"Şopenhauer ölümə gedir" – CAVİD ZEYNALLI YAZIR

"Şopenhauer ölümə gedir" – <span style="color:red;">CAVİD ZEYNALLI YAZIR
22 may 2017
# 11:04

Kulis.az Cavid Zeynallının “Şopenhauer ölümə gedir” ssenarisini təqdim edir

Şopenhauer ölümə gedir

(Qısametrajlı bədii filmin ədəbi ssenarisi)

Murad – 35–40 yaşlarında

Zeynəb – 25–30 yaşlarında

Elçin – 8 yaşında

Və başqa epizodik obrazlar...

Hadisələr Bakıda cərəyan edir.

1. Epizod. Axşam.

Şəhərin işıqlı küçələrinin birində avtobus hərəkət edir. Yağış yağır. Avtobusda bir neçə adam oturub. Radioda həzin mahnı oxunur. Zeynəb küçəyə baxıb düşünür. Köks ötürür. Yorğundur, başını şüşəyə söykəyib yuxulayır.

2. Epizod. Axşam. Həmin Avtobus. Həmin vaxt. Arxa oturacaqda Murad oturub. Fağır, sakit görkəmi var. Saqqallıdır, səliqəsiz geyimdədir. Zeynəbə göz qoyur.

3. Epizod. Zeynəb birdən diksinib gözlərini açır. Nədənsə narahatdır, həyəcandan sinəsi qalxıb-enir. Telefonunu çantasından çıxarıb uşaq şəklinə baxır, gülümsəyir. Şəkli öpür.

Zeynəb: (Pıçıltı ilə) Ana sənə qurban olsun...

Dodaqları titrəyir. Gözləri dolur.

4. Epizod. Avtobus dayanacaqda saxlayır. Zeynəb düşür. Onun arxasınca da Murad düşür. Qız bir az uzaqlaşandan sonra onun arxasınca addımlayır. Qaranlıq, tör-töküntülü məhəllə. Zeynəb addımlayır.

Zeynəb: (Daxili səs) Yenə həmin yol, həmin küçə. Bir də həmin ev... Ev də yox e, tabut. Qəbir yeri. Ancaq uzanıb ölə bilərsən. Arvad da qapını kəsdirəcək ki, puldan nə xəbər? Hələ vermirsən? Offf...

Birmərtəbəli evin həyət qapısını açıb içəri girir. Bağlayıb qapının arxasından üzü küçəyə tərəf öz-özünə gülümsəyir.

Epizod 5. Bir həftə əvvəl. Axşam. Avtobus. Murad avtobusda Zeynəbin əvvəlki epizodda oturduğu yerdə oturub. Yenə saqqallı, üst-başı nimdaşdır. Fikirlidir. Hərdən yuxulayır, sonra gözünü açıb küçəyə boylanır.

Epizod 6. Zeynəb avtobusun arxa oturacağında, Muradın əvvəlki epizodda oturduğu yerdə oturub. Murada göz qoyur, hərdən nə isə düşünüb öz-özünə gülümsəyir.

Epizod 7. Avtobus dayanacaqda saxlayır. Murad düşəndə sellofan torbası yaddan çıxıb oturacağın üstündə qalır. Zeynəb də onun arxası ilə düşür, əl atıb torbanı götürür. Murad məhəllədən keçib gedəndə qız onu izləyir.

Murad: (Daxili səs) Görəsən, indi neynir? Hardadır? Ki.. ki...minlləə-diirr? Bəlkə axtarıb tapım? Bəlkə peşman olub, qayıtmağa üzü gəlmir? Yox, səni istəməyən adamdan uzaq ol. Uzaq ol, uzaq... Uzaq ol səni istəməyən adamdan...

Murad bir qapıya yaxınlaşır, qapını açıb içəri girir. Bir az sonra Zeynəb həmin qapıya yaxınlaşır. Torbanı qapıdan içəri qoymazdan əvvəl açıb baxır, Artur Şopenhauerin “Dünya: iradə və təsəvvür kimi” kitabını görür. Torbada yemək qabı, çörək tikəsi, iri pomidor olur. Zeynəb pomidoru götürür, torbanı qapıya qoyub həyətdən sakitcə çıxır. Küçədə pomidoru dişinə çəkib yeməyə başlayır, sonra uzaqlaşır.

Epizod 8. Flaşbeklər. Murad gecə yarısı Zeynəbin qaldığı evin həyət qapısına yaxınlaşır, qapını açıb içəri girir. Cibindən çıxardığı zərfi evin qapısının altından içəri atır. Zeynəb səhər yuxudan durub zərfi görür, açıb baxır. 100 manat pul və gül ləçəyidir. Ləçəyin üstündə qələmlə smaylik (J) qoyulub.

Murad ayaqqabısını geyəndə hiss edir ki, ayaqqabının içində nə isə var. Ayaqqabının içini yoxlayır. Əlinə kağız keçir. Kağızda yazılıb: “Hər şey üçün çox sağ ol. Mənim maraqsız keçən günlərimə rəng qatdığın üçün çox sağ ol. İstəmirəm bir-birimizi yaxından tanıyaq. İstəmirəm sənə dərd gətirim. Ən yaxşısı elə uzaqdan-uzağa tanışlıqdır. Oyuna davam... J

Epizod 9. Günorta. Murad metrodan çıxıb yolu keçir, binanın altındakı “Ləzzət” kafesinə girir. İçəri girən kimi Zeynəblə rastlaşır. Göz-gözə gəlirlər. Zeynəbin üzündə çaşqınlıq var, həyəcanlanır. Əlindəki iki pivə bardağını müştərinin qabağına qoyub qayıdır. Murad keçib oturur, salfet kağızına “Pivə” yazıb stolun üstünə qoyur. Zeynəb ona yaxınlaşır, salfeti oxuyub pivə gətirməyə gedir. Qayıdanda əlində pivə bardağı, başı gicəllənir, əlini stola atsa da, özünü saxlaya bilməyib yıxılır. Bardaq çiliklənir, pivə dağılır. Murad qaçıb onun yerdən qaldırmağa çalışır. Ətrafdakılardan biri kimsə su gətirir, qızın əl-üzünə vurur.

Müştərilərdən biri: İndi təcili yardım çağıraram...

Murad: Özüm aparacam onu. Narahat olmayın. Bizim qonşudur.

Zeynəbi qucağına götürür, kafedən çıxır. Hava dəyir, Zeynəb bir az özünə gəlir. Murad taksiyə əl edir, minirlər.

Murad: Xəstəxanaya gedək. Bu yaxındakına.

Zeynəb: Yox... Lazım deyil.

Murad: Səni həkimə göstərmək lazımdır.

Zeynəb: Narahat olma, keçib getdi. Məndə hərdən belə şeylər olur.

Maşın Muradın qaldığı evin qabağında saxlayır. Düşürlər. Muradın otağına keçirlər. Yuxarı başda böyük hərflərlə yazılıb: ”Qadına tüpür”. Divarlarda bu sözlər:”Qadının Tanrının xətasıdır”. “Qadın saçı uzun, ağlı qısa varlıqdır”. “Qadının yanına gedəndə şallağı unutma”. Zeynəb içəri girən kimi bu cümlələrin qarşısında uzun müddət dayanır.

Murad: Mən mağazaya dəyib gəlirəm. Nə istəyirsə alım?

- Siqaret.

- Siqaret?

- Hə. İstəsən, bir dənə də çaxır al.

Murad tutulsa da, çalışır, biruzə verməsin. Qapıdan çıxır. Zeynəb Muradın kitab şkafına baxır, kitabları vərəqləyir, divarda qadın haqqında yazılan nifrətlə dolu cümlələri oxuyur. Murad əlində torba qayıdıb gəlir. Çörəyi, kolbasanı, siqareti, meyvəni, çaxırı və s. stolun üstünə düzür.

Murad: İndi özünü necə hiss edirsən?

- Yaxşıyam. Heç əvvəl də pis deyildim. Amma səni qorxutdum.

- Deyəsən, kafedə özündən xəbərin olmadı. Bir az keçsəydi, öləcəkdin.

- Mən yerə yıxıldım, sən də inandın?

- Necə yəni inandın?

- Fikir vermə, özüm qəsdən elədim. Oğraş uşağı, adamla nökər kimi davranırlar. (Səsini qaldırır) Günə on manat pul verirlər, hələ istəyirlər... Nə isə. (Siqaret yandırır). Gördüm gəlmisən, istədim fürsətdən istifadə edim. Heç olmasa, iki gün işdən canım qurtarsın.

- Həə.. Belə de.

- İncimədin məndən?

- -Yoo-x, yox, niyə inciyim ki?

- Düzdür, yazmışdım ki, istəmirəm bir-birimizi yaxından tanıyaq. Onda daha maraqlı olardı də. Amma... nə bilim. Həm də yazdığım kimi: sənə dərd gətirmək istəmirdim.

- Gəl belə danışaq, bizim bir-birimizə sözümüz deyəsən çoxdur, ona görə oturub nə isə yeyək, çaxır içək, görək, başımıza nə gəlir (Gülür).

- Mən deyirəm sənə dərd gətirmək istəmirdim, sən gülürsən.

Zeynəb əlindəki kitabı şkafa atır, səsini qaldırır. Murad qorxaq nəzərlərlə ona baxır, susur.

- Qədim buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab. Elə Şopernhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan başqa bir şey deyil. Bütün bunlara isə arzuları öldürməklə qalib gəlmək olar.

Zeynəb lağ-lağı mənasında qaşlarını qaldırır, başını tərpədir.

- Yoldaş filosof...

- Yox, filosof deyiləm, amma deyəsən, həyat məni filosof etmək istəyir. Sadəcə, fəlsəfə ilə maraqlanıram. Bax, orda mənim kitablarım var. Hamısını özümüz çap etmişik. Hər gün mətbəədə beş-altı kitab çap edirik, mağazalara paylanılır, insanlar oxuyur, öyrənir.

- Soruşmaq ayıb olmasın, sənin kitablardan öyrəndiyin ancaq bu olub? (Otağın başındakı “Qadına tüpür” şüarına işarə edir).

- Onun əhvalatı başqadır. Dedim axı, bizim bir-birimizə deyəcəklərimiz çoxdur.

- İndi mən də “Kişiyə tüpür” yazıb divara vurmaq istəsəm, bunun üçün çox oxumalıyam?

- İstehzanı başa düşürəm.

Murad stolu düzəldir, çaxır süzür.

- Götür, sənin sağlığına.

- Sağ ol.

İçirlər.

- Mən hər gün evə bilirsən necə gedirəm? Elə bil, tabuta girəcəm. Özümü söyə-söyə gedirəm.

- Narahat olma, biz ikimiz də bir-birimizin tayıyıq. (Gülürlər).

Zeynəb: Səsimi qaldırmağımdan incimə. Bağışla sən Allah. Özümdən asılı deyil. Hamısı əsəbdəndir.

- Darıxma, müalicə alarsan, keçib gedər. İndi de görüm, biz necə oldu rastlaşdıq.

Zeynəb: Görürdüm ki, hər gün mənimlə eyni vaxtda, eyni avtobusa bir oğlan minir. Pinti, amma üz-gözündə qəribə sakitlik, rahatlıq olan birisi.

- Aha, maraqlıdır...

- Məni də elə qəribə sakitlik özünə çəkdi. Daha doğrusu doğmalaşdırdı.

- Sən emosional adamsan. Görünür, mənim sakitliyimlə sənin çılğınlığın bir-birini tamamlayır, ona görə sən özün də hiss etmədən öz yarımçıqlığını mənimlə bütöv etmək istəmisən. Bir-birini ən çox ovsunlayanlar bir-birini ən çox tamamlayanlardır.

- Heyf ki mənim savadım bunu izah etməyə imkan vermir. (Gülürlər). Mən ancaq hiss etdiklərimi deyə bilirəm.

- Bu da bizim tam olmağımızın şərəfinə. (İçirlər).

Zeynəb qutudan siqaret çıxarıb yandırmaq istəyir.

Murad: Hələ yandırma.

- Çəkmək istəyirəm.

- Bunu xahiş kimi qəbul et. Siqaret çəkməyini istəmirəm. Əgər çətindirsə, başa düşürəm. Onda heç olmasa mənim yanımda çəkmə. İstəmirəm sənin əlində siqaret görüm.

Zeynəb tutulur, amma heç nə demir. Siqareti qutusuna qoyur.

- Çalışaram.

- Başa düşüdüyünə görə sağ ol. Hə, söhbətimiz yarımçıq qalmışdı, davam et. Bir-birimizi tanımağımızdan danışırdıq.

- Hə. Hər dəfə rastlaşanda çalışırdım ki, səndən arxada oturum, sənə fikir verim. Sonra bir dəfə hardansa ağlıma gəldi ki, sənin ardınca düşüm, yaşadığın yeri öyrənim.

Murad heyrətlə baxır.

- Sumkanı qapıdan içəri sən qoymuşdun?

- Hə. İçində Şopenhauerin kitabı və pomidor var idi.

- Həə, var idi.

- Kitabı qoydum yerinə, pomidoru yedim.

- Aha... aydındır. (Yavaşdan öz-özünə) Pomidor qadının özü-özünü yeməsinə işarədir.

- Nəyə işarədir?

- Heç, fikir vermə.

- Yox-yox, maraqlıdır, dedin nəyə işarədir?

- Pomidor... bilirsən, necə... deyim... pomidor vaginanın simvoludur. Yəni bir qadın küçədə diri pomidor yeyirsə, deməli, təkdir, həyatında heç kim yoxdur, özü-özünü yeyir. Bu Freydin psixoanaliz nəzəriyyəsində...

- Bağışla, onda kişi də... xiyar yeyirsə,...

- Həə-hə, yoo..x-yox, bilirsən...

Zeynəb gülür.

Zeynəb: Nə isə. Ondan sonra da sən məni izləməyə başladın.

- Hə, təəssüf ki, yaxınlaşmağa cəsarətim çatmadı. Ancaq onu bacardım ki, gecə gəlib qapının altından evə zərf atım.

- Sən hardan bildin ki, mənim pula ehtiyacım var, evin pulunu verə bilmirəm?

- Bunu bilməyə nə var? Tək yaşayan bütün qadınların pula ehtiyacı olur. Nə isə, içək.

İçirlər.

Murad: Sən özün haqqında danışmadın.

- Bəlkə birinci sən danışsan?

- Olar. Amma nə danışım? Mən bədbəxtin biriyəm. Bir kişini ki arvadı atıb gedə, ondan nə gözləyirsən?

- Necə yəni atıb gedə?

- Çox sadə. Günlərin birində deyir ki, başqasını sevir və ona qoşulub gedir. Həmin vaxt nələr çəkdiyimi sənə başa sala bilmərəm. (Kövrəlir).

Zeynəb Muradın əlindən tutur, oxşayır.

- Başa düşürəm. Amma... Amma bilirsən bu dünyada sənə ehtiyacı olan nə qədər qadın var?

- Mənim heç kimə ehtiyacım yoxdur. Bədbəxtlikdən hələ də gözləyirəm ki, o nə vaxtsa qayıdacaq.

- Çox nahaq... Gedibsə, deməli, belə də olmalı idi. Amma niyə getdi?

- Deyirdi, fərqli adamlarıq, vaxtında səhv etmişik. Mən onun üçün hər şeydən keçməyə hazır idim. Başa düşürsən? Hər şeydən. Pis odur ki, o məni yazığı gəldiyi üçün sevib. Yox, sevib yox, özünü elə göstərib. Əslində isə məni heç vaxt ürəyinə yaxın buraxmayıb. Bir tərəfdən də uşaq olmadı. Mənim üçün çətin oldu, çox çətin. Bunu sənə başa sala bilmərəm. Ondan sonra bütün qadınlara nifrət edirəm. Hamısına.

- İndi başa düşdüm ki, “Qadına tüpür” nə deməkmiş.

- Bilirsən, əslində qadın namərd məxluqdır. Yarımçıqdır. Yəqin ki, sözlərimdən inciməzsən. Qadının əzabını çəkib, axırda axmaq vəziyyətə düşən tək mən deyiləm. Məsələn... Yenə deyəcəksən filosofluq edir. Elə götürək Şopenhaueri. Onun qadına nifrəti lap uşaqlıqdan başlamışdı. Səni yormuram?

- Yox, yox, danış.

- Götür, bunu da içək.

- İçək Şopenhauerin sağlığına.

Murad tənəli nəzərlərlə ona baxır.

Zeynəb: Yaxşı, incimə. (Onun əlini tutur, oxşayır) Zarafat edirəm də. İstəyirəm, ortalığa bir az yüngüllük gəlsin, fikrin dağılsın. Amma elə bilmə ki, mən lap savadsızam ha. Sənin kimi universitet bitirməsəm də, məktəb vaxtı o qədər kitablar oxumuşam ki... Nə isə. İcazə versən, sənə Şopenhauer deyim.

Murad qeyri-ixtiyarı gülür.

- Şərəfə, Şopenhauer.

- Şərəfə.

İçirlər.

Zeynəb: Hə, danış da, yarımçıq qaldı.

- Həə... Şopenhauer lap balaca olanda anası onu atıb. Deyilənə görə bir diplomata qoşulub qaçıb. Sonralar peşman olsa da, Şopenhauer bu qadının məktublarına cavab verməyib. Nəinki cavab verməyib, anasına o qədər nifrət edirmiş ki, ölənə qədər onu lənətlə xatırlayıb. İkinci dəfə isə qadın ona daha böyük bədbəxtlik gətirir. Məsələ belə olur ki, bir nəfər Şopenhauerin bacarığını qiymətləndirir və onu təqdimat məktubu ilə şair Bayronun yanına göndərir. Bayron... Ohooo... Əjdaha. Bayron öz nüfuzundan istifadə edib gənc Şopenhaueri ingilis cəmiyyətində bəzi dairələrə təqdim etməliymiş. Şairlə görüşməyə gedəndə nişanlısı da Şopenhauerin yanında olub. Deməli, hər ikisi Bayronun mülkü qarşısında dayanıb onu gözləyirmişlər, bir də görüblər, ağ atın üstündə gəlir. Və bu yerdə Şopenhauerin nişanlısı özünü saxlaya bilməyib deyir ki, Bayron, İlahi, Bayron. Şopenhauer bilirdi ki, qadın naqis məxluqdur. Ona görə məktubu elə həmin vaxt cırır, Almaniyaya qayıdır. Sonra ömürlük ayrılırlar. Bax, belə... (Ah çəkir). Qadın xəyanəti dəhşətdir.

Süküt. Bir-birinə baxırlar. Musiqi. Murad köks ötürür.

Murad: Bağışla, səni yordum.

Zeynəb fikirli-fikirli gülümsəyir.

Zeynəb: Eybi yox, bir az da mən səni yoraram, olar əvəz-əvəz.

Gülümsəyirlər.

Zeynəb: Səncə, hansı daha bədbəxtdir: tək qadın, yoxsa tək kişi?

- Yəni səni də... yəni səni də atıb gediblər?

- Kişi hardansa başlaya bilər, qadın isə... deyəsən, qadının bədbəxtliyi çox uzun çəkir hə?

- Hə...Bəlkə də. Qadın üçün daha çətindir.

- O qadın həm də anadırsa, onda necə.

- Bu daha pis. Uşaq var?

- Hə... mənim oğlum var. Bilirsən hardadır?

-...

- Uşaq evində. Mən onu öz yanımda saxlaya bilmirəm.

- Çıxararıq ordan. Qalar sənin yanıda. Mən nə bacarıramsa, kömək edərəm.

- Amma ona köməyi sən yox, atası etməliydi. Atası da ki...

- Hardadır?

- Həbsxanada... Bacısını şəhərdə bir oğlanla tutmuşdu. Tutmuşdu deyəndə ki, elə belə, şəhərdə, əl-ələ gəzirmişlər. Oğlanı bıçaqlayıb öldürdü.

- Vay-vay...

- (İstehza ilə) Qeyrəti yol verməyib də. Qeyrətli çıxıb. (Gözü dolur) İndi mən bir uşaqla küçələrdə qalmışam.

- Neçə il iş veriblər?

- On üç il idi, üç il keçəndən sonra qardaşları pul verib bir az azaltdılar. Bizdən də xəbərləri yoxdur ki, necə yaşayırıq, nə yeyib-içirik.

- Nə vaxt çıxacaq?

- Hadisə 2009-ci ildə olub. Uşaq təzə doğulmuşdu. Deyəsən, üç il azaldıblar. Çıxmağına hələ üç il var.

- Harda yatır?

- Şəmkirdə.

- Yanına gedibsən?

- Əvvəllər bir-iki dəfə getdim, sonra tüpürdüm. Bağışla məni, üzümə deyirdi ki, axşam... kimə veribsən? Mən ona yemək, paltar aparırdım, o məni hamının içində belə alçaldırdı. Onsuz da o alçağı əvvəldən istəmirdim, evdən məcbur elədilər. Hələ tutulmamışdan əvvəl mənə verdiyi zülmləri ona heç vaxt bağışlamayacam. Atamı-anamı da bağışlamayacam ki, məni bədbəxt etdilər. O qədər arzularım vardı ki... (Ağlayır) Oxumaq istəyirdim. Tələbə olmaq ən böyük arzum idi.

- Uşağın adı nədir?

- Elçin...

- Hansı uşaq evindədir?

- Binədə. “Ümid” uşaq evində. Elə ağıllı uşaqdır ki. İstedadlıdır. Çox istedadlı. Yaxşı şəkil çəkə bilir.

Murad ayağa qalxır.

- Qalx ayağa...

- Noldu? (Çaşqın)

- Qalx deyəcəm.

- Axı noldu ki?

- Gedirik uşağı gətirməyə.

- Yox, hələ lazım deyil.

- Gəl... ( Qapıdan çıxır).

Epizod 10. Uşaq evinin qarşısı. Murad küçədə fikirli-fikirli gəzişir. Uzaq plan. Zeynəblə oğlu uşaq evindən çıxırlar. Kamera onları arxadan göstərir. Murad uşağı öpür. Yolun kənarında taksiyə əl edirlər. Minib gedirlər. Taksi Zeynəbin qaldığı evin qabağında saxlayır.

Epizod 11. Nat. Şəhər. Hava küləklidir. Murad saqqallı bir nəfərlə söhbət edə-edə uzaqdan gəlir. Əlində kağız var, tez-tez ona baxıb nə isə danışırlar. Beşmərtəbəli binanın blokundan içəri girib üçüncü mərtəbəyə qalxırlar. Rəssam emalatxanası. Hər yer şəkildir. Həmin adam Murada müxtəlif qadın-kişi portretləri göstərir. Murad əlindəki vərəqi büküb rəssama verir. Sonra əlini cibinə salıb pul verir, sağollaşırlar.

Epizod 12. Zeynəbin evi. Oğlu ilə oynayır, evdə bir-birini qaçıb-qovurlar, oğlunu əzizləyir.

- Ay ana, mən bir də ora getməyəcəm, yaxşı.

- Yaxşı, ana sənə qurban olsun. Qoymayacam səni ora gedəsən.

- Məni yanında saxla.

- Saxlayacam. Amma mən işə gedəndə sən evdə necə tək qalarsan?

- Qalaram. Qorxmuram. Evdə şəkil çəkərəm, yazı yazaram başım qarışar.

- Yaxşı, səni yanımdan heç yerə aparmayacam.

-Ana o əmi kim idi?

- Əmi... Əmi bizim dostumuzdur. Sənin böyük dostun.

- Həə... Mənə kim incitsə, ona deyə bilərəm?

- Hə, niyə demirsən. O qoymaz heç kim səni incitsin.

- Ana, mən acmışam e.

- Ay, balam acıb. Balamın qarnı boşdu (Uşağın qarnına yüngül vurur, gülürlər)

Elçinə yemək verir, o yeyəndə Zeynəb gülləri sulayır. Sonra telefonuna zəng gəlir.

- Alo... Salam. Kimdir? Həə... Yaxşıyam, sən necəsən?... Evdəyəm. Səndən bir xahiş etmək istəyirəm... Çox sağ ol. Mənə bir də zəng vurma. Olar? Yox, yox... İncimə, sən Allah. Yəqin başa düşürsən də. Hə-hə, va-r... Çox sağ ol... Hə. Yox təzəlikcə. Yox-yox, tanımırsan. Eybi yox, xoşdur, amma sən Allah... Başa düşdüm. Çox sağ ol...

Zeynəb telefonda bir neçə nömrəni silir. Sonra nə fikirləşirsə, telefonun nömrəsini çıxarıb sındırır.

Epizod 13. Zeynəbin işlədiyi kafenin uzaqdan görüntüsü. Zeynəb pilləkənlərdən asta-asta çıxır. Ağlayır. Çiskin yağır. Plaşının boynunu qaldırır, yavaş-yavaş addımlayır. Zəng vurur.

- Alo... Murad. Məni işdən çıxardılar. Dedilər, özünü müalicə etdir. Niyə gülürsən? Şəhərdəyəm, özümə iş axtaracam... Yox, yox... İşdən çıxma. Mənə görə icazə alma. Yaxşı-yaxşı. Qalxıram Nizami metrosuna tərəf. Yaxşı... Gözləyəcəm. Mən də səni öpürəm.

Metronun qarşısında gəzişir. Murad metrodan çıxır. Uzaqdan Zeynəbi görüb gülür. Görüşürlər. Murad Zeynəbi qucaqlayır, başını sinəsinə sıxır.

- Niyə gülürdün, Murad?

- Mən elə sənə demək istəyirdim ki, işdən çıx. Müdir sağ olsun, məni başa düşdü.

- Necə yəni səni başa düşdü?

Zeynəb Qaşlarını düyünləyib ciddi-ciddi onun üzünə baxır.

- Yox, mən heç kimə heç nə deməmişəm.

- Mənim işləməyim lazımdır.

- İşləməsən də olar. Bir-iki ay dincəl, Elçin də səni doyunca görsün. Sonra işləyərsən.

Zeynəb onu qucaqlayır. Başını sinəsinə söykəyir.

- Çox sağ ol. (Yavaşdan öz-özünə) Nə yaxşı ki, varsan. Nə yaxşı ki, sənə rast gəldim.

Murad: Bir saat vaxtım var, gedək bir az gəzək.

Gedirlər.

- Əlindəki nə kitabdır?

- Hə... Nitşenin kitabıdır. “Zərdüşt belə demişdi”. Tanıyırsan Nitşeni?

- Ancaq adını eşitmişəm. Bir də onu bilirəm ki, filosofdur. (Gülümsəyir).

- Alman filosofudur. Bədbəxt adam olub. Qadın sarıdan bəxti heç gətirməyib. Luiza Salome adlı bir qadını dəlicəsinə sevib. Rus generalının qızını. Luiza ərköyün, qəribə qadın olub. Özü də Nitşedən 17 yaş böyükmüş. Nitşe istəyir ki, Luiza ona ərə gəlsin. Amma qadın razı olmayıb. Nitşe, Luiza, bir də dostları Paul Re bir yerdə yaşayıblar.

- Necə yəni bir yerdə?

- Çox sadə. Onların çılpaq şəkilləri var. Üçü bir yerdə, tamam çılpaq. Nitşenin Elizabet adında bir bacısı olub. Elizabetə ölənə qədər nifrət edib. Deyilənə görə Elizbet onu sevirmiş. Nitşenin xatirələrində var ki, gecələr bacım yanıma gəlirdi, deyirdi mənimlə seviş. Hətta etiraf edirdi ki, bacımın barmaqları qarşısında aciz idim. Ona görə də Elizabet qardaşını Luizaya qısqanırdı. Onlar ayrılandan sonra Nitşe bax, bu kitabı yazır və belə bir ifadə işlədir: “Qadının yanına gedəndə şallağı unutma”.

- Sən niyə axı ancaq qadına nifrət edənlər haqqında oxuyursan? - - Belə şeyləri adama həyat öyrədir.

- Həyat öyrədir, mən tərgitdirərəm.

Gülürlər.

- Bəs sonra nə olur?

- Hə. Luiza ona görə qəribə qadın idi ki, heç kimlə yatmaq, sevişmək istəmirdi. Bir neçə dəfə ərdə olub, amma şərt kəsirdi ki, aramızda heç nə olmayacaq. Sonralar onun iradəsini sındırırlar. Bir siyasətçiyə ərə gedir, axır ki, bakirəliyini itirir. Sonra ondan başanır və gəzmədiyi, sevişmədiyi kişi qalmır. Ağıllı qadın olub. Sevgili olanda da bilirmiş kiminlə sevgili olmaq lazımdır. Məsələn, məşhur şair Mariya Rilke ilə. Onlar bir yerdə Rusiyada Tolstoyun görüşündə olublar. Sonra Luiza Freydlə tanış olub, onunla bir yerdə yaşayırmış. Hitler hakimiyyətə gələndə Nitşenin bacısının əlinə yaxşı fürsət düşür. Onu yəhudilərə kömək etməkdə günahlandırır və tələb edir ki, rədd olub Almaniyadan getsin. Bilirsən də, Hitler yəhudiləri özünə düşmən bilirmiş.

- Aha, bilirəm.

- Luiza qorxmur, xəbər göndərir ki, bura mənim vətənimdir, heç yerə getməyəcəm. 1937-ci ildə xərçəngdən ölür. 76 yaşında...

- Bəs Nitşenin axırı nolur?

- Nitşe o qədər bədbəxt adam olub ki. Həyatı lap uşaqlığından gətirməyib. Beş yaşında atasını itirib. Evdə anasından, bacısından və üç qarımış bibisindən başqa heç kim olmayıb. 21 yaşı olanda pritona gedir.

- Priton nədir ki?

- Fahişəxana. Orda zəhrəvi xəstəliyə tutulur. Onun həyatını Şopenhauer dəyişib. Daha doğrusu Şopenhauerin fəlsəfəsi. Sonralar Fransa-Almaniya müharibəsində iştirak edir və müharibə onun sağlamlığında problemlər yaradır. 35 yaşında olanda tibb fakültəsində keçirilən bütün xəstəliklərdən əziyyət çəkirmiş. Bir tərəfdən də gözləri tutulurdu. Tək yaşayır, kasıb restoranlarda yeyib, ucuz otaqlarda qalırmış. Get gedə ruhi xəstə olurdu. Bir dəfə küçədə yıxılır, möhkəm əzilir. Qarşısına çıxan atın boynunu qucaqlayıb ağlayır. Amma Avropa onu öldüyü ərəfədə daha yaxından tanımağa başlayır. Nitşe öləndən sonra bir daha kəşf olunur. Arxivi yaradılır və həmin arxivin açılışını Hitler özü edir.

- Maraqlıdır. (Muradın qoluna girir). Mən də oxuyub sənin kimi maraqlı adam olmaq istəyirəm.

- Boş şeydi. Maraqlı adamı arvadı atıb getmir. Nə isə. Sənə kitablar verəcəm, oxuyub öyrənərsən.

- Olar bir söz deyim?

- Aha...

- Amma incimə, yaxşı?

- De, incimərəm...

- Nə yaxşı ki, o səni atıb gedib.

- Başa düşmədim?

- Deyirəm, nə yaxşı ki, o səni atıb gedib. Yoxsa mən səni hardan tanıyacaqdım?

- Bəs mənim əzablarım?

- Sən özün o gün dedin ki, dünya əzablarla doludur.

- Hə. Bir məsəl var e, onu eşidibsən?

- Hansı?

- Deyir, atı-atın yanında bağlasan, həmrəng olmasalar da, həmxasiyyət olarlar.

(Gülürlər)

- Murad: İndi sən də mənim kimi yavaş-yavaş dəli olursan... Təbrik edirəm, böyük qələbədir.

- Mən sənin o gün dediyin sözü əzbərləmişəm. Kitablardan birinin arxasına yazmışdın.

- Hansı sözü?

- Qədim buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab. Elə Şopernhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan başqa bir şey deyil. Bütün bunlara isə arzuları öldürməklə qalib gəlmək olar.

- Səni bir daha təbrik edirəm.

(Gülürlər).

- Hələ kitabların arxasına yazdıqlarından birini də əzbərləmişəm. Deyim?

- De gəlsin ee.

- Şopenhauer deyirdi ki, əzab həyatın ayrılmaz hissəsi olmasa, həyatımızın bir məqsədi olmaz. Şübhəsiz, bədbəxtlik özlüyündə nə isə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur.

- Birini də mən deyim?

- De. Sokrat deyirdi ki, qadını gözəl olan adam xoşbəxt olar, gözəl olmayan isə filosof. İndi mən bunu dəyişirəm: kişisi ağıllı olan qadın xoşbəxt olar, olmayan isə filosof.

Gülürlər.

Epizod 14. Zeynəbin otağı. Elçin şəkil çəkir. Zeynəb qab-qaşıq yuyur.

- Ana...

-Ay can...

- Mən Muradın şəklini çəkim, o məni yenə karuselə aparsın. Yenə Zooparka gedək, yaxşı?

- Yaxşı, ağıllı balam.

- Mən axşama çəkib qurtaracağam.

- Sabah da onun ad günüdür. Sürpriz eləyərik.

- Bəs birdən yaxşı oxşada bilmədim?

(Zeynəb gülür)

- Elə çək, oxşasın. Səni bilirsən ona nə qədər tərifləmişəm.

- Birdən oxşamadı?

- Heç nə olmaz. Əsas odur, çəkirsən. Şəkil ona oxşamasa, o sənə görə özünü şəkilə oxşadacaq.

15. Epizod. Muradın otağı. Zeynəb süfrə hazırlayıb, yemək bişirib. Elçinin çəkdiyi şəkil evin yuxarı başına qoyulub, üstünə ağ örtük çəkilib. “Qadına tüpür” şüarı “Qadını sev” sözləri ilə əvəz olunub. Divara qadın haqqında ən yaxşı sözlər yazılıb: “Qadını gözəl olan adam xoşbəxt olar, gözəl olmayan filosof. (Sokrat). “Qadın hər şeyi fitrətən bilir, kişi kitablardan öyrənir”. (Budda). “Qadın haqqında pis düşünəndə onu da fikirləş ki, qadından doğulmusan. Qadın həyatın özüdür”. (Naməlum).

Qapı döyülür. Murad içəri girir. Elçin və Zeynəb bir yerdə:

- Təbrik edirik. Biz səni çox istəyirik. Təbrik, təbrik, təbrik. Dünyaya xoş gəlmisən.

Murad onları qucaqlayır, öpür.

- Elçin sənin şəklini çəkib. Ad günü hədiyyəsidir.

Murad təəccüblənir.

Zeynəb: İndi, şəklin təntənəli açılış mərasimini keçirməliyik.

(Gülürlər).

Şəklin üstündən ağ örtüyü götürürlər. Murad inanmır.

- Bunu doğrudan sən çəkmisən?

Elçin: Hə, iki günə çəkdim. Amma az oxşayır hə?

- Yox, əladır. Çox əla. Afərin sənə. Sənin nə boyda istedadın varmış.

Murad divarlara baxır. Sonra mənalı-mənalı Zeynəbi süzür.

- Murad: Mən də bir rəssama portret sifariş vermişəm.

- Kimin?

- Sənin deyil, sevinmə.

Gülürlər.

- Murad: Şopenhauerin portretini. Lap böyük portret olacaq. Bax, ordan, evin yuxarı başından asacam.

- Zeynəb: Şopenhauer bizim evə xoş gələcək.

Murad: Portretin hazır olmağı hələ üç-dörd ay çəkəcək. Amma onu asmaq üçün böyük mıx almışam, kömək edin, onu vurum. (Ayağının altına stul qoyur). Elçin...

- Həə...

- O siyirtməni çək... Ay sağ ol. Orda çəkic var, onu ver mənə.

Zeynəb: Yaxşı, siz onu vurun, mən yeməyi hazırlayım.

Elçin çəkici verir, Murad mıxı vurur.

- Möhkəmdir. Əla. Bundan portret nədir, adam da asmaq olar. (Gülür).

Zeynəb: İraq olsun. O nə sözdür? Mənim sənə bir hədiyyəm də var.

Zeynəb kitab şkafının arxasından ayaqqabı qutusu çıxarır. Qara, ipli tuflidir.

- Ayaqqabın köhnəlib, bunları geyərsən.

- Çox sağ ol, əzizim.

- Nərimanov metrosunun yanından bir mağazadan almışam. Hər dəfə ordan keçəndə vitrində görürdüm. Çox xoşuma gəlirdi. Fikirləşirdim, görəsən, mənim də elə bir əziz adamım olacaq ki, bunu həmin adama hədiyyə alım? Bir dəfə bir qadın o ayaqqabını soruşdu. Ürəyim titrəyirdi ki, indicə alıb aparacaq. Alıb apardı da. O qadına elə həsəd apardım ki. Arxasınca düşdüm. Xeyli getdik, sonra gördüm, özümü saxlaya bilməyib ağlayacam, qayıtdım. Gördüm, onun yerinə təzəsini qoyublar. Elə sevindim ki. Amma gizlətmirəm... ürəyimdə yalvarırdım ki, kaş oğluna, ya da qardaşına alsın. Qəribədir hə? Başa düşürəm, paxıllıq etmişəm, onun xoşbəxtliyinə sevinməmişəm... amma neynim, mən də o qadın kimi bunu (Ayaqqabını göstərir) alıb bağışlamağa adam arzulayırdım.

Murad Zeynəbi öpür. Qucaqlayır.

- Məni kövrəltdin. Sənin nə boyda ürəyin var...

Musiqi. Yemək yeyirlər. Saatı görürük. 11-i göstərir. Elçin yatıb. Zeynəblə Murad çaxır içirlər. Hər ikisi sərxoşdur.

- Zeynəb: Hər şeyə görə çox sağ ol. Hər şeyə görə. Nə yaxşı səni tanıdım. Nə yaxşı ki, sən varsan.

- Sən də yaxşı ki, varsan. Mənə çox şeyi unutdurmusan.

Zeynəb ağlayır. Qəfildən yerindən durub Muradın ayaqlarını qucaqlayır.

- Nə yaxşı ki, səni tanıdım. (Hönkürür). Nə yaxşı ki, varsan. Hər şeyə görə sağ ol.

Murad onu qaldırmaq istəyir.

- Yox, bu olmadı. Qalx. Zeynəb.

- Mən sənə hər şeyi unutduracam. Söz verirəm. Həmişə yanımızda ol. (Onun dizlərini buraxmır).

Murad onu qaldırır.

Murad: Bu gün mənim də sənə hədiyyəm var. Siz də həmişə mənim yanımda olacaqsınız. Bu gündən burda qalacaqsınız.

Epizod 16. Şəhər. Qar yağır. Zeynəb oğlu ilə qartopu oynaya-oynaya gəlir. Böyük marketin yanından keçəndə Zeynəbin gözü elana sataşır: “Satıcı tələb olunur”. İçəri girir, işlə maraqlanır. Bayıra çıxıb Murada zəng vurmaq istəyir, sonra nə isə fikirləşib telefonu cibinə qoyur. Elçinin əlindən tutub yola davam edir. Yolüstü dəftər ləvazimatları satılan dükana girirlər. Elçinə rəngbərəng karandaşlar, rəngbərəng kağızlar, albom alırlar. Çıxıb evə gəlirlər. Əyinlərini dəyişirlər. Bu vaxt Zeynəbə zəng gəlir.

- Alo...

Epizod 17. Murad marketdədir. Bazarlıq edir. Ət, yağ, penir və s. alır. Sonra Zeynəbə suvenir, Elçinə balaca gitara alır. Marketdən çıxır, evə gəlir. Qapıdan girəndə Zeynəbin səsini eşidilir. Zeynəb ağlayır. Murad əlindəkiləri yerə qoyur, ayaq saxlayıb dinləyir. Zeynəbin hönkürtüsü yenə eşidilir. Murad içəri girir. Zeynəb üzüqoylu çarpayıda balıncı qucaqlayıb ağlayır.

- Nolub sənə?

Zeynəb ağlayır.

- Eşitmədin? Nolub sənə? Elçin hardadır? (Onun saçını oxşayır) Qalx ayağa. (Qolundan tutub qaldırmaq istəyir).

Zeynəb nəsə demək istəyir, amma hıçqırığı imkan vermir.

- Zeynəb, (Səsini qaldırır). Qalx ayağa, de görüm nə olub?

- Onu buraxacaqlar. Gələcək.

- Başa düşmədim?

- Pul verib çıxarırlar. Qardaşları çıxartdırır.

- Kim dedi?

- Evdə darıxırdım, bibim qızına zəng vurdum. Təzə nömrəmi bilmirdi, deyir neçə vaxt idi səni axtarırdım. (Hönkürür).

- Sakit ol, axıra qədər danış.

- Qardaşları qohumları ilə gediblər onun yanına. Hardansa eşidiblər ki, mən səninlə yaşayıram. Qohumlarından biri onun yanında ağzından qaçırıb. O da deyib çıxıb ikisini də öldürəcəm. Namusum təmiz olsun, bura yenə düşərəm.

- Yaxşı, özünü qorxutma. Mən də deyirəm, nolub.

- Necə nolub? Sən onu tanımırsan. O elə qorxulu adamdır ki, sənə başa sala bilmərəm.

Murad onu ayağa qaldırır. Gözünün silir, sakitləşdirir, qucaqlayır.

- Narahat olma, heç nə olmayacaq. Nə vaxt çıxır?

- Dəqiq bilmirəm, amma bir-iki aya işi həll olunmalıdır.

- Özünü qorxutma.

- Yox, o deyibsə, edəcək.

- Türmə görən adam ikinci dəfə o qələti eləməz.

- Niyə eləmir? Azdır belə adam. Sən onu tanımırsan, ona görə rahatsan. Qardaşları deyib onda üç il də burda yat, çıxmayacaqsan. Bir az qorxudublar, amma bilirəm, çıxaracaqlar. Xəstədir, onu orda qoymayacaqlar.

- Sən mənə arxayın ol, yerdə qalanı ilə işin yoxdur.

- Yox, yox, vallah, sən onu tanımırsan. Bilmirsən necə dəhşətli adamdır. Mən ondan qorxuram, çox qorxuram, başa düşürsən? Neçə dəfə xəbər göndərib ki, mənim yanıma gəlmir, çıxıb, hesabını istəyəcəm. Mənim də vecimə deyildi, çünki vaxta çox var. Amma düzünü deyim, həmişə içimdə qorxu olub ki, günlər gec getsin, onun vaxtı bir az uzansın.

Epizod 17. Axşam. Murad, Zeynəb, Elçin yatıb. Zeynəb narahatdır, ora-bura çevrilir. Birdən qışqırıb ayılır. Elçin diksinir, Murad oyanıb onu sakitləşdirir. Su gətirir.

  • Sakit ol, keçib gedəcək.
  • Məni öldürürdü. (İsterika içindədir).
  • Zeynəb...
  • Sənə bir şey olmayıb?
  • Zeynəb özünə gəl...
  • Yox, nolar bizə dəyməsin.
  • Heç kim bizə heç nə edə bilməz. Mənim bir aydır sənə danışdıqlarım boşuna gedib? Sən söz vermişdin.
  • Mən bacarmıram. O... bizi bədbəxt... edəcək. Səni də öldürəcək, məni də.
  • Səni həkimə aparmaq lazımdır. Sabah həkimə gedək.

Elçin gəlib anasının boynunu qucaqlayır.

  • Ana, nolar, qorxma.

Zeynəb onu qucaqlayıb ağlayır.

Epizod 18. Zeynəb şəhərdə yolu keçir.

(Öz-özünə) Bilirəm, mən bilirəm ki, o çıxıb dediyini edəcək. İlahi, mənə niyə rahatlıq vermirsən? Mən ki, rahatlığa təzəcə çıxmışdım. Niyə çox gördün onu mənə? Özümü öldürməkdən başqa çarəm qalmayıb. Ölsəm, Muradla uşağa dəyməz. Heç olmasa onları qoruyaram. Onsuz da onun işi mənimlədir. Qisası mənimlədir. Mən bədbəxtlə.

Gözlənilmədən maşının qabağına çıxır. Maşın təkərlərinin tükürpədici səsi gəlir. Sürücü başını çıxarıb qışqırır.

  • Ay bacı, ay xanım (Titrəyir). Yola baxııın...
  • Bağışlayın, bağışlayın. Siz allah, bağışlayın. Fikirli idim.
  • Məni niyə bədbəxt eləmək istəyisən? (Bağırır).

Bir qadın arxadan Zeynəbə yaxınlaşır.

  • Qızım, sənə nolub?
  • Fikirli idim. Vallah, fikirli idim. (Qorxa-qorxa)
  • Sən fikirli deyilsən, düzünü de, özünü maşının altına atmaq istəyirdin?
  • Yo-yoo-x, vallah yoxx. Mənim balam var, niyə özümü maşının altına atım?
  • Gəl su iç, özünə gəl.

Zeynəb su içir.

- Allah şahiddir ki, qəsdən etmədim.

Epizod 19. Zeynəb evdə özünü asmaq istəyir. Kəndir əlindədir. Gözünün qabağına oğlu, Murad gəlir, keçirdiyi günləri xatırlayır. Ağlayır. Üsyan edir, kəndiri yerə vurur, sonra yandırır.

Epizod 20. Evdə. Zeynəb Murada yalvarır ki, Bakıdan gedək.

  • Bəsdir... (Murad hövsələsini basa bilmir) Nə qədər olacaq bu?
  • Qurban olum, gedək Bakıdan.
  • Mənim heç yana getmək fikrim yoxdur. Neçə dəfə deyim sənə? Heç yerə gedən deyiləm. Dedim ki, hər şey yaxşı olacaq.

Zeynəb ağlayır. Murad onu qucaqlayır, öpür.

  • Bəsdir, səbirli ol, mən sənin yanındayam.
  • Mən həm də səni qorumaq istəyirəm. Qurban olum, yalvarıram.
  • Mənim heç kimdən, heç nədən qorxum yoxdur. Heç yerə getməyəcəyik.

Epizod 21. Zeynəb oğlunu geyindirir.

  • Get, qonşuda oyna, səni şəhərə gəzməyə aparacam.

Yola salır. Özü yır-yığış edir. Güzgüyə yazır: “Səni sevirəm”. Divarlara Elçin üçün dəftərxanadan aldığı rəngbərəng kağızlara “Sən mənim gördüyüm ən yaxşı adamsan”, “Nə yaxşı ki, səni tanıdım”, “Məni bağışla”, “Buna məcburam, səni də, özümü də qorumaq üçün bunu etdim”, “Gedirəm, amma özümü həmişə bu evdə səninlə bir yerdə hiss edəcəm” və s. sözlər yazır. Muradın Elçin çəkdiyi şəklini öpür, onu qucaqlayır. Ağlayır. Çıxır.

Epizod 21. Uzaqdan bir nəfərin ayaq səsləri eşidilir. Kadrda ayaqlar. Muradın evinə yaxınlaşır. Bıçağın ucu ilə qapını döyür. İtələyir, qapı açılır. Qapıdan evin yuxarı başında Şopenhauerin portreti görünür. Divara söykənib. Yuxarıdan iki ayaq sallanır. Ayaqlarda Zeynəbin Murad üçün aldığı ayaqqabılar...

Musiqi...

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #