Ona hamiləlik olmazdı – Günel Natiqdən HEKAYƏ

Ona hamiləlik olmazdı – <span style="color:red;">Günel Natiqdən HEKAYƏ
6 dekabr 2016
# 12:47

Kulis.az Günel Natiqin “Həyat” hekayəsini təqdim edir.

Marqaret məyus olmaqdan qorxurdu. Mopassanın “Həyat” əsərindəki Janna kimi məyus olmaqdan... Jannanın xəyalları elə zifaf gecəsində alt-üst olmuşdu. İncə hisslərdən uzaq (bəlkə də adi kişi olan) əri onunla sevişdikdən sonra (bu daha çox boğuşmaya bənzəyirdi) üzünü çevirib yatmışdı. Uçulmuş xəyalların altında qalan Janna hiss etmişdi ki, nəfəs çəkməyə belə taqəti qalmayıb. Əslində ən böyük gerçəklik onu dəhşətə gətirmişdi. Bu, həyat idi.

Həyat beləcə davam etmişdi və Janna artıq heç nə gözləməmişdi ondan. Oğlunun dünyaya gəlişi də onu məyusluqdan xilas edə bilməmişdi. Oğlu da Jannaya arxasını çevirib öz həyatını yaşamışdı. Çarəsiz ananı bircə həyat unutmamışdı. Janna qocalanadək yaşamışdı, bunun özü də dəhşətli idi. Dişlərin tökülür, gözlərin dumanlı görür, əl-ayağın heydən düşür. Nəyin var, zaman alıb aparır. Son gücünü də əzrayıl alır əlindən. Beləcə dövrə qapanır.

Bəxtin gətirsə ağaca-ota çevrilirsən. Başqa şəkildə yaşayırsan. Ağac kimi, ot kimi və yenə məyusluq içində qalırsan.

Yeni qatillərin gəlir, səni kəsib-tökür, nəyin varsa alıb gedirlər. “Yaşamaq bir ağac kimi hürdü.” Kədərlə anlayırsan ki, çox vaxt azadlıq heç kimin görə bilməyəcəyi yerlərdədir. Və bunu o vaxt anlayırsan ki, artıq ona ehtiyacın olmur.

Marqaret xatırladı ki, 50 il əvvəl o da Janna kimi məsum bir qızdı. Çağa kimi oyanırdı yuxudan. Beyni apaydın və təmiz idi. Tibb kollecinin üçüncü kursunda oxuyurdu. Sevməyə vaxtı yoxdu. Gecə-gündüz dərs oxuyurdu.

Daha bir neçə il beləcə keçmişdi. Kolleci bitirib işləyirdi. Yer üzünün ən ümidli həkimi idi. Sevgilər böyür-başından ötüb- keçirdi. Arzularını sabaha ötürürdü.

Daha bir neçə il. 30 yaş. Sevinə bilirdi. Hə, sevinə bilirdi onda. Hələ onda bir neçə uğurlu layihənin müəllifi idi.

Sonra bu diaqnoz.

“Niyə gec gəlmisiz? Özünüz də həkimsiniz”.

“Bax, bu qədər yaşayacaq”. Onkoloqlardan biri o birinə barmaqlarını ən balaca həddə qədər qısıb müddəti göstərmişdi. Özü də soyuq bir laqeydliklə. Elə bil, Marqareti görmürdülər. Sonra düşünmüşdü ki, onun üçün faciə olan bu xəstəlik gündə neçə kərə belə hadisəylə qarşılaşan cərrahlar üçün adi haldır.

Həmin mənzərə, həkimin barmaqlarını qısması və dediyi sözlər gözləri önündən getmirdi. Fikirləşmişdi, bu müddətə görən nəyi sığdıra bilər.

Sonra dərmanlardan saçları tökülmüşdü. Parik qoyub gəzirdi. Qızmar istilərdə qalın pariki gəzdirmək dözülməz olurdu. Belə olduqda iş otağının qapısını içəridən kilidləyir, pariki çıxarıb doyunca nəfəs alırdı.

Çalışırdı anasıyla göz-gözə gəlməsin. Onun gözlərini görməkdən qorxurdu.

Əməliyyatdan sonra bir yaxşı, bir pis xəbər gəldi.

Vəziyyət qismən yaxşı imiş.

Bir də törəmənin növü pis imiş.

Hər şeyi unudaraq yaşamaq və ümid etmək ki, sabah da yuxudan oyanacaq, yeni həyat başlayacaq, başına tük gələcək... Bunu hər şeydən çox arzulayırdı. Bir mənzərəni heç unutmaz; rəfiqəsi hamamdan çıxıb uzun saçlarını çiyninə səpələmişdi, sonra saçlarını pişik kimi oxşayaraq aramla daramışdı. Bu mənzərə başında yarışəffaf örtük olan Marqareti heyran etmişdi, ağzını açıb pişik kimi oxşanan saçlara baxmışdı... Hər dəfə o mənzərəni xatırlayanda əslində insanın yaşamaq üçün çox şeyə ehtiyacı olmadığını düşünürdü.

...Bir neçə ay keçmişdi, bir dəfə anası diqqətlə onun başına doladığı şəffaf örtüyə baxıb dedi: “Tük gəlir deyəsən...”

İnanmadı. Tez qaçıb güzgünün qabağında durdu. Örtüyü açıb əlini başına çəkdi. Doğrudan da başına tük gəlmişdi. Ondan sonra gündə iki-üç dəfə güzgünün qabağına qaçıb örtüyü başından açır, saçlarına doyunca baxırdı. Onlar çox qısa idi. Amma Marqaret üçün bu möcüzə kimi idi...

Bir dəfə xəstəsinə resept yazıb verəndən sonra adəti üzrə “hər şey yaxşı olacaq, dərd etməyin, pozitiv olun” və s. dedikdən sonra qadının gözlərində yaş görmüşdü. Özünü görməzliyə vurub “gələn həftə sizi gözləyəcəm” demişdi. Hərçənd bilirdi ki, qadının vəziyyəti çox ağırdı və hər gün son ola bilər.

Amma qadın gəlmişdi.

Qadın da duymuşdu onun vəziyyətini, bilirdi ki, hər gün son ola bilər.

Amma Marqaret də deyilən vaxtda gəlirdi.

Vaxt uzandıqca hər ikisi sevinirdi.

Daha arzularını sabaha atmaq istəmirdi. Hər şeyi bu gün yaşamaq istəyirdi. Bir tərəfdən də kimisə məyus edəcəyindən qorxurdu.

Ona evlilik təklif edən adama uzun bir məktub yazdı. Hər şeyi anlatdı. Vəziyyətini, xəstəliyini. Əslində cavab məktubu gözləmirdi ondan. Amma məktub gəldi: “Səhərəcən yatmadım. Xahiş edirəm məndən vaz keçmə”.

Onlar evlənmişdilər. İlk və yeganə uşağını tələf etməli olmuşdu. Çünki ona hamiləlik olmazdı. Uşağın ana bətnindəki inkişafı ananın xəstəliyini oyada bilərdi.

Abortdan gəldikdən sonra içindəki hər şeyin tələf olduğunu hiss etmişdi. Elə bil bütün hislərini abort etmişdilər. İçində yaxşı nə varsa, tələf olmuşdu. Sınıq-salxaq hiss edirdi özünü. Yarımçıq, natamam. Bir dəfə hansısa rəssamın abort edilmiş uşağa yapdığı abidəni görmüşdü. Bu şah əsəri idi. Yarışəffaf heykəlcik – abort edilən uşaq itkidən sarsılmış anaya təsəlli verirdi. Uşağını tələf etmiş ananın hisslərini ancaq bu cür ifadə etmək olardı...

Cozef onu hələ də sevirdi. Həmin uşaq heykəlciyi kimi təsəlli verirdi... Ərinin əlləri onun saçlarında gəzdikcə Marqaret düşünürdü ki, o, heç bir sevgiyə layiq deyil. Gərək mübarizə aparardı uşağı üçün. Analar necə edir? Necə mübarizə aparırlar övladları üçün? O özü neçə ana tanıyırdı, həyat riskinə rəğmən mübarizə edib qorumuşdular içlərindəki canlını. Dünyaya insan gətirmişdilər. O isə məğlub oldu.

Artıq xəstəliyi haqqında düşünmürdü. O məşum günlərdən onu böyük zaman kəsiyi ayırırdı. Və bu zaman kəsiyi gün-gündən böyüyərək xəstəliklə bağlı təlaşlarını heçə endirirdi.

Bilirdi ki, hələ insanlara lazımdır. Xəstələrinə lazımdır. Həmin o qadına lazımdır – o qadın ki, hər dəfə onu görəndə bir az da həyata qayıdırdı.

Soyuq qış günlərinin birində ərini itirmişdi. O, eləcə səssiz köçmüşdü dünyadan. Bu səssizlikdə onların hər ikisinin ağrıları gizlənirdi. Cozef sonuncu dəfə ağrılarını gizlədib səssiz-səmirsiz getmişdi. Marqaret ərinin cansız bədəninə baxa-baxa nədənsə onun üşüdüyünü düşünmüşdü. Jaketini çıxarıb üstünə sərmişdi. Sonra onu qucaqlayaraq eləcə oturmuşdu. Düşünmüşdü ki, bu adam onun yaşantılarının abidəsidir. Elə bir abidə ki, önünə gül-çiçək qoymaq, baş əymək lazım idi. Ərinin cansız bədənini qucaqlayaraq çox şeylər düşünmüşdü. Onu da düşünmüşdü ki, onun öz qatili bir şairin dediyi kimi, indi Allah bilir haralarda gəzir...

Get-gedə Marqaret balacalaşır, yumağa dönürdü. Elə bil ağrılarına bükülürdü. Xüsusi günləri ərinin məzarı başında qeyd edirdi. Güllər aparır, şirnilərdən xonça qururdu. Deyib-gülür, sanki onunla danışırdı. Bilirdi ki, Cozef onu eşidir. Sonra soyuq daşı qucaqlayır, bir neçə dəqiqə beləcə otururdu. Bu təması onun üçün heç nə əvəz edə bilməzdi.

İndi ərinin olduğu yer onun üçün azadlıq idi.

Onun özünə isə tanrı uzun bir vaxt vermişdi. O da qocalıb əldən düşənədək, xəyallarını bir-birinin ardınca öz əliylə qətl edərək yaşamışdı.

Və bu, həyat idi...

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #