Xalqdan istedadsız olmaq

Xalqdan istedadsız olmaq
5 mart 2019
# 11:15

Mərhum Rafiq Tağı gənc yazarlardan birinə hirslənib maraqlı bir esse yazmışdı.

Məğzi bundan ibarət idi ki, bəyənmədiyin xalqla səni müqayisə etdim, sən daha istedadsız çıxdın.

Rafiq Tağının onu Sabirə və Mirzə Cəlilə qarşı çevirən xalq təəssübkeşliyini tam olaraq qəbul eləməsəm də, bu təsbitində çox böyük həqiqət var.

Söhbət nədən gedir.

Bizim yazıçılar adətən ya xalqa yaltaqlananlar, ya da xalqı başlı-bütünlü “silib atır”.

Mənim fikrimi bilmək istəyirsinizsə, bunların heç birindən deyiləm. Lakin ikisindən birini seçmək məcburiyyətində qalsam, şübhəsiz, ikincini seçərəm.

Xalqa yaltaqlanan yazıçıları əsasən bu tip cümlələrdən tanımaq olur: “Avropanın yaxşı cəhətlərini götürüb, pisini özlərinə qaytarmalıyıq.” Və əmin olun, yaxşı cəhət deyəndə, Manaf Ağayevə 10 min dollar verib toyuna aparan, lakin kitaba ayda 10 manat xərcləməyən qədirşünas xalqımızın qəbul etdiyi, pis cəhət deyəndə qəbul etmədiyi nüanslar nəzərdə tutulur.

Hələ bu ən şükürlüsüdür. Bizim xalqdan yoxdur, bizim dilimizdən yoxdur, bizim mədəniyyətimizdən yoxdur xülyaları ilə yaşayan kəmsərlər də var.

Bu heç. Bu aydın. Keçək ikincilərə...

Bu xalq doğrudanmı heç nəyə qabil deyil və hər yerindən duran ağzının qatığını onun üstünə dağıtmalıdır?

Mənə görə ciddi sənət həm də xalqla mübarizədir. Ancaq bu mübarizə sözün hərfi mənasında yox, məcazi mənasındadır və elə bir dərin estetik qatda gedir ki, faydası elə xalqın özünə dəyir.

Əsl yazıçının xalq üzərində qələbəsi yazıçının özündən çox xalqın xeyrinədir.

Yazıçının qələbəsini təmin edən əsas amil dilində yazdığı xalqı çox yaxşı tanıması, hətta onun dilində onun özündən istedadlı “danışması”dır.

Təəssüf ki, Rafiq Tağıdan gətirdiyim sitat çox yerindədir: bu gün xalqı bəyənməyən, onunla məcazi mübarizəyə girişib özünü qalib zənn edən qələm adamlarının çoxu xalqın özündən qat-qat aşağıdadır.

Bütün yazdıqları balaca bir nağıla, iki bəndlik bayatıya, üç sətirlik lətifəyə dəyməyənlərin qalib ədası kənardan yaxşı görünmür.

Müasir və üstün qafa imicindən çox nadanlıq, cahillik püskürür.

Xalq zarafat “rəqib” deyil. Aşağı-yuxarı biz ona borcluyuq. Çünki onun dilində yazırıq. Dilində yazdığın xalqı bəyənməmək, ona məcazi-estetik sərhədləri aşan eqo nümayiş etdirmək gülüş doğurur.

Xalq üzərində onun xeyrinə düşünülmüş qələbəyə tərəqqi etmiş dünyadan öyrəndiyin təcrübələrlə xalqın içindən keçərək nail ola bilərsən.

Zira, elə bu istedadlı xalqın özü dediyi kimi, ot kökünün üstündə bitər.

P.S. Son fikrimi bu xalq deyimindən daha istedadlı ifadə edən söz tapa bilmədim, təkliflər varsa, dəyişməyə hazıram.

2017

# 2072 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #