Mübariz Məsimoğlu: “Şeirimi 700 min adam oxudu”

Mübariz Məsimoğlu: <span style="color:red;">“Şeirimi 700 min adam oxudu”
2 dekabr 2016
# 16:21

Kulis.az Şərif Ağayarla şair Mübariz Məsimoğlunun söhbətini təqdim edir.

- Mübariz bəy, biz çoxdan tanışıq, dostuq. Mən səni tanıyandan şeir və nəsrlə bağlı danışanda “sistem, sistem” deyirsən. Yenə də bu fikirdəsən?

- Təbi ki. Sistemsiz böyük ədəbiyyat ola bilməz.

- Necə izah edərsən bu anlayışı?

- Bir var nəzəri bilik, biri var empirik bilik. Başqa bir bilik də var: fitrətən gələn bilik. Fitrətən gələn bilik güclü olanda empirik və nəzəri biliklərə asanlıqla yiyələnirsən və təkcə yaradıcılığın deyil, həyata baxışın, ümumi dünyagörüşün sistem halına düşür.

- Bu istedad-intellekt söhbəti bizim mühitin əbədi mübahisə mövzusudur...

- Fitri istedad cilalanmamış almazdır. Oxumursansa heç nə yarada bilmirsən. Eyni zamanda fitri istedad yoxdursa, oxumaqla heç nə edə bilməzsən.

- Məncə, Azərbaycanda fitri istedad problemi yoxdur, o birisindən var...

- Fitrətən istedadlı insanlar var, ancaq zamanımız bulanıqdır. Ona görə, özlərini reallaşdıra bilmirlər.

- Elə bu narazılıq məqamında yadıma bir məsələ düşdü. Vaxtı ilə siz Azərbaycan Yazıçılar Birliyinin tərkibində fraksiya yaratmaq istəyirdiniz...

- Bakı Yazarlar Ocağı yaratmaq istəyirdik.

- AYO vardı də... Siz fərqli nə deyirdiniz?

- Demokratik cəmiyyət çoxspektrlidir. Təşkilatların çox olması yaxşıdır... Burda söhbət kiməsə qarşı qoyulmaqdan yox, daha geniş ərazidə imkanların reallaşdırılmasından gedirdi. Məsələn, dövlət AYB-yə pul ayırırdı, amma ortada ciddi iş yox idi. O pulları daha səmərəli xərcləmək olardı. Biz “Ədəbiyyat qəzeti”nə ayrılan pulun onda birinə daha yaxşı qəzet buraxa bilərdik.

- Sizin ətrafınıza toplaşanların hamısı AYB üzvləri idi....

- AYB üzvləri idi.

- Rəhbəriniz də Ədəbiyyat fondunun keçmiş direktoru Arif İbrahimov idi.

- Hə, Arif müəllimin sədr olması nəzərdə tutulurdu. Amma başqa tanınmış imzalar da vardı orda.

- Amma razılaşaq ki, Ariflə Anarın arasında bir az şəxsi dava da vardı...

- Onu işindən qanunsuz çıxarıb, yerinə layiq olmayan birini qoymuşdular.

- Kimi?

- Nazim İbrahimovu... Ədəbiyyata aidiyyatı olmayan adamdır.

- Arif müəllimin ədəbiyyata nə qədər aidiyyatı var?

- Arif müəllimin ədəbiyyatın idarə olunmasında xidmətlər göstərib.

- İdarəçilik davasıydı bu?

- Arif müəllim çox adam kömək eləyirdi. Çoxlu faktlar deyə bilərəm. Məsələn, Xəlil Rza tutulanda ailəsinə yaxından kömək eləmişdi. Ədəbi yaradıcılığı da var. Bu yaxınlarda peyğəmbər haqqında klassik üslubda gözəl bir əsər yazıb. Çox yaxşı işləyib.

- Bayaq sistemli bilgilərdən danışdıq... Bu gün klassik üslubda yazmaq nə qədər doğrudur?

- O da bir sistemdir. Klassik üslubla da bu gün gözəl sözlər demək olar. Misal üçün İlqar Fəhminin qəzəl formasındakı yenilikləri buna misaldır. Sadəcə, bunu yaza bilən adam lazımdır.

- Özün də hecada yazırsan adətən və bütün qaydalara riayət edirsən...

- Qarışıqdır məndə. Heca da var, sərbəst də. Bütün qaydalara əməl olunan da var, olunmayan da. Bilə-bilə edirəm. İmkan daxilində qaydalara riayət eləmək yaxşıdır. Bu cür yazanlara hörmətim var.

- Facebookda da aktivsən. Çoxlu şeir paylaşırsan, müzakirələr açırsan. Xüsusən aprel döyüşlərində müdafiə nazirinə yazdığınız şeir böyük rezonans yaratdı...

- Bəli. Bu şeir mənim ən ağrılı yerim idi. Çünki biz vətənin bir parçasını azad eləmişdik. Lələ təpəni. Mən həmin təpədən baxdım dünyaya. Xüsusən də gələcəyimizə. Bu da bizim indiki müdafiə naziri Zakir Həsənovun vaxtına düşdü. Mən onun şəxsində xilaskar gördüm və özümdən asılı olmadan belə bir şeir yarandı.

- Şeir çox oxundu...

- Hə, hardasa 700 min oxundu...

- Bunu hardan bildin?

- Müxtəlif saytlardakı, sosial şəbəkələrdəki oxunma saylarını təxminən üst-üstə gəldim...

- Bu, böyük rəqəmdir.

- Elədir. Şeiri əslində mən paylaşmamışdım, bir dostum böyük qrupların birində paylaşmışdı, ordan da saytlar götürmüşdü. Açığı bu qədər reaksiya gözləməzdim. Mən oxucu bolluğunu uğur hesab eləmirəm. Zamanında yerinə düşən şeylərdir uğur yaradan.

- Bəzi adamlar düşünür ki, şairin bu mövzulara müraciət eləməyi düzgün deyil. Şeir ayrı, müharibə ayrı...

- Həyat zamanlardan ibarətdir. Poetik zaman var, məişət zamanı var, siyasi zaman, iqtisadi zaman var və s. İqtisadi zamanda, siyasi zamanda, tarixi zamanda poetik zaman yoxdur, amma poetik zamanın içərisində bütün zamanlar var.

- Belə başa düşdüm ki, səncə, poeziyanın üzərində hər hansı ideologiya yoxdursa, qəbul olunur...

- Qəbul olunur.

- Əgər varsa, qəbul olunmur...

- Qəbul olunmur. Bütün zamanları poetik zamana tabe etdirə bilirsənsə, qəbul ediləndir. Məncə, mən bunu bacarmışdım.

- Düşünənlər var ki, Mübariz savadının hesabına yazır... Belə adamlara nə deyərdin?

- Yanlışdır. Mən təkcə yazılarımla yox, həyat tərzimlə də şairəm. Özüm üçün, ailəm üçün problem yaranacaq məqamlarda belə sözümü deməkdən çəkinmirəm. Əgər ölçülü-biçili, nəzəriyyədən gələn şair olsaydım, belə olmazdı.

- Sən bir az diribaş, işgüzar adamsan. Bəlkə burdan qaynaqlanır. Bizimkilər öyrəşib ki, şair mağmın olsun...

- Ramiz Rövşənin gözəl bir sözü var, deyir, Füzuli enən şərqin şairi idi...

- Burda qeyri-adi nə var ki? Dekadans dövrü idi də...

- Yox, o mənada demir. Deyir, vaxtıyla peyğəmbərlərdən sonra şairlər gəlirdi. Sonra şairlər bu yeri padşahlara, sonra vəzirlərə, sonra sarayın daha kiçik əyanlarına, sonra daha kiçik məmurlara güzəştə gedə-gedə aşağı endilər. İndi mən özümü enən yerdə görmək istəmirəm. Əsl şair belə olmalıdır. Sözdən başqa bu dünyada hər şey yalandır. Şair müdrik olmalıdır, hamıya nümunə olmalıdır. Lap mey içəndə də aristokrat olmalıdır, sevəndə də. Və bu aristokratlıq maddi imkandan yox, mənəviyyatdan gəlməlidir.

- Sən həm də filoloqsan... Ümumi ədəbi mənzərəni necə görürsən?

- Bir söz demək çətindir. Çünki bizdə bölgülər ya regionlar üzrə gedir, ya qruplar üzrə. Estetik istiqamətlər üzrə fərqliliklər yoxdur ki, baxıb rahat danışasan. Dünyagörüşü fərqli olan dost-tanışlar bir yerə toplaşıb.

- Azad Yazarlar Ocağının keçmiş üzvləri arasındakı qalmaqala necə baxırsan?

- Adamlar ayrılanda sakit ayrılmağı bacarmalıdırlar. Mətbəxin sirri mətbəxdə qalmalıdır. Ən azı ədəbiyyatın xətrinə, ən azı gələcəyimizin xətrinə.

- Ayrı-ayrı mətnlər üzərində vəziyyət necədir, səncə?

- Facebookda mənə maraqlı olan imzaların yaradıcılığını izləmək imkanı qazanmışam. Məsələn, Ayaz Arabaçı... Onun yazdıqlarını yəqin ki, saytlar yayımlamaz. Amma öz səhifəsində yayır və xeyli də maraq doğurur. Ramiz Qusarçaylının yaradıcılığında maraqlı yeniliklər görürəm...

- Onlar səninlə yaşıddırlar də... 80-cilər...

- Bəli. Qadınlardan Adilə Nəzər var, Rina İşıq var, Esmira Məhiqızı var, Vəfa Mürsəlqızı var, Aybəniz Əliyar var... Şəhriyar del Gerani, Kəramət Böyükçöl, Qan Turalı, Ayxan Ayvaz, sənin özünün mətnlərin...

- Bəzi ədəbiyyatçılar Facebookdan uzaq durmağı məsləhət görürlər...

- Mən əksini deyirəm. Qarşıma məqsəd qoymuşdum ki, hər gün Facebookda ürəyimin şəklini çəkəcəyəm və bu imkan mənə iki şeir kitabı yazdırdı.

- Necə?

- Şerirlərimi hər gün birbaşa Facebooka yazdım. Hər gün bir sevgi şeiri...

- Əsl Facebook ədəbiyyatı...

- Bəli. Facebook mənə çox geniş imkanlar verir. Üçüncü kitabım da çapa hazırdır.

- Adınız bir davada hallandı. Bu, şair imicinə mənfi təsir etmir, səncə?

- Mənim imicimi qoruyan tanrıdırsa, bəndə ona ləkə gətirə bilməz.

- Bir dəfə də, bütün azərbaycanlı kişilər qadınına xəyanət edir fikrinə görə söz konusu oldun.

- Demişdim, bəli. Dediyimin dalında da dururam. Düz demişəm. Hətta bunu da əlavə edirəm ki, xəyanət edən qadınların da sayı artıb. Bəlkə heç bu, xəyanət də deyil. Həyatdır... Ancaq bəzi adamlar deyir ki, belə şeylər olmur. Yalan deyirlər axı...

- Ailənizdə necə qarşıladılar bu fikri?

- Təbii ki, yaxşı qarşılamadılar, amma bu, həqiqəti dəyişmir.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #