Sim-sim.az 1 yaşında – TƏBRİKLƏR

Sim-sim.az 1 yaşında – <span style="color:red;">TƏBRİKLƏR
9 sentyabr 2016
# 15:17

Bu gün Sim-sim.az saytının fəaliyyətə başlamasından bir il ötür. Sim-sim.az 2015-ci il sentyabr ayının 9-dan internet istifadəçilərinin ixtiyarındadır. Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir. Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Yazıçılar, şairlər , sənət adamları Sim-sim.az-ı ad günü münasibətilə təbrik edib.

İlqar Əlfi: "Sim-sim” indiki anlamda yox, özünün nağıllardan gəlmə, köhnə anlamında xəzinəyə aparan bağlı qapının açarı idi. Bizim "Sim-sim" isə yoldur – daha sirli, daha tilsimli ədəbiyyat dünyasına aparan yol. Özü də bu yolun bələdçiləri zövqünə bələd olduğumuz insanlardır. Ad günü mübarək, qədəmləri uğurlu, mətin olsun!”

Fəxri Uğurlu: “Təbrik edirəm. Bu bir ildə Sim-sim.az çox işlər görüb. Ədəbi mühitimizə yeni rəng qatıb. Bu gün heç kim dana bilməz ki, Sim-sim.az ölkəmizdə iki ən yaxşı ədəbiyyat saytından biridir. Saytın bu səviyyəyə çatmasında onun qurucusu Kamal Abdullanın, baş redaktor Qismətin və redaktorların-Ağa Cəfərli ilə Ömər Xəyyamın böyük əməyi var. Mən onların hər birini ayrıca təbrik edirəm. Və dilimizdə olan ən gözəl, ən mənalı alqışı onlara ünvanlamaq istəyirəm: Allah əməyinizi itirməsin!”

İradə Tuncay: “Kamal Abdullanın imza qoyduğu , əmək verdiyi hər hansı bir iş öz rəngarəngliyilə seçilir. Kamal müəllim ətrafına topladığı adamlar üçün də , həm də bizim üçün də həyatı maraqlı etməyi bacarır . Bir il ərzində fəaliyyətdə olan, əsrarlı adıyla bizi cəlb edən "Sim-sim" də o qəbildəndir. Güman edirəm, uzun müddət elə belə də olacaq . Təbriklər !!!

Etimad Başkeçid: “Sim-sim» internet dərgisi cəmisi bir il ərzində öz adını və gözləntiləri doğruldan az-az mətbuat orqanlarındandır. «Sim-sim» – hazır sxemlər, ştamplar, srereotiplərlə baş girləyən, reytiq xatirinə reytinq qazanmağa çalışan sıradan dərgi deyil, ədəbiyyatda və cəmiyyətdə baş verən proseslərin kritik dərkinə yönəlik, produktiv fəaliyyəti ilə seçilən mətbuat orqanıdır. Bir il ərzində «Sim-sim» «Kulis.az»-ın kifayət qədər uğurlu fəaliyyət göstərdiyi sosial və mədəni mühitdə öz müstəqil imicini formalaşdırmağa müyəssər oldu. Dərginin bütün əməkdaşlarını, dəyərli qələm dostlarımı təbrik edirəm, gün o gün olsun daha böyük yubileylərini qeyd edək!”

Rüstəm Behrudi: “Sim-sim sirli bir ifadədi.Açılmayan qapılara açar əvəzi oxunan tilsimdi, sirdi.Elə düşünürəm, saytınız Azərbaycan mədəniyyətinin, incəsənətinin sirli qapılarını açmaqda bu bir il ərzində çox işlər görüb. Sizin bacarıqlı istedadlı bir kollektiviniz var. Düzgün yoldasınız. Arzum odur ki, gələcək illərdə də açar əvəzi adınız bütün sirli qapılara düşsün.Tanrı yardımçınız olsun!

Pərviz Cəbrayıl: “Bu sayt hələ öz adıyla dərhal oxucunun qafasında bir assosiasiyaya qapı açır, həmin an bir xəzinəyə düşəcəyini təsəvvür eləyirsən, saytı açırsan, gözünün önündə dünyanın ən qalıcı və real ləl-cəvahiratı canlanır. Və xoşbəxtlikdən burada nə Əlibaba var, nə qırx quldur. Bircə, öz görünüşü ilə quldura oxşasa da, xəzinəsinin yağmalanmasından ötrü ürəyi gedən Ömər Xəyyam var: gənc dostumuz, saytın bələdçisi, dünya ədəbi xəzinəsini sevə-sevə toplayıb oxucuları ilə bölmək üçün əldən-ayaqdan gedən Xəyyam. Bir ildir ki, hər dəfə bizə sevə-sevə öz qapısını açan SİM-SİM var. Qoy bu qapı heç zaman quldurların əlinə keçməsin, ya Rəbb!”

Səlim Babullaoğlu: "Sim-sim.az Mədəniyyət portalı bugunkü ədəbi-mədəni həyatımızın ciddi elektron resursudur. Şadam ki, orda ədəbiyyatımızın müxtəlif nəsillərini təmsil edən ciddi ədiblər-şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi və redaktorlar toplaşıb. Ara-sıra mən də sim-sim.az.ın sorğularına qatılıram ki, bunu da böyük məmnuniyyət hissi ilə edirəm. Dəyərli sim-sim.az.ı onun yaradıcı və idarəçi kollektivini, əziz dostlarımı və həmkarlarımı 1 yaş münasibətilə təbrik edirəm.

Sim-sim.az. nağıllardakı kimi uzun ömürlülük arzılayıram".

Seyfəddin Hüseynli: “1 yaşının tamamında inanılmaz dərəcədə yetkin, sanballı, öz yerini çoxdan tapıb oturuşmuş görünən sim-sim.az portalı ədəbi-mədəni mühitdəkilərin böyük əksəriyyətindən ötrü, yəqin ki, ən çox Ali Zövq ifadəsi ilə assosiasiya olunur. Bu ifadə sim-sim.az üçün onun fəaliyyətinin hər bir yönü, bütün təzahürləri baxımından tam mənada uyğundu, keçərlidi. Nədən ki, əvvəla, sim-sim.az özünün diqqət dairəsində olan, ədəbiyyatla, sənətlə, elmlə… əlaqəli mövzulara, məsələlərə münasibətdə lap ilk gündən Ali Zövq sərgiləməyə çalışıb. İkincisi, bu portal qaldırıb qabartdığı problemlərə, ilk növbədə, Ali Zövq sahibi sayılanların baxışını, yanaşmasını öyrənib təqdim etmək kimi çətin, ancaq gərəkli bir yol seçib. Üçüncüsü, sim-sim.az həm də üzünü Ali Zövq sahiblərinə, ya da belə bir zövqə yiyələnmək, özünü bu mövqedə görmək istəyənlərə tutub… Sim-sim.az-a bu 1 yaşına görə ünvanlanan hər təbrikə, yaxın-uzaq perspektivlə bağlı aid hər xoş arzuya qoşulmaqla bərabər, bir konkret diləyimi də çatdırmaq istərdim: Kaş, ötən 1 ildə portalda yayımlanmış materiallar (elə bundan sonrakılar da!) tədricən ekrandakı səhifələrdən kağız vərəqlərə də köçə, kitab, toplu halında da işıq üzü görə! Onları bir də bu müstəvidə oxuyanlar sevinib, alqışlayıb, ustadın dilincə deyələr ki: “Nə Ali Zövq ilə, gör, ağə qarə yazmışlar!” “

Şərif Ağayar: “Arada deyirəm, qalstukumu gətirin, sim-simə girirəm. Əslində, bu zarafatın altında sim-sim.az saytının doğrudan da ciddi imici dayanır.Sözün zahiri mənasında yox, mahiyyət etibarı ilə. Qalstuk taxmasam da həmişə sim-simə xüsusi hazırlıqla girirəm. Bu, maşının yoxuş moduna yüklənməyinə bənzəyir. Məncə, bu bir ildə sim-sim xeyli uğur qazandı. Hamı bilir ki, bu cür ciddi yazılarla diqqət mərkəzində olmaq asan deyildi. Ancaq sim-sim.az göstərdi ki, mümkün imiş. Uğurlar və 11 yaşda görüşmək arzusuyla…”

Rasim Qaraca: “İdeal gələcək zamanda bütün siyasi məzmunlu saytlar fəaliyyətini dayandıracaq, insanların yalnız mədəniyyət saytlarına ehtiyacı olacaq. Hər kəsin şeir yazacağı o ideal zamanın gələcəyinə inanıram. Əlbəttə sim-sim.az saytı həmin mütləq gələcəyin bir parçası olmaqla həyatımızın tamamən boz rəngdə görünməsinə qarşı mübarizə aparır. Neçə belə illərə, Sim-sim!”

Zahir Əzəmət: “Sim-sim.az ötən bir ildə ciddi ədəbiyyat və intellektual mətnlərin ünvanı kimi özünü tanıtdıra bildi. Kollektivin ağır və sistemli işi hiss olunur. Fikrimcə, saytın tərtibatı da görülən işə adekvat olsa, daha yaxşı olar. Qalan hər şey gözəldir. Yaradıcılıq Fondunu və saytın kollektivini sm-sim.az-ın bir yaşı münasibəti ilə təbrik edirəm. Uğur həmişə sizinlə olsun!”

Anar Niftəliyev: “Hər şeydən əvvəl deyim ki, Sim-sim.az-ın oxucusuyam və burda gedən materialları əsasən izləməyə çalışıram. Sim-sim.az təkcə ədəbiyyat yönümündə deyil, tarix, etnoqrafiya, dil, müxtəlif mədəniyyətlər və sair istiqamətində dəyərli araşdırmaları, dünyanın nəhəng ədəbi simalarının orijinaldan tərcümələri ilə seçilən ədəbi-mədəni portaldır. Bu portal yerli saytlarımızdan heç birinə bənzəmir, özünün üslubu, mövzusu, maraq dairəsi var. Etiraf etməliyik ki, bu sayt əsasən intellektual oxuculara və ziyalılara ünvanlanıb. Bu saytda verilən, məsələn, bir böyük yazıçının Nobel nitqinin dəyərini bilmək üçün oxucu ilk növbədə o nobelçinin yaradıcılığına bələd olmalıdır. Bu baxımdan olsa bilsin ki, Sim-sim.az-ın oxucu auditoriyası böyük olmasın. Oxucu kütləsi ardınca düşməyən, ziyalıların saytı olan bu cür dəyərli iş ortaya gətirmək indiki şəraitdə böyük sevgi, istedad, zəhmət tələb edir. Bu dəyərlərin birləşdiyi Sim-sim.az-ın uzunömürlü olmasını arzulayıram, kollektivi təbrik edirəm və belə bir portalın mövcudluğundan böyük məmnunluq duyduğumu bildirirəm.”

Əlisa Cabbarov: “Sim-sim-i təbrik edirəm. Bu gün zəkanın müqaviməti, zəkanın kütləvi sənətə, kütlə psixologiyasına aktiv humanitar müxalifliyi çox vacib və taleyüklüdü. Xüsusilə zəka qıtlığı olan adada. Bu missiyanı Sim-sim.az şərəflə aparır, bu yolda Sim-sim-ə və ZƏKAya böyük uğurlar. Qismət bəyi və hörmətli Kamal Abdullanın bu yolda şəxsi fədakarlığını qeyd edib onlara da şəxsən qələbə arzulayıram. “

Aqşin Yenisey: “Sim-sim.az ölkədə yeganə saytdır ki, yalnız ədəbi-mədəni zümrəni təmsil edir, yəni bu sayta hansısa bir ictimai-siyasi müdaxilənin girişi yoxdur. Bu, çox yüksək statusdur, yaradıcı heyət üçün. Arzu edirəm ki, həmişə də belə qalsın. Yalnız yazıçıların, intellektualların yazıb-oxuduğu mədəni aristokratiyanın məkanı olmaqdan məhrum olmasın…”

Mirmehdi Ağaoğlu: “Sim-sim.az saytı təzə açılanda dostlarla zarafata belə deyirdik, adam kostyum geyinməmiş kompüterin arxasına keçib bu saytı açmaqdan qorxur ki, birdən error verər, yəni o qədər ciddidir. Həqiqətən sim-sim.az özünün ciddi materialları ilə bizim ədəbi mühit üçün bu az müddətdə çox iş görüb. Ordakı dostların sayəsində sim-sim.az neçə belə işlərdən məsul təşkilatın işini öz üzərinə götürüb. Sim-sim.də maraqlı tərcümələr çap olunur, çağdaş dünyada baş verən yeniliklər haqqında materillar verilir, yüz il, əlli qabaq səs salmış, amma hələ bizə gəlib çatmamış maqalələr dərc olunur. Özü də bu işlər sistemli görülür, adda-budda deyil. Şəxsən bir ədəbiyyat-mədəniyyət saytında çalışan adam kimi, məni bu hal sevindirir. Biz sim-simlə rəqib deyilik, tərəfdaşıq, hər ikimiz ədəbi mühitin dirilməsi, ədəbiyyatın inkişafı üçün çalışırıq. Dostları təbrik edirəm, uğurlar arzulayıram.”

Qan Turalı: “Ədəbiyyatımızın ağır intellektual topu, "Açıl, simsim, açıl" deməklə Pamuku, Lyosanı, Nabokovu, Kunderanı evimizə gətirən Sim-sim bir yaşında…

Atəşin təbriklər!!! “

Cəlil Cavanşir: “Sim-sim.az saytı mənim üçün əziz və bir köynək daha doğma saytlardandır. Öz sambalına, keyfiyyətinə görə seçilməyi bacarır. Saytın rəhbərliyinə, orada çalışan bütün dostlara səmimi təbriklərimi çatdırıram. Uğurlarımız bol, yolumuz açıq olsun!”


Könül Arif: "Sim-sim.az mənim, müasir dünya və yerli ədəbiyyatımızın seçmə imzalarını izləmək üçün gündəlik yararlandığım portaldır. Cəmiyyətimizin təfəkkürünün inkişafına bir növ "nərdivan" olan bu portalın yaranmasında və hazırkı fəaliyyətində əməyi olan hər kəsə təşəkkür edir, onları və bütün oxucuları təbrik edirəm!

Müxtəlif verilişlərdən ibarət eyni adlı televiziya kanalını yaratmağınızı arzulayıram!"

Aygün Aslanlı: “Təbrik eləyirəm. İndi yol gedirəm. Ona görə ağlıma orijinal heç nə gəlmir. Çətin işlə məşğulsuz. İşiniz avand olsun, yorulmayasız. Uğurlar arzulayıram”.

Cavid Zeynallı: “Azərbaycanda ədəbiyyat və mədəniyyət adına olan bütün işləri yalnız alqışlamaq olar. Cəmiyyətin ədəbiyyata, kitaba olan məlum münasibətindən dolayı bu sahədə irəli atılan bütün addımlar fədakarlıq kimi görünür. Mən sim-sim.az-ın bu sahədəki rolunu, yerini və mövqeyini hər zaman yüksək qiymətləndirmişəm. Sim-sim.az-dan dünya ədəbiyyatı, ədəbiyyatşünaslıq, kino haqqında çox maraqlı məqalələr, tərcümə yazıları oxumuşam. Mənə elə gəlir, portalın məxsusi auditoriyası var, xüsusi oxucularını formalaşdırıb. Bir il ərzində buna nail olmaq böyük işdir. Portala yalnız uzunömürlü olmağı arzu edirəm, oxucu sayı bol olsun, hər zaman dəyərli materiallarla zəngin olsun. 1 yaşı münasibəti ilə saytdakı dostlarımıza da, sim-sim.az-ın oxucularına böyük təbrik düşür.”

# 2331 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #