Cəmilə Həsənzadə: “"Mona Liza" zəhləmi tökmüşdü”

Cəmilə Həsənzadə: “"Mona Liza" zəhləmi tökmüşdü”
10 noyabr 2016
# 08:30

Kulis.Az sənətşünaslıq doktoru Cəmilə Həsənzadə ilə müsahibəni təqdim edir.

- Cəmilə xanım, istəyirəm başdan başlayaq. Siz Bakıda anadan olmusunuz...

- Bəli, İçərişəhərliyəm.

- Uşaqlıqda musiqiyə marağınız olub, amma rəssamlığı seçmisiniz...

- Musiqi ilə təsviri sənət arasında qalmışdım. O vaxt səkkizinci sinfi qurtarmışdım. Eyni zamanda da musiqi məktəbini bitirmişdim. Onda iki seçim arasında qaldım: musiqi savadımı artırım, bu sahədə təhsil alım, ya da ki, rəssamlığa baş vurum. Rəssamlığa marağım var idi. O vaxt Pionerlər sarayına gedirdim. Elə yaxşı, vicdanlı, məsuliyyətli müəllimlər dərs keçirdi ki... Nadir Axundov, Nəsibə Ağayeva... Allah onlara rəhmət eləsin! Onlar mənə çox şey öyrətmişdilər. Elə oldu ki, mən rəssamlığı seçdim, getdim Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin boyakarlıq fakültəsinə. Boyakarlıq çox xoşuma gəlirdi, ancaq rəsm də çəkirdim. Küçələrdə qrupla rəsm çəkirdik. Çox maraqlanırdım. Gözəl vaxtlar idi... O vaxt İncəsənət Universiteti, Rəssamlıq Akademiyası yox idi axı. Ona görə də Azərbaycanın ən gözəl rəssamları bizə dərs deyirdilər.

- Siz oxuduğunuz vaxtda Səttar Bəhlulzadəni görməmişdiniz?

- Səttar Bəhlulzadə dərs demirdi. Ancaq mən daxil olduğum il Səttar Bəhlulzadəni görmüşdük. Malakan bağında dərsləri keçirdik. Onun yanında çayxana var idi. Səttar Bəhlulzadə tez-tez ora gələrdi. Bütün tələbələrə, müəllimlərə açıq ürəklə bildiklərini paylaşırdı.

- Səttar Bəhlulzadə ilə ünsiyyətiniz olmuşdu heç?

- Bir az yaxşı çıxmırdı onda. Qız uşağısan, oğlanlar oturub onun həndəvərində. Amma mən kənardan dinləyirdim danışdıqlarını. Çox sadə adam idi. Nə qədər daxili zənginliyi vardı, o qədər də zahiri zənginliyi vardı.

- Dahi idi...

- Əlbəttə, əlbəttə... Nömrə bir. XX əsr Azərbaycan boyakarlığının ən böyük rəssamı. Rəssamlıq fırça ilə deyil. Fırça onun daxilini əks etdirir. Səttarın daxili aləmi dünya idi, kainat idi. Çox dərin adam idi. Füzulini əzbər bilirdi. O vaxt mən oxuduğum vaxt boyakarlıq, rəssamlıq Azərbaycanda çox inkişaf etmişdi. Hətta Sovet ölkələrindən lap qabaqda. Çox qəribə gəlirdi başqalarına ki, XIX əsrdə bədii böhran keçirən Azərbaycan necə bu cür sıçrayış elədi. Azərbaycan rəssamları dövrün yeniliklərinə açıq idilər, özlərini inkişaf etdirirdilər. Heç rusca danışa bilmirdilər, gedirdilər Moskvaya, Peterburqa, universitetlərdə təhsil alırdılar. Rus məktəbi nə idi? Avropanın bir qolu. Onlar ruslardan Avropa incəsənətini öyrənirdilər.

- Yeri gəlmişkən, siz də Sant-Peterburqda oxumusunuz.

- Əzimzadəni bitirdikdən sonra ora getdim.

- Boyakarlığın davamını oxudunuz?

- Yox, anam dedi ki, qadın xeylağından rəssam çıxmaz. Onda mən çox kitab oxuyurdum, dəlicəsinə. Nə yaxşı ki, indi kor olmamışam. Allaha şükür! Nə qədər oxuyurdum... İndinin özündə də o qədər oxuyuram ki, gecə yatanda ölü kimi düşürəm çarpayıya...

- Ananınız istəyini yerinə yetirdiniz...

- Sənədlərimi verdim sənətşünaslıq fakültəsinə. O vaxt da Moskvada faktiki olaraq sənətşünaslıq fakültəsi yox idi. Orda tarix fakültəsində balaca bir bölmə açmışdılar. Ancaq Peterburqda sənətşünaslıq fakültəsi ayrıca fakültə idi SSRİ-də. Peterburqdakı Rəssamlıq Akademiyası elit məktəb sayılırdı. Ona görə də ora çox az adam qəbul eləyirdilər. On-on beş nəfər qrafika, on nəfər boyakarlıq, heykəltəraşlıq lap az... Sənətşünaslıq fakültəsinə də on beş nəfəri qəbul edirdilər. O vaxt atam vəzifədə idi, dedi ki, gəl sənə “nasionalniy menşestvo” düzəldim. Dedim, yox e, bunlar mənə yuxarıdan aşağı baxsınlar, gedib imtahan verəcəm, keçdim, keçdim, keçmədim də, eybi yox. Getdim... Nə görsəm yaxşıdır? Bir yerə 46 adam sənəd verib. Bir imtahandan keçdim, sonra ikinci, üçüncü və dördüncü... Axırıncı imtahanda lap əsəbiləşmişdim. Çox hazırlıqlı uşaqlar var idi. Sovet vaxtı oxuyurdular e. İndi oxuyanı çıraqla axtararsan. Mən elə bilirdim, bir dənəyəm, sən demə, məndən nə qədər istəsən varmış. Hamı oxuyan, hamı əjdaha kimi öz sənətini bilən. Nəsə, qanım qara idi, axırıncı imtahana getmək istəmirdim (gülür). İmtahanı verdim. Onda 16 nəfər 4 imtahandan 5 qiyməti aldı. İmtahanlardan keçmişik, bilmirik, bizi götürəcəklər, ya yox. Axırda qərara gəldilər ki, 5-ci imtahan eləsinlər, “sobesedovaniya”. Yəni bütün fənlərdən imtahan. Hər nə isə, ürəyi istəyəni soruşacaqlar ki, görsünlər ancaq öz sənətini bilir, yoxsa başqa elmlərdən də xəbəri var. “Obşim”, onu da keçdim. İndi oturub gözləyirəm. Axırı başa düşdüm ki, qəbul eləyiblər. Atam gətirmişdi məni ora. Həm gün də yağış yağırdı. Yağışın altında nə təhər sevinirəm... (gülür). Çox istəyirdi mən oxuyum. Özü oxumuş, qeyri-adi adam idi. Dəhşətli hafizəsi vardı, həm də yaxşı şahmat oynayırdı. 10 nəfərlə eyni vaxtda şahmat oynaya bilirdi. Hamısını da udurdu.

- Atanız vəzifəli idi dediniz. Nə vəzifəsi vardı?

- KQB-də polkovnik idi. Ovaxtkı polkovnik indinin generalına bərabər sayılırdı. Səkidən keçə bilmirdi camaat onun qorxusundan... Hər nə isə, mən getdim universitetə. Əvvəl istədilər məni düzəltsinlər “obşijiti”yə. Atamın KQB-dəki köhnə bir tanışı düzəltdi işi. Orda lap qədimdən işləyən e... Arvadı da 1900-cü ildən idi. Bu kişi də onu 16 yaşında almışdı. O qadın da Nikolayın özünü də, arvadını da, əyanlarını da görüb. Filmlər çəkilmədən əvvəl çar həyatından mənə o qədər maraqlı məlumatlar verib ki... Aristokrat, varlı qadın idi, antikvar əşyaların içində yaşayırdı. Çox bəxtəvər adamam ki, belə bir qadını görmüşəm. Həm də bəxtəvərəm ona görə ki, 5 il Ermitaj muzeyində dərs keçmişəm.

- Muzeylərə aparırdılar...

- Dərsi muzeylərdə keçirdik elə. Biz muzeylərdə orijinal işlərə baxırdıq.

- Dünyanın böyük muzeylərindən biridir Ermitaj. Çox maraqlıdır.

- Bilirsən, nə məktəb idi?! Eh! Mən təkcə Ermitajda yox, dünyanın bütün muzeylərində olmuşam.

- Parisdə Luvr muzeyində də olmusunuz yəqin...

- Olmuşam nədi? Orda iki həftə işləmişəm e...

- “Mona Liza”nın orijinalı da ordadı...

- Bəli. Amma gəlin bundan danışmayaq. “Mona Liza”nı o qədər çeynəyib qurtarmışdılar ki, mən artıq ona nifrət edirdim. Düşünürdüm ki, orijinalına baxıb keçərəm. Amma kimsə elə bil məni mıxladı yerimə. Durmuşam rəsmin qabağında, gedə bilmirəm. “Mona Liza”nı görməmişdən zəhləmi tökmüşdü. Ancaq indi durmuşam yerimdə, baxıram, baxıram, baxıram, gedə bilmirəm. Yarım saat durmuşam “Mono Liza”nın qabağında. Mənim bir “podruqam” vardı, rəsmə baxanda, bir də gördüm gözündən yaş tökülür.

- Sirli əsərdi...

- Əlbəttə. Nəsə var o tabloda. Leonardo Da Vinçi heç bu dünyanın adamı deyildi. Ola bilməz ki, bir insanda bu qədər bilik və istedad olsun. Həmçinin, Nizami Gəncəvi... O da yəqin ki, bu dünyanın adamı deyil.

- Siz “Xəmsə”ni miniatürlərini kitab kimi çap etdirmisiniz...

- “Xəmsə”nin miniatürlərindən albom çıxartmışam. Mənim təşəbbüsüm deyil. Heydər Əliyev Fondundan sifariş elədilər, mən də hazırladım. Nizaminin o qədər böyük yaradıcılığı, o qədər çox əlyazması var ki... İndi mən yeni bir albomu işləsəm əvvəlkinin təkrarı olmayacaq.

- Təbriz miniatürü ilə məşğul olan üçüncü sənətşünassınız.

- Yalnız Təbriz miniatürü ilə məşğul olmuram, həm də miniatürün tarixi haqqında yazıram.

- Təbriz sizi niyə cəlb edib?

- Təbriz bizimkidir. Təbriz azərbaycanlıların, türklərindir. Türk sənətidir. 14-cü əsrdə Elxani dövründən başladı 16-cı əsrin axırına kimi. Üç əsr bu məktəb yuxarı başda olub. Ən güclü saray məktəbi sayılıb. 15-ci əsrdə Təbrizlə bərabər Herat məktəbi ortaya çıxdı. Teymurilər dövrünə təsadüf edir bu. Əmir Teymur Təbrizə gəldi və bütün mütəxəssisləri apardılar Teymurilərin paytaxtına. Demək olar ki, Teymurilər dövründəki miniatür təbrizlilərin əli ilə yaradılıb.

- Cəmilə xanım, sizdən əvvəl Adil Qazıyev, Kərim Kərimov Təbriz miniatürü ilə məşğul olub... Sovet vaxtı münasibət necə idi?

- O vaxtı miniatürlə məşğul olan yox idi. Adil Qazıyev özünü fəda elədi, şəhid oldu bu yolda. O qədər işlədi ki, sözün həqiqi mənasında kor oldu. Sonra ona laborant verdilər. Bu laborant faktiki onun gözü idi. Necə ki, kəpənək şamın həndəvərində fırlanır ha... Adil Qazıyev kəpənək idi, şam da miniatür. O, hər şeyini, canını, ömrünü, gözlərini bu sənətə qurban verdi. Mən bilmirəm, onu niyə yada salmırlar? Niyə onun “Dahi” kitabını Azərbaycan dilinə tərcümə eləmirlər?

- Adil Qazıyevdən sonra Kərim Kərimov gəldi...

- Bəli. 70-ci illərdə başladı işləməyə. Onda ona dəstək verdilər. Universitetdə dərs verdilər, kitab çıxartdılar. Sonra 1983-cü ildə Heydər Əliyev fərman çıxardı ki, miniatürlə məşğul olunsun və müasir rəssamlıq inkişaf etdirilsin. Onda Kərim müəllimin ən məhsuldar dövrü oldu. Kitablar da çıxdı, təbliğ də olundu.

- Və estafet sizə ötürüldü...

- Mən də onun aspirantı idim. Heç miniatürlə məşğul olmaq istəmirdim. Boyakarlıq təhsili almışdım və fikirləşirdim ki, müasir boyakarlıqdan yazaram. Uşaqlar da balaca idi. Mənim harama yaraşır miniatür? Əvvəl çətinlik çəkdim, sonra miniatürü sevdim.

- Siz miniatürlə məşğul olan tək adamsınız. Miniatür sənəti haqqında bizdə çox məlumat yoxdur. Heç bu sənətdən anlayışı olmayan birinə miniatürü necə izah edərdiniz?

- Bu gün ölməsəm, sağ qalsam, 70 yaşım tamam olacaq. Bu sahədə nə qədər kitab yazmışam. Miniatürü gərək ürəyindən hiss eləyəsən. Bizim rəssamlar sovet dövründən rus və Avropa boyakarlığını öyrənib. Rəssamlar da o vaxt o üslubda işləyirdilər. Yəni, insanların gözü öyrəşib üçölçülü boyakarlığa. Miniatür isə iki ölçülüdür. Miniatürü gərək anlayasan. Avropalıların çəkdiyi var, iki sevgili yan-yana arxada səma, buludlar, vəssalam. Miniatürə gərək saatlarla baxasan. Onun içərisinə girəsən. Miniatür kainata, kosmosa bir pəncərədir. Böyük rəssamın hər miniatürü kosmik miqyaslıdır. Orda rəssam özünün kainat və kosmos təsəvvürlərini canlandırır. Bu o demək deyil ki, planetləri çəkir. Xeyr, o adi şeyləri çəkir. Ancaq onların hamısı rəmzi məna daşıyır. Miniatürü elə-belə başa düşmək olmaz. Gərək dərin adam olasan. Gərək sən ona saatlarla baxasan ki, o pəncərə açıla və sən kainata qovuşasan. Miniatürün məqsədi Leyi və Məcnunu, Rüstəm Zalı göstərmək deyil. O vaxtı müsəlman aləmi çox savadlı idi, klassikadan xəbərləri vardı. İndi televizorda nələr danışırlar. Qorxurlar müsəlmandan. Miniatürün məqsədi o deyil ki, bunları göstərsin. Miniatür o süjetləri götürüb o biri dünyanı, cənnəti təsvir edir.

- Miniatür rəssamlarımızdan kimlər var indi?

- İndi bir neçə miniatür rəssamımız var. Onlardan biri Elçin Aslanovdur. Həm rəssam, həm də tədqiqatçıdır. Tarixi ilə maraqlanmır, sənətşünas kimi miniatür tarixindən mən yazıram. O isə miniatürün estetikasından çox dəyərli əsərlər yaradır. Həmçinin çox da gözəl bədii əsərlər müəllifidir. Sənan Qurbanov var idi, rəhmətlik. Rasim Bəbirov, Ədalət Bayramov, Nailə Sultanova, Nisə Əsgərova. Beş-altı nəfər yəni... Çox azdılar.

- Cəmilə xanım, ümumiyyətlə, miniatürün tarixi hardan başlayır?

- Təbrizdən danışsaq qədimə gedib çıxır. Miniatürün içində bir neçə cərəyan bir-birinə qarışıb sintez olub və beləliklə Təbriz məktəbi yaranıb. Bu məktəbin bir qolu gəlib çıxır islamdan əvvəlki incəsənətə. Camaat həm xristian idi, həm buddist... Bir sözlə nə istəyirsən ondan var idi. Buddistlər onların arasında ən mədəni kimi seçilirdi. İpək yolunda nə qədər ki, buddist məbədlər var, burda türk rəssamlar işləmişdilər. Bu bir qol. O biri qola baxaq. Monqolların yürüşü zamanı ərəb ölkələrində nə ki rəssam var hamısı qaçmışdı. Qaçanda da hara qaçır? Təbrizə. Bu da ikinci qol. Üçüncü qol da gəlir Çindən. Türk-monqol tayfaları, yəni Çingizilər Çini zəbt eləmişdilər. Onda onlar vəhşi idilər, ibtidai insan kimi heç nədən xəbərləri yox idi. Çadırlarda yaşayırdılar, atları otarırdılar, vəssalam. Bunlar Çin incəsənətini görüb dəhşətə gəldilər, çox güclü təsirləndilər. Deməli, İslamdan əvvəl türk incəsənəti, ərəb incəsənəti, yəni Bağdad-Mosul məktəbi, üçüncüsü də Çin. Bunların üçü az müddətdə sintez elədilər. 15-20 ildən sonra elə bir sıçrayış oldu, elə şedevrlər ortaya çıxdı ki, gözlərinə inanmırsan.

- Maraqlıdır, ərəb məktəblərində nələr qadağan idi? Hansı ki, onları çəkmək olmaz....

- Əvvəl-əvvəl insan təsvirini çəkmək olmazdı. Qadağaların içində təsvir olunan insanlar tipajlar idi. Qoca, cavan oğlan, qadın, hakim, sərkərdə tipajları. Tiplər yəni. O tipləri süjetə əsasən qarışdırırdılar bir-birinə. Sonra arxada plan yox idi. Avropada bu var. Avropada planlar arxada olurdu, ərəblərdə isə bir-birinin üstündə.

- Divarınızda Qurandan ayə var.

- Əlbəttə. Miniatürlə məşğul olan inanmaya bilər? Namazımı da qılıram, inanıram da.

- Məncə, yeganə sənətşünassınız ki, dörd dildə danışa bilirsiniz. İngilis, fransız, rus və Azərbaycan...

- Belə demək yaxşı çıxmır. Mən məktəb dövründən dil öyrənməyə başlamışam. O vaxtı görürdüm ki, sovet qəzet və jurnalları çox kasıb məlumatlar verir. Düşündüm, bunlarla kifayətlənmək olmaz. Başladım fransız dilini öyrənməyə. Məktəbdə keçirdilər, bünövrəm var idi. Hələ danışa bilmirdim, amma artıq o qədər öyrənmişdim ki, oxuyurdum. 16-17 yaşında oxuyanda demək olar, lüğətdən az istifadə edirdim. Düma, Balzak, Mopassanı orijinaldan oxuyurdum. Sonra gördüm, meydana yavaş-yavaş ingilis dili çıxır. Mən Peterburqda oxuyanda çox böyük kitabxanalarda oxuyurdum. Nə kitablar var idi, İlahi! Ləzzət eləyirdi mənə. Özü də dilləri öyrənməyə ayrıca vaxtım yox idi. Bizə çox böyük “naqruska” verirdilər. Başımız açılmırdı. Mən neyləyirdim? Təzə mövzu verirdilər, götürürdüm həmin mövzunu rusca öyrənirdim, sonra fransızca və ingiliscə də təkrar oxuyurdum. Nə şiş yanırdı, nə kabab. Həm fənnimi öyrənirdim, həm də dilləri.

- Ancaq Azərbaycan dilində çətinlik çəkirsiniz...

- Danışa bilirəm. Ancaq yazanda məni qorxu bürüyür. Qorxuram yazmağa, kompleks keçirirəm.

- Bütün kitablarınızı rusca yazmısınız...

- Bəli. Ancaq onların bəziləri ingilis və Azərbaycan dillərinə tərcümə olunub. İki cildlik kitabım var. O qədər də tərcüməyə pul vermişəm. Çap eləmirlər indi. Nəşriyyatda qalıb. 5-6 il çəkib e...

Ruscasına özüm çıxarmışam. İngilis dilinə də tərcümə olunub.

- Demişdiniz, Azərbaycan dilini sonralar öyrənmişəm...

- Hə, 90-cı illərdə, müstəqillikdən sonra. Məktəb heç e, mənim əhatəmdə Azərbaycan dilində danışan yox idi. Azərbaycan dilini xarici dil kimi öyrənmişəm. Sıfırdan yəni. Uşaqlar da bilmirdi e... Bir dəfə uşaqla getmişdik mərkəzə. Onda da Bakının mərkəzində hamı rusca danışırdı. Arxadan azərbaycanca danışıqlar eşitdik. Uşaq soruşdu ki, mama, oni na kakom yazıke qovaryat. Nə kitab, nə radio, nə televizor? Azərbaycan dilində heç nə yox idi. Mən 90-cı illərdə öyrəndim. Yaşım da çox idi, mənə çətin gəlirdi. Necə öyrənmişəm, özüm də məəttəl qalıram. “Podruqa”larım “aaa, tı po azerbayjanski koqda vıuçil” deyir (gülüşmə). Onlar hələ də danışa bilmirlər.

- Dilimizi gec öyrənmisiniz, amma “Yarasa” və “Ad günü” filmlərimizi fransız dilinə çevirmisiniz...

- Hə... (gülür). Bu, 1995-ci ildə olub. O vaxtı fransızlar mənə iki aylıq qrant verdilər. Mən Parisin yaxınlığındakı əyalətdə olmalıydım. Bizimkilər orda festivala qatılmalıydı. “Üç qitə festivalı” idi. Festival çərçivəsində Azərbaycan kinosu günləri keçirilirdi. Bir neçəsini səfirlikdən gələnlər tərcümə eləmişdi, iki film də mənə verdilər. “Yarasa”da çətinlik çəkdim, amma “Ad günü” ləzzət elədi.

- Rəssamlığı bilirsiniz, musiqi məktəbini oxumusunuz, pianoda ifa edirsiniz, üstəlik sənətşünaslıq doktorusunuz, neçə dil bilirsiniz. Çox zəngin bir insansınız.

- Hə, mənə deyirdilər, sən qundaqda olanda danışırdın. Məni o dediyim, aristokrat qadın öyrətdi. Nikolayı görən qadını deyirəm. Dedi ki, cəmiyyətdə utanmaq yaxşı əlamət deyil. Mən cəmiyyətin içində olurdum, deyirdilər, pianoda ifa elə, eləyirdim, mahnı oxu, oxuyurdum, fransızca danış, danışırdım. Mənə müasir tərbiyə vermişdi o aristokrat qadın. Yaxşı məktəb keçdim mən. Çox güclü məktəb. Hamı oxuyurdu, mən də oxuyurdum. Yarış idi elə bil. Bizdə paltar, dükan söhbəti olmazdı. O nəydi elə? Bizim oxumaqdan başımız açılırdı ki?

- Bu qədər iş, kitab oxumaq, rəssamlıq, miniatür... Başqa həyatınızda nə var?

- Çoxlu dostlarım var. Mən insan sevən adamam. Əslində mən kef içində yaşaya bilərdim. Ancaq işləmədən dura bilmirəm. İki oğlum var. Onları evləndirmişəm, təhsil vermişəm.

- Demişdiniz, uşaqlarımı zorla oxutdurmuşam...

- Uşaqları... Oy! Bezdirmişdim onları. Oğlan uşağı məsuliyyətsiz olur axı. Yayda saat 2-dən 5-ə kimi əlimdə kitab oxuyurdum, oxuyurdum, çənəm yorulana qədər. O qədər oxuyurdum ki, səsim başıma düşürdü. Zato, döyə-döyə oxutdum. Tək evdə yox e, yolda da onları məlumatlandırırdım. Oğlan uşağının ki, başı boşaldı, onda pis yola düşür.

- Sizin sənətinizə marağı olan var?

- Hə, kiçik oğlum. Sənətşünaslıqla yox amma. Oğlum miniatürdə tarixi hadisələrin əksi ilə maraqlanır. Xüsusilə, Azərbaycan tarixi. Eyni zamanda Azərbaycanın İran, Osmanlı İmperiyası ilə əlaqələri.

- İndi nə işlə məşğuldur?

- İndi elə bir yerdədir ki, ailəsini dolandıra bilsin. Ancaq axşamlar yazır. Elmi işlə məşğuldur. Elmi işi atmır. Gündüzlər də işləyir bəzən. Böyük oğlum da öz profilinə uyğun işdə işləmir. Harda maaş var, orda işləyir.

- İncəsənət Universitetində dərs deyirsiniz. Həm də Elmlər Akademiyasında elmi işçisiniz.

- Mən kino həvəskarıyam. Lap əvvəldən. İndi o qədər baxmıram. Klassik musiqinin dəlisiyəm. Elmlər Akademiyasında iş görə-görə qulaq asıram. Sənətşünaslıq fakültəsində dərs deyirəm.

- Tələbələrinizdən razısınız?

- Bilirsiniz, mən magistrlara dərs keçirəm. Onlar da 5-6 nəfərdirlər. Baza var deyə ağıllı uşaqlardı. Bəyənirəm hamısını, hazırlıqlı uşaqlardır.

- Təbriz miniatür sənəti ilə bağlı sənədli film çəkilib: “Dünəni yaşadan sənət”. Siz də elmi məsləhətçi olmusunuz...

- Hə... Yaxşı filmdir. Dediyiniz kimi, elmi məsləhətçi idim. Bu yaxınlarda yenə göstərmişdilər o filmi. Gözəl çəkiblər, dövrü əhatəli göstəriblər.

- 70 yaşınız tamam olur. Rəssamlıq İttifaqının üzvüsünüz. Yubiley keçiriləcək sizə?

- Mən səs-küy salan adamlardan deyiləm. Ölmərik, sağ qalarıq, xudmani yığışıb qeyd edərik. Ayrıca öz rəfiqlərim, iş yoldaşlarımla keçirərəm yubileyimi. Sağlıq olsun!

- İş rejiminiz ağırdır...

- Elədir. Səhər dururam, ev işlərimi görürəm, qaçıram Elmlər Akademiyasına, ordan da dərs deməyə. Axşam da gəlib yenə işləyirəm kompüterdə, sonra da yıxılıb yatıram.

- Təqaüdə çıxa bilərsiniz...

- Mən bilirsən nə vaxtdan təqaüdə çıxmışam? 57 yaşımda e... Hamı da mənə gülür. 2002-ci ildə doktorluq müdafiə eləmişəm. Deyirlər, bəsdi də, onu yazırsan, bunu yazırsan, otur özün üçün kef elə. Nə vaxt sən özün üçün yaşayacaqsan? Bu yaşayışdı? Bir gün işləməyəndə özümü ölü kimi hiss edirəm. İşləməyəndə əsəbi oluram.

# 4827 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #