məsələsi necə oldu, bir qərara gələ bildiz?

- Erkin məllim, iş, düzünü deyim, sərfəlidi, evimizə yaxındı, müdir rəhmətlik papanın qohumudu.

- Aha...

Erkin elə maraqla qulaq asırdı, gözləri elə irilmişdi, elə bil, qarşısındakı ona çox, maraqlı bir hadisə danışırdı. Bir yandan da səsi Erkini haldan-hala salırdı.”Vaxt var idi bunun üçcə cümləsinə həsrətiydim. İndi bu səsin içində rahat-rahat üzürəm”. Esmira isə bilirdi ki, qarşısındakı heç cürə onun başqa işə keçməyini istəmir, ləzzət alırdı.

- …Bayaqdan söhbət eliyirik, yəqin çayınız soyudu, - Esmira başıyla Erkinin çay dolu stəkanını göstərdi.

- Hə, gedim qrilyajımı gətirim.

Az sonra Erkin həyəcanlı sifətlə qrilyajsız mətbəxə qayıtdı, mətbəxdə dolabları bir-bir aça-aça yavaşca deyindi:

- Axı, məndə varıydı. Hara qoymuşam?

- Narahat olmuyun, bu dəfə də “Karakum”la için, - deyib Esmira ayağa qalxdı. - İndi gətirirəm….

- Çox sağ olun, məmnuniyyətlə, - Esmiranın gətirdiyi şokoladı açıb bir dişləm, çaydan bir qurtum aldı. - Dadlıdı, xoşuma gəldi.

- Hə, mən son vaxtlar bunnan çay içirəm.

- Yeri gəlmişkən, Valonia şokoladıyla aranız necədi? - soruşdu, şokolad qutusunu yerə atıb ayağıyla əzməyi yadına düşdü, gülmək tutdu Erkini.

- Belgiyanın? Hə, çox xoşlayıram Belgiyanın şokoladlarını, elə dediyiniz Valoniyanı da. Niyə gülürsüz ki? Siz də Valoniyanı xoşluyursuz? - Esmira gülə-gülə soruşdu.

- Heeç, o gün supermarketdən almışdım. Gətirdim işə, arxasına baxıram ki, “sroku” qutarıb, təsəvvür edin, necə hirsləndimsə, yerə atıb tapdaladım, sonra da atdım zibil yeşiyinə.

- Ha-ha-ha, nəyə görə? Aparıb qaytarmaq olardı, ya dəyişə bilərdiz.

- Nə bilim, market uzaqdadı, bir də durub getməyə tənbəllik elədim...

Bir az da söhbət edib eyni vaxtda ayağa durdular, Esmiranın hansısa fransız ətrinə qarışmış öz təbii ətri Erkinin üzünə vurdu. “Ayaqları heç elə də nazik deyilmiş. Bəlkə qara kalqotkaya görə son vaxtlar ürəyimə yatır ayaqları. Nə bilim, hər halda botoksdansa kalqotka yaxşıdı”.

***

Sonrakı günlər fasilə vaxtı ofis işləri, şou ulduzları haqda söhbət-qeybət elədilər. Daha sonra Erkin feysbukda Esmiraya axşam saat onda dostluq göndərdi, iki saat keçməmiş “dostluğu” qəbul olundu. Bundan xəbər tutub artıq vay-şüvən qaldırmağa hazır olan arvadına isə yalandan dedi ki, dostluğu o, göndərib, mən də qəbul eləmişəm, əlimin içindən gəlib, bunu o dəyqə seksə niyə yozursan.

Günlərin bir günü “siz”dən “sən”ə keçdilər. Erkinə elə gəlirdi ki, bir ay sonra ona yeri düşəndə, “Esmiralda” desə, qız etiraz etməz, hətta ola bilsin, deyər, oo, siz hardan bildiz ki, bu addan xoşum gəlir. Arada hələ istəyirdi siqaretdən söz salıb çəkməyin pis şey olduğunu desin, ad çəkmədən, işarə vurmadan. Eyni zamanda ehtiyat edirdi ki, qız başa düşər, ürəyində qayıdıb deyər ki, bircə sən qalmışdın başıma ağıl qoyasan və bununla da təzəcə yaranmış ilıq-kövrək münasibətləri soyuya bilərdi. Və Nigar gəlib deyəndə ki, Esmira siqareti atıb, sevincini gizlədən Erkin sakitcə dedi:

- Lap yaxşı, necə deyərlər, sağ əli o biri çəkənlərin başına.

- Elə yox, başqa cür deməliydin. - Nigar göz vurdu, - Deməliydin ki, super, əla, hər şey qaydasında gedir, - yenə göz vurdu. - Sən narahat olma qətiyyən.

- Nəyə narahat olmuyum?

- İstədiyi-zadı yoxdu.

- İkinci dəfə evləndirmək istiyirsən bizi? Ya arvaddan boşandırıb təzdən evləndirmək istiyirsən məni? - Erkin kinayəli gülümsədi.

- Yox, o nə sözdü. Mən heç ailə dağıdana oxşuyuram?

- Elə mən də onu deyirəm də. Sən ailə qurana oxşayırsan.

“Neynəmək olar, bu da belə tiplərdəndi. - Erkin Nigara qulaq asa-asa fikirləşirdi. - Başqalarının flirtindən, seks macəralarından ləzzət alır. Görünür, seksual aclıq bəzən belə patologiyalara aparıb çıxarır”.

***

Az əvvəl “bir məsələyə” görə Esmira əlində iki dənə “Karakum” şokoladı Erkinin kabinetinə təşrif buyurmuşdu. Dalınca iki stəkan da çay süzüb gətirmək istədiyini deyəndə, Erkin tez ayağa durdu, centlmenlik edib mətbəxdən çayları süzüb gətirdi.

- Bir şey soruşum səndən, - Esmira soruşdu.

- İkisini soruş, - artıq araları lap açılışmışdı.

- Sağ ol, - gülümsədi. - İngilis dilini harda öyrənmisən?

- Yarım il dil kurslarına getmişəm.

- Britiş kansıl? (“British council?”)

- Yox, başqa kurslara. O vaxt ”Əhmədli” metrosu tərəfdə yerləşirdi.

- İngilislər dərs deyirdi?

- Yox, müəllimlər bizimkiləriydi.

- Hmm, - Esmira təəccübdən qaşlarını qaldırdı. - Yəni bizim məllimlərin dərs dediyi kurslarda bu cür səviyyədə öyrənmisən dili?...

Yalan deyirdi Erkin, elə məhz “British Council” kurslarına getmişdi, Riçard adlı ingilis ona danışıq dilini öyrətmişdi. Sadəcə, Esmiraya öz bacarığını göstərmək istəyirdi, yəni, görürsən, yarım ilə bizimkilərin dərs dediyi adi kursların hesabına ingilis dilini bu səviyyədə öyrənmişəm. Daha sonra Erkin başını qaşıdı, gözlərini qıydı, guya “getdiyi” kursların adını yadına salmaq istədi, sonda bir ad uydura bilmədi:

- ...Nəysə, kursun adı yadıma düşmədi. Dördüncü kursda oxuyanda, dediyim kimi, “Əhmədli” tərəfdə getdiyim həmin kurslarda öyrəndim ingilis dilini.

- Məndə nəysə bu dili öyrənmək heç cürə alınmır da, - Esmira kədərini bildirməkçün çiyinlərini çəkdi.

Bu jestdən Erkin necə ehtiraslandısa, Esmiranın hər iki əlindən tutub, yüngülcə sıxıb, gözlərini bərk yumub-açıb: “Darıxma, alınacaq,” - demək keçdi ürəyindən. Esmira isə öz dərdini bölüşürdü:

- ...Təsəvvür elə, mən də sənin kimi altı ay kurslara getdim, sonra rəhmətlik papa repetitor tutdu mənə, hardasa dörd ay məşğul oldu mənlə, yenə xeyri olmadı. Nizami məllim deyir, ingilis dilini təcili öyrənmək lazımdı. Bir xahiş edim səndən, getdiyin o kurslara zəng edib öyrənə bilərsən, bir ayın qiyməti neçədi, neçə aya dili öyrədirlər, bəlkə indi də ingilislər dərs deyir orda?

- Əlbəttə, zəng edib hamısını öyrənib sənə deyərəm, - Erkin tez cavab verdi.

Qələmi götürüb kağız parçasına ciddi-ciddi “qiymət”, “kursun müddəti”, “ingilis müəllimləri?” yazdı və yaza-yaza əmin oldu ki, qızın kursa-zada getmək fikri yoxdu, sadəcə, o günkü iclasda Erkinin ingiliscə danışmağından sonra qısa müddətə həvəsə düşüb. Sevinirdi ki, qızı bu işə həvəsləndirib. O söhbətdən sonra hətta Erkinə elə gəldi ki, Esmira da artıq xəyalında onunla bir-iki dəfə sevişib. Esmira Erkinə suluxlaşmamışdı, amma hiss edirdi ki, o halın ərəfəsindədi. Hələ ki, Erkini xəyallarının qapısından içəri buraxmaq istəmirdi, amma Erkinin bir ayağı artıq içəridəydi...

Sabahısı “öyrənib” Esmiraya dedi ki, artıq iki ildən çoxdu həmin yerə başqa bir şirkət köçüb, icarəyə verənlər isə dil kurslarının köçdükləri yerdən xəbərsizdilər. Sonda söz verdi ki, mütləq maraqlanıb, onunçün münasib ingilis dili kursları tapacaq...

***

Bu arada susqun Zəminənin baş sancağı əvəzinə saçlarını bərkitdiyi karandaş da əvvəlki kimi iyrənc görünmürdü Erkinə. Bir müddət sonra karandaşı qızılgül formalı sancaq əvəz edəndə, Erkin ilk dəfə ona kompliment dedi və özü də şüuraltı hiss etdi ki, bunu Esmirayla münasibətləri düzəldiyinə görə demiş oldu.

“Görən, hansı daha çox məndən kəsir?... Nata, Kama, yoxsa Esmiralda? Aydın məsələdi ki, üçü də, - Erkin fikirləşirdi, - Hərçənd, Esmira hələ ki, elə bil… Nə elə bil, hər şey göz qabağındadı, ay kor. Hər halda vaxt varıydı məni görməyə gözü yoxuydu. İndi gözüylə məni yeməsə də, ən azından, sığal çəkir mənə baxışlarıyla. Amma bir məsələ də var ki, qohumunun yanına işləməyə getmədi. Evlərinin yanı, maaşı da pis olmazdı hər halda. Deyir, təzə kollektivi tanımır, onlara öyrəşmək-filan. Nağıl danışır, təzə kollektivə öyrəşməyə nə var e”. Esmiranın onun başını sığallamasını təsəvvürünə gətirməkdən qəfil necə vəcdə və cəsarətə gəldisə, dəstəyi götürüb Esmiranın daxili nömrəsini yığdı:

- Qulaq as, az qala yadımdan çıxmışdı, mən axı sənə ingilis dili məllimi tapmağa söz vermişdim. Bu günlərdə özün təsadüfən repetitor ya kurs tapmamısan?

- Yox, Erkin, inanırsan, hələ də tapa bilməmişəm.

- Lap yaxşı, qulaq as, tam səmimi deyirəm, təmənnasız, həftədə iki dəfə sənə ofisdə ingilis dilindən dərs deyə bilərəm… Yox, o nə sözdü, əziyyət-zad deyil. Qətiyyən elə düşünmə… Axıra qədər qulaq as. Sənə bir şeyi deyim, səmimiyyətimə inanasan deyə deyirəm. Mən əslində dərs deməklə, həm də özüm bu dili yadımda saxlamış oluram, yəni hardasa sən də mənə dərs demiş olursan… Hə, burda, ofisdə, işdən sonra, ya arada abed vaxtı boş vaxt qalanda... Yaxşı, ürəyin lap sakit olsun deyə, axırda tortdan-zaddan alarsan… Olsun köynək… Oldu, razılaşdıq, - telefonun dəstəyini yerinə qoydu.

“İşdən sonra… İşdən sonra… işdən sonra,” - Erkinin beynində əks-səda verdi bu sözlər. “İkimiz bir köynəkdə, yaxası dar olaydı”. Yenə necə ehtiraslandısa, necə sevindisə, telefonu götürüb bu dəfə arvadını yığdı:

- Arvad, hazırlaş, bu şənbə günü Motunu da götürüb gedirik rayona, mamangilə?

- Maamgilə?! Doğurdan? Zarafat eliyirsən?

- Zarafat niyə eliyirəm, birdən-ikidən qaynanamnan bağlı zarafat elədiyimi görmüsən?

- Uraa!!! Nə yaxşı!

***

Nigar nişanlanmışdı, daha əvvəlki kimi Erkinə qıyqacı baxa-baxa atmacalarıyla onu provokasiyaya çəkmirdi. (Buna görə Erkin onu xəyalən “şamtutan vəzifəsindən” azad etmişdi). Yeri gəlmişkən, Zəminə də nişanlanmışdı, danışanda, hərdən gülümsəyirdi. Bir aydan sonra toyu olacaqdı, hiss olunurdu ki, indidən toy məsələlərinə görə yaman həyəcanlıdı.

Axşam ofisdən çıxanda, Erkin daha əvvəlki kimi Esmiranın asılqandakı ətir qoxusu qalan gödəkçəsini gizlincə qoxulamırdı. Bu arada Esmiranın ingilis dilini öyrənmək istəyi növbəti dəfə qığılcım olaraq qaldı, Erkinin də işdən sonra dərs demək istəyi yox olub getdi. Düzü, o istək də ani yaranmış qığılcım kimi bir şeyiydi, hansısa plana aidiyyəti-filanı yox idi. Eləcə də Erkinin nə vaxtsa nə Nataya, nə də Kamaya girişmək fikri, niyyəti olmuşdu. “Arzu, yaxud fantaziya hələ niyyət demək deyil,” - bir vaxtlar daxili oğraşlıq kompleksindən əziyyət çəkən Erkinin beynində özünə yer edən bu fikir yavaş-yavaş o kompleksin özüylə bir yerdə yox olmuşdu.

Son günlərin sevincindəniydimi, nəydisə, ona elə gəlirdi, nə müdir, nə mühasib, nə də proqramçı əvvəlki kimi Esmiradan ötrü ölmürlər, daha doğrusu, əllərini üzüblər ondan, başa düşüblər ki, gecələr kişisiz qalmaq əziyyətli olsa da, bu cür xarakterli ərsiz qadınlar yeri gələndə, bir müddət masanın üzərində yanan şam olan bahalı restoran dəvətinə, pula, maşına da “yox” deyə bilir.

***

Səhər Nigar öz kompyuterini yandırmamış, Erkinin otağına girib deyəndə ki, iki aya Esmira Antalyada oteli olan Erdem adında bir türk biznesmeninə ərə gedir, sulux əvvəlcə özünü itirən kimi oldu: “Doğrudan?” Sonra sakit tona keçməyə çalışdı: “Lap yaxşı. Yadında, sənə deyirdim, yaraşıqlı qızdı, gec-tez ərə gedəcək? Gördün, mən deyən oldu?” Nigarın şeytanlığı tutdu, yenə bic-bic gülümsəyib dedi: “Hə, guya indi vecinə deyil də”. Bununla da onun vasitəçilik missiyası sona çatdı və o söhbətlərə bir də qayıtmadı.

Bir neçə gün sonra Esmiranı təbrik edib, xoş ailə günləri arzulasa da, Erkinin təsəvvüründə onları bir-birindən aralayan nazik bir şüşə yaranmışdı: dəhlizdə rastlaşanda, mətbəxdə beş dəqiqə söhbət edəndə, sevgi kinolarındakı kimi, hər ikisi “nazik şüşənin” əks tərəflərində dayanıb, əllərini və yanaqlarını bir-birinə toxundurur, sonra ayrılıb hərəsi öz otağına gedirdi.

İş yoldaşlarıyla bir yerdə ofisdə keçirdikləri tort-vida məclisində də həmin nazik şüşə var idi. O günlərdə elə bil, qız baxışlarıyla Erkinə deyirdi: “Özün də başa düşürsən yəqin, işlərin belə alınmasında mənlik bir şey yoxdu. Ona görə inciyib eləmə məndən”. Cavabında isə suluxluq hərarəti yavaş-yavaş azalan qəhrəmanımız bunu çatdırırdı: “Yox, o nə sözdü, incimək nədi. Gözəl başa düşürəm səni, işində ol”.

“Mona Liza” şadlıq sarayında da öz Erdeminin qoluna girib bəy-gəlin taxtında oturan, arada yaxınlarıyla nazlı-nazlı rəqs edən ərli qadına həmin o şüşədən baxmağa az qala həya eləmişdi, - elə-belə, hərdən gözucu nəzərlər, vəssalam.

***

- Erkin müəllim, zəhmət olmasa, baxıb deyərdiz, bu mətn necədir?...

- Erkin müəllim, sizcə, məndə inkişaf var?

- Var, Fidan, əlbəttə, var. Hələ görərsən, bundan da əla olacaq yazdığın mətnlər.

- Oo, məni lap sevindirdiz ki, - dalınca cingiltili səsiylə gülür.

Bir gün Fidan Erkinin otağına girib, bir qutu “Ülker” şokoladını masasının üstünə qoydu.

- Bundan Bakıda yoxdu, İstanbuldan pay gətiriblər bizə. Bəlkə çay gətirim, çayla içəsiz, hə, Erkin müəllim?

- Hə, pis olmazdı.

Suluğun bu diqqətdən içinə istilik dolur... Şən, deyib-gülən iyirmi yeddi yaşlı Fidanı, əriylə artıq Antalyaya köçmüş Esmiranın yerinə götürüblər, bir az Cenifer Lopezə oxşayır. Subaydır, nişanlı olmayıb, hər səhər otağının yanından keçəndə, dayanıb salam verir, kefini soruşur ona qarşı başqa niyyəti olmayan suluğa. Bu arada Esmiranı da yavaş-yavaş unutdurur.

İndi də gülərüz Ceniferlə mətbəxdə oturub, Valonia şokoladıyla (təzəsini alıb) çay içə-içə şirin-şirin söhbət etməyin sevincindənmi, ya nədisə, Erkin arada fikirləşir ki, bu həyatda qızlara niyyətsiz-məqsədsiz komplimentlər deyən mənim kimi mədəni suluxların bir vaxtlar səbəbsiz mizantrop pozası verən esmiraldakimlərdən umduğu nə idi ki? Adi etika, hərdən diqqət, eybi yox, konfetsiz də olardı, bir az təbəssüm, eybi yox, flirtsiz də olardı, hərdən də maraqlı, maraqsız söhbətlər.

2 aprel, 2012, - 19 dekabr, 2016,

Bakı - Ankara – Bakı

“Yazı” jurnalı 1 (21), 2017

Təkrar redaktə: 24-25 avqust, 2017

# 4324 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #