Dünyanın ən gözəl metrostansiyalarından biri necə yarandı? – BAKIDA

<b>Dünyanın ən gözəl metrostansiyalarından biri necə yarandı? – <span style="color:red;">BAKIDA </b>
25 avqust 2017
# 12:16

Kulis.az Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Nizami ünvanlı “Yeraltı muzey" yazısını təqdim edir.

Bakı metropoliteninin “Nizami” stansiyasının paytaxtımızda 1967-ci ildən fəaliyyət göstərən yeraltı nəqliyyatın ən məşhur dayanacaqlarından biri olması danılmazdır. Bunu şərtləndirən başlıca səbəb metronun daxilinin ecazkarlığı birmənalı olan mozaik pannolarla bəzədilməsidir. Belə ki, qatarla bura gələn və dahi Üzeyir Hacıbəylinin məşhur “Sənziz” romansının sədaları altında stansiyanın vestibülünə çıxan sərnişinlər başqa yerdə görə bilməyəcəkləri gözəllik aləmi ilə qarşılaşırlar. Doğrudan milli memarlıq ənənələrindən istifadə olunmaqla yaradılan geniş vestübülün qatarlara tərəf gedən tağlı keçidlərinin-pilonların aralarında yerləşən Nizami Gəncəvi mövzulu çoxsaylı mozaik təsvirlər qeyri-adi bədii tutumuna görə diqqəti cəlb edir, sərnişinləri ayaq saxlayıb onlardakı gözəlliyə baxmağa məcbur edir. Həmin çoxsaylı tamaşaçıların arasında yalnız bu süjetli kompozisiyaları əyani görmək üçün ora gələnlər də az deyil. Budəfəki söhbətimiz həmin gözəllik məkanının - “yeraltı muzey”in yaranma tarixçəsi haqqındadır...

Öncədən deyək ki, bu gün dünyada mövcud olan metro stansiyaları arasında daxili bəzəyinin gözəlliyi ilə sərnişinləri heyran edənlər az deyil. Mütəxəssislər hətta bu yeraltı gözəlliyin hamını cəlb edən və duyğulandıran estetikasının reytinq cədvəlini də müəyyənləşdiriblər. Dünyanın əvvəlcə on yeddi, sonra isə beş öncül gözəllik qaynağının sırasında Tayvan, İtaliya, ABŞ, İspaniya, Rusiya, İsveç, Almaniya və Çinlə yanaşı Azərbaycan metrosunun adının yer alması əlbəttə ki, hər birimizi qürurlandırır.

Memarı SSRİ Xalq memarı, akademik Mikayıl Hüseynov (1905-1993) olan bu stansiyanın çoxsaylı mozaik pannolarla bəzədilməsi ideyası Xalq rəssamı, akademik Mikayıl Abdullayevə (1921-2002) məxsusdur. Çünki, memarın təqdim etdiyi layihə fərqli tutuma malik idi. Zamanında həmin illəri xatırlayan Mikayıl Abdullayev öz fərqli planını belə şərh edir: “70 metrə qədər uzanan yeraltı salonun baş divarında veriləcək təsvirin mövzusu bizi çox düşündürdü. Layihə üçün müxtəlif variantlar yoxlanıldı. Baş memarın ilk variantında yalnız postament üzərində Nizami büstünü qoymaq nəzərdə tutulmuşdu. Mənim fikrimə isə əvvəl qədim Gəncənin mənzərəsi-panoramı gəlirdi. Arada bir divardakı texniki xidmətlər üçün nəzərdə tutulan tək qapını qoşalayaraq hazırda Gelati monastırında saxlanılan XII əsr Gəncəsinin dəmir darvazalarının dublikatını həmin panorama calamağı qət etdim. Lakin layihənin maketində hiss olunurdu ki, bunların heç biri “Xəmsə”ni lazımınca ümumiləşdirə bilməz. Çünki salonda fikir mərkəzi alınmırdı. Yalnız dahi şairin, hündürlüyü üç metrdən artıq iri həcmli boyaboy portret obrazı interyerin ansamblında mövqe tuta bilərdi. Elə də oldu. Sərnişinləri üzüaşağı gətirən eskalatorun sonuncu pillələrindən görünməyə başlayan şairin əzəmətli fiquru 70 metrdən salonun daxilində fikir mərkəzi yaratmalı idi”.

1973-cü ildə baş tutan bu yaradıcılıq mükaliməsinin nəticəsində yeraltı salonun “Xəmsə” mövzusunda işlənmiş 18 mozaik panno və şairin iriölçülü portreti ilə bəzədilməsi barədə razılığa gəlinir. Davamlı axtarışlardan sonra Mikayıl Abdullayev “Yeraltı muzey”in ekspozisiyasına dahi söz xiridarının “Xəmsə”sinin bəşəri-fəlsəfi mahiyyətini əks etdirən süjetləri daxil edir. Salonun divarlarındakı mozaik əsərlərdə “Sirlər xəzinəsi”ndən “Bayquşların söhbəti”, “Kərpickəsənin nağılı” və “Sultan Səncər və qarı”, “Xosrov və Şirin”dən “Fərhad Bisutunda”, “Xosrov və Şirin”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”dan “Məcnun və atası”, “Leyli və Məcnun”, “Leylinin qəbri üstündə”, “Yeddi gözəl”dən “Simnarın faciəsi”, “Bəhram və əjdaha”, “Bəhramın hünəri” və “Fitnə”, “İsgəndərnamə”nin isə hər iki hissəsindən – “Şərəfnamə” və “İqbalnamə”dən üst-üstə beş səhnənin: “İsgəndər və çoban”, “Yeddi alim”, “Nüşabə və İsgəndər”, “Daranın ölümü”, “Nəqqaş Mani” səhnələrinin əks olunması qərara alınır.

Təbii ki, rəssamın işi salonda yerləşdiriləcək süjetlərin müəyyənləşdirilməsi ilə bitmirdi. Ən çətini və önəmlisi bu mozaik pannoların yeraltı tikilinin divarlarında “itməməsi”, monumentallığa yüksəlməsinin əldə olunması idi. Çünki, təsvirlər kətan üzərində rənglə yox, tikilinin divarında fərqli estetikaya malik kiçik rəngli smaltalarla ərsəyə gətirilməli idi. Başqa sözlə desək, bu prosesin uğurlu nəticəsi həm də sənətlərin - memarlıqla təsvirli mozaikanın sintezinə nail olmaqla, təsvirlərin təsirliliyini əldə etmək olmalıydı. Bunun ilk növbədə miqyas seçimindən asılı olduğunu professionallıqla duyan və fəhmən hiss edən Mikayıl Abdullayev, Nizaminin kompozisiyada dominant rolunu oynayan portretini miqyas etibarilə on səkkiz süjetdən iki dəfə böyük işləməklə arzulanan sintezin monumentallığın əldə olunmasına kökləyə bilmişdir, desək, həqiqəti söyləmiş olarıq.

Rəng palitrası bir qayda olaraq əlvanlığına görə başqalarından fərqlənən və milli bədii ənənələrlə səsləşən görkəmli fırça ustası bu mozaik pannolarda smaltanın şərti-lakonik rəng çalarlarından istifadə etməklə, bütünlükdə kompozisiyaların miniatürsayağı – incə və cəlbedici kolorit almasına nail olmaq arzusundaydı. Qarşı-qarşıya duracaq mozaikalar arasında baxış məsafəsinin çox yaxın - cəmisi yeddi metr olması da müəllifdən əsərlərin bir-birinə mane olmamasını şərtləndirən daha incə çalarlı rəng keçidləri tapmağı tələb edirdi. Amma o vaxtlar satışda olan və daha çox “cingiltili” rənglərə malik smaltalarla buna nail olmaq demək olar ki, mümkünsüzdü. Bu məsuliyyətli və mürəkkəb yaradıcı işin Bakı şəraitində icrasını həyata keçirəcək ustaların tapılması da çox çətin məsələydi. Odur ki, rəssam fərqli çıxış yolu axtarmağa məcbur olur.

Həmin günləri xatırlayan M.Abdullayev yazır: “Elə bu səbəbdən SSRİ Rəssamlıq Akademiyasının Leninqraddakı mozaika emalatxanasına müraciət etməli oldum. Bu emalatxananın imkanları çox böyükdür: smalta əridən yüksək hərarətli xüsusi sobalar var. Burada işləyən ustalar müəllif eskizlərinin ən xırda çalarlarını belə təkrar edə bilirlər. Heç təsadüfi deyildir ki, sovet rəssamlarının fəxri Aleksandr Deyneka “Mayakovskaya” metro stansiyasının tərtibatından tutmuş “Xokkeyçilər” və “Xoş səhər” mozaik pannolarına qədər otuz ildən artıq bir müddətdə yaratdığı bütün mozaik işlərinin icrasını adətən Leninqraddakı həmin emalatxanaya etibar etmişdir”.

Beləliklə, rəssam eskizlərinin orijinal ölçülü mozaik pannoya çevrilməsi həmin nüfuzlu emalatxananın ustalarına tapşırılır. Davamlı səylərin nəticəsində şimallı mozaikaçılar rəssamın çəkdiyi eskizlərin kolorit incəliyini əldə etməklə, əsl sənət nümunəsi sayıla biləcək pannolar yarada bilirlər. Metronun “Nizami” stansiyasının 31 dekabr 1976-cı ildə baş tutan açılışında həmin mozaik pannoların əksəriyyəti artıq hazır idi. Üç il sonra – 1979-cu ildə isə qalan bir-neçə panno da “Yeraltı muzey”də öz yerini tutdu və metronun tərtibat işi bununla başa çatdı.

Bu mozaikaların estetik tutumunu dəyərləndirməli olsaq, onda ilk növbədə onların duyulası bədii stilizə və ümumiləşdirmələrlə yanaşı, həm də rəng yığcamlığına və incəliyinə, cəlbedici siluet ifadəliliyinə malik olduğunu vurğulamalıyıq.

Artıq bir qərinədən çoxdur ki, metronun “Nizami” stansiyasının daxilinə xüsusi gözəllik bəxş edən tərtibatın dünya reytinqlərində yüksək yer alması bir daha memar M.Hüseynov və rəssam M.Abdullayevin birgə yaradıcılığının nəticəsi olan “Xəmsə” ünvanlı monumental sənət nümunəsinin unikallığını təsdiqləyir.

Yeri gəlmişkən deyək ki, paytaxtın mürəkkəb hidrogeoloji şəraitli bir yerində qərarlaşmış bu “Yeraltı muzey”in pannolarını əvvəlki görkəmində saxlamaq o qədər də asan məsələ deyil. Odur ki, mozaikalar və onları saxlayan dəmir-beton konstruksiyalar daima nəzarətdə olmalı, yeri gəldikcə korroziyaya uğramış hissələr bərpa olunmalı və yaxud yenilənməlidir. Elə 2016-cı ilin sonlarından burada aparılan əsaslı təmir işləri də bu məqsədə xidmət edir. Əlavə edək ki, indiki bərpa işində M.Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev iştirak edirlər.

P.S. Yazı "Mədəniyyət" qəzetinin 23 avqust tarixli sayında çap olunub.

# 1098 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #