writer1

Şərif Ağayar

Məqalə sayı

550
clock11:12 calendar-gray 09 Dekabr 2016 view-gray507 dəfə oxunub
view-gray507 dəfə oxunub

28 ilin həqiqəti

Aradan nə az, nə çox düz 28 il keçir.

Və belə baxanda görürsən ki, bu 28 ildə ədəbiyyatda, ədəbi prosesdə, ədəbiyyatın ümumi qayda və problemlərində ciddi heç nə dəyişməyib.

Həmsöhbətlər uzaqgörəndirlər, yoxsa bu qədər gərgin tarixi dövr keçən ölkəmizin ədəbiyyatında üzücü durğunluqdur?

Məncə, hər ikisi.

Böyük, dəyərli və nakam Aydın Məmmədovum 28 il əvvəl yana-yana söylədiklərinə baxın: “O xalq xoşbәxtdir ki, onun yazıçısı da, tәnqidçisi dә, naşiri dә, katibi dә birlәşir, öz milli әdәbiyyatını dünya әdәbiyyatının zirvәlәrinә apara bilәcәk yollar һaqqında duşünür.”

Sizcə, 28 il sonra, müstəqil və varlı, eyni zamanda ədəbiyyat və mədəniyyət sahəsinə kifayət qədər vəsait ayrılan məmləkətimizdə bu cümlələrin eyni yanğı və kədərlə təkrarlanması nədən xəbər verir?

Proses danılmazdır.

Çox işlər oldu. Çox çaylar axdı-duruldu. Amma əsas olan dəyişmədi: ədəbiyyatımız dünya ədəbiyyatı faktına çevrilmədi ki, çevrilmədi!

Halbuki buna layiq əsərlər yazılmışdı da, yazılırdı da, yazılacaqdı da!

Amma nə baş verdi?

Nələr oldu və olmaqda davam edir?

Cavabdeh kimdir?

Sualların cavabını düşünməliyik ən azı.

Çoxlu vacib, hətta deyərdim, tale yüklü məsələlərlə dolu olan bu unikal, on illərə meydan oxuyan söhbətin ən ilginc və mənim üçün xüsusilə ilginc məqamlarından biri də Mövlud Süleymanlı ilə Yusif Səmədoğlunun müqayisəsidir.

Niyə xüsusilə ilginc deyirəm, vaxtıyla belə bir müqayisəli yazını mən də yazmışdım və yəqin səmimiyyətimə inanarsınız ki, o zaman Aydın Məmmədovla Əkrəm Əylislinin bu söhbətindən xəbərim yox idi.

Deyişməyə baxın:

Aydın M:

- Düşünürәm ki, Mövlud Süleymanlı şәһәr һәyatından gözәl әsәr yaza bilәrmi? Mәncә, yaza bilmәz!

Əkrəm Ə:

- Mövludun şәһәr һәyatından әsәr yazması һeç lazım da deyil. Yaxşı olar ki, elә Mövlud bu şәһәrdәn һәmişә öz kәndinә baxsın.

Aydın M:

- M.Süleymanlının әsәrlәrinin arxasında duran müәlliflә «Qәtl günü» romanının müәllifini eynilәşdirә bilmәrik.

Əkrəm Ə:

- Mövludun yazdıqlarını «Qәtl günü» ilә «toqquşdurmaqda» sәnin mәqsәdini o qәdәr dә yaxşı başa düşmürәm. Onda mәn dә deyәrәm ki, Yusif Sәmәdoğlu «Dәyirman»ı yaza bilmәz.

Aydın M:

- Total tәfәkkürә malik yazıçı ictimai һәyatın bütün qatlarını görә bilir. Y.Sәmәdoğlunun mövzuya münasibәtlәrindә cәmiyyәtin bütün qatlarını görәn, onu dәrindәn bilәn adam dayanır, һiss elәyirsәn ki, bu adam ictimai qatların һamısını yaşayıb, һәyatından keçirib.

Әkrəm Ә:

- Hәr yazıçıdan total tәfәkkür tәlәb elәmәk olmaz. Tutaq ki, Dostoyevskinin tәfәkkürünә total tәfәkkür demәk olar. Ancaq bu sözü, mәsәlәn, Çexova aid elәmәk, mәn bilәn, yerinә düşmәz... Әdәbiyyatda һәr әsәrin öz yeri var. Hәr yazıçı da öz tәfәkkürünün yiyәsidir.

Sizcə, kim haqlıdır?

51 yaşlı Əkrəm Əylisli 44 yaşlı Aydın Məmmədovdan xeyli müdrik və rahat görünür. İllərdən bəri durub-toxtamış “Hər cür müqayisə qüsurludur” fikri də Əkrəmin köməyinə çatır. Yaxud, Əkrəm suala cavab axtaranda bu fikrə söykənir. Halbuki, Aydın müəllim öz zamanının ədəbiyyatını daha dərindən xarakterizə etmək üçün verir bu sualları. Yoxsa, bilmirmi ki, hər yazıçının öz təfəkkürü, öz üslubu və öz mövzuları var.

Bəs günümüzdən - 28 il sonradan boylanan gerçəkliklər nə deyir?

Məncə, günümüzdən boylanan gerçəkliklər həm Əkrəmin dediyini deyir, həm Aydın Məmmədovun.

Məsələn, bu yaxınlarda Nobel alan məşhur çin yazıçısı Mo Yan oxşar mövzularda verilən suallara cavab olaraq demişdi ki, kimsə öz böyük həqiqətini Nyu Yorkda, mənsə Çinin ucqar bir kəndində tapa bilərəm.

Zamanımızın ən böyük rejissorlarından olan Lars fon Trierin ən gözəl filmlərindən olan “Doqvill”də hadisələr nəinki şəhərdə, heç kənddə də yox, ucqar bir daş kömür mədəni yaxınlığındakı 5-6 evlik obada baş verir.

Folkner Yoknapatofadan heç vaxt “çıxmadı”.

Demək, məkan önəmli deyil, önəmli olan, Aydın müəllimin sözləri ilə desək, yazıçının cәmiyyәtin bütün qatlarını görməsi, onu dәrindәn bilməsi və ictimai qatların һamısını yaşayıb, һәyatından keçirməsidir.

Mövlud bunu bacarırmı?

Mövlud bunu nəinki bacarmır, heç bu barədə düşünə də bilmir!

Bu yerdə Aydın Məmmədovla razı olmamaq mümkün deyil.

Amma, o yerdə də Əkrəmlə razılaşmaq lazımdır ki, Yusif Səmədoğlu da “Dəyirman” kimi əsər yaza bilməz.

Və nəinki yaza bilməz, heç o mətnə yaxın gedə bilməz.

Aludəçiliyi qoyaq bir kənara və peşəkarlıq bizi aldatmasın.

Yusif Səmədoğlu ömrü boyu mətnin təbii stixiyası, dil və enerji plastında nəsrin “Dəyirman” qatına yüksələ bilmədi.

Nəsrin “Dəyirman” qatının “Qətl günü” romanı tələblərinə uyğun yazılmış variantı “Qətl günü”nün orijinalı olan “Master və Marqarita”nın kölgəsində qalmaz, yanında dayana bilərdi.

Və nə yazıq ki, tale Azərbaycan ədəbiyyatına bu mətni hələ də qismət eləməyib.

Çünki, 28 il sonra da bu bədbəxt xalqın “yazıçısı da, tәnqidçisi dә, naşiri dә, katibi dә birlәşib, öz milli әdәbiyyatını dünya әdәbiyyatının zirvәlәrinә apara bilәcәk yollar һaqqında duşünmür.”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021