Markın qabağında dayanmaq

Markın qabağında dayanmaq
26 iyul 2017
# 10:24

Bilirəm, istidi, çox istidi, nəfəsimiz tıncıxır istidən. Bu saat bizi heç bir söz sərinlətməz.

Anlayıram, təkcə hava isti deyil, həm də gündəm bürküdü, boğuluruq. Sosial şəbəkədə durumumuzu, yaşamımızı açıb qoymuşuq ortalığa, bir-birimizi tərifləyə-tərifləyə, lənət yağdıra-yağdıra bir-birimizdən utanırıq həm də. Bu çılpaq səhnənin üstünə heç nə tapıb ata, ayıbımızı gizlədə bilmirik, deyə.

Bir tərəfdən də yay çox axmaq fəsildi, adam həyatdan qopur elə bil, ya da qopmağı arzulayır, ruhunu götürüb harasa aparmaq istəyir, müvəqqəti olduğunu bilsə də.

O üzdən ruhumuzu götürüb gedirik, dənizlərdən-dənizlərə, şəhərlərdən-şəhərlərə, dağlardan-dağlara vururuq özümüzü. Gəmilərlə, qatarlarla, uçaqlarla uzaqlaşmaq istəyirik, uzaqlaşdıqca yaxınlaşacağımızı bilə-bilə. Çünki, Yer üzü sirk səhnəsi kimi dairəvidi, son əvvəldi həm də.

Və bir də görürük ki, yenidən getdiyimiz yerə dönmüşük və döndüyümüz yerdə hələ heç nə dəyişməyib, “yüzillik” müharibə davam edir.

Yol üstündəkilər sevincək, qayıdanlar donuq, getməyə yeri olmayanlar yorğun. Hərə bir yerdə, hər tükümüz bir dərədə, indi bizi heç bir mövzu birləşdirməz.

Anlayıram, təkcə hava isti deyil, həm də gündəm bürküdü, “tankın qabağında dayanan oğlanlar” Markın qabağında dayana bilmir, növbəti dəfə yenə bir neçə yerə parçalanıb: ev istəyib alanlar, istəməyib almayanlar, istəyib ala bilməyənlər, istəməyib almaya bilməyənlər. Alanları qınayanlar, təbrik edənlər, almayanları alqışlayanlar, ala bilməyənləri dəstəkləyənlər.

Bir sözlə, aləm dəyib bir-birinə, meyar itib, ədalət anlayışı iflasa uğrayıb, kimin haqlı, kimin haqsız olduğunu da anlamaq zor. Heç bir sırada durmaq mümkün deyil, sıxılır adam, çox sıxılır.

İnkarı inkar qanununun sonundayıq, sanki.

Bilirəm, fəlsəfə də yağlı yemək kimidi, isti havalarla heç getmir. Amma mən danışmaq istəyirəm (yazmaq, əslində, kiməsə nəsə danışmaq istəyidi).

Adam bu yayın, bu gündəmin, bu ölkənin, ən azından bu paytaxtın içindən çıxıb yenidən harasa - əhatə dairəsindən kənara, internet şəbəkəsinin mövcud olmadığı yerə sığınmaq istəyir. Ana xətdən ayrılmaq, bu zəncirin bir halqası olmaqdan qurtulmaq.

Ən azından soyuqlar düşüncə, gündəmin tozanağı yatınca, ədalət hissimiz yenidən bərpa olunca.

Bunu bizdən ən ibtidai instinktimiz tələb edir.

# 838 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #