Havalandırma sistemi - Ömər Xəyyamdan YENİ HEKAYƏ

Havalandırma sistemi - Ömər Xəyyamdan YENİ HEKAYƏ
24 noyabr 2016
# 15:47

Kulis.az Ömər Xəyyamın “Havalandırma sistemi” hekayəsini təqdim edir.

“Ədalət” qəzetinin birinci səhifəsində Cəfərqulunun sədrlə birgə şəklini görəndən bəri imzası da dəyişmişdi Bayramovun: soyadının baş hərfini əvvəlkindən böyük yazsa da, yenə siyahıdakı imzalardan balaca görünürdü. Davamiyyət cədvəlində birinci sədrin adı yazılmışdı, ikinci sədrin müavini, üçüncü baş mühasib, sonra Bayramov. Cəfərqulu ondan iki adam sonraydı. Niyəsə Bayramova elə gəlirdi ki, Cəfərqulunun sədrlə bir yerdə şəkli yayılandan sonra imzası da böyüyüb, “C” yuxarıdakı imza yerinə qədər uzanıb, sədrin imzasındakı “Z”-lə birləşir.

Ümumi şöbədə üç nəfər işləyirdi. Başqaları işləməyib siqaret çəkəndə, ya da bir kənara çəkilib işə aid olmayan hansısa məsələni müzakirə etməyə başlayanda, xüsusən də, bu söhbətlər pıçıltı ilə gedəndə, Bayramovun sifəti tutulur, gözləri bərəlir, qulaqları şəklənirdi. Pıçıltıdan bir şey anışdıra bilməyəndə qabağındakı qəzetin vərəqlərini tez-tez çevirməyə başlayırdı, söhbət uzandıqca, otaqda vərəqlərin xışıltısı klaviaturanın tıqqıltısına qarışırdı, əsəblə içdiyi çay, sanasan, boyun-boğazından köynəyinin boyunluğuna axır, mədəsinə gedib çatmırdı. Dodaqaltı söylənməyi tuturdu.

Bayramov o qədər də quru adam deyildi. Siz onu gözünə hallı-əhvallı, yastı-yumru bir qadın dəyəndə görəydiniz. Qəfil klaviatura susar, qapqara yoğun qaşlarının altındakı şabalıdı gözləri böyüyər, nazik qırmızı dodaqları qaçardı. Sonra əlini kəkilinə çəkər, saçlarını səliqəyə salardı.

Bu vaxtadək neçə yerdə işləmişdisə, vəsiqələrini səliqəylə portmanatının arasına qoyub saxlardı. Qəribə vərdişləri vardı Bayramovun: avtobusa minəndə, qatarla gedəndə tez-tez qalstukunu düzəldər, vaxtaşırı əlini cibinə salar, portmanatına toxundumu, rahatlıq tapardı.

Bayramov elə bilirdi ki, onsuz dünyanın işi getməz, planet cızığından çıxar, daş üstündə daş qalmaz.

Qəzetdəki şəkil məsələsindən iki gün sonra Bayramov qəfil duyuq düşdü ki, yarım saat olar Cəfərqulu yoxa çıxıb. Otaqları bir-bir gəzdi, mətbəxə göz atdı, cəsarətini toplayıb düz sədrin otağına qədər yeridi, amma qapını döyməyə ürək eləmədi.

Sədr illərdi idarə üçün can qoyan, işini həyatının mənasına çevirmiş Bayramovu Cəfərqulunun sözüylə yerindən eləməz. Canına bir rahatlıq yayıldı.

Pilləkənin başına çatanda quşqulandı yenə: Bəlkə dünən onu görəndə udqunub gizlətdiyi kağız elə Bayramovun yerinə gəlmək üçün yazdığı ərizəydi? İndi də ərizəsini götürüb gəlib sədrin qəbuluna?

Sonra yadına düşdü, keçən həftə Cəfərqulu idarənin mətbəxində Bayramova yaxınlaşıb kinayəli şəkildə demişdi ki, qiyamət işçisən, sən olmasan idarənin hesab-kitabı dolaşar. Bayramov həmin gün yaman əsəbiləşmişdi. Hətta təvazökarlıq eləmək istəmişdi:

-Siz allah, bu qədər tərifləməyin, mən də sizin kimi bir işçiyəm.

Bir az ucadan, pafosla dediyi cümlədən sonra çevrilib hamıya baxmışdı, gözləmişdi, gözləmişdi, heç kimdən səs çıxmayınca birbaşa evə yollanmışdı, amma yata bilməmişdi.

Bu həmin Cəfərquluydu ki, şəkli qəzetdə, özü də gülə-gülə sədrin otağından çıxır.

Bu həmin Cəfərquluydu ki, Bayramov onun sözlərindən sonra səhərə qədər yata bilməmişdi: “Dediyi sözə bax, bizim idarənin sənsiz işi keçməz! Verdiyi tərifə bax. Niyə paytaxtın yox, ölkənin yox, idarənin? Göstərsin görək məndən bacarıqlı mühasibi. Neçə hesabat bağlamışam, neçə balans sıfırlamışam. Bu təriflə məni dolayırlar. Bəlkə qarnım böyükdü deyə? Yoxsa boyuma görə?

Cəfərqulu Bayramova başıyla salam verib gülümsədi:

– Necəsən, cənab mühasib? Gözümə birtəhər dəyirsən.

– Sənin gözün yaxşı görmür, mən heç təhər deyiləm. Elə həmin Bayramovam!

Bayramova bu söz bir həftə bəs idi. Kağız-kuğuzunu yığıb saldı özünü evə. Güzgünün qabağından çəkilmədi, öndən baxdı özünə, arxadan baxdı özünə, dodağının altında mızıldandı: “Mənə nə olub, çox şükür, rəngim-ruhum üstümdə, üzüm qırışmayıb, gözüm çuxura düşməyib. Necə yəni gözümə birtəhər dəyirsən? Bir az qarnım irəli çıxıb, bir az da saçıma dən düşüb. Vaxtından qabaq saçımın ağarmağını da gözləri götürmür. Müdrik adamam da, bəs necə olmalıdı?”

Bayramov səhəri dirigözlü açdı. Hələ heç kəs işə gəlməmiş qapını kəsdi. Özünü şən göstərməyə, düşməni yandırmağa çalışdı. Kefinin kök olduğunu görən iş yoldaşlarından biri:

– Yenə kefin ala buludda gəzir, xeyir ola, Bayramov? – dedi.

– Bunu da özünüzə dərd eləyirsiz? Niyə mənim gülməyim başınıza daş salır? Kefim nə vaxt pis olub ki? Niyə məni görəndə ürəyiniz daralır?

Yoldaşının qabağını kəsdi, qoymadı qalxsın yuxarı:

– Niyə də, niyə, bax niyə?

– Vallah burda heç zad yoxdu, yoldaşıq, sən güləndə biz də şad oluruq.

– Axı mən güləndə niyə şad olursunuz?

– Bəs nə eləyək?

-Ağlayın!

– Nə olub sənə axı?

-Çünki mənim gülməyim sizə dərd olur. Elə sizə görə vədəsiz ağardı saçlarım.

– Günah özündədi də, Bayramov. Hər şeyi pisə yozursan, hər şeyi ürəyinə salırsan.

– Bax, məni yandırıb-yaxan da odu ki, günahı boynuma qoyub dəli eləyirsiniz adamı. Bu idarədə mənim dostum yoxdu, hamınız dələduz, hamınız kələkbazsınız!

– Sənin bir adama ürəyin yatır ki? – yoldaşı gözlərini bərəldib soruşdu: – Deməli, hamımız kələkbazıq, hamımız dələduzuq, hə? Bir sən süddənçıxmış ağ qaşıqsan, hə?..

Bayramov sonradan sözünün mənasını ölçüb-biçdi. Gördü ki, hamını ehtiyatsızlıqla təhqir edib.

Bu dəfə də bütün otaqları, mərtəbələri gəzdi ki, yoldaşını tapıb üzrxahlıq eləsin.

Üst mərtəbəyə çatanda gördü yoldaşı əlində kağız sədrin otağına girdi. Yəqin şikayət ərizəsi yazıb, elə indicə sədr onu çağırıb qovacaq işdən. Elə bil, içindən qatar keçdi. Gözünün qabağına Cəfərqulu gəldi: oturub onun kreslosunda, qabağında pürrəngi çay, idarənin hesabat işlərinə başı qarışıb. Yaxşı işçi olduğuna görə sədr tərifnamə də verib ona.

Bayramov sədri ağlına gətirəndə belə əlləri qeyri-ixtiyari qalstukuna gedirdi. Tezcə üst-başını səliqəyə salırdı.

…Bayramov bir səhər özünü pis hiss elədi. Gecəni çox narahat yatmışdı, ürəyi tez-tez sancırdı, yeməkdən-içməkdən də iyrənirdi. Dərhal həkimə getməyi, özünü təpədən-dırnağa yoxlatmağı qərara aldı.

Həkim orta yaşlı, əndamlı bir xanım idi. Onu görən kimi Bayramovun ağrısı-acısı yadından çıxdı…

Həkim kiçik çəkiclə qol-qıçının bəndlərini döyəclədi. Sonra da:

-Hmm, aydındı, – deyib əlüzyuyanın qabağına keçdi.

Bayramov tez geyindi, gözlərini həkimin əllərini yuduqca silkələnən əndamına zilləyib dalbadal soruşdu:

– Həkim, mənə nə olub? Deyin görək, xəstəliyim ağırdı? Yoxsa halım xarabdı? Niyə dillənmirsiz?

Sonra Bayramov otaqda hər şeyə nəzər saldı, hər şeyi qurdaladı, götürdü, baxdı, iylədi, bəzilərinə dilini də vurdu. Həkim əlini arxayınca yuyub qurtardı. Stol arxasına keçib nəsə yazmağa başladı.

Bayramovun fikrini həkimin toppuş əlləri, xalatının açıq yaxasından görünən ağ sinəsi, ətli buxağı məşğul eləsə də, içindəki şübhə bu xoş mənzərəni onun canına haram eləyirdi, hövsələdən çıxarırdı onu.

– Nə iynə-dərman lazımdısa bura yazmışam, gərək vaxt itirmədən müalicəyə başlayasınız.

– Axı bunlar nə üçündü? Mənim dərdim nədi?

– Əsəbləriniz yerində deyil, – həkim sakitcə cavab verdi.

Hirsi başına vurmadımı Bayramovun, vurdu, yerindən durdu, əli qeyri-ixtiyari döş cibinə, portmanatına uzandı, barmaqlarının ucu vəsiqələrə toxunan kimi rahatlaşdı, elə bil, cibindən ürəyinə cəsarət axdı:

– Bunu sizə kim deyib? Hər gün sədrin yanına girən o uşaq-muşağın işidi bu. Sizi öyrədiblər ki, mənə belə diaqnoz qoyub işdən qovdurasız?! Heç vaxt, heç vaxt buna imkan vermərəm! Heç bilirsiz mən kiməm?! Bilirsiz cənab sədr xətrimi necə istəyir?!

Sözlər həkimə toxunsa da, buna çox əhəmiyyət vermədi, hətta Bayramovun alovlu monoloquna güldü də.

– Məni ələ salırsız? – əli qeyri-ixtiyari döş cibinə, portmanatına uzandı – görərsiz!

Bayramov həkimin nə deyəcəyini gözləmədi, qapını çırpıb çıxdı.

Xəstəxananın dəhlizində var-gəl eləməyə başladı. Sonra bütün qapıları bir-bir açıb başını içəri saldı, heç kəsə heç nə demədən baxıb çəkildi.

Baxırdı görsün ki, iş yoldaşlarından bura gələn varmı…

Yenə hirsi soyumadı, bayaqkı həkimin otağına bir də qalxdı:

– Mənim dəli olduğumu kim deyib sizə?!

Birdəncə gözü masanın üstündəki kitaba sataşdı: “Məmurun ölümü”. Elə bil, içinə daş atdı kimsə, zaman qurbağa kimi çəkildi dibə; təsadüf, yoxsa işarə?

Bayramov “Məmurun ölümü” adına baxa-baxa nələr düşünmədi? Lap əvvələ qayıtdı, Cəfərqulunun qəzetin baş səhifəsində sədrlə yan-yana şəklinə qədər endi şübhələrinin dərinliyinə. İş yoldaşlarının otaqdakı pıçıltılarına qədər gəldi, bəlkə də həkimin toppuş əlləri fikrini azdırmasaydı, aydınca eşidəcəkdi onların pıçıltısını, yəqin ki, həmkarları Bayramovu işdən çıxartdırıb öz adamları Cəfərqulunu onun yerinə gətirtmək barədə danışacaqdılar.

-Mən həkiməm, sizin dərdinizin nə olduğunu baxan kimi görürəm.

– Mən dəliyəm, hə? Yox, sizi öyrədən var…

– Qorxmayın, vəziyyətiniz o qədər də ağır deyil, vaxtlı-vaxtında müalicə olunsanız keçər.

– Düzünü deyin, bizim işdən kim gəlmişdi yanınıza?

– İnanın ki, sizin iş yoldaşlarınızdan heç kimi tanımıram. Harda işlədiyinizi də bilmirəm axı!

– Bu kitab nədi bəs? Məmurun ölümü! Yox bir…

– Rus yazıçısıdı, Çexov. O da həkim olub, ona görə oxuyuram kitablarını.

Həkimin səmimi baxışı Bayramovun ürəyini yumşaltdı:

– Onda sözlərimi ürəyinizə salmayın, siz Allah.

– Yaxşı, salmaram. Amma siz də ürəyinizdən şübhələri silməyə çalışın.

– Çox sağ olun, həkim, vallah mən elə də pis adam deyiləm…

Bayramov həkimin otağından narazı çıxdı: Çexov, yox bir Çexol! Bilirəm hamısı onların işidir, bunu da təşkil eləyiblər. Arvada bax, həkimsən otur reseptini yaz, kitab oxuyan çıxıb!

İki yol ayrıcında ayaq saxladı:işəmi getsin, evəmi? Ağlına gəldi ki, idarədə olmasa, düşmənlərinin gözünün odunu almasa, elə bilərlər istədiklərinə çatıblar. Bəlkə doğrudan da, həkimi onun kreslosuna göz dikmiş Cəfərqulu öyrədib? Yox, idarəyə getməlidi, yerini yiyəsiz qoya bilməz!

Ümumi şöbənin qapısını açanda Bayramov gördü ki, Cəfərqulu onun iş stolunun arxasında dayanıb, qulağında telefon, əlində kağız.

Birdəncə başına çəkiclə vurdular elə bil, canına üşütmə gəldi. Huşunu itirdi…

…Bayramov üç aydır ki, ruhi-əsəb dispanserində yatır. Çarpayı yoldaşı bir gündən bir deyir ki, mən Çexovam, kitablarım çıxıb. Bayramov isə qışqırır: Səni öyrədiblər, yalan deyirsən, elə yazıçı yoxdur!

# 1249 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #