news-inner
clock11:44 calendar-gray 02 Avqust 2017 view-gray304 dəfə oxunub
view-gray304 dəfə oxunub

Dərdi dilləndirən şair – Vaqif Yusifli yazır…

Kulis.az tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Zamanlıdan yazdığı yazını təqdim edir.

Onu təzə tanımışam. Bu tanışlıq bir şeirindən başladı. Şair Balayar Sadiq mənə bir şeir oxudu.

Bu qönçənin çiçəkləyən vaxtında

Bəbəyində yaz buludu ah çəkir.

Lal sulartək könlü yaman lillənib

Al yanağı gözlərindən şeh çəkir.

Doğrusu, şeirin müəllifinin kim olduğunu bilmədim. B.Sadiq söz verdi ki, onun müəllifi ilə sizi tanış edəcəyəm. Nə idi bu şeirdə məni özünə çəkən? İlk növbədə, şeirdə işlənən metaforalar. Təbiət gözəlliyi ilə insan gözəlliyinin vəhdəti, "köçürülmə əməliyyatının" uğurlu sintezi.

Şeirin müəllifi Sabir Zamanlı idi. Mənə iki şeir kitabını və qət-təzə şeirlərini verdi. Vaxt tapıb oxudum. Desəm ki, yeni bir ŞAİR kəşf elədim, yalan olmaz. Hər cür yalançı pozadan, illər boyu işlənən və işləndikcə də lillənən təşbehlər kimi könül bulandıran söz yığımı deyildi onun şeirləri. Sadə, sakit və bəzən də coşqun, təlatümlü ahəngi ilə seçilən bu şeirlərdə poeziya havası var idi.

Təbii ki, içində hələ boyu şeir həddinə çatmayanları da gözdən qaçmadı. Amma Sabir Zamanlının şeirə, hər sözə, ifadəyə məsuliyyətlə yanaşması nəzər-diqqətimdən yayınmadı. İndi yaman mod düşüb - kim şeir kitabı çap etdirirsə, tanınmış ya o qədər də tanınmamış qələm əhlilərinin fikir və düşüncələrini də toplayır o kitaba. Sanki demək istəyir ki: "buyurun, baxın, gör mənim şeirlərim barədə kimlər söz açır?".

Sabir Zamanlı da həm birinci ("Özümdən özümə yol gedirəm mən", həm də ikinci ("Ömür məndən inciməsin...") kitablarında bu "ənənədən" yan keçməyib. Bu "ön söz"ləri oxumadan birbaşa şeirlərə keçdim və Sabir Zamanlını bir şair kimi özüm üçün kəşf eləyəndən sonra qayıtdım geriyə, mənə tanış olan qələm yoldaşlarımın yazılarına baş vurdum və hiss elədim ki, onlar da Sabir Zamanlının şeirlərindəki təzəliyə biganə qalmayıblar. Mən yalnız iki sevdiyim şairdən qısaca misallar gətirəcəyəm. Böyük şairimiz Musa Yaqub yazır ki: "Şeirlərində səmimi notlar gördüyüm Sabir Zamanlı da yaxşı insandır.

Onun təmiz qəlbində şairlik odunun olması isə daha yaxşı göstəricidir. Demək, yaxşı insan həm də yaxşı şeir yaza bilər və yazır da". İstedadlı şair Əlizadə Nuri görün, nə yazır: "Ədəbiyyatın torpaqları genişdir. Hər kəsə bu torpaqlarda "qələm çapmağa" imkan yaradılır. Təki şikarına yaxşı "ov" çıxa. Sabir Zamanlı da heç kəsin "torpağına" hücum etmir, öz hücrəsinə, guşəsinə çəkilib söz, fikir, obraz axtarışına çıxıb". Bu sözlərin səmimiliyinə şəkk eləmədim.

Sabir Zamanlının şeirlərində bir görünən dünya var, bir də onun özünün dünyası Görünən dünyada xeyir var, şər var, bir-birilə toqquşan, düz gəlməyən mənafelər var. Özünün dünyası isə həmin o görünən dünya ilə bəzən bir nöqtəyə varır, bəzən də tərs-mütənasibdir. Sabir Zamanlı dünyanı sevir, amma onun son dərəcə təzadlar, burulbanlar içində çapaladığını, bəxtəvər olmadığını deyir.

Basıb sinəsinə qayanı, daşı,

Dəryalar yaradıb axan göz yaşı.

Dərdindən ağarıb dağların başı,

Bəxtəvər olmayıb əzəldən dünya.

Talanlar, qırğınlar köksünü sıxıb,

Nərəsindən göy titrəyib, sel axıb.

Qəzəbi vulkanla püskürüb, çıxıb,

Bəxtəvər olmayıb əzəldən dünya.

Könül aynasıdır günəşi, ayı,

Odlu nəfəsidir baharı, yayı,

Qəmli nəğməsidir axan hər çayı,

Bəxtəvər olmayıb əzəldən dünya.

Sabir Zamanlını dərdli şair də adlandırmaq olar. Dünyanı bəxtəvər görməyən bir şairin dərdləri saya-şesaba gəlməz. Ancaq "dərd" anlayışı patoloji mənada başa düşülməməlidir. Yaşadığımız bu təzadlı dünyada insana əzab verən mənəvi sıxıntılar və üzüntülər azmıdır və bütün bunlar bir şair qəlbində əks-səda yaradırsa, onun şeirində də Dərd adlı bir dağ yaranacaq. Hansı dərdlərdi bunlar? Vətən dərdi.

Araz boyu parça-parça

Dilim-dilim əkin məni.

Mən öləndə Vətənimin

Yarasına çəkin məni.

Mən bu qədər dərd içində

Göz yaşını necə yığım.

Parça-parça bölünmüsən,

Vətən, sənə necə sığım?

Vətən, mənə oğul demə

Qeyrətimi tapanacan.

Uğurunda şəhid olub

Torpağına hopanacan.

Bunlar təbii hisslərdir. Böyük, vahid Azərbaycanı bütöv görmək həsrətindən yaranan hisslərdir. Sabir Zamanlının az qala hər beş-altı şeirindən biri dərddən danışır və beləliklə, DƏRD obrazı onun şeirlərinin əsas "qəhrəmanına" çevrilir. Yenə təkrar edirəm, patoloji, fiziki mənada yox...Məsələn, hər bir övlad üçün anasızlıq ən böyük dərddir. Ana itkisi ilə bağlı poeziyamızda yüzlərlə şeirlər var. M.Arazın bu misraları mənim də anasızlığımı yada salır: "Ana kədərini yaşmıdır ölçən, Ana itirmişəm ana yaşında". Sabir Zamanlının da ana itkisiylə bağlı şeiri onun ən uğurlu şeirlərindən biridir və mən də kövrəldim.

Sinəsi üstündə gəzdiyin torpaq,

Boyuna ölçülüb, biçilib, ana.

Həyatı tərk edib getdiyin gündən,

Elə bil bu dünya kiçilib, ana.

Kiçilib gözümdə cığırlar, yollar, Kiçilib gözümdə o gen daxma da. Dadı-duzu qaçıb sənsiz hər şeyin, Sənsiz acı dadır şirin loxma da. O daş məzarını döyən yağışlar, Əriyən qəlbinin yağıdı bəlkə?! Sinənin üstündə qabaran torpaq, Dərdli ürəyinin dağıdı bəlkə?!

Kiçilib gözümdə həyatın özü,

Məna da, məntiq də mənasız qalıb.

Agah ol, ay ana, sən ölən gündən

Dünyanın özü də anasız qalıb.

Bu şeir, tərif olmasın, həm də kamil, mükəmməl bir poeziya nümunəsidir. Şeirdə "kiçilmək" anlamı ilə Ana böyüklüyünün təzadı göz qabağındadır. Ana itkisiylə dünyanın da anasız qalması fikri uğurlu tapıntıdır. Sabir Zamanlının şeirlərində belə tapıntılar çoxdur. Əsasən heca vəznini seçən və bu vəzndə bərkdən-boşdan çıxan, xalq şeiri ənənələrinə sadiq qalan Sabir Zamanlı "köhnə havalarda" təzə notlar səsləndirməyə can atır və çox zaman buna nail olur. Onun qoşmaları, gəraylıları bu qədim şeir formalarında təzə söz demək cəhdindən yaranır. Xüsusilə, sevgi şeirlərində bu, daha çox hiss olunur. Kövrək-kövrək gələn eşqin, Ürəyimi bölən eşqin Payız ömrə dolan eşqin Məst edibdi mehi məni.

Qəlbi sızlayır heyrətin

Gözü yaşlı səadətin,

Boynu bükük məhəbbətin

Bürüyübdü şehi məni.

Sənsiz keçən hər bir anın,

Qəm-kədər alıbdı canın

Damarında axan qanın

Yaman tutub ahı məni.

Dərd düzülüb sıra-sıra,

Ümid bağlayıb sırsıra,

Leylidir gözümdə səhra

Məcnun-Məcnun oxu məni.

Qətiyyən hiss eləmədim ki, Sabir Zamanlı "fikir" quraşdırmaq naminə bir şeir quraşdırsın, guya özünü "filosof-şair" kimi təqdim eləsin. Fikir, düşüncə onun qabaqcadan "planlaşdırdığı" kimi deyil, müəyyən bir şeir ideyası yarananda doğulur. Sabir Zamanlı oxucunu müəmmalı fikirlərlə yoran şair deyil. Əksinə, həmişə demək isdəyi fikri sadə və adın ifadə etməyə çalışır. Həm də şeirdə müəyyən bir obrazı reallaşdırmağa can atır.

Dərdə sirdaş oldum, fayda vermədi,

Sevinci çağırdım, hay da vermədi,

Bəxtim cücərsə də, boy da vermədi,

İnsan bir zəmidi, əkəni Allah.

Süzgəzdən ələnib min yol süzüldük,

Süzülə-süzülə hər gün çözüldük,

Naxış-naxış yer üzünə səpildik,

Ömür bir ilmədi, sökəni Allah.

Dünya bir kitabdı, bizlər bir nağıl,

Oxuyan dodaqdı, dinləyən ağıl,

Dağılmaz, nə qədər desək də, dağıl,

Dünya bir saraydı, tikəni Allah.

Sabir Zamanlı bu şeirində yazır ki: "Sevinci çağırdım, hay da vermədi". Amma inanıram ki, onun iki kitabında rast gəldiyim qəmli, kədərli motivlər get-gedə seyrələcək, yerini bu işıqlı, bu gözəl dünyanın sevincləri, işıqlı rəngləri, naxışları tutacaq... İnanıram.

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020