Avtobusdakı kor dilənçi və sevgilisi

Avtobusdakı kor dilənçi və sevgilisi
24 oktyabr 2016
# 12:13

Söz vaxtına çəkər, təxminən üç-dörd il əvvəl bu vaxtlar idi, sərnişinlə ləbələb dolu marşrut tıxaclı yollarla irəliləməyə çalışırdı.

Diqqətimi yanımdakı on bir-on iki yaşlarında yaraşıqlı bir oğlan uşağı, otuz-otuz beş yaşlarında bir kişi cəlb eləmişdi. Uşağın böyüyü idarə eləməsindən anlaşılırdı ki, kişi kordur.

Balaca tez-tez burnunun dibində dirəkdən yapışmış korun əlini ehmalca itələyirdi:

- Əlini o yandan tut, öyün yıxsın, eləjə qəpiy ilənir.

Anlamışdım ki, kişi təkcə kor deyil, həm də dilənçidir və onlar hansısa uzaq bir rayondan paytaxta dilənmək məqsədilə gəliblər. Mənzərə “Arxip baba və Lyonka”da olduğu qədər kədərli deyildi, uşağın dilavərliyi və zirəkliyi məndə nədənsə onun gələcəyi haqqında optimist fikirlər oyadırdı.

Korun isə dünya vecinə deyildi, bir əliylə yuxarıdan asılı qalıb, o biri əliylə köhnə telefonunu qulağına bərk-bərk dirəmişdi və telefonda, kəsə desək, “qız bişirməklə” məşğuldu. Hiss olunurdu ki, qız danışdığı adamın kor bir dilənçi olduğunu bilmir.

Hər dəfə tıxacda tərpənəndə avtobus ləngərləyir və kor oturacaqda oturmuş adamların üstünə aşırdı. Hər dəfəsində də uşaq onu eyni səbrlə geri itələyirdi:

- Ə, sən sevgilinin canı, xalxı minmə.

Bu uşağın əsas vəzifəsi koru müşayət eləmək idi, amma o bununla kifayətlənmir, həm də xalqı kordan qoruyurdu.

Kişi isə öz aləmindəydi və elə şirin dillə danışırdı ki, sanki basabas avtobusda bir ayağı üstdə dayanmayıb, hansısa saray kimi evdə kresloya yayxanıb. O, bununla təkcə qızı yox, çox güman ki, həm də özünü aldadır və avtobusdakı ağır vəziyyəti yüngülləşdirirdi.

Axır ki, uşaq dözmədi, telefonu onun əlindən alıb söndürdü. Kor burnunu salladı.

Uşaq yanındakı çiyni çantalı yaşıdını gözdən keçirib koru dümsüklədi:

- Məktəbdən avtobusla qayıdırlar.

Kor dinmədi.

Bu dəfə uşaq baxışlarını pəncərədən çolə fırladıb, gördükləri haqda məlumat verməyə başladı.

- Yolun qırağında yalannan təpələr qayırıflar..

- ...

- Bir də güldən saat.

- Saat? - kor axır ki dilləndi.

- Həə, yekə, dumru.

...İndiki kimi yadımdadı, oğlan elə beləcə də dedi: "Dumru".

Bu əhvalatı keçmişin qaranlıq zirzəmisinə atmamağımın səbəbi də elə uşağın bu sözüdü. Hər dəfə həmin yolda həmin güldən düzəldilmiş saatı görəndə həmin uşağın ağıllı baxışları gəlib durur gözlərimin qabağında. Və mən o səhnəni bütün detallarıyla xatırlayıram. Gerçəkdən, o, niyə “yumru”ya “dumru” demişdi, hələ də anlamış deyiləm.

# 1601 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #