Təzədən mən sənə qayıdacağam

Təzədən mən sənə qayıdacağam
10 oktyabr 2016
# 11:10

Mirmehdi Ağaoğlu

Hərdən belə də olur. Səhər dururam və uzun müddət şeirlərini oxumadığım bir şairin hansısa misrası gəlir düşür yadıma.

Bilmirəm nədən, hansı səbəbdən belə olur. Əlbəttə ilk cəhddən mən bu halı hansısa mistik olaya bağlamağa çalışmıram.

Sonradan isə görürəm ki, yox, bu misranın yadıma düşməsi üçün heç bir səbəb olmayıb.

Zəlzələ kimi qəfildən olur (hərçənd onun da baş verə biləcəyini qabaqcadan bilmək olur) və mən bütün günü həmin misranın təsirindən çıxa bilmirəm. O misranın eşqinə bütün günü bayram havasında oluram.

Bəzən o misra həmin günki ovqatımı müəyyən edir, bəzən səhərki ovqatım özü hansısa misranı tapıb gətirir.

Hərdən də o misra öncəgörənlik edir. Və mən bu öncəgörənliyi o qədər ciddi qəbul edirəm ki, bu qabiliyyətimi bir az da genişləndirsəm falçı ola bilərəm, Vanqa ola bilərəm, ən azı öz həyatımın falçısı.

Hərdən də təəssüf edirəm, axı bu misra mənə müəyyən mesajı vermişdi, nədən, axı nədən mən onun mesajını oxuya bilmədim.

Adətən ya gec başa düşürsən, ya da əvvəldən bilsən belə nəyisə dəyişmək gücündə olmursan.

Şəhriyar del Geraninin bir misrası ilə bağlı belə olmuşdu. Səhər durmuşdum. Şəhriyardan ölümlə bağlı bir misra quş kimi gəlib qondu dodağıma. Heç özüm də bilmədim necə oldu bədbinləşdim, kefim də yaxşı idi.

Həmişəki kimi o misranı dilimin ucunda təkrarlaya-təkrarlaya üzümü yudum, əynimi geyindim, səhər yeməyini yedim, evdən çıxdım, maşına oturdum, təzəcə yola çıxmışdım ki, zəng gəldi: “Baban rəhmətə getdi.” Şok olmadım, çünki sözün öncəgörməsi ilə birinci dəfə qarşılaşmamışdım və sadəcə öz-özümə dedim: Bilirdim.

Bu gün səhər də bir misra hardansa düşdü yadıma. Bu yazını yazmağa da o misra səbəb oldu.

Mənə görə poeziya, şeir elə budur. Bəlkə ruhunun dərinliklərindən, bəlkə altşüurundakı proseslərdən yoğurulan hər hansı bir hiss misra şəklində üzə çıxır, xilasedici dairə kimi hisslər dənizinin üzündə yellənməyə başlayır. Və sən o misraya bağlanmış kəndirə yapışa bilsən ruhunun lap dərinliklərinə enərsən. İçində cövlan edən hisslərin özünə, ilkininə gedib çıxarsan, o misranı yaradan səbəbi tapa bilərsən.

Şeir? Şeir mənim üçün elə budur.

Səhər yuxudan duranda günəşin al şəfəqləri kimi bir misraya da ehtiyac duymaq və o misranı bütün günü dua kimi dilində əzizləmək.

Bu günün misrası isə belədir:

“Təzədən mən sənə qayıdacağam.”

# 879 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #