news-inner
clock11:48 calendar-gray 07 Aprel 2017 view-gray109 dəfə oxunub
view-gray109 dəfə oxunub

Qadınsız üşüyən kişilər – YENİ ŞEİRLƏR

Kulis.az gənc şair Bəhruz Xəlilin şeirlərini təqdim edir.

***

Həyəcandan ayaqlarım əsəndə,
əllərindən əsa kimi tutmuşam.
Bu həyatda yaşamağa səbəbim,
sevməyini əsas kimi tutmuşam.

Sinəmdəki dərdlərimin üzündən,
bax yenə də qarlayacaq saçlarım.
Gedirsənsə, heç olmasa bağışla,
bilirəm ki, az olmayıb suçlarım.

Hava dönür, yağış yağır necə ki,
xatırlayır barmaqlarım əlini...
Bəlkə durub, qayıdasan yanıma,
ayrılıqdan nə keçəcək əlinə?


Gecikənlərin şərəfinə

Sən elə vaxt gəlmisən, nə yazım sənə indi ?
Dünya yazarlarından, görüm nə tapa bilsəm ,
yazılmamış, sənindi...


Qısa məlumat verim, gəl sənə hayatımdan ;
Kimlər ki, çıxıb gedir, heç vaxt çıxmır yadımdan.


Sən elə vaxt gəlmisən,
danışan vaxtım deyil, susan yaşımdı mənim...
Ağzıma boylanınca, bir də gözlərimə bax ,
hisslərimi gözümdən, qusan yaşımdı mənim...




Məndə bütün fəsillər, soyuq qış ayı keçir .
İyulu da dekabr, martı, mayı dekabr.
Qulaqlarım tutulub, çox müddətli sükutdan ,
eşitmirəm mən onsuz, ha özünü, yırt, bağır.


Qarışqa yuvası

Dörd, ya da beş, bilmirəm
neçə kvadrat ola, oturduğum bu otaq
Bir kimsəsiz qəbiri xatırladır nədənsə,
uzandığım bu yataq...

Artıq gözlərimi də,
qorxa-qorxa yumuram
divarlar uçur, düşür, bu daşdüşmüş başıma...
Deyinirəm:

-İlahi, gözü yumulu adama
əl qaldırmaq nədənsə
heç vaxt gəlmir xoşuma...

Bilmirəm, bu nə sirrdir ?
ölü görəndə ancaq, düşünürəm həyat var...
Şirələrdən zövq alan, bir neçə həşərat var...
Arı ola bilmədim, qarışqa olum barı !


Sartra məktub

Adam ola bilməyəndə
ət parçasına dönürük...
Bir az da üzü dönük, dərisi qalınlarıq...
Sənin qoyub getdiyin,
həminki adamlarıq...

Yenə də səs – küy salıb
ürək bulandıranlar
Yenə də, sənin kimi hissə - hissə ölən var...
İndi, adlar dəyişir, indi yerlər dəyişib
hadisələr dəyişmir...

Hadisələr dəyişmir,
indi də darıxırlar, elə əvvəlki kimi...
Darıxmayasan deyə, sənə məktub yolladım...
Balaca bir qarışqa, öpəcək əllərindən !

Tənhaların şeiri

Bu soyuq küçələr, bu daş küçələr,
soyuq adamlardan, bir az yaxşıdır...
Tavan – döşəməsiz olan mənzillər,
qəbirə baxanda, şükür yeridir...
Bir az da qəbirə oxşayır amma...

Boş ver oxuduğun hesab – kitabı ,
qadın boşluğudur, boşçoxluqları...
Bütün gedənlərə parçalanırsan,
görüm, başı batsın bu yoxluqların...

Kimsə, sən baxdığın divara baxar,
sənin gördüyünü, o görə bilməz...
Surəti, gözündən getməyən kəsi
heç kəs, sənin kimi divara hörməz...
Nəyinki divara, bütün yerlərə

Bu da bizim günümüz...

Əli tüfəng tutan, əli daş tutan,
düşüb addım-addım kölgəmə atır...
Bilmirəm nə sirdir? otuzdan sonra,
dünya yavaş-yavaş qəlbimə yatır!...

Daha həyəcanlar başqa cür olur,
dilimin altında dərman gəzirəm.
Uşaq əyləncəli oyunlardan da ,
hər il əvvəlkindən lap çox bezirəm.

Məni qınamayın, dünya düzəlib,
daha şairlərin şeirlərində
ceyrana, cüyürə bənzəmir qızlar.
Köhnə şairlərlə o üzdən elə,
bəlkə də, haqqına düz demir qızlar.

Gopalogiya

Hələ qazlar susurdu,
romalılar yatırdı...
Amma mənim ürəyim ,
hey sənə can atırdı.
Hələ doğulmamışdıq...

Bütün imperiyalar ,
biz qovuşmadıq deyə
dəydilər bir – birinə.
Qan-qadalar çəkilsin
Gəlib " mən "i tapardım,
olsam sənin yerinə.

Herkules iki ilandan
birini öldürəndə
mən Don Kixotluq edib
sənə nəğmə qoşurdum.
Hərdən elə baxırdın ,
gözlərimə, çaşırdım…

Alınmırsa darıxma,
darıxsan nə olacaq ?
Qovuşmasaq yaxşıdı ,
qovuşsaq bu sevgi də ,
vallah, heç nə olacaq !

Bir azdan heç nə başlayacaq

Bir azdan işıqlar da sönəcək,
kəndin bütün qaranlıqları doluşacaq
şam işığı gələn evlərə...
Heç kəs bayırda qalmayacaq.

Mən yağışın altında islanan ağacların,
evdəki misalıyam...
Yarpaqlarını vaxtsız itirən
ağaclar kimi darıxıram.
Anasından ayrılan körpə uşaqlar kimi darıxıram...

Bir azdan işıqlar da sönəcək,
kilsə rahibi kimi, qaranlıq tanrısını
şam işığına dəvət edəcəyəm.
Şam ağacı altında darıxan cavan oğlan şəkli kimi
darıxacağıq ikimiz də...

Əlimdən darıxmaqdan başqa
heç nə gəlməyən biri kimi deyirəm:
“Dur şamı yandır” kimi mənasız söz tanımıram!

Nitsşenin allahı

Mən, qamışlıqdan gələn,
həşəratların səsinə pərəstiş edirəm.
ilahi kəlamları, müdhüş avaz üstündə oxuyan həşəratlar,
elə tanrının özüdür.

İnsan həyatından, bitki həyatına keçən varlığın
tanrısı göydə ola bilməz.
Hər tərəfdən tanrıyla əhatə olunmuş varlığın ,
elə özü də tanrıdı...

Müharibələr, qırğınlar, yerdə mərhəmət hissini ,
göydə allahı öldürdü.
Bir insan sağ qaldı ki, desin :
Tanrı yoxdur, Onu siz öldürdünüz !

Tənha adam şəkili.

Gecələri, vahiməli, qara paltolu adam kimi,
gündüzləri kəsici alət kimi kəsir adamı.
Ağacları öz dibində ölür, insanları öz içində.
bizim kəndin.


Əzizini itirmiş, adam kimi darıxır,
evimizin qabağında ərik ağacı.
Yarpaqları intihar edir, yıxılır budaqlarından.
İnsanlar xəyanət etməyə başlayır ayaqlarından.
Qadınını başqa qadına dəyişən kişilər,
qadınsız üşüyən kişilər
bir də ölmək istəyib də, ölə bilməyənləri var,
bizim kəndin.


Sənin getdiyin uzaqlıqlar qədər öldürücü zərbə görməmişəm
bu yaşımda.
Mənim tənhalığım boyda şeir yazılmayıb
hələ dünya ədəbiyyatında.


Nəysə, hava yenə də, iki nəfərlik qədər çox soyuqdur bayırda.
Odun sobasında ağac qətliyamıdır,
bizim kənddə

Gecənin rəngi

Güzgüyə hey boylanıram
baxım, görüm, yazılıbmı
alnımda harasa darıxmaq ?
Gecələr rahat buraxmır
məni bu yarasa darıxmaq.


Dünya nədi ?
Hərb meydanı
Ürək nədi ?
beş barmağın
ovuc içində görüşü...
Ovuc boyda silahımla
uduzuram bu döyüşü...


Sağ olsun yaxşı adamlar
az olsalar da belə
varlıqları təsəllidir ..!
Əridin, daş ürəyinizi
sevin, heç olmasa bir gün.
Sevgi hər şeyi həll edir !

Xəlilin şeiri

Gözlərin ilahi dərgahın pəncərəsidir .
Əllərin təbiət mənzərəsidir
elə gözəl rahatlıq verirsən yumşaq barmaqlarınla...
Sən, adamı tanrı kimi qucaqlayırsan !
Səndən başqa heç kəs yoxdur...

Sən, tövratın təhrif olunmayan vərəqlərisən !

Bu yaxınlarda iki yaşın tamam olur
beş günlük dünyanın iki ilini uğurla qət etmisən.
Sən özünlə məni də həyata gətirmisən...
yenidən yeriməyi öyrənmək bir başqa olurmuş...
Sən demə atalar, yıxılanda övladlarından tuturmuş...
əvvəllər əksini bilirdim....

Sən, Davudun sehirli səsindən şirinsən !

news-inner-user

14429 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Onlara laqeyd olan ölkə intihar edir - Dahilər müəllimlər haqda nə deyir?
21:01 28 Fevral 2020
"Altın Kelebek" mükafatlandırma mərasiminin keçirilməsi ləğv olundu
18:44 28 Fevral 2020
Ayaq səslərindən qorxan torpağam - Həsən Kürdən yeni şeirlər
18:07 28 Fevral 2020
Sevda Ələkbərzadənin yeni klipində erotik görüntülər... - Video
17:28 28 Fevral 2020
Ədəbi suprematizm: Bir həyat tarixçəsinə düzəliş cəhdi
16:45 28 Fevral 2020
Amerikalı yazıçı Dostoyevskini təhqir etdi
16:08 28 Fevral 2020
Xanım yazarın povesti tamaşa oldu
15:27 28 Fevral 2020
Müşfiq Şükürlü: “Qadınlarla müvəqqəti münasibətlər daha yaxşıdır” – Müsahibə
14:49 28 Fevral 2020
Aydın Xırdalanlının qəbirüstü abidəsi hazırdır - Fotolar
14:10 28 Fevral 2020
Əsəd Cahangirdən sərt tənqid: "Hərə bir oyun qurur"
13:27 28 Fevral 2020
"Avroviziya - 2020"də Azərbaycanı o təmsil edəcək
12:48 28 Fevral 2020
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
12:15 28 Fevral 2020
Stenli Kubrik filmində aktrisanı təhqir edib - Beysbol çubuğu ilə...
11:39 28 Fevral 2020
Tanınmış şairəni hədələdilər, polisə müraciət etdi
11:05 28 Fevral 2020
Saflıqdan gülünc vəziyyətə düşmək
10:57 28 Fevral 2020
Məşhur yazıçı vəfat etdi
10:25 28 Fevral 2020
"Eurovision 2020" təxirə düşə bilər
10:07 28 Fevral 2020
Mənim Xocalım oldun - Şəhriyardan yeni şeirlər
09:30 28 Fevral 2020
Günü zibilliklərdə eşələnməklə keçirdi - Bircənin romanı
09:00 28 Fevral 2020
Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu
19:06 27 Fevral 2020