Çıldağa gedənlər

Çıldağa gedənlər
28 iyul 2017
# 10:11

Bu gün tezdən psixi pozğunluğu olan sənət adamları ilə bağlı bir material yaymışıq.

Materiala baxanda düşündüm ki, bizdə belə hallar daha çoxdur, amma götürüb yazanda inciyirlər.

Sanki problemi gizləyəndə o daha asanlıqla həll olunacaq.

Halbuki əksinədir.

Məhz buna görə saytlar əsəb pozğunluğundan törəyən ağır kriminal xəbərlərlə doludur.

Arvadını boğan, ərini bıçaqlayan, övladını qətlə yetirən, atasını təpiyinin altına salan...

Yadımdadır, bir dostum yaxın qohumu olan həyat yoldaşından boşanırdı. Hamı düşmüşdü üstünə ki, etmə, yaxşı deyil, qohumların arasına düşmənçilik salma.

Adam ali təhsilli pedaqoq olduğundan və sənəti icabı psixologiyanı da az-çox bildiyindən fikrinə israrlı idi. “Dolanmırıq!” – deyib tutdurmuşdu və əlavə heç bir izahat vermirdi.

Qohumlar da bu tərsliyinə görə ondan bir-bir üz döndərirdilər.

Bircə mən onu anlamağa çalışırdım. Bir gün dedim, əsl sirrini aç denən mənə, nə baş verib?

Dedi, həyat yoldaşım qısqanclıq krizinə girib intihar etmək istəyir. Çox çalışdım, gördüm müalicə etdirə bilmirəm, daha pis nəticələr olmasın deyə boşanmağa məcburam.

Dostum bu açıqlamanı hamıya ona görə vermirdi ki, qadın heç olmasa ondan sonra ailə qura bilsin, üstünə dəli damğası vurulmasın.

Cəmiyyət də bir yandan insanları öz psixoloji sorunlarını gizləməyə zorlayır.

Ciddi-ciddi düşünəndə heç kimi qınamaq da olmur.

Halbuki psixoloji problem hər bir normal insanda ola bilir. Sacədə bəzən bu şiddətli, bəzən xəfif baş verir.

Ən böyük problemlərdən biri də budur ki, psixoloji problemlə, psixi pozuntunu qarışdırırlar. Psixoloqu psixiatrdan ayıra bilmirlər.

Azərbaycan insanı çıldağa getməyə utanmır, psixoloqa getməyə utanır.

Yüngül başlayan bəzi psixoloji problemləri gizləmək daha böyük fəsadlara gətirib çıxarır.

Məncə bu baryeri sənət adamları sındırmalıdır.

Misal üçün, Vaqif Səmədoğlu dəlixanada yatdığını heç vaxt gizləmirdi, əksinə ordan şeirlər yazıb çap etdirirdi.

Problemi başa düşüb etiraf etmək işin yarısıdır.

Sənət adamları özləri ictimai fiqur olduqları kimi, problemlərini də ictimailəşdirib örnək göstərsələr çox yaxşı olar.

Bax elə bizim təqdim etdiyimiz materialdan görünür ki, problemi gizləməyəndə, onun üstünə düşəndə asanlıqla həll eləmək mümkün olur.

Xəstəlikdən, əlillikdən, fiziki qüsurdan utanmaq cahillik, bu cür insanlara üstdən aşağı baxmaq, lağa qoymaq nadanlıqdır.

İnsan özündən asılı olan məsələlərdə nöqsana yol verirsə, bundan utana bilər və utanmalıdır da.

Bir şey ki, sənin iradəndən kənardır buna gör heç vaxt sıxılmamalısan və sənə üstdən aşağı baxanları nadanlığına bağışlamalısan.

# 1797 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #