news-inner
clock09:00 calendar-gray 12 Noyabr 2016 view-gray232 dəfə oxunub
view-gray232 dəfə oxunub

Rayondan gələn tələbənin yaşadığı sirli ev

Kulis.az “Naməlum kino” layihəsində Cahangir Zeynallının 1989-cu ildə çəkdiyi “Əlaqə” filmini təqdim edir.

Süjet: Ali məktəbə yenicə qəbul olunan tələbə (İlqar Həsənov) paytaxtda kirayə mənzil axtarır. Küçədə rastlaşdığı elan lövhəsində iyirmi mərtəbəli binada, hər cür şəraiti olan, birotaqlı evin elanını görür. Ünvanı yazıb, ev sahibi ilə görüşə gedir. Evin sahibəsi qoca qadın (Aliyə Əliyeva) qədim binalardan birində yaşayır. O, tələbəyə kirayə verəcəyi evin qarşısında görüş təyin eləyir. Tələbə qadının dediyindən anlayır ki, ev onun vəfat eləmiş oğlunundur. Qadın tələbəyə mənzili iki şərtlə verir: mıxla bərkidilmiş qapını açmayacaq və gecələr mətbəxin işığını söndürməyəcək.

Tələbə ilk gündən evdə qəribə hadisələrlə rastlaşır. Divardan asılan şəkillərdəki adamlar dəyişir: orta yaşlı kişi gah bığlı, gah bığsız olur, gah gülümsəyir, gah ciddiləşir, qonşu otaqlardan qəribə səslər eşidilir, xətti kəsilmiş telefon zəng çalır, evdə olmayanda mənzildə kimsə işığı yandırır, divar saatı əksinə işləyir, əşyaları kimsə ağ örtüklə qapadır və s.

Tələbə müəmmanı çözmək üçün qadının qadağan elədiyi mıxlanmış qapını açır və burdan başqa mənzilə girir. Mənzildə fotoda gördüyü kişi (Rafiq Əliyev) ilə rastlaşır. O, qadının oğludur, psixiatrdır, elmi iş yazır. Kirayə verilən ev də onundur. Onun yaşadığı mənzil isə keçmiş arvadınındır. Evlənəndən sonra mənzillərini birləşdirdiyini deyir. Psixiatr tələbəyə izah edir ki, onun yaşadığı mənzil eksperimental tikintidir və burda müxtəlif fokuslar var. Özünün yaşadığı mənzil isə üçüncü mərtəbədə yerləşir, sadəcə, təpənin üstündə tikildiyi üçün iyirmi mərtəbəli bunayla eyni səviyyədədir. Daha sonra tələbənin eşitdiyi əcaib səslərin - xəstələrinin maqnitofona yazdırdığı səsi olduğunu deyir. Saatın əks istiqamətə işləməsini isə psixiatr, bir ay əvvəl ölən saatsaz qardaşının düzəltməsi ilə izah eləyir.

Tələbə şəkillərin dəyişməsi ilə bağlı sualına psixiatrdan cavab almaq istəyir. Psixiatr suala cavab vermir, tələbənin sayıqladığını düşünür və onun psixi problemlərinin olub-olmamasını yoxlamaq üçün müxtəlif suallar verir. Daha sonra psixiatr duş alıb geri qayıdacağını deyir. Amma vanna otağından yoxa çıxır. Tələbə mənzilinə qaydanda hamamda psixiatrla rastlaşır. Amma bu dəfə bığsız və başqa geyimdə. Ondan suallarına cavab tələb edəndə, adam təəccüblənir, astrofizik olduğunu, saatsaz qardaşının olmadığını və bu evin anasının ona kirayə verdiyini söyləyir. O, iştirak elədiyi beynəlxalq konfranslarda uzaq dünyalarla əlaqə yaratmaq problemlərinin araşdırıldığından danışır. Karıxmış tələbə isə nə düşünəcəyini bilmir...

“Əlaqə” filmi janrına görə fantastikadır. Hər halda Vikipediyada belə yazılıb. Hərçənd, filmi janrına görə qarışıq adlandırmaq daha düzgündür: dram, fantastikanın alt janrları olan horror, fantasmaqoriya. Yuxu ilə reallıq arasında sərhədlərin itməsi əsərə bir az da sürreal elementlər qatır. Filmdə həm insanlar arasında ünsiyyətin qırılması, laqeydlik, özgələşmək problemini qoyulur, həm də horrora, fantasmaqoriyaya uyğun olaraq qorxu, həyəcan atmosferi yaradılır, kabuslar, qəribə, zombiləşmiş məxluqlar dolaşır, hansısa fövqəladə qüvvələrə eyham vurulur.

Metoduna görə “Əlaqə” kamera filmidir. Əhvalatda bir neçə aktyor iştirak eləyir, hadisə məhdud məkanda baş verir.

Günümüzdən baxanda “Əlaqə” filmi janrının tələblərinə görə bəsit təsir bağışlayır. Əndişəli atmosfer yaratmaq üçün istifadə edilən təsvirlər, səslər - adamsız küçələr, sakit, minimalist, amma gərginlik ifadə edən musiqi, alaqaranlıq blokda qəfil pişik miyoltusu, balkondan ani görünüb, sonra yoxa çıxan qoca qadın, səssizliyi nəsə baş verəcəkmiş kimi pozan kəfkirli saatın tıqqıltısı, güzgüdə görünən naməlum adamlar və s. bu janrlarda çəkilən filmlərdə çox müraciət olunmuş klişelərdir.

Təsvirlərin eyni zamanda qəhrəmanın daxili monoluqu ilə şərh olunması filmi monoton, yorucu edir, halbuki, çox şeyi elə görüntü deməliydi.

Təsvir baxımından uğursuz, yoxsul olan film elmi fəlsəfi mahiyyətə iddia eləyir və iddianı doğrultmaq üçün vaxtaşırı planet, vulkan püskürmələri və s. göstərilir. Bu təsvirlər informativ verilir, əhvalatın dramaturgiyasına özünə yer eləmir, onunla bütövləşmək haqqını qazanmır, sadəcə, texniki anlam daşıyır.

Tələbə bağlı qapını açanda orda iri planda göz görünür və yada Bunuelin “Əndəlus köpəyi”ndəki ülgüclə kəsilən göz düşür.

Qadın kölgəsi, başı sarıqlı adam, itin kimisə dişləməsi, otağa doluşan ağ göyərçinlər - bir sözlə hər şey filmin adının “Əlaqə” olmasına rəğmən əlaqəsizdir.

Adla mahiyyətdəki ziddiyyət təsadüfi deyil. Filmin bütün məğzi odur ki, uzaq dünyalarla əlaqə qurmağa çalışırıq, amma yanımızdakı adamlarla ünsiyyət, əlaqə qura bilmirik, biganəyik. Müəllif bu kontekstdə Ermənistandan qaçqın düşən adamların portretləri ilə artıq o vaxt yenicə başlayan Qarabağ savaşına da işarə eləyir.

Amma ümumilikdə belə bir ideyanın ekran həlli alınmayıb.

Üstəlik, astrofizikin danışdıqları elmi mülahizə yox, onun son dərəcə bəsit imitasiyası, başqa dünyalarla bağlı deyilmiş fikrilərin sadəlövh ümumiləşməsidir: “Məşhur astrofiziklər neçə illərdi, güclü radioteleskoplar vasitəsilə yaxın qalaktikaları izləyirlər, amma nə olsun?! Nəticə yoxdur ki, yoxdur. Ulduzlar susur. İndi oturub başlarını sındırılar. Doğrudan da uzaq ulduzlarda şüurlu həyat varsa, niyə ordakılar hay vermirlər, nə mane olur onlara. Görünür, bizim şüurumuz əlaqənin tamamilə başqa növünü anlamağa, başqa növ əlaqə prinsiplərini dərk eləməyə qadir deyil. Bizə elə gəlir ki, kosmik əlaqə balıq tutmaq kimi bir şeydi – torunu atıb otur çay qırağında, gözlə haçan balıq gəlib düşəcək. Mənim fikrimin məğzi belədir, kosmik əlaqə başqa cür, tamam gözlənilməz, izaholunmaz şəkildə meydana çıxa bilər”.

“Əlaqə” Anarın eyni adlı povesti əsasında çəkilib.

Oxşar xəbərlər

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020