Bu şeirim plagiatdırmı? – Fərid Hüseyndən esse

Bu şeirim plagiatdırmı? – <span style="color:red;">Fərid Hüseyndən esse
23 noyabr 2016
# 15:30

Kulis.Az Fərid Hüseynin “Şeir və təsirlənmə” essesini təqdim edir.

Şairin oxumuş olması, mütaliə yatırı nə dərəcədə vacibdir? Yaşadığımız dövrdə yaradıcıların öz çatışmazlıqlarına biçdikləri “bəraət donu”ları o qədər çoxdur ki, yəqin, “vacib deyil” cavabı da istisna edilmir. Şeirin ilahiliyinə həmişə inanmışam. Mütaliənin kiminsə özünüifadəsini çətinləşdirdiyini, yaxud “beyin quruması” hallarını da namümkün saymıram. Müxtəlif yaradıcıların mütaliədən, oxudan aldığı reaksiya fərqli ola bilər. Mənimçünsə mütaliə, həyatı anlamaq, “cəhalətini azaltmaq” kimi əsas qayələri ilə yanaşı, həm də dünya ədəbiyyatında yazılanlara bələdlikdir, olanların “yerini bilmək”dir.

Oxucular bəzən oxşar şeirlərlə rastlaşanda onlarda belə bir sual yaranır: “Görəsən, təsirlənən şair, təsirləndiyi şairi tanıyırdımı, onun yazdıqlarını oxumuşdumu?” İttiham etməyin tutalqaları daha yaxında olduğundan, bəraətə əl uzadan az adam olur. Ona görə də çox vaxt oxşar şeirlərə plagiat yarlığı yapışdırılır.

Aşağıda oxuyacaqlarınızsa şəxsi təcrübəmlə bağlıdır: 2008-ci ildə belə bir şeir yazmışdım:

Bir anda...

Yağış altında çinar,

çinar altında adam,

adam “altında” ayaq,

ayaq altında addım,

addım altında qarışqa

hərdən “öldüm” deməyə vaxt tapmır.

Göyün əlində şəkil – Günəş və Ay,

Günəşin, ayın güzgüsü – dəniz,

dənizin içində balıq,

balığın içində kürü

hərdən tavada “yandım” deməyə vaxt tapmır.

İnsanın “içində” ürək,

ürəyin içində sevgi,

sevginin içində sevdiyin.

İnsan hərdən “sevirəm” deməyə vaxt tapmır – ölür.

Əslində, sevmək də, ölmək də

zamansızlığın içində gizlənir.

Saat, dəqiqə, saniyə şərti zaman ölçüləridi,

sevmək də, ölmək də bir anda olur,

bir anda...

“Bir də heç vaxt” adlı şeirlər kitabıma bu poetik nümunəni daxil edərkən belə bir şərh verdim: “Bu şair Nazim Hikmətin “Masalların masalı” şeirinin təsiriylə yazılıb”. Düzünü desəm, bu şeiri yazanda Nazim Hikmətin ancaq bəzi seçmələrini oxumuşdum, özü də indiki diqqətlə yox. Ola bilərdi ki, həmin vaxt “şeirli məclislərdə” kiminsə telefonunda Nazim Hikmətin o şeirini dinləmişdim. Xatırlamıram... Sadəcə bu qeydi kitabıma ona görə əlavə etdim ki, belə bir bənzərliyin təsadüfü olmasına az adamın inanması mümkündür. Düzünü desəm, özüm də az tərəddüd keçirmirəm. Həmin şeirlər birbaşa mənasında oxşar olmasalar da, daxili səsləşmə, struktur baxımından bənzəyirlər. Hər iki şeirdə sıralanma, mətləblərin bir-birinin “içində gizlədilməsi”, dayanması görükəndi... Nazim Hikmətin şeirini essenin sonunda oxuyacaqsınız, əsas məsələ isə başqa bir şeirlə bağlıdır.

“Bir anda” adlı şeirimin yazılmasından və dərcindən beş il sonra fransız şairi Jak Preverin kitabını mütaliə edərkən “İlk gün” şeiri ilə tanış oldum. Düzünü desəm, heyrət elədim. Çünki müəllifi olduğum “Bir anda” şeiri “İlk gün” şeirinə çox oxşayırdı, istər şeirin qurulması, istər ötürdüyü ismarıc baxımından. Yeganə aşkar fərq bundan ibarət idi ki, mən aqibət duyğusunu, sonluğun qaçılmazlığını, o isə yaradılışı və başlanğıcı şeirin məna qatına yerləşdirmişdi. Bu məsələdə məni ittiham edəcək adam tapılardısa yəqin belə deyərdi: “Preverin şeirini baş-ayaq edib”. Plagiat şeirlədə, əslində, iki nüans qabarıq görünür:

1. Oğurlanan misranın şeirin içində əridilməsi, gizlədilməsi...

2. Məlum mətləbin ünvanını əks tərəfə keçirmək, yəni ideyanı başqa bir mətləbin üzərinə eyni informasiya, fikir təlqini kimi bköçürmək...

İndiysə Preverin şeirini oxuyaq:

İlk gün

Bəyaz mələfələr aynalı dolabın,

qırmızı mələfələr yatağın,

uşaq anasının,

anası sancının,

atası otağın,

ev şəhərin,

şəhər gecənin,

ölüm bir anın içində

və uşaq dünyanın ində...

İki şeiri müqayisəli oxuyanlar, Preverin şeirini baş-ayaq etdiyimi düşünə bilərlər. Adətən, təsirlənən şairlər təsirləndikləri şairləri bəyənmirlər, fırıldağı, ədəbiyyat oyunlarını adətə çevirmişlər üçün bu olduqca məntiqlidir. “Bir anda” adlı şeirimi yazandan beş il sonra Preverin “İlk gün” şeirini oxusam da tərcümə etdim, o şeirr “Kaspi” qəzetində və 1937.az saytında çap olundu.

Təsadüfü deyil ki, Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında Xosrovun Ruma gedib Qeysərlə görüşərək Məryəmlə evlənməsi səhnəsini təsvir etmir. Çünki Firdovsi “Şahnamə”də həmin epizodu geniş nəql eləmişdi. Nizami Firdovsiyə işarə edərək yazır:

Bunları demişdir bir başqa yazan,

İndi mən oyağam, yatmış o insan.

Sındırsam özgənin nırxını əgər

Mənim də nırxımı özgə yox edər.

Nizami Firdovsinin mətnini təkrar edib, yaxud dəyişdirib yeni şəkildə təqdim etməkdənsə, o mətni yazmadan işarə edir. Nizami “Yatmış o insan” deyərkən Firdovsinin ölümünü nəzərdə tutur və “nırx sındırmaq” məsələsi də, ona işarədir ki, başqasının yaratdığını (qiymət biçdiyini – F.H.) mən dağıtsam, məndən sonra gələnlər də eyni şeyi mənə qarşı edəcəklər. Nizami bununla Firdovsinin yazdığını təkrarlamaqdan imtina edir. Özündən əvvəlkiləri oxumağın, əsas üstünlüklərindən birinin örnəyini görürük Nizamidə: sələflərini təkrarlamamaq...

İndi isə vədimizə əməl edək: Nazim Hikmətin “Masalların masalı” şeirini oxucuların ixtiyarına verək, yuxarıdakı iki şeiri müqayisə etməyə imkan yaradaq, ancaq sizdə, əziz oxucularda belə bir sual yaranmasın: “Nazim Hikmət, görəsən, Jak Preverin şeirlərini oxumuşdumu? Yaxud da əksinə: Jak Prever necə, Nazim Hikmətin yazdıqlarından xəbərdar idimi?”

Su kənarında dayanmışıq,

çinarla mən.

Sudan surətimiz görünür,

çinarla mənim.

Suyun bərqi vurur bizə,

çinarla mənə.

Su kənarında dayanmışıq,

çinarla mən, bir də pişik,

Suda sürətimiz görünür,

çinarla mənim, bir də pişiyin.

Su kənarında dayanmışıq,

çinar, mən, pişik, bir də günəş,

suda surətimiz görünür,

çinarın, mənim, pişiyin, bir də günəşin.

Su kənarında dayanmışıq,

çinar, mən, pişik, bir də günəş, bir də ömrümüz,

suda surətimiz görünür,

çinarın, mənim, pişiyin, günəşin, bir də ömrümüzün.

Suyun bərqi vurur bizə,

çinara, mənə, pişiyə, günəşə, bir də ömrümüzə.

Su kənarında dayanmışıq,

əvvəlcə pişik gedəcək

yox olacaq suda surəti.

Sonra mən gedəcəyəm,

yox olacaq suda surətim.

Sonra çinar gedəcək,

yox olacaq suda surəti.

Sonra su gedəcək,

Günəş qalacaq,

sonra o da gedəcək.

Su kənarında dayanmışıq,

çinar, mən, pişik, bir də günəş, bir də ömrümüz.

Su sərin,

çinar ulu,

mən şeir yazıram

pişik mürgüləyir,

günəş od ələyir,

çox şükür yaşayırıq,

Suyun şəfəqi vurur bizə,

çinara, mənə, pişiyə, günəşə, bir də ömrümüzə.

# 2480 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #