news-inner
clock15:40 calendar-gray 30 Noyabr 2016 view-gray291 dəfə oxunub
view-gray291 dəfə oxunub

Bağlamanı internetdən öyrənən oğlan – MÜSAHİBƏ

Kulis.Az həvəskar bağlama ifaçısı Ələsgər Əsgərli ilə müsahibəni təqdim edir.

- Əvvəlcə özünü təqdim elə...

- Mən Əsgərli Ələsgər. Füzulinin Horadiz şəhərində anadan olmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat texnologiyası fakültəsində təhsil almışam.

- Maraqlıdır, bağlamaya marağın hardan yarandı?

- Əslində ilk dəfə məndə maraq bağlamaya yox, türkülərə olub. Daha çox Musa Eroğulu, Güler Dumanın türkülərini dinləyirdim. İlk dəfə Güler Dumanın türkülərini dinləyib sevmişəm. Onun məşhur bir türküsü var, “Türkülerle gömün beni” adlanır. Uşaq vaxtından türk musiqilərinə qulaq asırdım. Ancaq sözün düzü, türkülərlə tanışlığım çox gec oldu. Sevmirdim türküləri. İnsanın bir xüsusiyyəti var. Zaman keçdikcə düşüncən də dəyişir.

- Sənin də düşüncən dəyişdi və türkülərlə maraqlandın...

- Açığını deyim, mənim türküləri sevməyim bir türk qadınına görə olub. O qadın məndə türkülərə maraq oyatdı.

- Necə oldu bu?

- Bir türk qadınla münasibətim var idi. Çox yaxın.

- Sevgi...

- Bəli. Sevgi vardı aramızda.

- Türkiyədə yaşayırdı həmin qadın?

- Hə, Türkiyədə yaşayırdı.

- Görüşməyiniz çətin olardı...

- O söhbətin üstündən keçək (gülür). Bizim mövzumuz bağlamadır axı. Ona olan hislərim türküləri sevməyimə səbəb oldu. Türküləri dinlədiyim vaxtlar 2013-cü ildən başlayır. Daha əvvəllər də ara-sıra dinləmişdim, amma sazın səsinə fikir vermirdim. Mənə adi bir şey kimi gəlirdi, diqqətimi cəlb eləmirdi. Ancaq maraq oyanandan sonra türkülərdə daha çox sazın səsinə diqqət kəsilirdim.

- Musiqi təhsilin var?

- Bəli, var. Mən əslində zərb ifaçısı olmuşam. 5 il musiqi təhsili almışam musiqi məktəbində. Nağarada, pərdəli alətlərdə ifa etməyi öyrəndim orda. Amma sevməyərək öyrəndim. Ailəm məcbur göndərmişdi, mən də ona görə getmişdim. Ancaq nə vaxtsa bilməzdim ki, başqa bir musiqi alətinə marağım oyanar və burda aldığım təhsil bu barədə mənə kömək eləyər. Notları öyrənmişdim, yaxşı bilirdim. Bu mənə bağlamanı öyrənməkdə çox kömək elədi.

- Bəs nə vaxt bağlamanı öyrənmək qərarına gəldin?

- Bu əsgərlikdə olmuşdu. Əsgərlikdə keçirdiyim sıxıntıları, darıxmaqları türkülər oxumaqla ovudurdum. Vaxt keçmirdi, adamın sevdikləri üçün burnunun ucu göynəyirdi. Əsgərlik yoldaşlarımın yadında olar. Oturub onlara türkü oxuyurdum, onlar da maraqla qulaq asırdılar. Təbii ki, bağlama olmadan.

- Hansı mahnıları ifa edirdin əsgərlikdə?

- Sibel Canın “Berivan”, sonra “Elif” türküsünü oxuyardım. Əsgər yoldaşlarımın da çox xoşuna gələrdi. Çox yaxşı yadımdadır. 2014-cü ilin avqustun 10-u atam mənim yanıma görüşə gəlmişdi. Onda atamla söhbətdə dedim ki, inşallah, əsgərliyi sağ-salamat başa vurub evə qayıdım, özümə türk sazı alacam. Atam da razılaşdı. Belə də oldu. Mən əsgərlik müddətimi bitirdim və gəlib türk sazı aldım.

- Bağlamanın qiyməti nə qədərdir?

- Bilirsiniz, iki cür bağlama var. Qısa saplı bağlama, bir də uzun saplı bağlama. Mənim bağlamam uzun saplı bağlamadır. Azərbaycan musiqi mağazalarında qiyməti 150-180 manat arasında dəyişir.

- Uzun saplı ilə qısa saplı bağlamanın fərqləri nədir?

- Not düzülüşləri fərqi var. Qısa saplı bağlama 19 pərdədən ibarətdir, uzun sapda isə 23 pərdə olur.

- Bağlamanı aldın. Sonra başladın öyrənməyə...

- Azərbaycanda türk sazından dərs deyən müəllim olmadığına görə özüm öyrənməyə başladım. Çox həvəsliydim və öyrənəcəyimə əmin idim. İnternetdən mahnıları götürürdüm və notlardan istifadə edərək bağlamada ifa etməyi öyrənirdim.

- İnternet sayəsində bağlamanı öyrənmisən...

- Bəli, internetdən istifadə edərək özüm öz başıma öyrənmişəm. Notları bildiyimə görə mənə elə də çətin olmadı.

- İlk hansı ifaları öyrəndin?

- “Hekimoğlu” türküsünü öyrəndim ilk dəfə. Sonra bir neçə asan türküləri. Məsələn, “Delilo”. Bu ifalardan başladım öyrənməyə.

- Maraqlıdır, ilk dəfə harda bacarığını göstərdin?

- Tanıdığım bir internet klub var idi. Ora getmişdim, çiynimdə bağlama. Birdən ağlıma gəldi ki, elə ilk dəfə burdakı uşaqlar üçün ifa edim. Və başladım ifa etməyə...

- Reaksiyaları necə oldu?

- Güldülər. (gülüşmə)

- Bağlamanı internet sayəsində öyrənib internet klubda konsert verdin...

- Hə, istədim ilk dəfə tanış uşaqlar olsun. Çox çəkingən, utancaq biriyəm. İlk dəfə bağlama ilə şəhərə çıxanda mənə gülmüşdülər. Kompleks keçirmişdim. Sonra alışdım. Görünür, bizim camaat bağlamada adam görəndə təəccüblənir. Niyə gülürlər, anlamıram.

- Qəribədir...

- Hə, mən sevərək, çox həvəslə bu işə girişmişdim. Təzə-təzə öyrənəndə bir az çətinlik çəkdim. Sonra öz sevdiyim türküləri ifa etməyə başlayanda mənə çox xoş gəldi. Özümü ifadə etmək üçün bağlama mənə çox kömək edirdi. Artıq 1 ildir bağlamada ifa edirəm.

- Azərbaycanda bağlamada ifa edən varmı? Heç məlumatın var bu barədə?

- Elektron bağlamada peşəkarlar ola bilər. Ancaq mən sırf türk yörəsinə aid bağlama ifaçısı görməmişəm. Toylarda filan elektron bağlamada oynaq mahnılar ifa edə bilərlər.

- Mənə maraqlı gəldi. Niyə bizim sazı yox, türk yörəsinə aid sazı seçdin?

- Əslində bizim sazı öyrənmək daha asan olar. Çünki ustadlar var, sazdan dərs deyənlər var. Ancaq istək məsələsidir bu. Öz sazımızı xoşlamamışam. Saza ümumiyyətlə qulaq asa bilmirdim əvvəllər. Bayaq da dediyim kimi, mənim saza marağım türkülərdən yaranıb, sırf sazın özünə yaranmayıb.

- Müəllim olmadan da öyrənmək çətin olar bağlamanı...

- Hal-hazırda mən professional səviyyədə deyiləm. İlişdiyim, çətinlik çəkdiyim məqamlar olur. Onu da özüm araşdırıb aradan çıxarmağa çalışıram. Bu da internetdən araşdırıb tapdığım qədəri ilə olur. Özüm öz istedadımla çatışmazlıqlarımı aradan qaldırmağa çalışıram. Harda zəifəm, harda düz ifa etmirəm. Bunları yalnız öz gücümə aradan qaldırıram.

- Bağlamanın tarixi nə vaxta dayanır?

- Açığı, bu barədə araşdırmalar aparmışam, ancaq yadımda qalmayıb. Ancaq onu deyim ki, bağlamanın tarixi qədimdir. Keçmiş zamanlarda saza bənzər alətlər olub, qopuz filan. Sonra tədricən indiki saz halına gəlib. Bağlama Anadolu qisminin ifa etdiyi musiqi alətidir. Anadolu kəndlərində hər evdə bağlama var. İfa etməyi bacarmasalar da bağlama evdə olmalıdır.

- Bizdə sazı divardan asardılar...

- Hə, onlarda da elədir. Ənənədir.

- Maraqlıdır. Deyirsən ki, səndə bağlamaya sevgi türkülərdən olub. Mənə elə gəlir, bağlamada bir etiraz ruhu da var. Məsələn, Ahmet Kaya...

- Əlbəttə. Ancaq mən heç bu haqda düşünməmişəm. Mənim sadəcə türkülərə sevgim var. İstəyərdim ki, bir gün Azərbaycanın Ahmet Kayası olum.

- Böyük kütlələrə çıxmaq istəyirsən...

- Hə, istəyirəm. Ancaq hələ ki, çəkinirəm. Çünki tam istədiyim kimi ifa edə bilmirəm.

- Evdə dinləmirlər?

- Atamın xoşuna gəlir. Evdəkilər müsbət rəy bildirirlər. Onlar da istəyirlər ki, yaxşı öyrənim. Ancaq hələ ki, tələsmirəm, özüm üçün ifa edirəm.

- Əsgərlikdə türkülər oxuyurdum deyirdin. İndi bağlama ilə bərabər oxumaq istəmirsən?

- Əlbəttə, istəyərdim oxuyum. Ancaq əsgərlikdə oxuduğum bambaşqa idi. Yəqin sıxıntıdan, darıxmaqdan səsim gözəl çıxırdı. İndi isə bilmirəm necə olar.

- Azərbaycanın Ahmet Kayası olmaq üçün bu da lazımdı...

- Bilirəm. Mən buna görə çalışıram onsuz da. Ancaq oxuduğun gərək içdən gəlsin, duyğularla süslənsin. Bir müddət var idi ki, ancaq Ahmet Kayanın mahnıları üzərində işləyirdim. “Söyle”, “Nerden bileceksiniz”, “Kum gibi” və s. “Şafak türküsü”nün üzərində çox çalışmışdım və sonda alındıra bilmişdim. Çox gözəl ifa edə bilirəm indi.

- Depressiyaya düşmürdün ifa edəndə?

- Yox, deməzdim. Ahmet Kaya təsirli oxuyur, ancaq ifa edəndə onun səsi yadımdan çıxırdı. Özümü bağlamaya bağlayırdım ancaq. Ahmet Kayanın həyatı məni kədərləndirib. Ona qarşı edilən haqsızlıqları qəbul edə bilmirəm.

- Söhbətin əvvəlində demişdin ki, sevdiyin qadına görə türküləri sevdim. İndi həmin qadın sənin bağlamada ifa etməyini bilir?

- Hə, bilir. Ancaq artıq yaxın münasibətimiz yoxdur.

- Bağlamanı sənə sevdirən qadınla yollar ayrıldı...

- Demək olar ki, hə...

- Ələsgər, ən sevdiyin bağlama ifaçıları kimlərdir?

- Ən çox sevdiyim Musa Eroğludur. “Telli turnam”, “Mihriban”, “Pınar başından bulanır” mahnıları möhtəşəmdir.

- Sənə Azərbaycanın ilk bağlama ifaçısı demək olar?

- Azərbaycanda mənim qarşıma çıxmayıb bağlama ifaçısı. Gənclər də maraq var. Ancaq onlar sadəcə dinləməyi sevirlər, öyrənməyi yox. Deyəsən, elə bir mənəm ifa edən.

- İlk bağlama ifaçısı... O da həvəskar...

- Bəli, mən həvəskaram.

- Müsahibə üçün çox sağ ol.

- Siz sağ olun.

news-inner-user
Ayxan Ayvaz

442 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Xalça şərqisi – Rafiq Tağının hekayəsi
15:41 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020