news-inner
clock11:12 calendar-gray 26 Oktyabr 2016 view-gray56 dəfə oxunub
view-gray56 dəfə oxunub

Elçin qadın şairlərdən yazdı: Payız ovqatının dedikləri

(Tanrı əzabları haqqında)

Mən bu qeydləri yazmağa başlarkən ilk ağlıma gələn bu sual oldu: «Lirik qəhrəman kimdir?» və görünür, burada təsadüfi bir şey yoxdur, çünki son on beş-iyirmi ildə mən tənqidimizdə (eləcə də müasir rus tənqidində) «lirik qəhrəman» ifadəsi (termini) ilə çox az rastlaşıram, elə bil, bu ifadə də öz bədii-estetik və fəlsəfi-psixoloji mündərəcatı ilə birlikdə sosrealizm tənqidinin tərkib hissələrindən biridir və sosrealizm ilə birlikdə artıq tarixin çevrilmiş səhifəsində qalıb.

Əksər hallarda tənqiddə lirik qəhrəmanın yerini şarin şəxsiyyəti tutur, halbuki, lirik qəhrəman ən yaxını müəlliflə əkiz ola bilər, ancaq əkizlər də daxili aləmin xüsusiyyətləri, ovqatı baxımından bir-birinin eyni deyil. Lirik qəhrəman hər hansı bir şeirin əhval-ruhiyyəsini ifadə edir, o, həmin şeirin bir tərəfdən subyektidirsə, o biri tərəfdən də obyektidir, ancaq biz bu barədə çox uzağa getməyək – lirik qəhrəmanın nəzəriyyədə yerini müəyyənləşdirmək ayrıca bir yazının mövzusudur.

Mən lirik qəhrəmanı ona görə xatırladım ki, son illərin poeziyasında ümumi poetik mənzərəni dəyişdirən maraqlı, hətta çox maraqlı bir bədii-estetik hadisə baş verir: elə bil, bir az obrazlı desəm, poeziya materikimizdən kənarda ayrıca bir poetik ada yaranır və o poetik ada üçün fəsillər yalnız payızdan ibarətdir, onun lirik qəhrəmanı payız ovqatı içindədir, bu ovqatı da ifadə edir.

O poetik adanın estetik-psixoloji aurası mənə payız fəslini xatırlatdığına görə onu şərti olaraq «payız ovqatı» adlandırıram və bu ovqat insani hissləri ört-basdır etməmək, bu hisslərin çılpaq ifadəsindən çəkinməmək və həmin ifadəni poeziyanın materialına çevirmək bacarığı baxımından əlamətdar və əhəmiyyətlidir. Payız ovqatının bu gün çağdaş poeziyamızda özünü bu dərəcədə açıq və mütəşəkkil ifadə etməsini, əlbəttə, bədii fikir azadlığı meydana çıxarıb, çünki sosrealizm dövründə payız ovqatının belə bir enerji, ardıcıllıq və aşkarlıqla özünüifadəsi mümkün deyildi – əgər söhbət payız ovqatından gedirdisə, deməli, söhbət yalançı sosrealizm nikbinliyinə tamam zidd bir qütbdən gedirdi.

Sosrealizm poeziyada (və ümumiyyətlə, sənətdə!) hər hansı bir payız ovqatını (Axmatovanın, Pasternakın, yaxud Axmadulinanın, bizdə Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Bayatlının və başqalarının ayrı-ayrı şeirlərində olduğu kimi) nəinki qəbul etmirdi, onunla aqressiv düşmənçilik aparırdı və tənqid də bu «payız ovqatını» görəndə dərhal sosrealizm barışmazlığını nümayiş etdirir, ən yaxşı (vicdanlı!?) halda isə susur, özünü görməməzliyə vururdu. Kədər, qüssə, misal üçün, Puşkinin «Elegiya»sından, Lermontovun «Xəzan yarpağı»ndan tutmuş Blokun, Qumilyovun şeirlərinəcən rus poeziyasının ənənəvi mövzularından biri idi, ancaq sosrealizm tənqidi və ədəbiyyatşünaslığı buna hətta rus poeziyasında belə, ana xəttdən ayrı düşmüş (yolunu azmış!) bir cığır kimi baxırdı.

Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır: epoxalar dəyişdi və bədii fikir azadlığı bu gün payız ovqatını poeziyamızın mövzularından birinə çevrib. Burası da maraqlı bədii-psixoloji (bəlkə, həm də ictimai-sosioloji?) bir cəhətdir ki, payız ovqatının daha çox, eyni zamanda bədii emossionallıq baxımından, məncə, daha təsirli poetik ifadəsi ədəbiyyata son illərdə gələn qadın şairlərimizin yaradıcılığında özünü göstərir.

Eyni nota dəfələrlə baxmaq kimidir

Həyat…

Bu yeknəsəqlik, eynilik, qat-qat artığına mənəvi ehtiyacdan doğan rəncideyi-hallıq payız ovqatının dibinə çöküb və bu şairənin (Gülsadə İbrahimlinin) lirik qəhrəmanı açıq-aşkar etiraf edir ki:

Mən sərçə sevgisiyəm

Payızda üzə çıxıram.

Bu payız ovqatı əbədidir, sonsuzdur, çünki adicə olaraq ilin mütəmadi dəyişən, bir-birini əvəz edən fəsillərindən biri deyil, onu təbiət yox, «tale ilahələrinin nəğmələri» yaradıb:

Zaman zolaqlarına bürünmüş

yer kürəsi

tale ilahələrinin nəğmələriylə.

(Günay Səma Şirvan)

Payız ovqatının bəzən aydın görünən, bəzən də görüməyən alt qatında həzin bir kədər, qüssə, pərişanlıq hökm sürür və payız aurası «payız ovqatı» dediyim həmin bədii-estetik hadisəni meydana çıxarmış istedadlı şairələrin yaradıcılığını elə əhatə edib ki, qışın qarından, yazın gül-çiçəyindən, yayın istisindən bəhs edəndə də payız ab-havası onların lirik qəhrəmanlarının poetik duyğularına hakimdir. Poetik «payız» obrazı bu qəhrəmanların özünüifadəsi üçün ən münbit zəmin yaradır və onlar «hər şeyi» unutmaq üçün bəzən hətta müstəqim mənada payızı arzulayırlar:

Elə istəyirəm

bu payız tez gəlsin…

… Unudum

hər şeyi,

unudum…

Payızı

heç belə

gözləməmişdim…

(Mənsurə Qaçayqızı)

Bu lirik qəhrəmanlar üçün hətta ay da «bulud arxasında gülümsəyir kədərlə» (Nilufər Şıxlı).

Payız ovqatı içində olan və kədərə bu qədər həssas lirik qəhrəman da sevir, ancaq onun kədəri, əslində, sevgi nigarançılığının ifadəsi deyil, çünki, baxın, «Gecənin səssizliyi» adlı gözəl bir şeirin tam bir qəmgnlik aləminə qapılmış həmin qəhrəmanı sonda nə deyir:

Bütün gedənlər kimi, dönəcəksən elə sən də…

Düşünürəm, bəlkə də, ölmərəm, dönməsən də…

(Arzu Hüseyin)

Doğrusu, bu kiçik şeir mənə miniatür bir novella təsiri bağışladı və bu gözlənilməz sonluğu yaradan da, dediyim kimi, sevgi, məhəbbət nigarançılığı, eşq üzüntüsü, «hicran-vüsal» söhbəti yox, həyatın məğzi haqqında düşüncələrin, bəlkə də təhtəlşüur hissiyatın ifadəsidir.

Bu kədərin miqyası əsrlərdən bəri Şərq poeziyasından əl çəkməyən, bəzən hətta dahiyanə istedadla (Füzuli!), ancaq çox zaman epiqonçuluq nümunəsi kimi söylənmiş (və bu günəcən gəlib çıxmış) «məşuq həsrəti» çərçivələrinə sığışmır və fakt budur ki, bu kədər lirik qəhrəmanın daxilindəki hissiyatdan – həyatın, o cümlədən də məhəbbətin mənasızlığı hissiyatından doğur. Güman edirəm ki, bu, çox zaman həmin qəhrəmanın poetik təfəkkürün alt qatından axıb gələn təhtəlşüur özünüifadəsidir və poeziyada belə bir dəruni kədəri qəbul etmək, yaxud qəbul etməmək – bu, artıq başqa söhbətdir (şəxsən mən qəbul edirəm).

Payız ovqatındakı məhəbbətin, sevginin daxili kütləsi (strukturu) dəyişib və «ömürlük məhəbbət olmur, əzizim» deyən lirik qəhrəman bu şairənin başqa bir şeirində:

İçimdə bir yaz üşüyür,

Payıza büründü, getdi.

Mənim məhəbbət sandığım,

Dumantək göründü, getdi.

- deyir, buradakı «payız» da, «yaz» da artıq fəsil müstəqimliyindən, birbaşalığından çox uzaq məcazi poetik obrazlardır.

Bu qəhrəman başqa bir şeirdə «Sevgidən savayı nə var əlimdə?»- deyir və belə bir sevginin müqabilində əsrlər boyu pərvanə şamda alışıb-yanırdı, ancaq bu lirik qəhrəman alışıb-yanmır, «Sənə nə verəcəyəm kədərdən başqa?» - deyir, ancaq şeiri oxuyandan sonra açıq-aşkar hiss edirsən ki, bu, bir bəhanədir, şeirin sonunda o, intihar edəndə:

Özümü atıram ağ ləpələrə,

Sevgim də içimdə intihar edir…

- tamam əmin olursan ki, bu intiharın səbəbi heç vəchlə maddi kasıbçılıq yox, mənəvi kədər dünyasıdır və bu kədəri intizar yaratmayıb, bu kədəri

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

- dərəcəsində məhəbbət yox, lirik qəhrəman üçün artıq məhəbbətin özünün də həyat kimi mənasız olması yaradıb.

Aydın məsələdir ki, söhbət Füzuli ilə gülünc olacaq bir müqayisədən getmir, söhbət payız ovqatı kontekstində ənənəvi mövzuların, poetik obrazların, yuxarıda dediyim kimi, bədii-estetik strukturundakı dəyişiklikdən gedir.

Hərgah haçansa Beyrək kimi bir igid gəlib bu lirik qəhrəmanları onların mənəvi dünyasını bürümüş payız sarısının içindən – payız ovqatından çıxarmaq istəyirsə, bu şeirin qəhramanı kimi, Kafir qızının dili ilə soruşur:

gör məni harda tapmışdın,

hansı günahındım, igid?

(Günel Şamilqızı)

Görün, igid necə böyük bir günah sahibiymiş ki, tale onu bu qəhrəmanla rastlaşdırıb, yəni tale onu yazın gül-çiçəyi içində xoşbəxt olan biriylə yox, payız sarısının ovqatı ilə yaşayan biri ilə rastlaşdırıb və belə bir rastlaşmadan sonra hansısa xoşbəxtlik perspektivləri tamam ümidsiz bir duman içindədir, çünki o payız ovqatının ünvanı, təkrar edirəm, sonsuzluqdur.

Payız ovqatında ünsiyyət Yaradana doğrudur, tez-tez Tanrıya (Allaha, İlahiyə) müraciət olunur, lirik qəhrəman obrazlı dili ilə məhz Onunla danışmağa can atır, insan – cəmi məxluqatın əşrəfi! – payız ovqatı üçün poetik mötəbərlikdən kənardadır.

Çıxdığım nərdivandan

Yıxılıram, İlahi.

(Rəsmiyyə Sabir)

- deyən lirik qəhrəman başqa bir şeirdə:

Dünya başdan-başa qaranlıq imiş,

Yıxılıb, özümü itirdim, Allah.

- deyir və məsələ burasındadır ki, belə bir əhval-ruhiyyə kontestində elə bir işıltı, qığılcım axtarmağa mənəvi ehtiyac olmur ki, bu cür dünya qaranlığının haçansa aydınlaşacağına bir ümid yaratsın.

Payız ovqatındakı bədbinlik də klassik poeziyamızdakı bədbinlikdən – güzəran bədbinliyindən («Bayram oldu, heç bilmirəm neyləyim, // Bizim evdə dolu çuval da yoxdur…»), vətəndaş bədbinliyindən («Əcnəbilər seyrə balonlarla çıxır, //Biz hələ avtomobil minməyiriz»), siyasi-ictimai bədbinlikdən («İmzasını qoymuş millət övraqi-həyatə, // Yox millətimin xətti bu imzalar içində…», eşq-məhəbbət bədbinliyindən («Vahida, etmə təmənna bivəfa məşuqədən, // Xubrular bivəfadər, bivəfadır, bivəfa…») və s., və i.a. – fərqlidir, bu, lirik qəhrəmanın artıq stixiyasına çevrilmiş bir bədbinlikdir, çünki o, təkrar edirəm, həyatın mənasızlığını (faniliyini, vəfasızlığını yox, məhz mənasızlığını!) dərk edib, burada hayıfsılanmaq, təəssüf, imdad, yalvarış yoxdur.

Baxın:

…Tanrı, öz varlığın eşqinə,

Mənə uzaqlardan gələn səslərə toxunma,

İçindən keçib get o səslərin,

İçindən keçib get.

(Hədiyyə Şəfaqət)

Və bu səsi dinləmək ehtirasını yaradan da, o səsi uzaqlardan gətirən də, nəhayət, o səslə nələrsə deyən də elə həmin payız ovqatı, mənəvi yüksəklikdə məskunlaşmış payız ab-havasıdır.

Hardasa bir yarpaq qopur yerindən,

Hardasa bir mən ölür…

Bu, «mən»in bəşəri taleyidir, milyonlarla «mən» ölür və onların hamısı bir başqası yox, «mən»əm, hər dəfə, hər yerdə «mən» ölürəm, «mən» nə sərhədlər tanıyıram, nə millətlər, Tanrıya isə öz əzabları (!!!) bəsdir və lirik qəhrəmanın Ondan heç bir umacağı yoxdur.

Sən öz əzablarını düşün…

Bu necə bir əzabdır ki, Tanrı mərtəbəsinə qalxıb və ümumiyyətlə, bu əzabkeşin ünvanı absurd deyilmi?

Yox, absurd deyil.

Bu Tanrı əzabı Ona – Tanrı ucalığına, bu ucalığın, aliliyin miqyasına layiq bir əzabdır və baxın, bu Tanrı əzabı «Hamımızın (yəni «mən»im və o yarpağın!- E) içində daha çox ağrıyırsan deyə» çəkilən əzabdır.

Elə buna – Tanrının «öz əzablarını» düşünməli olduğuna (belə bir məhkumluğuna!) görə də bu lirik qəhrəmanın payız ovqatından çıxmağa nə gücü, nə də – mühümü də çox güman ki, elə budur – həvəsi var:

Tanrı, öz varlığın eşqinə,

Səsimizə toxunma,

Nə yarpağın…

Nə mənim…

- və yer kürəsində onun üçün doğma və məhrəm bir yer, bir məsgən yoxdur:

Uçmaq…

Uçmaq…

Göy yeganə vətəndir…

Bunları da həmin lirik qəhrəman deyir:

Bir sevdalı qadının əlləri

Üzüldü düşdü torpağa

Payız yarpaqları kimi…

Bilmirəm, bu şairə (Hədiyyə Şəfaqət) klassik yapon poeziyasına münasibəti necədir, ancaq onun şeirlərindəki qüssənin incəliyi, bu şeirlərdəki akvarel mənə orta əsr yapon hokkularını, tankalarını xatırlatdı – təqlid mənasında yox, emossional təsir mənasında. Onun başqa bir şerinin lirik qəhrəmanı:

… Alma ağaclarının fəsliydi,

Axşamdı.

Leysandan sonra göy üzü mas-maviydi –

Mənə öləcəyimi dedilər.

- deyirsə, deməli alma ağaclarının çiçəklədiyi bu gözəl yaz mənzərəsi də onun payız ovqatına təsir edə bilmir, onun ruhunu azacaq da olsa yüksəltmir.

Payız ovqatı başqa bir şairənin (Nuranə Nurun) şerinin lirik qəhrəmanında, görün, necə bir təəssürat yaradır:

Gedərkən arxanca atdım

Yaz yağışlarından topladığım göz yaşlarımı.

Bu lirik qəhrəmanın içindən belə bir nida qopur:

Şeir üzlüm,

Gəlib pəncərənə yağa bilmədim.

Niyə? Səbəb nədir? Bu şairənin başqa bir şerinin qəhrəmanı, məncə, bu suallara cavab verir:

Mənə «gülüm» deyəndə sən,

Güllərin solan vaxtıydı.

Və söhbət, aydın məsələdir, cismani solğunluqdan yox, mənəvi solğunluqdan – payız ovqatından gedir, çünki o «şeir üzlü» (simalı) sevimli varlığın məskəni real dünya, gerçəklik yox, elə həmin payız ovqatının yaratdığı xəyallar aləmidir və bu incə, zərif lirik qəhrəmanımız bunu gizlətmir:

Özün doldura bilmirsən

Xəyalın dolduran yeri.

Başqa bir şeirdə:

Yaşanmayan xatirələri

Xatırlamaq qalacaq bizə.

Xəyal aləmindəki o illüziya heç vaxt və heç vəchlə reallaşmayacaq, bu, mümkün deyil, çünki, baxın:

Atdım gözlərimdən yollara məndə qalan xəyallarını

və qaçdım

qaça bilməyəcəyim yerlərə.

Artıq hər şey bitib («Səni məktub kimi yazıb bitirdim, Suallar, vergüllər… nöqtəyə qədər»), artıq real həyatın yaşatdığı xəyallar küçələrə atılıb və indi söhbət irreal xəyallardan, irreal bir mənəvi sığnacaqdan gedir, orda isə:

Kiçik həyəcanlarla başlayır

bütün böyük eşqlər.

Bu «böyük eşqlər» də indiki kontekstdə irreal dünyanın «böyük eşqi»dir, çünki real aləmdə bu eşq «kiçik həyəcanlarla başlayır», ancaq real həyatda hər şey «küçələrə atılıb», buna görə də payız ovqatında hətta «kiçik həyəcanlar»a belə yer qalmayıb.

Və payız ovqatının yaratdığı xəyal aləminin o sevimli sakini real həyatda tamam gücsüz və təsirsizdir, yəqin ona görə ki, real həyatın onun hisslərinə, təmizliyinə, onun səmimiliyinə, təmənnasızlığına, etibar və ilqarına yad olan mahiyyəti onu eləcə gücsüz, köməksiz və nəticə etibarilə şövqsüz, həvəssiz edir və o, bu mahiyyət içində şaşırır, özünü itirir, elə buna görə də:

Ala bilsən,

Gəl, al məni taleyimin əlindən…

- deyir, ancaq «Yetməyəcək gücün buna», yəni payız ovqatı «mən»im (bu ovqatın yaratdığı həmin varlığın) içimdə artıq əbədi olaraq məskunlaşıb, «mən» yanlız onu edə bilərəm ki:

Səninlə keçirdiyim sənsizliyin şərəfinə

Başıma çəkərəm göz yaşlarımı.

Bu şairənin başqa bir şerinin lirik qəhrəmanı «tənha gecəyə» təskinlik, toxtaqlıq vermək üçün əlindən nə gəlirsə, onu da edir:

Bütün günün xoş xatirələrini

- bu yerdə söhbət artıq real dünyada küçəyə atılmış xatirələrdən getmir – bu xatirələr payız ovqatına bürünmüş xatirələrdir. Şeirin ardını oxuyaq:

Ayı, ulduzu əsir götürülmüş (!- E.)

Tənha gecəyə danışıram ki,

Darıxmasın.

«Mən»im sirdaşım tənha gecədir və «mən» artıq mənəvi dünyama hakim kəsilmiş payız ovqatının necə üzüntülü olduğunu bildiyim üçün, ayı, ulduzu əsirlikdə olan o gecənin tənhalığına heç olmasa iynənin ucu qədər bir qığılcım işartısı gətirmək istəyirəm. Düzdür,

Hər xəzan olan yarpaq

Payız mövsümünə bir əlvidadı,

- ancaq «mən»im payız mövsümüm əbədidir və bu əbədiliyin necə bir qəm, qüssə, kədər olduğunu da yaxşı bildiyim üçün:

Hər cığırı sənə gedən yol,

Hər küçəsi sənə açılan şəhərəm.

Yağış yüklü buludların əlindən almışam səni

Göz yaşların səkilərimi isladır, ağlama.

Bu payız ovqatının məğzində gerçək, real həyatdakı böyük Yalan dayanır və bizim istedadlı şairələrimizin poeziyası hər dəfə bunu ya sətiraltı sızdırır, ya da birbaşa deyir:

Bir qucaq yalan imiş demək,

sevgili bildiyimiz.

Adambaşına bir ömür,

adambaşına bir sevgi,

adambaşına bir həsrət…

Həsrətin mənə bir ömür borcu var.

Və burada tamam bir əlacsızlıq, çarəsizlik var, burada heç nə payız ovqatı içində olan qəhrəmanlardan asılı deyil, çünki:

Seçə bilmədiyimiz adımız kimidir

Həyatımız da.

Və o həyat artıq «biz»ə («mən»ə) yaddır və sənin – söhbət real həyatdakı «sən»dən, real tərəf-müqabildən gedir – hətta «dönüşün (yəni peşimançılığın- E.) gedişinə xəyanətdi», ancaq «mən»im xəyal dünyamda xəyanət yoxdur, burada artıq nə gediş var, nə də sonrakı peşimançılıq (öz gedişinə xyanət olan qayıdış!) var.

Bu poeziya bir cəhəti də ortaya çıxarır ki, onu qeyd etməyə bilmərəm – bəzən bu payız ovqatı, elə bil, poetik mazoxizm (bilmirəm belə bir ifadə işlətmək olar, ya yox, ancaq güman edirəm ki, indiki kontekstdə mümkündür) təəssüratı yaradır və iş burasındadır ki, şəxsən mən özüm üçün müəyyən edə bilmirəm ki, belə bir səciyyə payız ovqatından doğur, ona doğmadır, ya yox?

Misal üçün, kiçik bir şeir:

Sonraları xatırladırsan mənə

Adın su olsun,

Susayanda içə bilim.

Heç kim sən deyilsən sevgilim

Mən də «sənin heç kimin» olmaq istəyirəm.

Hər halda, mənə elə gəlir ki, belə bir poetik mütilik payız ovqatının lirik qəhrəmanını sadələşdirir, onun mənəvi zənginliyi ilə, kədərinin, qüssəsinin psixoloji mündərəcatı ilə uyuşmur, hətta onu bəlkə də bir az alçaldır, çünki real həyat, gerçəklik o lirik qəhrəmanı mənən təmin etmir və o, artıq öz xəyal dünyasının sakinidir, həmin dünya daha uca bir məqamın ifadəsidir, lirik qəhrəman orada elə bir mərtəbədə məskunlaşıb ki, o mərtəbəni endikdə, xəyal dünyasından çıxmış olursan, çünki «sən» daha «mən»im yalnız:

Ətə-qana dönə bilməyən xəyal kimi,

Buxarlanmış şüşə üzərinə yazdığım adlar kimi

Yadımdasan.

Və düşünürəm ki, payız ovqatının belə bir etirafa da ehtiyacı yoxdur:

Səsimi içimdən alan gülüşlərimə

Yaşmaqlanmışam.

Zamandan gizlənirəm…

Doğrusunu deyim ki, obrazlı poetik dillə danışmağı bacaran bu şairənin (Nuranə Nurun) şeirlərində bəzən rast gəldiyimiz bu tipli poetik açıqlamalar məndə açıq qapını döymək təəssüratı yaradır, çünki onun poetik təhkiyəsi orijinaldır, obrazlar aləmi, dediyim kimi, zəngindir və sənətdə həmin zənginliklə adilik, sadəlik, bəzi məqamlarda isə primitivlik arasında hərdən elə sərhəd olur ki, get-gedə nazilir, ülgüc ağzı kimi həddən artıq iti olur və istedadın ortaya qoyduğu ustalıq da ondadır ki, o nazikliyi hiss edəsən – istedad daima (tənəffüssüz!) keşikdə dayanaraq, Məlikməmmədin kəsilmiş barmağı kimi, gərək bədii zövqü mürgüləməyə qoymasın ki, həmin sərhəd keçəsən.

Deyiləndə ki:

Günlər uzanır

Bir-birinə bənzəyən heykəllər kimi…

yaxud:

Boz qafiyəli şeirləri necə oxuyum ki,

Dilimə yatır, ürəyimə yox,

və qafiyə (yox-ox) xətrinə:

Belə cümlələrə necə şeir deyim ki,

Sanki, oxuyanın qəlbinə qara ox!

- kimi davam edirsə, bu misralar o saat müəllifin poetik təfəkkür tərzindən kənara çıxır, çünki təzə heç nə yoxdur, açıq qapı döyülür. Biz oxuyanda ki:

Heç kəs sahili dəniz qədər sevə bilməz –

bu, təzədir, səmimidir, ancaq sonrakı (və lazımsız!) misralarla bu poetik obrazın şərhi veriləndə, o izah ediləndə:

Gündə milyon dəfə yorulmadan,

gedib, gəlib üz-gözünə sığal çəkməz –

artıq təravət itir, bədii zövq şirniyyatı hiss etmir (ləpələr sahilin «üz-gözünə sığal çəkir») və bunlar istedadlı şairənin həmin obrazlı təfəkkür tərzinə yaddır.

Ancaq biz mövzumuzdan – payız ovqatından uzaqlaşmayaq və budur, bu ovqatın tipik bir qəhrəmanı, görün, başqa bir şairənin şeirində nə deyir:

As özünü ürəyindən

Unut onu.

(Ramilə Qardaşxanqızı)

«Onu» – yəni kimi? Yoxsa söhbət yenə nakam məhəbbət sızıltılarından gedir? Ancaq biz tələsməyək və şeirin ardını oxuyaq:

Sən nağıl olduğun kimi,

Nağıl düşün varlığını,

Göydən düşən almalara

Nağıl danış

Və özün yat,

Başını qat.

Bu dəfə biz «yat-qat» qafiyəsinin trafaretinə də fikir verməyək, çünki əsas məsələ, baxın, bu sonluqdur:

Sevsən də,

Sevməsən də,

«Bu dünyanı sevirəm» de.

Mən bu lirik qəhrəmanı ona görə tipik hesab edirəm ki, onun şikayəti real məhəbbətlə, cismani, hətta mənəvi sevgi ilə bağlı bir şikayət deyil, dünyadan (həyatdan) küskünlüyün ifadəsidir.

Bu isə başqa bir qəhrəmanın dedikləridir:

Bozarma taleyin üzünə –

bir gün qızar gözləri,

baxmaz heç nəyə…

(Feyziyyə)

«Gözləri qızmış tale» nə edər, lirik qəhrəman bizi bu taleyin hansı qorxunc zərbəsindən çəkindirmək istəyir? Baxın, nə ola bilər:

Dönüb qatil olarsan

öz-özünün qatili…

Bəs, sonra?

Kəsib parçalayarsan

İçində nə varsa,

Doğrayıb səpələrsən sapsarı sonsuzluğa.

Bu xəbərdarlığın emossmional təsir gücü ondadır ki, xəbərdarlıq sahibinə inanırsan, çünki onun üçün sonsuzluğun rəngi artıq müəyyənləşib və bu sapsarılıq onun daxilindəki həmin payız ovqatının sarısıdır.

Mənim üçün maraqlı bir cəhət də budur ki, alt qatı zərif bir həzinliklə dolu olan bu payız əhval-ruhiyyəsinin qəhrəmanları özlərini heç vəchlə aciz, məğmun poetik bir varlıq kimi (!) göstərmək istəmirlər (çünki həqiqətən də belə deyil!), onlar bəzən nəinki sərt, döyüşgən, hətta qəddardırlar.

Cavi Danın lirik qəhrəmanı deyir:

Mən olan şəhərdə

Bütün qadınları öldürmək istəyirəm,

kimsə səninlə tanqo oynamasın,

kimsə sarılmasın boynuna,

kimsə öpməsin barmaqlarını

Ancaq məsələ burasındadır ki, bu ehtiraslı, hikkəli, qətiyyətli misralar da, əslində, elə həmin payız ovqatının ümidsizliyindən axıb gəlir və buna görə də bu misralarda qatil psixolojisindən əsər-əlamət yoxdur. Bu lirik qəhrəmanın eqosu («mən»i) tamam bir ümidsizlik içindədir və onun arzuları da heç vaxt reallaşmayacaq ümidsiz arzulardır:

Sən olan şəhərdə

bütün qadınlar mən olum,

bütün qadınlar…

Bu istedalı şairənin başqa bir şerinin qəhrəmanı:

Burda indi

Yağışlar mövsümüdür, birdənəm…

- deyir, ancan alt qatda o «yağışlar mövsümü» zaman tanımır, çünki «indi» yox, daimidir, əbədidir və buna görə də həmin qəhrəman öz arzularında «birdənəsini» heç vaxt gerçək olmayacaq məchul (və absurd!) bir səfərə göndərir:

Get…

sən mənə

o ən uzaq sabahın

o ən uzaq anından

bir içim zaman fəth et,

gətir də ovuclarında…

dodaqlarım qurudu…

«Dodaqların bu qurusu» da əbədiliyə məhkumdur, buna görə də göndərilən o səfərin ünvanı mövcud deyil, necə ki, arzu olunan o sovqat da irreal bir şeydir və mən bir oxucu kimi əminəm ki, tərəf-müqabil («sən») də real aləmin sakini yox, elə həmin irreal dünyanın sakinidir – bu irreallıq, qeyri-mövcudluq, mümkünsüzlük payız ovqatının məğzindədir.

Başqa bir şairənin (Rəbiqə Nazimqızının) qəhrəmanı sərt (hətta vulqar!) bir qətiyyətlə:

Mənə heç nə demə –

tüpürə bilərəm hər şeyə:

rahatlığa, xoşbəxtliyə…

deyingən qonşulara, işə,

çoxdan unutduğum keçmişə.

- deyir, ancaq məsələ burasındadır ki, o rahatlığa, xoşbəxtliyə tüpürmək mümkün deyil, çünki bu şeirin ovqatını elə xoşbəxtliyin olmaması, mənəvi (olsun ki, həm də cismani) rahatsızlıq yaradıb və keçmiş həqiqətən «çoxdan unudulubsa», deməli, şeirin qərəmanı özünü aldadır, ya da aldatmaq istəyir – bu cəhd, istək özü də xoşbəxtsizliyin ifadəsidir. Düzdür, bəzən biz içəridən qopub gələn çox ciddi, kəsgin və qətiyyətli ittihamla da rastlaşırıq:

Tanrım, sən də günahkarsan,

Orda, o susduğun yerdə -

(Xəyalə Sevil)

- və hərgah payız ovqatı içində Tanrı əzabkeş olursa və oxucu bunu obrazlı poetik düşüncənin ifadəsi kimi təbii qəbul edirsə, yəni qədim yunan Allahlarıtək yerə endirilirsə, Onun – Tanrının günahkar (yaxud da, adi bəndələr kimi, günahsız, xoşbəxt, eləcə də bədbəxt, tənha, köməksiz və s.) olmasında da təəccüblü bir şey yoxdur.

Mən bu qeydləri fikir azadlığı söhbəti ilə başladım və bu fikir azadlığı poeziyamızda payız ovqatının tamam azad və sərbəst bir qəhrəmanını bədii-estetik arenaya çıxarıb.

Bu azadlıq Hədiyyə Şəfaqətin şeirlərindən birində söylənən «sarı-sarı çiçəklərin havasındakı azadlıq»dır, «olmaq və olmamaq arasındakı azadlıq»dır.

Bu azadlığın çərçivələri «olmaq və olmamaq arasında» həmişəlik müəyyənləşib, başqa bir şairənin şeirinin qəhrəmanının dediyi kimi:

Payızdan qaçan durnaya

Qoşulub qaçmaq olmur.

(Sara Selcan)

Doğrudanmı, payız ovqatının azadlığı bundan artığına qadir deyil?

Bəli, qadir deyil.

Yəni o lirik qəhrəman heç vaxt «payızdan qaçan durnaya qoşulub qaça» bilməyəcək?

Bəli, heç vaxt.

Bu konkret cavabları (hökmləri!) mən yox, poeziyamızın materikindən kənarda yaranmış həmin poetik adanın artıq sabitləşməkdə olan bədii-estetik qanunları verir.

Bu şairələr, çox güman ki, başqa mövzularda, başqa əhval-ruhiyyədə də şeirlər yazacaqlar (yaxud da ki, artıq yazırlar), ancaq onların poeziyasında payız ovqatı elə poetik dərinlərə çöküb ki, inanmıram gələcəkdə tamam bir kənarda qalsın.

Bəhs etdiyim müəlliflər istedadlıdır, onların poeziyasında estetik zəriflik, incəlik var – Svetayevanın bir misrası yadıma düşür, sətri tərcüməsi belədir: «Şeirlər ulduzlar və qızılgüllər kimi boy atır» (orijinalda: «Stixi rastut kak zvezdı i rozı») – ancaq onların hamısının deyilən sözü obrazlaşdırmaq bacarığı, düşüncələrinin estetik ifadəsi, bir sözlə, istedad dərəcəsi eyni deyil və bədiilik baxımından onların lirik qəhrəmanları diferinsial təsnifatlıdır.

Bu şairələrin (yeni generasiyanın!) poeziyası isə bir yerdə, bir küll halında, müştərək olaraq artıq payız ovqatının estetik obrazını əldə edib və bu obraz, başqa sözlə desəm, «sarı-sarı çiçəklərin havasındakı azadlıq» həmin «olmaq və olmamaq arasından» çıxsa, bu maraqlı (səmimi və orijina!) ədəbi hadisəyə son nöqtə qoyular.

Ancaq mən istəməzdim ki, belə olsun.

12 avqust 2016

news-inner-user

12846 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı
20:44 16 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb
18:21 16 Oktyabr 2019
Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası
17:44 16 Oktyabr 2019
Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
17:11 16 Oktyabr 2019
Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16:30 16 Oktyabr 2019
“Bir şeir” yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq
15:53 16 Oktyabr 2019
Yarışmanın 10-luğu açıqlandı – Siyahı
14:38 16 Oktyabr 2019
Bakı Beynəlxalq Animasiya Festivalının proqramı bəlli oldu
14:01 16 Oktyabr 2019
Kukla Teatrında ustad dərsləri davam edir
13:21 16 Oktyabr 2019
Koko Şanel haqqında yeni film çəkildi
12:40 16 Oktyabr 2019
Akif İslamzadənin atasının intiharı
12:10 16 Oktyabr 2019
Yoldaşım bu yazını oxuyub dava salacaq
11:34 16 Oktyabr 2019
Azərbaycanlı yazarın Türkiyədə kitabı nəşr olundu
11:08 16 Oktyabr 2019
Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı
10:35 16 Oktyabr 2019
Salvador Dalinin əsəri oğurlanıb
10:02 16 Oktyabr 2019
Qadınlarla bir yerdə işləmək olmur – Günel Natiq yazır...
09:01 16 Oktyabr 2019
Filmlərimiz Seulda nümayiş olunacaq
18:44 15 Oktyabr 2019
Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
18:01 15 Oktyabr 2019
Cetonia Aurata Mənəm! – Şamxal Həsənovdan hekayə
17:30 15 Oktyabr 2019
Xalq Mahnıları Festivalı başa çatıb
16:39 15 Oktyabr 2019