Qadına çevrildiyim gün... – YENİ HEKAYƏ

Qadına çevrildiyim gün... – <span style="color:red;">YENİ HEKAYƏ
24 may 2017
# 17:56

Kulis.Az Günel Natiq Qaxlının “Uşaqlığın son gecəsi...” hekayəsini təqdim edir.

Ayaqqablarımı geyinib tələsik qapıdan çıxdım, şappıltı ilə pilləkənləri enəndə Ramilə arxamdan “zibiil” deyə qışqırdı. Mən də heç arxaya baxmadan “qalsın” deyə cavab verdim. Yazıq Nigar hardan biləydi ki, evdəki atılmayıb qalan zibil bu dəqiqə fərqində olduğum axırıncı şey belə deyil.

Hər nə qədər axırıncı olduğunu bilsən, sonuncu görüş üçün getdiyini dəfələrcə beynində qərarlaşdırmış olsan da içində bunun belə olmadığına dair xırda bir ümid olur, əlbəttə olmamış deyil. Ən qəşəng paltarını geyinirsən, həmişəkindən daha özənlə makiyaj edirsən, son görüşdə şüuraltında daha gözəl görünmə istəyi olur həmişə. Onsuz da gecikmişdim, ona görə telefona ard-arda gələn mesajlarına tədirginliyimi daha da artırmasın deyə baxmadım.

Nə isə. Nizami heykəlinin yanında görüşdük. Son görüşün ən axmaq cəhətlərindən biri də odur ki, necə görüşəcəyini, əlindən tutub tutmayacağını bilmirsən. Həmişəki kimi görüşdük. Bir də əlim qeyri—ixtiyarı, vərdişdən dolayı əlinə doğru uzandı... İçimdəki bütün cəsarətimi yığıb hələ bir zarafat edərcəsinə “hə tez ol ayrılaq, gedirəm” dedim. Nə idisə bu gün daha şirin gəlirdik ikimiz də bir-birimizə, eləcə sarılmaq, sevişmək istəyirdik...

“Kibritə” getdik, ilk dəfə görüşdüyümüz yerə. Tərs kimi bizim həmişə oturduğumuz yerdə başqaları oturmuşdu. Nə isə keçib başqa tərəfdə oturduq. Oturan kimi dedim, - hə danış, nə demək istəyirdinsə mənə, de indi. Ona da çətin idi, bilirdim, məni incitmək istəmirdi, danışmağa başladı, buna əvvəlcədən hazırlaşdığı necə də bəlli olurdu, başqa-başqa səbəblər gətirdi. Bunlara inanmaq istəmirdim, çünki hamısı kölgə kimiydi, bilirdim. Əsas səbəb başqaydı, bu səbəbi də bilirdim, sadəcə onu özündən eşitmək istəyirdim. Lakin bunu ondan eşitməyin, yoxsa eşitməməyin, hansının daha çox incidəcəyinə qərar verə bilməmişdim, amma istəyirdim. Çox rahat bir şəkildə, hər iki əlimi ortadakı çox aydın bir şeyi göstərərcəsinə yana doğru açaraq, çiyinlərimi boynuma doğru qısıb dodağımın kənarında məğlub bir gülüşlə, dedim ki, Emil, bir səbəb de çıxım gedim burdan, bir səbəb. Ağıllı qadın başqa şeydi, ondan istədiyimi aldım. İndi məcbur eləsə də, yanında qala bilməzdim. “Sevmirəm”, - dedi - “Sevə bilmirəm..”

Qəribədir, görəsən insan bildiyi, uzun aydın gecələr ərzində saç hörərmiş kimi hördüyü həqiqəti, üzünə doğru eşidəndə niyə belə incidir axı, bu ki, sənin bildiyin zibil idi, indi nə oldu...

Bunu demək onu cəsarətləndirmişdi sanki, oturub uzun-uzun danışdıq. Mən bu deyilənlərin hamısını bilirdim, elə deyilməyənlərin də. Başımı çiyninə qoyub, heç nə ifadə eləməyən baxışlarla, üzümdə bir gülümsəmə, “hə indi noldu, ayrıldıqmı” dedim, bu sualı verməyimin özündə belə qeyri-müəyyən bir ümid olsa da, o eyni gülümsəməylə, “deyəsən, hə” dedi.. Harasa getməliydi, adamdan xəbər gözləyirdi, telefonuna gələn hər mesajda indi durub gedəcəyi qorxusuyla diksinirdim mən. Nəysə durub qalxdıq, həmişəki kimi pulu yox idi, çay pulunu özüm verdim. Küçənin ortasıyla yeriməyə başladıq, bir azdan ayrılıb gedəcəyini, o anı təsəvvür eləyə bilmirdim. Hələ bir də məndən hansısa yerin ünvanını internetdə axtarmağımı xahiş etdi. Heç mi xəbəri yoxuydu yanındakının hali-pərişanından...

Elə oldu ki, Nizami küçəsinin ortasında ayrılmalı olduq, o başqa yerə getməli oldu, mən başqa yerə. Tələsirdi, tez çatmalıydı. Ayrılışımız belə tələm-tələsik oldu. Qucaqlayıb üzümdən öpdü, bir də o məşum “özünə yaxşı bax”. Mən də öpmək istədim, amma öpmədim, artıq sanki bədəni, varlığı məndən ötrü heç nə ifadə eləmirdi, artıq yox idi sonucda... Dönüb getməli olduğum mənə çatmırdı, gözlərimə baxıb astaca tələsdiyini xatırladaraq, “getməliyəm” dedi. Sanki onda ayıldım, bir də qucaqlaşıb ayrıldıq. Ayaqlarımı dönə bildim. Nizami küçəsinin ortasında ayrılıb hərəmiz bir tərəfə doğru getməyə başladıq. O ankı hissim sadəcə ifadə edilməzdi. Saniyələr keçirdi, 1, 2, 3 biz ayrılırdıq, uzaqlaşırdıq. Bu hisləri birinci idi yaşayırdım, özümü yenidən doğulmuş, içimdən yeni insan çıxmış kimi hiss edirdim, birinci idi kimdənsə ayrılırdım, demək belə də olurmuş, demək həyatda belə şeylər də baş verir imiş.. Ondan ayrılıb gedəndə özümü müharibədən çıxmış əsgər kimi hiss edirdim, ölməmişdim, amma qalib də mən deyildim. Dönüb arxasınca baxdım. Tələsə-tələsə gedirdi. Həmişə belə olur onsuz, amma insan niyə çevrilib baxır axı, ayaqlarını yerin üstündə necə atdığımı maraqlıydı sənə çevrilib baxırdın - dedim öz-özümə. Burda görüşüb, burda ayrıldıq. Dillərə dastan Nizami küçəsində, bizim məşhur “Tarqovu”da.. Neçə sevgilərə, necə ayrılıqlara şahidlik etmiş və heç dəyişməyən Nizami küçəsində.. Bəli, Tarqovunu insanlara sevdirən əslində, nə restoranları, nə bahalı mağazaları deyildi, Tarqovunu insalara sevdirən orda az da olsa özlərini azad hiss edə bilmələriydi...

Qəribəydi, artıq ayrıldığımızdan neçə saniyə keçmişdi, ama yenə də hər şey, ətrafdakı insanlar, küçə, Tarqovu həmişəki kimiydi, deməli ölməmişdim. Əsas ilk 4 saniyə idi, bunu başa düşdüm. 1, 2, 3, 4 sayınca ölmədinsə, deməli sən yaşayacaqsan, bunu düşünüb öz-özümə gülməyə başladım, özü də səsli-səsli, süni yox, lap ürəkdən, bütün yol boyu güldüm. Uşaq vaxtı, kinolarda insanların pis bir şey olanda niyə güldüklərini heç cür anlaya bilmirdim, indi anlayırdım, elə qəşəng anlayırdım...

Gəlib avtobusa mindim, keçib ən arxada pəncərə tərəfdə oturdum. Həmişə bu avtobusla gedirdim, bu avtobusun və onun sərnişinlərinin yenə də öz abu-havasında qalmağı mənə qəribə gəldi, insanlar bir-bir gəlib kartı vurub keçib otururdular, elə bil heç nə olmamışdı... Avtobus hərəkətə başladı, mənə elə gəldi ki, həmişəkindən tez çatdı İnşaatçıara, elə gözəl oturmuşdum ki, heç düşmək istəmədim, o hal ilə evə getmək istəmirdim. Düşmədim avtobusdan, eləcə getdim, tərs kimi də, bu avtobus şəhərin ən boz, ürəksıxıcı yerlərindən keçirdi. Yol boyu düşündüm. Bunu özüm də istəyirdim əvvəldən, ən çox da həyatımda nəyisə dəyişmək istədiyim anlarda. Bu elə bir şeydir ki, həyat tərzini dəyişmək, daha başqa cür yaşamaq istəyirsən, amma bunu bacarmırsan. Bu gün başqa cür yaşayacam, bu stəkanı burdan götürüb o stolun üstünə qoyacam deyirsən, ama yenə də eyni şey baş verir, qalxırsan və hər şey eyni xətlə davam edir, o xətdən heç cür çıxa bilmirsən.. Bu anlarda sanki bir fırtınaya ehtiyac var, gəlib hər şeyi vurub dağıdacaq, onda hər şeyi istədiyin yerə qoymaq daha asan olacaq. Bunu düşünüb, öz-özümə həmişə deyirdim, böyük uçurumlardan yıxılanlar böyük qayalara qalxmağı öyrənər. Təbii ki, bu mənim ancaq təsəllim idi... Yol boyu dediyi sözləri bəlkə, 45 dəfə beynimdən o tərəf-bu tərəfə keçirdim, hələ bunun uzun müddət belə davam edəcəyini bilirdim. Çünki insan sadəcə yeməkləri yox, elə başına gələnləri də anında həzm eləyə bilmir. İndi başım dumanlıydı, çox şey çatmırdı, zaman keçdikcə hər şey öz yerinə oturacaqdı. Və beynimdə bir dənə də olsun sual, qeyri-müəyyənlik qalmayanda bu şey də keçmiş olacaqdı. Deyirdi ki, mənə nifrət eləyəcəksən bilirəm, amma heç yox. Mənə görə pis insan yoxdu, prinsipləri fərqli olan insan var. İnsanları, etdikləri hərəkətləri başa düşmə, onları anlamağa çalışma düşüncəsini beynimə elə bir yeritmişdim ki, indi heç kimi, eləcə də onu, nə qınaya, nə də nifrət edə bilirdim. Qınadığım zamanlarda belə bunun öz zəifliyim olduğunu düşünürdüm. Ara-sıra buna əsəbləşir, bunun görəsən bir cür anormallıqmı olduğunu düşünürdüm...

Avtobusun pəncərələrinə yağış səpələmişdi, hava sərinləmişdi. Mirvariyə oxşayan yağış damcılarına baxa-baxa düşünürdüm ki, daha əvvəlki insan deyiləm. Daha bir olgunlaşmışdım, gec də olsa, daha bir böyümüşdüm. Əvvəl bir qız uşağıydım, indi isə bu şeyin məni bir qadına çevirdiyini anlayırdım. Nə eləmişdisə o 4 saniyə eləmişdi, nə eləmişdisə həyatıma girib çıxan bu adam eləmişdi. İnsan bəzən heç özü də fərqində olmadan digərlərinin həyatında böyük rol oynaya, iz qoya, onlara, bəlkə də həyatlarını dəyişəcək təsir göstərə bilir. Bəzən heç o fikirlə etmədiyim xırda bir hərəkətimiz başqaları üçün böyük nəticələrə səbəb ola bilir. Bunu düşünəndə həmişə ağlıma bu söz gəlir, deyir, uşaqlar daşları gölə elə-belə atırlar, amma qurbağalar həqiqətən ölürlər. İçimdə bir şeyin öldüyünü hiss edirdim, daha əvvəlki deyildim, lakin pilləkəndə bir addım atdığımı hiss edirdim, içimdə ölən şeylərin yerini başqa şeylərin dolduracağını, başqa adama dönəcəyimi bilirdim. Bu həmişəki qaydadı, zaman, keçdikdə bizi öldürüb yenidən dirildir, hər saniyəsində. İrəlilədikcə bizdən düşən parçalar arxamızda iz yaradır. Biz o izə xatirə, biz o izə keçmiş deyirik. O isə sadəcə zamanın bizdən aldıqlarıdı, xarakterimizdən qopardıqları... Biz plastilinin orasını burasını əyib yeni fiqur yaratdığımız kimi, o da bizdən yeni insan yaradır. Dünən sitayiş elədiyin həqiqəti bugün uşaqlıq sanırsan. Məsələn mən əvvəl elə bilirdim insan müqəddəsdi, indisə düşünürəm nəinki insan, heç insan kimi varlığı yaratdığı üçün tanrının özü belə müqəddəs deyil.

Yol boyu o qədər çox düşündüm ki, artıq sanki hər şey çox qaydasında idi, hər şey çox normal idi, mənə elə gəlirdi ki, artıq bunu unutmuşam. Lakin bunun sadəcə bir beyin yorğunluğu olduğu, hər şeyin hər səhər oyananda təzədən başlayacağını bilirdim. Amma indi evə getmək üçün daha yaxşı idim. Avtobus şəhəri fırlanıb qayıdıb yenidən İnşaatçılara çatanda düşdüm. Özüm bir az uzaqda düşdüm ki, evə gəzə-gəzə, təmiz havadan uda-uda gəlim. Marketə girib sevdiyim, amma baha olduğu üçün həmişə pul qıymadığım şokaladdan aldım, içki almadım, məni içki tez tutur, içib qızların yanında “sevgilisindən ayrılmış qız” moduna girmək istəmədim.

Qapını qızlar açdı, həmişəki sual, necə keçdi?- deyə soruşanda sadəcə bir söz, “Emillə ayrıldıq” dedim. Dedim ki, yorğunam yatacam, heç nə soruşmayın, sonra özüm danışaram. Düzü, danışsam belə nəsə anlayacaqlarını sanmırdım. Səhərdən sonra heç nə yeməmişdim, başım ağrımağa başlayanda ac olduğumu hiss etdim, daha da pis olmamaq üçün 2 yumurta sındırdım, bir az didikləyib gedib yerimə uzandım. Yatmaq istəyirdim, oyananda hər şeyin daş kimi beynimin ortasına təzədən düşəcəyini bilirdim. Qopmamaq üçün mübarizə apardığı şeylərə sonradan geri qayıtmaq istəyən də heç olmayıb, bunu da bilirdim. Bəlkə də, elə bunun üçün, hər şeyin dəfələrlə təzədən başlayıb təzədən bitməsini, və nəhayət keçməsini istədiyim üçün yatmağa çalışdım. Uzun mücadilələrdən sonra yuxuya getdim. Gecənin bir yarısı oyananda artıq qızlar yatmışdı. Pərdəni çəkib açıq pəncərədən çölə baxdım, sərin küləkli yay gecələrində qaranlıq küçəyə baxmağı çox sevirəm. Əriyirdim gecənin bu mənzərəsinin qarşısında, elə bir kişiydim lüt bədəndə qadın görmüşdüm. Dirsəklərimi pəncərənin kandarına qoyub gecəylə baxışanda artıq heç nə düşünmürdüm, ancaq bircə şeyi dəqiq anlamışdım, bu gün uşaqlığın son gecəsiydi...

# 917 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #