Küçə süpürən qadın: “Yubatma məni, bala, gün qızır...” - REPORTAJ

Küçə süpürən qadın: “Yubatma məni, bala, gün qızır...” - <span style="color:red;">REPORTAJ
6 aprel 2018
# 21:00

Hər dəfə küçə süpürən qadınları görəndə Murad Köhnəqalanın bu misraları yadıma düşür:

Küçə süpürən qadınlar

Ot çalan kişilərə parodiyadır...

Ancaq deyəsən məsələ bu qədər poetik deyil.

Hər dəfə yaxınlaşıb söhbət eləmək, sirli dünyalarını çamaq istəmişəm, ürək eləməmişəm.

Bu dəfə şeytanın qıçını qıra bildim.

Zibil torbasını qaldıran yaşlı qadına yanaşıram:

- Xala, qoy bir ucundan mən qaldırım... - əlimi uzadıram.

- Özüm edəcəm. Sizi JEK-dən göndəriblər? –Torbanı özünə sarı çəkib şübhəylə üzümə baxır. Sanki torbanı yox, işini əlindən almaq istəyirəm.

- Yo-yo... O binada qalıram.

- Heç görməmişəm sizi... Əl bulamayın. Özüm, Allaha şükür, işimin öhdəsindən gəlirəm.

İşinə belə sahib çıxması, yaşca özündən qat-qat kiçiyə siz deməsi, “xala” ilə dialoqa başlayan müxbirə dərs olsa gərək.

- Neçə vaxtdır işləyirsiz?

- 40 ildi. Niyə soruşursuz ki?- “xeyirli adam məni tapmaz” şübhəsiylə yenə üzümə baxır.

- Burada bir hovur oturaq. Sizdən yazı yazmaq istəyirəm qəzetə.

Müsahibim “Pah!” - deyə bir ifadə ilə gülümsəyir.

- Mənnən yox. O irəli televizora çəkmək istəyirdilər. Oğlum narazı oldu sonra...

- Niyə ki?

- İstəmir işləyim. Mən də süpürgəmi yerə qoymuram. Elə böyük yerdən də qız almışıq ki...

- Hardan?

- Böyük yerdən... İstəmirəm görünüm çox. Vallah qızım, inciməyin məndən. Bax o binanın qabağına gedin. - Əli ilə qonşu binanı göstərir - Bu saat Qaraqız sahədə olmalıdır. O, razı olacaq danışmağa.

***

Barmağının tuşladığı səmtə üz qoyuram. Zibil qalağının yanında əlində süpürgə yaşlı bir qadın dayanıb. Özündən cavan bir qadınla söhbət edir.

- Salam, sabahınız xeyir!

- Sabahınız xeyir!

- Sizin iş yoldaşınız yolladı məni. Dedi, Qaraqız xalanın yanına get. Yazı yazmaq istəyirəm sizdən. Özü dedi ki, mən danışa bilmərəm, amma...

- Hara yazırsız ki?

- Qəzetə.

Yanındakı daha cavan qadın gülür:

- O yazının buna nə xeyri var ki? Maaşı artmayacaq-bir şey olmayacaq...

- Elədir. Amma lazımdır həm də. Sadə zəhmət adamları yada düşər. Bir görsünlər onlar nə deyir, nə düşünür.

Bu dəfə yumşalırlar:

- Danış da, qız da yazı edər. Düz deyir özü də, “telvizorda” oxuyanlara baxmaqdan ürəyimiz bulanıb.

- Yaxşı, bala. Nə danışım amma? İşdir də. Səhər 7-dən burdayam.

- Ancaq buradır sahəniz?

- Yox, beş binanın qabağını süpürürəm, qadan alım.

- Bəs özünüz harda yaşayırsız?

- Qaçqınıq, bala, Laçından... Səkinə müəllimənin bağçasında yerləşdik. 232 nömrəli bağçada. Gələndən o evə-bu evə girdik, olmadı, hamısından çıxardılar. Ev-zad yoxdu, elə o vaxtdan bağçada qalırıq.

- Maaşınız neçədi?

- 150 manatdı. Qabaq “Jek”-dən alırdıq. İndi kartla alırıq. İki ay işləmədim - mayı, iyunu... İşə təzə çıxıram. Ayağımda problem yarandı müalicə etdirdim, olmadı, axırı xəstəxanada yatdım. İndi yaxşıyam.

- Neçə ildir işləyirsiz?

- İyirmi beş.

- Öyrəşmisiz, yoxsa yorulursuz?

- Öyrəşmişəm. Elə bil idman eliyirəm. Evdə oturmaq olmur... Həyətim yox, bacam yox. Bir bostanın ola, bir toyuq saxlayasan... Yoxdu... Şəhərdə başqa neyləmək olar ki? Mən də küçə süpürürəm.

- Bundan əvvəl harda işləmisiz?

- Laçında “abidə”də işləyirdim.

- Nə abidə?

- Müharibədə iştirak eliyənlərin şəklini vurmuşdilar, pilləkənlər idi qabağı, ağac-uğac əkmişdilər, bayramda əklil zad qoyurdular, ona baxırdıq.

- Ailədən ölən oldu müharibədə?

Başını tərpədib susur. Gözləri uzağa fokuslanır. Başqa söhbətə keçir.

- ...Pensiyaya çıxmışam. İndi qızın adına işləyirəm. Qızımın. Maaş yazılsın, yazıqdı, o da pensiya ala bilsin.

- Ailənizdə sizdən başqa kim işləyir?

- Kişi on ildir ölüb. Uşaqlarım var – qızlarım, oğlanlarım... Kiçiyi yanımda olur - işi yoxdu. Bir sənəti də yoxdu. Maşını var, onunla əlləşir. Deyirəm, get işlə, deyir, nə işə gedim?

- Nəvələr var?

- Var, elə onlara görə işləyirəm həm də, bala.

- Neçə yaşınız var?

- 42 təvəllüdəm. Mayın 18-də anadan olmuşam. Gör nə qədər eləyir?

- Çox eləyir bir az.

- Eləsin, bala, neynək...

Qırımından bəllidir, xatirələrə, olanlara-keçənlərə süpürgə çəkib. Düşünüb, süpürüb, yada salıb süpürüb. İndi quru yerdə, evsiz, həyətsiz, bostansız, bağsız qalıb. Nə fikirlər süpürüb bu ucu taxtalı süpürgəylə, nə ümidləri topalayıb xəkəndaza.

Deməli, 56 il ordan edir, burdan da 17 il. Nə qədər edir bu? 73 il. Amma ana yanğısı hələ canındadı; Qızının adına işləyir. Yaxşı ki, müdirin arvadının yerinə işləmir. Görəsən, maaş vaxtı bankomata ən çox kart salan müdirdə neçə kart olar? Allah bilir.

O dəfə, bir müəssisənin rəhbəri bankomatın azlığından gileylənib. Deyib, ölkə düzəlmir, kartdan pul çıxarırdım, bir də döndüm ki, arxamda 10 adam dayanıb. Həmsöhbəti də ona qayıdıb ki, dayanar da, qırx dənə kart salırsan maaş gələndə...

- Çox zibilləyirlər? Ən çox nə tökürlər?

- Külək olanda çox zibil olur. Qabaq zibil torbaları qoyurdular blokun ağzına. İndi daha eləmirlər. Elə yarpaq, kağız, siqaret-zad. Ən çox binanın dalına tökürlər, onu da “Jek” “subbotnik” edir təmizləyirlər.

- Siz də gedirsiz “subbotnik”ə?

- Yox, ayrı adamlar gedir. Biz ancaq həyəti süpürürük. Qabaq çağırırdılar gedirdik. Amma bu son vaxtları yox. Əvvəl işçi çox idi. İndi dörd-beş işçi var, hərənin də beş binası var. Səhər yeddidə gəlirəm, 12-də 1-də gedirəm. İşə baxır, bala. Külək olanda çox əlləşirik. Düz-əməlli zibil yeşiklərimiz yoxdu.

- Bəlkə kömək edim sizə?

- Yox, bekara iş qalıb, qurtarmışam. Yubatma məni, bala, gün qızır...

# 1217 dəfə oxunub

Oxşar xəbərlər

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
#
#
# # #