Firdovski Atakişiyev: “Xoşbəxtliyi heç vaxt sənətdə axtarmamışam”

Firdovski Atakişiyev: <span style="color:red;">“Xoşbəxtliyi heç vaxt sənətdə axtarmamışam”
24 may 2017
# 16:13

Hüseyn Ərəbliniksinin həyatı ilə tanış olan zaman fikrimdə müəyyən bir obraz canlanmışdı. Bir neçə il sonra həmin obrazla “Sənətkarın taleyi” tamaşasında Ərəbliniski obrazını ifa edən Firdovsi Atakişiyevin timsalında qarşılaşdım. Onun ifasında Ərəblinski sanki yenidən səhnədə zühur edib öz ikinci taleyini yaşayırdı. Firdovsi bəylə söhbətimiz də əsasən “Sənətkarın taleyi” tamaşası və sənəti haqqında oldu. Beləliklə “Dördüncü divar” layihəsinin bugünkü qonağı Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyevdir.

- Firdovsi bəy, gəlin elə “Sənətkarın taleyi” tamaşasından başlayaq. Aktyor Hüseyn Ərəblinskinin həyatını səhnədə canlandırmaq necə hisdir?

- Bu tamaşa bildiyiniz kimi iki teatrda səhnəyə qoyulub. Akademik Milli Dram Teatrında və Rus Dram teatrında. Hər teatrın təbii ki, öz estetikası var. Bu tamaşada Ərəblinski rolunu ifa etməyimi sənət həyatımın hədiyyəsi kimi qəbul edirəm. Eyni obrazı həm rus, həm Azərbaycan dilində müxtəlif teatrlarda ifa etmişəm. Böyük bir məmləkətin kiçik bir aktyoru kimi deyə bilərəm ki, Ərəblinski həqiqətən də cəlbedici və dahi insan olub. Ərəblinski ilə mənim həyatımda müxtəlif tale oxşarlıqları var. Ən maraqlısı odur ki, bu tamaşadan sonra mənim həyata olan baxışlarım dəyişdi. Bu gün qorxmadan deyə bilərəm ki, əgər bundan əvvəlki obrazlar məni peşəkarlıq baxımından püxtələşdirirdisə, bu obraz məni hansısa mistik gücü ilə müdrikləşdirdi.

- Obrazı iki dildə ifa etmək baxımından hansısa çətinliklər yaşadınız?

- Dillə bağlı xüsusiyyət mənim təbiətimdə formalaşmış təbii haldır. Bu baxımdan heç vaxt hansısa bir narahatlıq keçirmirəm. Şəraitdən asılı olaraq hislərimi, arzularımı, qəzəbimi hər iki dildə ifadə etməyi bacarıram. O ki qaldı tamaşaya, burada da siz deyən çətinlik yaşamadıq. Yazıçı Elçinin “Sənətkarın taleyi” pyesi ilk dəfə 2013-cü ildə xalq artisti İranə Tağızadə tərəfindən Akademik Milli Dram Teatrında səhnəyə qoyuldu. Üstündən üç il keçəndən sonra Rus Dram Teatrında səhnələşdirildi. Rus dilində o tamaşada iştirak edərkən mən də, tərəf müqabilim Nətavan Hacıyeva da mətnlə bağlı bir balaca çaşqınlıq yaşadıq. Çünki bədii tərcümə elədir ki, Azərbaycan dilində deyilən söz bəzən rus dilinə və yaxud başqa dilə çevriləndə öz formasını, ifadə tərzini dəyişir. Amma bunun tamaşanın quruluşuna hansısa təsiri olduğunu deməzdim. Düzdür, səhnə baxımından müxtəlif mizan, aktyor dəyişiklikləri oldu və bu da təbii ki, tamaşanın atmosferinə sirayət etdi. Amma rejissor imzası İranə xanıma məxsus olduğu üçün tamaşanın bünövrəsi olduğu kimi qaldı. Bünövrə sağlam olandan sonra isə təbii ki, tamaşa da uğurlu olmalıdır.

Bilirsiniz, aktyor səhnədə özbaşına hərəkət etməməlidir. Mizanlar rejissor tərəfindən elə qurulmalıdır ki, aktyor səhnədə çaş-baş, gücsüz və köməksiz qalmasın. Bəzən tamaşalara baxanda görürük ki, aktyor var gücü ilə çalışır, amma rejissor tərəfindən idarəçilik olmadığından aktyor səhnədə çox boş görsənir. İstər rejissor, istərsə də aktyor peşəkar olarsa, o zaman uğurlu tamaşadan, filmdən danışmaq olar.

Mənim üçün rejissor cərrah, aktyor isə alətdir. Əgər cərrah bıçaqdan düzgün istifadə etməsə, bu fəlakətə gətirib çıxarar. Eləcə də rejissor aktyordan istifadə etməsə, onu düzgün yolla aparmasa, nəticə ürəkaçan olmaz. Bu cür qeyri-peşəkar rejissorlara qarşı məndə ikrah yaranıb. Çünki, aktyorun hesabına tamaşanın sonunda səhnəyə çıxıb baş əymək, alqış qazanmaq günah və cinayətdir. Və bu cinayətin ardından qeyri-peşəkar teatrın gələcəyi nəzərə çarpır. Mən bu cür qeyri-peşəkarlığın əleyhinəyəm. Bir də bilirsinizmi, istənilən sənətdə insan faktoru yox, sənətin önə çəkilməsi çox vacibdir. Fərz edək ki, istedadlı bir aktyordan sosial cəhətdən bir neçə pillə yuxarıda dayanan insan onu insan kimi bəyənməyə bilər. Amma aktyor kimi onun yaratdığı rolların, istedadının üstündən xətt çəkə bilməz. Bu hər yerdə belədir. Amma təəssüf ki, bizdə belə deyil. Bizdə kiminsə kimdənsə xoşu gəlmirsə, cəhd edir ki, onun üzərindən bütövlüklə ötüb keçsin. Adamlar var ki dini kitabları oxuduqdan sonra böcəyin, qarışqanın və ya hansısa heyvanın əzilməsinə qarşı nitqlər irad edir. Amma bu nitqləri irad edərkən həmin adamlar insanı əzirlər.

- Elə Ərəblinski də əslində məhz bu cür qeyri-peşəkarlıqla mübarizə aparırdı.

- Bəli. Ərəbliniski də öz dövründə başa düşülməyib. İnsanlar ona təzyiq göstəriblər, təhqir ediblər. O, olmazın əziyyətlərə tuş gəlib. Həm də Ərəblinski istedadı olmayan, heç nə başa düşməyən insanların, heçliklərin ambisiyalarına toxunurdu. Ətrafında baş verənlərə isə heç vaxt əhəmiyyət vermirdi. Çünki, bilirdi ki, bu həyatdakı, sənətdəki missiyası nədən ibarətdir. Məhz bu səbəbdən də az yaşadı, yaşamağa tələsdi.

Mən tez-tez onun məzarı üstünə gedirəm. Onunla daxili dialoqlarım da olur. Və həmişə də sonluqda bu qənaətə gələrək deyirəm: “Heç nə dəyişmədi, Hüseyn!”

Bu gün “Sənətkarın taleyi” tamaşasında Ərəblinski rolunu ifa etmək mənim taleyimə yazılıb. Bu yazı mənim qismətimdir. Hətta bu yazı o qədər dərin və qalıcıdır ki, mən bu rolu iki dildə və iki teatrın səhnəsində ifa etmişəm. Bəzi adamlar Ərəblinskinin taleyinin mənim taleyim olması faktı ilə artıq barışmalıdılar.

Taleyimə yazılmış bu uğurlu işi mənə təqdim edən iki insana yazıçı Elçinə və tamaşanın rejissoru İranə Tağızadəyə isə hər zaman öz təşəkkürümü bildirirəm.

- İranə Tağızadə ilə iş prosesi necədir?

- İranə xanım bayaq qeyd etdiyim kimi tamaşanın bünövrəsini, təməlini o qədər möhkəm qoyur ki, sonralar biz aktyorlar hansısa narahatlıq yaşamırıq. O, rejissor kimi işə öz canını qoyur. Bu baxımdan bizdə bir az ərköyünlük də yaranıb. Başqa rejissorlarla işləyəndə çətinlik yaşayırıq.

İranə xanımla bizim çox obyektiv iş münasibəti var. Çünki o, heç vaxt nəyəsə görə mənə rol verməyib. Həmişə məni hansı obrazda görübsə, lazım bilibsə həmin obrazı verib. Misal üçün “Karamazov qardaşları” tamaşasında o, əvvəlcədən məni Dmitri Karamazov roluna təyin etdi. Mən hətta ondan xahiş etdim ki, mənə Pavel Smerdyakov rolunu versin, amma İranə xanım razılaşmadı. Məni məhz Dmitri Karamazov obrazında gördüyünü vurğulayaraq həmin rolu həvalə etdi. Yəni bəzən elə olur ki, ümumiyyətlə İranə xanımın tamaşasında iştirak etmirəm. Burada artıq yaradıcı tandem öz sözünü deyir.

- Firdovsi bəy, tamaşanın ikinci hissəsi başlayanda, pərdə qalxdı, zal qaranlığa büründü və mənim daxilimi qəribə bir kədər bürüdü. Bu həm Ərəbliniskinin, həm digər sənət fədailərimizin taleyinə qarşı baş qaldıran kədər idi. Sizin özünüz həmin rolu ifa edərkən hansı hissi yaşayırsınız? Kədər, sevinc, ya minnətdarlıq...

- Ümumiyyətlə mən bu əsəri simfonik orkestr üçün yazılmış simfonik musiqiyə bənzədirəm. Müəllifi Elçin, dirijoru İranə Tağızadə, ifaçısı da mən Firdovsi Atakişiyev.

Mənim bir pərəstişkarım var. O, bir dəfə mənə dedi ki, o tamaşada ifa etdiyiniz zaman mənə elə gəldi ki, siz bütün tamaşa boyu obrazın ölümünə gəlib çıxmaq üçün can atırsınız. Bu fikir mənim üçün çox maraqlı gəldi. Əvvəllər bu nüansa fikir verməmişdim. Ancaq sonra düşündüm ki, həqiqətən də mən məhz həmin son ana can atmışam. Əslində Ərəblinski də öz taleyini bilir, ölümünü hiss edirdi. Yəni onun ölümünə can atması həm də mənim finala can atmağıma bənzəyir. Sonda da obraz Yeseninin “Mənə bir əyləncə qaldı” şeirini ifa edir. Rejissor bununla həm də digər sənət adamı Yeseninin faciəli taleyinə öz tamaşası vasitəsi ilə göndəriş edirdi.

- Tamaşanın sonunda Ərəblinski onu sevən və dünyasını dəyişən tərəf müqabili Mayanı xatırlayır. Sanki, xoşbəxtliyinin məhz bir az da Maya ilə əlaqəli olmasını hiss edir. Bəlkə sənət adamları da real həyatda tapa bilmədikləri xoşbəxtliklərə sənətdə nail olmaq üçün sənəti seçirlər?

- Mən özüm haqqımda onu deyə bilərəm ki, mənim üçün ən birinci xoşbəxtlik öz ailəmdə və şəxsi həyatımdadır. Bu səbəbdən də mən rollarımı rahat ifa edirəm. Faciəni tamaşaçıya çatdıra bilirəm. Xoşbəxtliyi heç vaxt sənətdə axtarmamışam. Əgər müəyyən bir vaxtda mənə belə bir seçim təklif olunsaydı, istisnasız ailəmi seçərdim. İnsan sənətdən məhrum olsa, ona heç nə olmaz. Amma yaxınlarının, sevənlərinin sevgisindən məhrum olsa, bu çox pis olar. Bu səbəbdən də mənim üçün birinci ailədir. Bəlkə də mən teatrsevərləri məyus edəcəm. Amma bu belədir. Ərəblinski obrazından sonra isə bu fikrim daha da möhkəmləndi.

- “Karamazov qardaşları” tamaşasını Rus Dram Teatrında, rus dilində ifa etmək sizə Fyodor Dostoyevskini nə dərəcədə hiss etmək imkanı yaratdı?

- Təbii ki, dərindən hiss edirdim. Tamaşanın rejissor İranə xanım, istər rus ədəbiyyatını, istərsə də dünya ədəbiyyatını çox gözəl mənimsəyib. Və o bu tamaşada Dostoyevskinin qəhrəmanlarının və dolayı yolla həm də onun yaratdığı qəhrəmanların digər insanlara görünməyən tərəflərini açmağa nail olub. Ümumilikdə isə belə məlum olur ki, Dostoyevski dindar yazıçı olub. Onun öz obrazlarına qarşı təəssübkeşliyi həm də onun dindarlığından qaynaqlanırdı. Dmitri Karamazovun tale tərəfindən ordan-ora atılması və Dostoyevskinin bu obrazı daxilən təmiz biri kimi təqdim etməsi onu göstərir ki, elə bu obraz həm də Dostoyevskinin özüdür. Bu baxımdan onun əsərlərindəki obrazları canlandırmaq çox çətindir.

Həmin o tamaşaya baxmaq üçün Moskvadan tənqidçi gəlmişdi. O, özü də məəttəl qalmışdı ki, rejissor Bakıda yaşaya-yaşaya rus xristian ruhunu bu qədər dərindən hiss edib, duya bilib. Eləcə də Lomonosov Universitetinin müəllimləri bu tamaşanı izləyəndən sonra bildirdilər ki, bu tamaşada yaxşı mənada böyük rus ürəyinin döyüntüsü hiss olunur.

- Fəxrəddin Manafovla kinoda tərəf müqabili olmaq istəsəniz də iş elə gətirib ki, teatrda qarşı-qarşıya gəlmisiniz. Fəxrəddin Manafov necə tərəf müqabilidi?

- Fəxrəddin müəllimlə bir sənətdə, səhnədə olmaq mənim üçün çox böyük qürurdu. Sənət həyatımda özüm üçün çox gözəl bir dost tapmışam. Çünki, Fəxrəddin bəy, özü də mənə dost deyir. Mən də bu sözü böyük incəliklə, ehtiyatla qəbul etmişəm. Sənət tanışlığından əvvəl bizim bir-birimizə qarşı çox sərbəst münasibətimiz olub. Amma səhnə məşqi zamanı biz səhnədə artıq öz münasibətlərimizi qururduq. Mən səhnədə od-alovam, o, isə təmkinlidir. Bu mənfi müsbət birləşmə bizim uğur qazanmağımıza, həm də bir-birimizə qarşı olan dostluğun, məhəbbətin daha da möhkəm olmasına şərait yaradır. Onunla iş prosesi çox böyük məsuliyyət tələb edir. Ondan səhnə arxası aktyor davranışı barədə özüm üçün çox şeylər öyrənib kəşf etdim. Çox xoşbəxtəm ki, bu gün Fəxrəddin Manafovla bir səhnəni paylaşıram. Hal-hazırda Azərbaycan teatr sənətində iki kişi aktyor var ki, onlar bu gün aktyor sənətini yüksək tutmağa insanları məcbur edirlər. Bunlardan biri Fuad Poladov, digəri isə Fəxrəddin Manafovdur. Onlar hər ikisi aktyora, aktyorluq sənətinə hörmət edilməyin formasını saxlayan sənətkarlardılar. Mən çox sevinirəm ki, məndən yuxarıda dayanan bu iki insan var.

- Mümkünsə bir az keçmişə qayıdaq. Nəsir Sadıqzadənin tələbəsi olmusunuz. Müəlliminizi necə xatırlayırsınız?

- Həyatımın ən böyük xoşbəxtliyi kimi xatırlayıram Nəsir müəllimi... Birinci kursda mən əsgərliyə getmişəm. Əsgərlikdən qayıdandan sonra Nəsir müəllimin kursunda oxumağa başladım. Amma bundan əvvəl birinci kursda oxuyanda həmişə gəlib qapının açar yerindən Nəsir müəllimin dərs keçməsini müşahidə edirdim. İş elə gətirdi ki, onun kursuna düşdüm.

Bu gün mən onun mənə dediklərini, öyrətdiklərini xərcləyirəm. O, həddindən artıq dahi bir pedaqoq idi. Bizə heç vaxt icazə verməzdi ki, möhkəmdən danışaq. Həmişə deyirdi ki, gözlərinizlə danışın. Yenə də qeyd edirəm, mən çox xoşbəxtəm ki, onun tələbəsi olmuşam.

- Obrazlarla vidalaşmaq necə bir hisdir. Çətinlik olurmu?

- Mənim həyatımda bir obraz həmişə yaşayacaq. Həmin obrazı bütün həyatım boyu qəlbimdə daşıyacam. Bu da Tennessi Uilyamsın “Arzu tramvayı” əsərindəki Stenli Kovalski obrazıdır. Bizdə bu tamaşa çox gözəl hazırlanmışdı. Sadəcə olaraq bu sənət paxıllığının qurbanı oldu. Bu səbəbdən həmin tamaşa ilə vidalaşmaq mənim üçün çox ağır oldu. Amma əsər və obraz hər zaman yaddaşımda yaşayacaq.

- “İçərişəhər” filmi ilə bağlı tənqidçilər tərəfindən tənqidi fikirlər səsləndi. Buna münasibətiniz necədir?

- Tənqidçilər evdən çıxarkən artıq tənqid üçün çıxırlar. Bu onların işidir. Özünü başqalarında ağıllı hesab edən insanları sevmirəm. Yaxşı olardı ki, tənqidçilər hansısa filmi tənqid etməzdən əvvəl gəlib bir gün bizim həyatımızı yaşasınlar. /”Ədəbiyyat qəzeti”/

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #