news-inner
clock16:48 calendar-gray 29 Sentyabr 2016 view-gray97 dəfə oxunub
view-gray97 dəfə oxunub

Ev yiyəsi və qonaq - Aydın Talıbzadə yazır

(festivalın gürcü günü)

Adətən, teatr festivallarında qonaqlar və ev sahibləri bir-birilərinə elə qaynayıb qatışırlar ki, bilinmir kim kimdir.

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında iki gün yaşadım və bilə bilmədim ki, qonağam, yoxsa ev sahibi. Şəki Şəhər İcra Hakimiyyəti festivala elə bir düzən vermişdi ki, hamı qonaq ola-ola özünü ev yiyəsi sanırdı.

Amma nə qonaq olmaq asan məsələdi, nə də qonaq qəbul eləmək. Çünki qonağın həyatı ev yiyəsinə əmanətdi. “Sən mənim qonağımsan” deyən adam qonağın həyatını sığortalayır. Bu yazılmamış müqəddəs Qafqaz qanunudur. “Sən mənim qonağımsan” deyən adam öz mənini, mərdliyini, ruhunu sınağa çəkir. Qonaq ev yiyəsi üçün həmişə imtahandır. Bu da yazılmamış müqəddəs Qafqaz qanunudur.

Soruşacaqsınız ki, Bakıdan Şəkiyə getmiş bir teatrşünas üçün bu məqam nədən belə bir aktuallıq kəsb etsin?

İş bu ki, əlbəttə, fikrim tam subyektivdir (festivalın cəmi ikicə tamaşasına baxmış bir teatrşünası çox da qınamaq olmaz), II Şəki Beynəlxalq Teatr Festivalının fəzasına məhz Sandro Ahmeteli adına Tbilisi Dövlət Dram Teatrının “Ev yiyəsi və qonaq” tamaşası “Teatr dilində hamı bir-birini anlayır” cümləsini yazdı və qəşəng gürcü qılıncı ilə altından bir imza atdı.

Ahmeteli teatrının 34 yaşlı baş rejissoru İrakli Gogianın tamaşası ənənəvi gürcü folklorunun dodekafoniyası üzərində qurulub və Vaja Pşavelanın “Ev yiyəsi və qonaq” (1893) epik poemasının dekonstruktiv səhnə versiyasını ruh aləmi ilə gerçəkliyin, ritualla modernin sərhədində sərgiləyir. İraklinin tamaşasında klassik gürcü mətni ilə gürcü folkloru sanki yapon Noh teatrı oyunlarının musiqi tərtibatı üçün xarakterik astagəl “kouta” ritmində açılır və ənənəvi Qafqaz ritmlərinə oppozisiya olur.

Səhnə dizaynı (Laşa İaşvili) elə bir konstruksiyadır ki, personajları, onların jestlərini, davranışlarını üç bir tərəfdən güzgüləyə bilir. Sanki səhnədə bir personajın özü dayanıb, bir də onun ruhu. Bu isə musiqilə bərabər Noh teatrında olduğu kimi tamaşanın atmosferini mistik bir ovqata kökləyir. Yozumlar cərgəsində bu həm də o anlama gəlir ki, bizim sözümüz, əməlimiz, yaxşılığımız, pisliyimiz heç də balaca bir məkanda qalmır, həməncə dalğa-dalğa dünyaya yayılır və hərlənib-fırlanıb yenə özümüzə dəyir, özümüzə qayıdır.

Tamaşa öz estetik bütövlüyünə görə qara paltarlarda oynanılan və hərdənbir gürcü oxumaları ilə müşayiət edilən ayin timsallı ağıdır. Etnoslar, millətlər, xalqlar müəyyən ideyalar, mənafelər üstündə bir-birini qıranda ən çox adi və sadə insanlar ölür, anaların oğulları ölür. Olmazmı ki, hərə öz içində öz prinsipinə, öz fiks-ideyasına, öz kompleksinə qalib gəlsin?! Hərdən fikirləşirəm ki, dünya bəlkə elə prinsiplərin, adətlərin ucbatından dağılır?!

Ovçu Coxola milliyyətcə kistin sayılır: əvvəllər gürcü pşavlar və xevsurlar Pankiss dərəsində məskunlaşmış müsəlman çeçenlərə “kistebi” deyiblər. Bir gün həmən bu kistebi Coxola, Vaja Pşavelanın əsərinin süjetini danışıram, kəndin yaxınlığında özünü Nunua kimi təqdim etmiş bir dağ igidilə tanış olur və onu evinə qonaq gətirir. Coxola da, arvadı Aqaza da ağayana və ləyaqətli davranıb igidi qaydasınca ağırlayırlar.

Amma sonra məsələ dəyişir: kənddə nəyisə gizlin saxlamaq mümkünsüz. Camaat xəbər tutur ki, Coxolanın qonağı onun doğma qardaşının qatili xevsur Zviadauridir. Əsərin də, tamaşanın da problematikası bu məqamın üzərində fokuslaşdırılıb: Coxola dilemma, seçim qarşısındadır: ya qonaqpərvərlik adətini gözləyib qonağı qorumaq, ya da qan qisası adətinə əməl edib qatildən qardaş intiqamını almaq!

Coxola birincini seçir: xəncərini çıxarıb qonağını müdafiə edir, hətta onu qardaşının xatirəsinə xəyanətdə suçlandırmış həmkəndlisini belə öldürməkdən ehtiyatlanmır. Ancaq Coxola tək nə edə bilər?

Kənd camaatı döyə-döyə Coxolanın əl-qolunu bağlayır, Zviadaurini isə sürükləyib qəbiristanlığa aparır ki, onu öldürdüyü adamın qəbri üstündə qətlə yetirsin. Zviadauri son damla qanına kimi döyüşür, kimsəyə tabe olmaq istəmir və bir dağ igidi kimi də ölür. Yalnız Aqaza sonacan öz qonaqpərvərliyinə sadiq qalır və ağlayıb meyitin böyründən heç hara getmir, Zviadauriyə ağı deyir.

Bu ara xevsurlar Zviadaurinin meyitini geri almaq üçün kəndə hücum çəkirlər və heç nəyi hesaba almadan mərd Coxolanı öldürürlər. Aqaza isə özünü dağ çayına atıb intihar eləyir.

V.Pşavela əsəri belə qurtarır ki, hər gecə Coxola və Zviadaurinin ruhları köhnə dostlar kimi tonqal yanında görüşüb qardaşcasına söhbətləşirlər və hər dəfə Aqaza onlar üçün yemək hazırlayır.

Pşavelanın bədii mətni yetərincə aktualdır və süjet tipolojisi baxımından xalis qəhrəmanlıq dastanıdır, Coxola və Zviadauri haqqında, onların mərdliyi və igidliyi haqqında boydur. İrakli Gogianın tamaşasında isə qəhrəman yoxdur: onun tamaşasının qəhrəmanları qara geyinib matəm ayini icra edən oğulsuz, ərsiz, sevgilisiz, qardaşsız qocalmağa məhkum edilmiş kistebi və xevsur qadınlarıdır.

Nəyə görə bütün ömürləri boyu bu qadınlar bu faciənin ağrısını yaşamalıdırlar? Ona görə ki, bir insan kistebidir, o biri xevsur? Bu milli ayrı-seçkinliyin sonu olacaqmı? Yer üzündə özünüzə yermi tapa bilmirsiniz? Haradandı insanlarda bu qədər kin, ədavət və qurama-qurama min cür adət?

Bunlardan birdəfəlik qurtulmaq istəyirsinizsə, teatr festivallarına gedin: görəcəksiniz ki, orada hamı bir dildə danışıb bir dildə sevir və bu sevginin adı teatrdır.

Gürcülərin tamaşası da elə mən deyəni deyir. Bəlkə də elə bu səbəbdəndir ki, rejissor öz aktyorlarını (A.Gvelesiani, G.Tsxadadze, G.Miqrauli, T.Gvazava, G.Kandelaki, N.Areşidze. T.Fridonaşvili) solistlərə çevirməkdən yayınır, “milli gürcü aktyoru” effektini kostyumların eyniliyilə “söndürür”, onların performer liderliyini kənd sakinlərinin xoru içində “əridib” neytrallaşdırır: çünki sonucda hamı adət-adət oyununun ifaçısıdır.

Final səhnəsinin simvolu da müxtəlif yozumlara qapı açır. İki möhtəşəm butafor qılıncın tiyəsi bir-birinə qabaq-qənşər birləşdirilib yuxarı qaldırılır: igidlik rəmzi kimi anlaşıla bilər. Di gəl ki, bu qılınclardan qəbir daşı asılıb, üzərində də gürcülərin heraldik təsvirləri. Simvollardan biri günəşi bildirir, digəri nəsillər, dövrlər arasındakı vərəsəlik əlaqəsini; yəni abxazlarla gürcülərin problemi kistebilərlə xevsurların yüzil bundan öncəki ədavətinin modifikasiyasıdır, vəssalam: heç kəs heç nədən nəticə çıxarmır. Busa artıq öküz xislətinin təzahürüdür. Təsadüfi deyil ki, uzaqdan baxdıqda qılınc tiyələrindən asılmış qəbir daşı iri bir öküz kəlləsinə bənzəyir sanki: qılıncların dəstəklərisə qəbir daşının üstündə iki tərəfdən burulmuş öküz buynuzlarını xatırladır.

Tamaşanın topluma göndərdiyi mesajlar da aktual və ilgincdir.

Bu millətlər bir-birlərindən nə istəyirlər?

Bu məzhəblər bir-birlərindən nə istəyirlər?

Bu dinlər bir ola-ola bir-birlərindən nə istəyirlər?

Olmazmı ki, hamı adam kimi “dünya elə bir dənədir” deyib əbədi bir yerdə yaşamaq fikri ilə barışsın və heç bir məkanı sərhədlərlə parçalamasın?

Bütün sərhədlər bizim ürəyimizdədir!

Sərhədləri ürəyinizdən götürməyi unutmayın!

P.S. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin patronajlığı ilə keçirilən II ŞBTF-də gürcülərin bu tamaşasına təkcə baxmaqdan yox, həm də onu “oxumaq”dan həzz duydum, ukraynalıların klounada, rəqs, kölgə və pantomima teatrının elementləri qarışıq “Piy” tamaşasında gördüyüm peşəkar oyun səviyyəsindən mutlu oldum və çaparaq Bakıya qayıtdım. Bu səbəbdən bilə bilmədim ki, digər tamaşalar nəmənədir. Festivallar sərhədləri aradan götürmək, sənət dəblərilə, ünsiyyət sevincilə paylaşmaq, insanları daha rahat anlaşmağa dəvət etmək üçündür. Elə isə bu gözəl məramlı festivalı itirməyək: elə eləyək ki, festivalla yaşaya bilək, onu mədəniyyət hadisəsinə çevirə bilək; elə eləyək ki, bizim sənət dostlarımız da, bizim tələbələrimiz də bu festivalın qapısını açıb ev yiyəsi ilə qonaqların bir olduğunu görə bilsinlər! Mövlanə demişkən, “tövbəni yüz kərə pozmuş olsan da, yenə gəl, bizim qapımız ümidsizlik qapısı deyil! ”

news-inner-user
Aydın Talıbzadə

25 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti